Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10099/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin azaldılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 sentyabr 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 22.07.2019-cu il tarixli qətnaməsi (İş № 2(009)- 461/2019) ilə ondan cavabdehin xeyrinə 2 azyaşlı uşağın yetkinlik yaşına kimi saxlanılması üçün hər ay onun qazancının və başqa gəlirinin 1/3 hissəsi miqdarında tutulan alimentin azaldılaraq 1/6 hissəsi kimi müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində maraqlı şəxs kimi Maraqlı şəxs göstərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin yuxarıda qeyd olunan 22.07.2019-cu il tarixli qətnaməsi ilə hazırki iş üzrə iddiaçı ilə hazırki iş üzrə cavabdeh arasında bağlanmış nikahın pozulması, 04.05.2005-ci il tarixli təvəllüdlü Fuadın və 12.02.2009-cu il təvəllüdlü Aminanın cavabdehin yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə hər ay iddiaçının qazancının 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçıda xərçəng xəstəliyinin ağır forması aşkar edilmişdir və o, xaricdə ciddi şəkildə müalicə almalıdır, çünki həyatı üçün real təhlükə var. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 02.09.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra - Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, iddiaçı xərçəng xəstəliyindən əziyyət çəkir, yüksək məbləğdə alimentin tutulması onun lazımi səviyyədə müalicəsinə imkan vermir. Cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 22.07.2019-cu il tarixli qətnaməsindən (İş № 2(009)-461/2019) görünür ki, həmin qətnamə ilə hazırki iş üzrə iddiaçı ilə hazırki iş üzrə cavabdeh arasında bağlanmış nikahın pozulması, 04.05.2005-ci il tarixli təvəllüdlü Fuad və 12.02.2009-cu il təvəllüdlü Aminanın cavabdehin yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə hər ay iddiaçının qazancının 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. İş materiallarından görünür ki, qanuni qüvvəyə minmiş həmin qətnamə əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün Maraqlı şəxs göstərilmiş və hazırda icra sənədi üzrə icra hərəkətləri davam etdirilir. Gürcüstan Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi “X2 Mərkəzi” MMC-nin verdiyi İV-100/A 812793 və 19125 saylı arayışlardan görünür ki, iddiaçıya “Qırtlaq xərçəngi” diaqnozu qoyulmuş və o, şüa, habelə polikimiyaterapiya keçmişdir. Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən iddiaçının adına verilmiş “Ambulator kartdan 16.04.2021-ci il tarixli çıxarışdan” görünür ki, iddiaçının xəstəliyinin diaqnozu “C32.8 - Qırtlağın yuxarıda göstərilən bir və ya bir neçə lokalizasiyasından kənara çıxmaqla zədələnməsi Ct3N0M0 mərhələ İİİ GX”-dır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1 “pensiyanın tutulması haqqında” məktubundan görünür ki, Səbail Rayon Məhkəməsinin 22.07.2019-cu il tarixli icra sənədinə əsasən, 01.03.2020-31.05.2021-ci il tarixləri arasındakı dövr ərzində hər ay iddiaçının əmək pensiyasının 1/3 hissəsi, yəni 1.095,97 manat (cəmi: 16.439,55 manat) məbləğində aliment tutularaq cavabdehin hesabına köçürülmüşdür. Bundan başqa həmin icra sənədinə əsasən iddiaçının 29.11.2018-28.02.2020-ci il tarixləri arasındakı dövr üzrə yaranmış 14.806,40 manat aliment borcuna görə onun əmək pensiyasından hər ay 528,80 manat (cəmi: 7.932 manat) tutularaq cavabdehin hesabına ödənilmişdir. Səbail Rayon Məhkəməsinin 22.07.2019-cu il tarixli icra sənədinə əsasən iddiaçının əmək pensiyasından 31.05.2021-ci il tarixədək ümumilikdə 24.371,55 manat məbləğində pul vəsaiti cavabdehin xeyrinə tutulmuşdur. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində qeyd edir ki, onun xərçəng xəstəsi olması nəzərə alınaraq, məhkəmə qətnaməsi ilə qazancının 1/3 hissəsi miqdarında tutulan aliment azaldılmalı və qazancının 1/6 hissəsi məbləğində alimentin tutulması həm onun müalicəsi, həm də uşaqların mənafeyi üçün uyğun olacaq. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi sözügedən tələbi tamamilə rədd etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxs tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələbindən hazırki mübahisəyə yanaşan və həm uşaqların, həm də iddiaçının mənafeyini nəzərə alan Məhkəmə bildirir ki, hazırki iş üzrə iddiaçıdan tutulan alimentin məbləği azaldılmalı və qazancının (gəlirlərinin) 1/4 hissəsində müəyyən olunmalıdır. Belə ki, alimentin tutulması barədə qətnamə qəbul edildikdən sonra iddiaçının xərçəng xəstəliyə düçar olması və onun mütəmadi müalicəyə ehtiyacının yaranması işin mübahisəsiz halıdır. Bu hal iddiaçının maddi vəziyyətində mənfiyə doğru dəyişikliyə səbəb olur. Çünki iddiaçının düçar olmuş xəstəliyinin müalicəsi yüksək məbləğdə xərc tələb edir. Bu zaman Məhkəmə, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1 verdiyi və yuxarıda qeyd edilmiş “pensiyanın tutulması haqqında” məktubunu nəzərə alaraq qeyd edir ki, əgər iddiaçıdan cavabdehin xeyrinə tutulan 1/3 hissədə olan alimentin məbləği 1.095,97 manat təşkil edirsə, deməli 1/4 tutulacaq alimentin məbləği ((1.095,97 x 3 =) 3.287,91 / 4=) 821,98 manat, yəni hər uşağa görə (821,98 / 2=) 410,99 manat təşkil edəcəkdir. Nəzərə alınsa ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir, onda müəyyən edilir ki, qeyd edilən məbləğdə alimentin tutulması uşaqların normal səviyyədə saxlanmasına imkan verir. Odur ki, 385-ci maddəsinin tələbini və işin hallarını nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilər. Çünki MPM-nin maddəsinə əlavə edilmiş və 01.01.2018-ci il tarixdən qüvvəyə minmiş 404- 1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti 2.000 manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. MPM-nin 112-ci maddəsinin mənasina görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırki apellyasiya baxışının predmetini təşkil edən iddianın qiyməti ((1.095,97 – 821,98 manat=) 273,99 manat x 12 ay=) 3.287,88 manat, yəni 2.000 manatdan çox məbləğ təşkil edir. Yuxarıda göstərilənlərə əsaslanan və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 sentyabr 2021-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması tələbi” barədə iddiası qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli qətnaməsi (İş № 2(009)-461/2019) ilə borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə hər ay tutulmalı olan alimentin məbləği azaldılsın və İddiaçı qazancının və başqa gəlirinin 1/4 hissəsi miqdarında müəyyən edilsin. Alimentin bu qaydada tutulması hazırki iş üzrə qəbul edilmiş qətnamə qanuni qüvvəyə mindikdən sonra hesablansın. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10099/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10099/2021
29.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver