Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10071/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayevin sədrliyi və məruzəsi ilə, Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-361/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsindən ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 21 saylı notariat ofisinə qarşı “müqavilənin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, 09.08.2019-cu il tarixdə Cavabdeh1 ilə Bakı şəhəri 21 saylı notariat ofisində 3M-784 nömrəli sənədlə reyestrə salınmış kredit müqaviləsini bağlamışdır. Aralarında bağlanan müqavilədə alınmış borcun 96.000 (doxsan altı min) manat olaraq göstərilməsinə baxmayaraq əslində alınmış borcun məbləği 66.000 (altmış altı min) manat olmuşdur. Artıq 30.000 manat isə guya 66.000 manat məbləğindəki borcun faizi olaraq əlavə edilmişdir. Müqavilədə məbləğin artıq yazılmasını Cavabdeh1 ondan xahiş etmişdir. O, da aralarında olan tanışlığa görə etiraz etməmiş və 66.000 manat pul aldığı kredit müqaviləsində məbləğin 96.000 manat olaraq göstərilməsinə razılıq verdmişdir. Həmçinin müqavilədə göstərilən 09.10.2019-cu il tarixdən əvvəl real olaraq aldığı pulla birlikdə 68.500 manat pulu Cavabdeh1 tam ödəmişdir. Lakin Cavabdeh1 olan borcunu ödəməməsi ilə bağlı müqavilənin bağlandığı Bakı şəhəri 21 saylı notariat ofisi tərəfindən Binəqədi rayon İcra və Probasiya şöbəsinə icra qeydi göndərilmişdir. Əslində isə o, borclu olduğu pulu tamamilə Cavabdeh1 ödəmişdir. Belə olan halda isə onun güya kredit müqaviləsində göstərilən borcu ödəməməsi ilə bağlı icra qeydinin göndərilməsi tamamilə qanunsuz və əsassızdır. Həmçinin aralarında bağlanmış 3M-784 nömrəli sənədlə reyestrə salınmış kredit müqaviləsini ləğv etmək üçün Cavabdeh1 17.07.2020-ci il tarixdə pretenziya qaydasında müraciət etmişdir. Lakin müraciətindən 30 gündən artıq müddət keçməsinə baxmayaraq cavabdeh tərəfındən heç bir rəsmi cavab göndərilməmişdir. Buna görə də, aralarında bağlanmış kredit müqaviləsinin məhkəmə qaydasında ləğvi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Buna görə də, o, hesab edir ki, Cavabdeh1 ilə Bakı şəhəri 21 saylı notariat ofisində bağladıqları 09.08.2019-cu il tarixli, 3M-784 nömrəli kredit müqaviləsi ləğv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh1 ilə onun arasında Bakı şəhəri 21 saylı notariat ofisində 09 avqust 2019-cu il tarixdə bağlanmış və 3M-784 reyestr nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı, ilkin iddia tələbi üzrə Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla İddiaçı arasında 09 avqust 2019-cu il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində SM-784 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə o, cavabdehə 96.000 manat depozit hesabı vasitəsilə pulu borc vermişdir. Həmin müqavilənin 2-ci bəndinə görə borc alan krediti 09 oktyabr 2019-cu il tarixədək borcverənin notariusun depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin ödəniş müddəti keçməsinə baxmayaraq ötən müddət ərzində o, cəmi 14000 manat borcu ödəməmiş, yerdə qalan 82000 manat borc hələ də ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının internetdə olan http://www.cbar.az/ rəsmi səhifəsindən məlum olmuşdur ki, bu günə uçot faiz dərəcəsi orta hesabla 7.25 faiz təşkil edir. Borc məbləğinin 09 oktyabr 2019-cu il tarixdən qaytarılmaması nəzərə alınsa (10 ay ərzində, 96000 x 7.25%=696000 manat: 100%=6960, bir ay üçün 6960 manat : 12 ay=580 manat, 10 ay x 580 manat=5800 manat) bank uçot dərəcəsi ilə faiz məbləği 5800 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, cavabdeh İddiaçı 82000 manat pulun, borc məbləğinin 09 oktyabr 2019-cu il tarixdən qaytarılmaması nəzərə alınsa bank uçot dərəcəsi ilə faiz məbləği 5800 manatın və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-361/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı 82000 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh1 ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti vermiş, apelyasiya şikayətini iddia tələbində göstərilənlərlə əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, məhkəmə yalnız qarşılıqlı iddia ərizəsində göstərilənlərə qiymət verərək, onun iddia ərizəsində göstərilən faktları düzgün dəyərləndirməmişdir. Belə ki, cavabdehlə kredit müqaviləsi bağlayarkən ondan 96000 manat deyil, 66000 manat məbləğində pul almışdır. Daha sonra isə aldığı 66000 manatlıq məbləğ tərəfindən cavabdehə tam olaraq geri ödənilmişdir. Bütün bu qeyd olunanlara baxmayaraq, birinci instansiya məhkəməsi iş üzrə mövcud olan hüquqi faktlara nəzər yetirməyərək, qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də qətnamə ləğv edilərək, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia tələbi üzrə iddiaçı, ilkin iddia tələbi üzrə Cavabdeh1 qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməklə, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yохlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollеgiyası hеsab еdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında mövcud olmuş 09 avqust 2019-cu il tarixli 3M-784 saylı kredit müqaviləsini əsas götürməklə, ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən müqavilə şərtlərinə əməl olunmaması qənaətinə gəlməkdə haqlı olmuşdur. İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, cavabdehlə kredit müqaviləsi bağlayarkən ondan 96000 manat deyil, 66000 manat məbləğində pul almışdır. Daha sonra isə aldığı 66000 manatlıq məbləğ tərəfindən cavabdehə tam olaraq geri ödənilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar mülki iş materiallarının tədqiqindən aşağıdakıları müəyyən edir. Bеlə ki, iş materiallarında olan Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 09 avqust 2019-cu il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Borc verən Cavabdeh1 borc alan İddiaçı 96000 manat məbləğində notariusun depozit hesabı vasitəsilə ilə pul borc vermişdir. Borc alan krediti 09 oktyabr 2019-cu il tarixədək “Borc verənə” notariusun depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 09 avqust 2019-cu il tarixli xəzinə mədaixl orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 tərəfindən 96000 manat məbləğində pul vəsaiti kredit müqaviləsi üzrə depozit hesabına mədaxil edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır, məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, işdən göründüyü kimi, tərəflər arasında 09.08.2019-cu il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində 3M784 nömrəli sənədlə reyestrə salınmış kredit müqaviləsinin bağlanması, həmin müqavilə əsasında İddiaçı Cavabdeh1 tərəfindən 96.000 (doxsan altı min) manat pul vəsaitinin verilməsi təsdiq edildiyindən, həmin müqavilənin tərəfi müqavilənin ləğv edilməsinə etiraz etdiyindən, müqavilənin ləğvi üçün qanunvericilikdə müəyyən edilmiş əsaslar müəyyən edilmədiyindən, həmin kredit müqaviləsinin ləğv edilməsi ilə bağlı iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi əsassız olduğundan ilkin iddia tələbi təmin edilməməlidir. Bununla yanaşı kollegiya qeyd edir ki, cavabdeh tərəfindən həmin müqavilədə müəyyən edilmiş öhdəliklərin tam icra edilməməsi sübut edildiyindən, iddiaçı tərəfindən həmin müqavilədə müəyyən edilmiş öhdəlik qismən icra edildiyindən, yəni Cavabdeh1 həmin müqavilə üzrə İddiaçı tərəfindən ona 14000 manat pul vəsaitinin ödənildiyini etiraf etdiyindən, İddiaçı 82000 manat məbləğində pul vəsaiti tutularaq Cavabdeh1 ödənilməlidir. Kollegiya eləcə də ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətinin əsas dəlili kimi qeyd etdiyi aldığı pulu Cavabdeh1 tam olaraq ödəməsi barədə göstərdikləri ilə bağlı qeyd edir ki, İddiaçı bu halı təsdiq edən hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Bütün bu hallara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Bеləliklə, məhkəmə kollеgiyası apеlyasiya şikayətində sadalanan dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin verilmiş apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi üçün əsaslar olmadığından, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-361/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas QƏT ETDİ: İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-361/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-10071/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10071/2021
18.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver