Məhkəmə qərarları › İş №2(103)-1004/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1004/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1004/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Əliyeva Aytən Rafayıl qızının katibliyi, İddiaçı, nümayəndəsi-vəkil X14 oğlunun, Cavabdeh2 MMC-nin nümayəndəsi X13 oğlunun, Cavabdeh “xxxx” ASC-nin nümayəndələri Göyüşov Səbuhi Nizami oğlunun və X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və “xxxx” ASC-yə qarşı “zərərçəkmişin istehsalatda bədbəxt hadisə nəticəsində ölməsinə görə sığorta məbləğinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər “xxxx” ASC və Cavabdeh2 MMC-nə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 MMC-nə məxsus 805 nömrəli drezində maşinist işləmiş Quliyev İslam Məmməd oğlunun x xxxxxxx 2017-ci il tarixdə, saat 10:10 radələrində Keşlə- Biləcəri mənzilinin 2652-ci km piket 4-də baş vermiş istehsalatda bədbəxt hadisə nəticəsində həyatını itirməsinə görə 25661,37 manat sığorta məbləğinin zərərçəkmiş şəxsin hüquqi varisinə, yəni ona ödənilməsi vəzifəsinin “xxxx” ASC-nin və Cavabdeh2 MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, xx xxxxxxx 2017-ci il tarixdə, saat 10:10 radələrində Keşlə-Biləcəri mənzilinin 2652-ci km piket 4-də X4 idarə etdiyi X7 Rayonuna məxsus 1786 nömrəli ADM Drezini ilə hərəkətdə olan zaman Cavabdeh2 MMC-nə məxsus 805 nömrəli drezində maşinist işləyən, həmin vaxtı iş başında olan, 1954-cü il təvəllüdlü Quliyev İslam Məmməd oğlunu vuraraq ona “qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, qabırğaların çoxsaylı sınığı, sağ tərəfli hemopnevmatoroks” xəsarətləri yetirmiş, İslam Quliyev aldığı xəsarətlər nəticəsində xx xxxxxx 2017-ci il tarixdə müalicə aldığı X10 vəfat etmişdir. Fakt üzrə Binəqədi rayon Prokurorluğunun xx xxxxxx 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.2-ci maddəsi ilə cinayət işi başlanmış, həmçinin, Binəqədi rayon Prokurorluğunun xx xxxxxx 2017-ci il tarixli qərarı ilə o, zərərçəkmiş Quliyev İslam Məmməd oğlunun hüquqi varisi qismində tanınmışdır. Quliyev İslam Məmməd oğlu Cavabdeh2 MMC-də işləyərkən, İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmuşdur. Bu səbəbdən “xxxx” ASC-yə ərizə ilə müraciət edərək, Quliyev İslam Məmməd oğlunun istehsalatda bədbəxt hadisə nəticəsində ölməsinə görə sığorta ödənişi məbləğinin ödənilməsi xahiş etmiş, lakin “xxxx” ASC özünün PHS**********8 saylı, xx xxxx 2019-cu il tarixli məktubu ilə sığorta ödənişinin verilməsindən imtina edərək bildirmişdir ki, Cavabdeh2 MMC ilə “xxxx” ASC arasında bağlanmış “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsinə əsasən Quliyev İslam Məmməd oğlu sığorta təminatına daxil edilsə də sığorta müqaviləsinin şərtlərinə əsasən sığorta haqqı tam ödənilmədiyindən baş vermiş hadisəyə görə sığorta ödənişi həyata keçirilə bilməz. “xxxx” ASC-nin yuxarıda göstərilən əsasla sığorta ödənişinin həyata keçirilməsindən imtina etməsi həm sığorta qanunvericiliyinin, həm də mülki qanunvericiliyin tələblərinə ziddir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(006)- 4055/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 MMC-dən 25661 manat 37 qəpik sığorta məbləğinin zərərçəkmiş şəxsin hüquqi varisi olan İddiaçı xeyrinə tutulması, cavabdeh “xxxx” ASC-nə qarşı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti qismən, cavabdeh “xxxx” MMC-nin apelyasiya şikayəti tam təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4055/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi qismən təmin edilmiş, cavabdeh “xxxx” ASC-dən 23.830,27 manat sığorta məbləği zərərçəkmiş şəxsin ailə üzvü olan İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı və cavabdeh “xxxx” ASC tərəfindən ayrı-ayrılıqda kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3734/2020 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı və cavabdeh “xxxx” ASC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)- 1512/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki işin apellyasiya qaydasında yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayətində qətnamənin qismən, yəni “xxxx” ASC-yə münasibətdə təmin olunmaması hissəsində ləğv edilməsini və iddia tələblərinin həmin hissədə də təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə “xxxx” ASC-yə münasibətdə iddianı rədd edərkən haqlı olmamışdır. Cavabdeh2 MMC işəgötürən, “xxxx” ASC isə sığortaçıdır, hər ikisi məsuliyyət daşıyır. Sığorta məbləği hər iki cavabdehdən tutulmalıdır. Cavabdeh MMC-nin apellyasiya şikayətində isə qətnamənin ləğv edilməsi və iddiaçının Cavabdeh2 MMC-yə qarşı olan iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinə görə, qətnamə qanunsuz və əsassızdır. ASC ilə bağlanmış müqavilə hazırda da qüvvədədir və xitam verilməmişdir. ASC tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə bildiriş MMC-yə göndərilməmiş, MMC tərəfindən qəbul edilməmişdir. MMC tərəfindən ASC-yə sığorta haqqı vaxtlı-vaxtında ödənilmişdir, 3000 manat xx.xx.2017-ci il tarixdə, 3000 manat xx.xx.2017-ci il tarixdə, 13354,76 manat xx.xx.2017-ci il tarixdə, 10.000 manat xx.xx.2018ci il tarixdə, 10.000 manat isə xx.xx.2018-ci il tarixdə ödənilmişdir. Qanunvericiliyə əsasən ASC-nin sığorta ödənişinin verilməsindən imtinasına dair hər hansı qanuni əsas yoxdur. Sığortalının ölümündə MMC-nin heç bir təqsiri yoxdur. Kollegiya apellyasiya şikayətlərinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, şikayətlərini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətilə razılaşmayaraq rədd olunmasını xahiş edən hər iki tərəfi dinləyərək, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin olunmamalı, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarına əlavə edilmiş Binəqədi rayon prokuroru Nazim İmanovun xx xxxxxx 2017-ci il tarixli cinayət işinin başlanması haqqında qərarın surətindən görünür ki, Quliyev İslam Məmməd oğlunun Drezinlə vurularaq xəsarət alması faktına görə Azərbaycan Respublikası CM-nin 262.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarından göründüyü kimi, “xxxx” ASC ilə “xxxx” ASC arasında xx xxxxxx 2016-cı il tarixli 0074-16 saylı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətininin itirilməsi hallarından icbari sığorta müqavilə bağlanmışdır. İş materiallarında olan Bakı şəhəri 20 saylı Notariat Ofisinin 241 saylı xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, xx xxxxxx 2017-ci il tarixdə vəfat etmiş Quliyev İslam Məmməd oğlunun adına xx xxxx 2019-cu il tarixində vərəsəsi İddiaçı müraciəti əsasında Bakı şəhəri 20 saylı notariat ofisində vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən olunmuşdur. 8V54 reyestrli xx xxxx 2019-cu il tarixli açılmış vərəsəlik işinə əsasən Quliyev İslam Məmməd oğlunun vərəsələr dairəsi var: qızı X1, qızı X6, qızı-X5, oğlu-İddiaçı. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində (Əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət) göstərilir: «İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir». «İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasi Nazirlər Kabinetinin x xxxxxx 2003-cü il № 3 Qərarına (bundan sonra Qərar) əsasən, «işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir.» Həmin Qərarın 3.1-ci bəndinə görə, «zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərə görə ödəncləri almaq hüququ olan şəxslər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsi ilə müəyyən edilir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsində zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərin əvəzinin ödənilməsi hüququ olan şəxslərin dairəsi göstərilir. Onların sırasında «ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər» də qeyd olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyət yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olunduqda, b) təqsirkarın əməli, yəni, hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda, c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda …İşə götürənin və işçinin qarşılıqlı məsuliyyətinin şərti kimi, səbəbli əlaqənin məzmunu ondan ibarətdir ki, ziyan işə götürənin və işçinin qanuna zidd olan əməli nəticəsində baş vermiş olur. Bu zaman səbəbli əlaqə bilavasitə və yaxud vasitəli ola bilər. Bilavasitə əlaqə olmadığı hallarda tərəflərin məsuliyyəti istisna edilmir. Məhkəmə yanaki sübutların məcmusundan istifadə etməklə məsuliyyəti müəyyən edə bilər.” Həmin Qərara əsasən, «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 229-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işə götürən təqsirli olduqda yaranır». “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.0.2-ci maddəsinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta hadisəsi nəticəsində sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyini nəzərdə tutan yazılı razılaşmadır. - 7.2.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək sığortalının vəzifəsidir. - 11.8-ci maddəsinə əsasən icbari sığorta müqaviləsinə xitam verilməsi sığortaçını faydalanan şəxsə həmin müqavilənin qüvvədə olduğu dövr ərzində baş vermiş sığorta hadisələri üzrə sığorta ödənişini vermək öhdəliyindən azad etmir. - 14-cü maddəsinə əsasən sığorta haqqı bu Qanuna uyğun olaraq xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hesablanan bir illik əmək haqqı fondunun sığorta tarifinə hasili əsasında müəyyən edilir (14.1). Sığorta haqqı sığortalı tərəfindən sığortaçıya müqavilə ilinin əvvəlində icbari sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada hissə-hissə və ya birdəfəlik ödənilir (14.2). - 20-ci maddəsinə əsasən sığortaçı aşağıdakı hallarda sığorta ödənişinin verilməsindən imtina edir: sığorta hadisəsi sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlərinin nəticəsi olduqda (20.0.1); sığorta hadisəsi sığorta olunanın əmək funksiyalarını icra edərkən alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən sərxoş vəziyyətdə olması halında baş verdikdə (20.0.2); Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddələrinə uyğun olaraq sığorta ödənişindən imtinanın digər ümumi əsasları mövcud olduqda (20.0.3). Tərəflər arasında bağlanmış icbari sığorta müqaviləsinin 5-ci bəndinə əsasən Qanunun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tariflərinin tətbiq edilməsi ilə hər bir sığorta olunana münasibətdə hesablanan bir illik sığorta haqqı, habelə sığirta haqqının müqavilə üzrə bir illik ümumi məbləği müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan əlavədə göstərildiyi kimi razılaşdırılır. (5.1 bəndi) Müqavilədə razılaşdırılmış sığorta haqqının ümumi məbləği müqavilənin bağlandığı tarixdən 1 ay ərzində birdəfəlik ödənilir.(5.2-ci bəndi.) Sığorta olunanların siyahısında, kateqoriyasında, peşə riskinin dərəcəsində, sığortalının əmək haqqı fondunda dəyişkliklərin baş verdiyi tarixdən 15 iş günü müddətində ümumi sığorta haqqı məbləği müqavilə ilinin başa çatmasına qədər qalmış vaxta mütənasib şəkildə yenidən hesablanmaqla müqaviləyə əlavə və dəyişikliklər edilməli və bununla əlaqədar ümumi sığorta haqqı məbləğində yaranan fərq həmin əlavə və dəyişikliklərin edildiyi tarixdən 3 iş günü müddətində Sığortaçıya ödənilməlidir.(5.3-cü bəndi) Həmin müqavilənin 13.1.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddələrinə uyğun olaraq sığorta ödənişindən imtinanın digər ümumi əsasları mövcud olduqda, sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Məhkəmə kollegiyası qeyd edir ki, “xxxx” ASC tərəfindən iddiaçıya sığorta ödənişinin verilməsindən imtina olunmasının əsasını onun tərəfindən sığorta haqqının tam ödənilməməsinə görə tərəflər arasında bağlanmış icbari sığorta müqaviləsinə xitam verilməsi əsası deyil, “xxxx” Şirkətinin 2017-ci il üzrə sığorta haqqını ödəmək öhdəliyini icbari sığorta qanununda və müvafiq icbari sığorta müqaviləsi ilə müəyyən edilən qaydada icra etməməsi və bunun nəticəsində sığorta şirkətinə böyük məbləğdə sığorta haqqı borcunun yaranması təşkil etmişdir. “xxxx” ASC tərəfindən göndərilən sığorta ödənişindən imtina məktubunda imtinanın əsasını yuxarıda qeyd edildiyi kimi sığorta haqqının tam şəkildə və vaxtında ödənilməməsi çıxış etmişdir, heç bir yerdə müqaviləyə xitam verilməsinin imtina üçün əsas olduğu qeyd edilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək sığortalının qanunla və müqavilə ilə nəzərdə tutulmuş vəzifəsidir. Sığorta müqaviləsində və Mülki Məcəllədə sığorta haqqının ödənilməsi vaxtı və qaydası dəqiq göstərilmişdir. (Mülki Məcəllənin 903.6-cı maddəsi, müqavilənin 5-ci bəndi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 903.5-ci maddəsində nəzərdə tutulmuş sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçının onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilməsi barədə müddəa isə sığortaçının vəzifəsi kimi deyil, hüququ kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.9-cu maddəsinə əsasən sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə aylıq sığorta ödənişi məbləğinin müəyyən edilməsi məqsədləri üçün orta aylıq əmək haqqı miqdarının hesablanması” qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2010-cu il tarixli, 192 №-li qərarı ilə təsdiq edilmişdir. Sadalanan maddi hüquq normalarının tələblərində görünür ki, istənilən halda hazırki iş üzrə birdəfəlik sığorta ödənişinin məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 192 №-li qərarının tələblərinə uyğun olaraq hesablanmış orta aylıq əmək haqqının 12 misli miqdarından ibarət olmalıdır. 03 saylı əlavədə göstərilən 23.830.27 manat isə icbari sığorta müqaviləsi üzrə sığortaçının öhdəliyinin son həddidir. (Qeyd edilən Qanunun 2.0.15- ci maddəsi). Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlillərinə də qiymət verərək qeyd edir ki, iddiaçı apellyasiya şikayətində Cavabdeh2 MMC-nin işəgötürən, “xxxx” ASC-nin isə sığortaçı olmaqla hər ikisinin məsuliyyət daşıdığını və bununla da sığorta məbləğinin hər iki cavabdehdən tutulmalı olmasını göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 897.3-cü maddəsinə əsasən icbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə qanunvericiliklə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır. Oxşar müddəa “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 7.3-cü maddəsində də nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının atası Quliyev İslam Məmməd oğlunun iş yerində xəsarət almasında Cavabdeh2 MMC-nin maddi məsuliyyətinin yaranması üçün yuxarıda qeyd edilən şərtlərin hər birinin mövcudluğu müəyyən edilir. Belə ki, iddiaçının atası Quliyev İslam Məmməd oğluna ziyanın həqiqətən vurulduğu, təqsirkarın, yəni Cavabdeh2 MMC-nin hərətkətsizliyinin (işçi heyyətinin lazımi qaydada təlimatlandırılmaması, avadanlıqlara nəzarətin zəruri səviyyədə olmaması və s.) qanuna zidd olması və təqsirkar Cavabdeh2 MMC-nin qanunazidd əməli ilə bu əməlin nəticəsi, yəni iddiaçının atası Quliyev İslam Məmməd oğlunun xəsarət alması ilə arasında səbəbli əlaqənin olması məhkəmə iclası zamanı tam sübuta yetirilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda qeyd olunan qaydada qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün hüquqi əsas vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı və Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar