Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10089/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Sığorta Şirkətinə qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Sığorta Şirkətinə qarşı “sığorta pulunun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, onunla Azər-Türk Bank ASC arasında ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması üçün 53000 manat məbləğində illik 4% dərəcəsi ilə 360 ay müddətinə ipoteka kreditinin verilməsinə dair 28.11.2016-cı il tarixli 16/40 №-li kredit müqaviləsi bağlanmışdır. Eyni zamanda həmin ipoteka krediti üzrə borc alanın, yəni onun Qala Həyat Sığorta Şirkəti ilə 28.11.2016-cı il tarixli, MLİ-ATB-0000337 N-li İpoteka Krediti üzrə Borcalanın Həyat Sığortası müqaviləsi bağlanmış və ona müvafiq şəhadətnamə verilmişdir. Həmin Sığorta Şəhadətnaməsinin Bəyannamə hissəsində o, əlil və ya anadangəlmə anomaliyaya malik bir şəxs olmadığını, ağıldan kəmlik, epilepsiya və digər ağır sinir pozğunluqlarından əziyyət çəkmədiyini, bütün növ xroniki xəstəliklər, həmçinin şəkərli diabet, onkoloji və yaxud xroniki ürək damar xəstəliklərindən əziyyət çəkmədiyini, sığorta müddəti başa çatan tarixdə yaşının 65dən çox olmayacağını, əsəbi-psixi xəstəliklər, alkoqolizm və yaxud narkomaniyadan əziyyət çəkmədiyini, həyat və sağlamlıq üçün yüksək təhlükə yaradan aktiv istirahət və idmanla peşəkar səviyyədə və ya yüksək riskli digər əyləncə növləri ilə məşğul olmadığını, nəqliyyat vasitəsi kimi motosikletdən istifadə etmədiyini, İÇV infeksiyasının daşıyıcısı olmadığını və QİÇS-ə yoluxmadığını bəyan etmişdir. Uşaq yaşlarında gözlərində olan zəifləmə ilə əlaqədar 07.10.2015-ci il tarixdə Birz-L Göz klinikasında əməliyyat olunmuş və bu problem tamamilə aradan qalxmışdır. Adıçəkilən Həyat Sığortası müqaviləsi bağlanan zaman səhhətində heç bir problem olmamış, o, tam sağlam olmuşdur. Lakin, həyat sığortası bağlandıqdan 1 ilə yaxın müddət sonra Dövlət Sərhəd Xidmətinin tərkibində öz xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar hər gün gecə növbəsində olan zaman dövlət sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi ilə məqsədi ilə sutkanın qaranlıq vaxtlarında gecəgörmə cihazı vasitəsilə müşahidələr aparmaq məcburiyyətində olması səbəbindən qeyd edilən gecəgörmə cihazı onun gözlərində təkrar zəifləmənin yaranmasına səbəb olmuşdur. Yəni müqavilə bağlanan anda gözlərində heç bir problem olmamış və müqavilə bağlandıqdan təxminən 1 ilə yaxın müddət sonra gözlərində problemlər yaranmışdır. Həmin yaranmış problemlərin nəticəsi olaraq ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən 08.08.2017-ci il tarixdə 5 il müddətinə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi olaraq hərbi xidmət dövri ilə əlaqədar olması qeyd edilmişdir. Qala Həyat Sığorta Şirkəti ilə onun arasında bağlanmış 28.11.2016-cı il tarixli Həyat Sığortası müqaviləsinə əsasən, Qala Həyat Sığorta Şirkəti sığortalıya, yəni ona sığorta təminatı kimi “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası” qaydalarının 4.4-cü maddəsi əsas götürülərək sığorta ödənişi sığorta olunanın ölməsi halında sığorta məbləğinin yüz faizinin və İ qrup əlilliklə nəticələnən əmək qabiliyyətinin itirilməsi halında sığorta məbləğinin 80%-ni, İİ qrup əlilliklə nəticələnən əmək qabiliyyətinin itirilməsi halında isə sığorta məbləğinin 60%ni və İİİ qrup əlilliklə nəticələnən əmək qabiliyyətinin itirilməsi halında isə 10%-ni təşkil etdiyi qeyd edilmişdir. Həmçinin qeyd edilən müqavilədə sığorta olunanın xidməti vəzifəsini icrası ilə bağlı olan hərbi əməliyyatlar, manevrlər və digər hərbi tədbirlər nəticəsində baş vermiş sığorta hadisəsinə (əmək qabiliyyətinin davamlı olaraq tam və qismən itirilməsi və ya ölümü) təminat verməsi qeyd edilmişdir. O, qeyd edilənlərlə bağlı cavabdehə pretenziya qaydasında ərizə ünvanlayaraq pulun ödənilməsini tələb etmişdir. Lakin, cavabdeh 05.03.2021-ci il tarixli 0075-21 nömrəli məktubla ərizədə qeyd etdiklərinin icrasından imtina etmişdir. Cavabdeh imtinasının əsası kimi onun əlilliyə səbəb olan xəstəliyinin 14-15 yaşlarında başlaması və həmin xəstəlikdən əməliyyat olunma tarixinin (01.10.2015) 28.11.2016-cı il tarixli, MLİ- ATB0000337 N-li sığorta müqaviləsinin qüvvədə olmadığı müddətə (sığorta müqaviləsi başlamadan əvvəl) təsadüf etdiyini və sığorta müqaviləsini bağlayarkən özündə olan və ona məlum olan xəstəliklə bağlı sığortaçıya məlumat verməli olduğunu qeyd etmişdir. Cavabdeh tərəfindən onun ərizəsinə verilmiş imtina cavabı əsassızdır. Belə ki, o, cavabdehlə adıçəkilən müqaviləni bağlamamışdan əvvəl gözlərində zəifgörmə ilə bağlı problem olmuş və həmin problem cərrahi əməliyyat ilə aradan qaldırılmışdır. Müqavilə bağlanan vaxtda tam sağlam olmuş və onun səhhətində heç bir problem olmamışdır. Onun sonradan gözlərində əmələ gələn problem onun xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olmuşdur ki, bu hal da ƏƏSMN-nin TSEK tərəfindən verilmiş arayışla öz təsdiqini tapır. İddiaçı göstərilənləri nəzərə alaraq, 28.11.2016-cı il tarixli, MLİ-ATB-0000337 №-li İpoteka Krediti üzrə Borcalanın Həyat Sığortası müqaviləsinə əsasən, sığorta pulunun (sığorta məbləğinin 60 faizinin) cavabdeh "xxxx"ndən tutularaq onun adından Azər-Türk Bank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh Sığorta Şirkətinə qarşı “sığorta pulunun ödənilməsi tələbinə dair” iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və bir sıra prosessual hüquq pozuntularına yol verilmişdir. Apellyator digər əsaslar da göstərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iddiaçı qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh tərəf apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, tərəflərin izahatını və çıxışını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan "xxxx" ASC-nin Mərkəz filialı ilə İddiaçı arasında bağlanmış 28.11.2016-cı il tarixli 16/40 saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-si tərəfindən illik 4 % olmaqla 360 ay müddətinə İddiaçı 53000 manat məbləğində ipoteka krediti verilmişdir. İş materialında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 28.11.2016-cı il tarixli 16/40 saylı alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, tərəflər arasında ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakla bağlı müqavilə bağlanmışdır. İş materiallarında olan İpoteka krediti üzrə borcalanın həyat sığortası şəhadətnaməsinin surətindən görünür ki, ipoteka krediti üzrə borcalanın həyat sığortası Cavabdeh Sığorta Şirkəti ASC-si tərəfindən sığortalanmış, sığorta haqqı aylıq 25.80 AZN müəyyən edilmişdir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 911.2-ci maddəsinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Həmin Məcəllənin 935.1.6-cı maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olmasıhalında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Həmin Məcəllənin 935.2-ci maddəsinə görə bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh Sığorta Şirkəti ASC ilə İddiaçı arasında 28.11.2016-cı il tarixli, MLİ-ATB-0000337 saylı Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası şəhadətnaməsi (müqaviləsi) bağlanmışdır. Sığorta dövründə sığorta şirkətinə iddiaçı tərəfindən təqdim edilmiş 07.06.2017-ci il tarixli, 1256 №-li Hərbi Həkim Komissiyasının Arayışına əsasən müəyyən edilmişdir ki, İddiaçı 14-15 yaşlarında zəif görməyə başlamış, Briz-L Göz Klinikasının təsdiq etdiyi Çıxarışa əsasən isə 07.10.2015 il tarixdə Briz-L göz klinikasında miopik astiqmatizm diaqnozu ilə cərrahi əməliyyat olunmuşdur. Həmçinin, Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi xidmətindən əldə olunan çıxarışa əsasən İddiaçı İİ dərəcəli əlillik təyin edilmiş və əlilliyin təyin olunmasına “astiqmatizm, hər iki gözdə mürəkkəb hipermetropik astiqmatizm 2.0 və 1.0D. VİSOD-0.07 k/etmir, yüzdə yeddi). VİSOS 0.06 k/etmir (yüzdə altı). Arxa qütbün və ləkənin degenerasiyası, hər iki gözdə tor qişanın mərkəzi distrofiyası” xəstəlikləri olmuşdur. Əlilliyə səbəb olan xəstəlik sığorta olunanın 14-15 yaşlarından başladığına və həmin xəstəlikdən əməliyyat olma tarixi (07.10.2015 il) 28.11.2016-cı il tarixli, MLİ-ATB-0000337 saylı sığorta müqaviləsinin qüvvədə olmadığı müddətə (sığorta müqaviləsi bağlanmamışdan əvvəl) təsadüf etdiyinə, sığortalı (sığorta olunan) 28.11.2016-cı il tarixdə Cavabdeh Sığorta Şirkəti ASC ilə sığorta müqaviləsini bağlayarkən gözündə olan və ona məlum olan xəstəliklə sığortaçıya məlumat verməli olduğu halda bunu etmədiyinə görə cavabdeh sığortaçı sığorta ödənişinin verilməsindən imtina etmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı sığorta pulunun (sığorta məbləğinin 60 faizinin) cavabdeh "xxxx"ndən tutularaq onun adından "xxxx" ASC-yə ödənilməsini tələbini irəli sürməklə bağlı subyektiv hüquqa malik deyil. "xxxx" ASC mülki iş üzrə üçüncü şəxs qismində cəlb olunsa da, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, tərəflərə qarşı iddia tələbi irəli sürməmişdir. Apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını da nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10089/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10089/2021
28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver