Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10105/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2229/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehin nümayəndəsi eyni zamanda vəkili tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYY ƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İB-dən onun xeyrinə 400.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs X5 öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə səbəb olmuşdur. X2 X22 İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satış xidmətinin rəisi vəzifəsində işlədiyi zaman “Qaz təsərrüfatında Təhlükəsizlik Qaydalarının” 1.19-cu bəndinə uyğun olaraq, özünün tabeçiliyində olan çilingərin buraxdığı səhvlərə görə də məsuliyyət daşımaqla Zaqatala Regional Qİİ-nin rəisi tərəfindən 09.12.2016-cı il tarixdə təsdiq edilmiş Zaqatala Regional Qİİ-nin inzibati rayonlar üzrə Təbii qazın qəbulu və satış xidməti rəisinin peşə təlimatına uyğun olaraq xidmət çilingərlərinə tapşırıqlar verib, onun yerinə yetirilməsinə nəzarət etməli olduğu halda xidmət çilingərlərinə tapşırıq verib, onun yerinə yetirilməsinə nəzarət etməmiş, “Zaqatala Regional Qİİ-nin inzibati rayonlar üzrə təbii qazın qəbulu və satış xidməti rəisinin peşə təlimatının” tələblərini pozmuş, işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməmişdir. Zaqatala şəhəri, H.Z.Tağıyev küçəsi 2 saylı evin 14 saylı mənzilində iddiaçının keçmiş həyat yoldaşı X15 vanna otağında, onun dayısı qızı X8 və iddiaçının qızı 2015-ci il təvəllüdlü X10 isə yataq otağında 31.12.2017-ci il tarixində dəm qazından zəhərlənərək ölmüşlər. Baş vermiş cinayət hadisəsi ilə əlaqədar başlanmış cinayət işi üzrə ibtidai istintaq aparılmış məhkəməyə göndərilmiş cinayət işi üzrə Zaqatala Rayon Məhkəməsinin 22.05.2018-ci il tarixli hökmü çıxarılmış və hadisənin Zaqatala Reginal Qİİ Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satış xidmətinin rəisi vəzifəsində işləyən Akif İsayevin təqsiri ucbatından baş verməsi öz əksini tapmışdır. X3 Azərbaycan Respublikası CM-in 314.3-cü maddəsi ilə təqsirli bilinərək, 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Bu faktlar qanuni qüvvəyə minmiş Zaqatala rayon Məhkəməsinin 22.05.2018-ci il tarixli hökmü ilə predusiyal qaydada öz əksini tapmışdır. Zaqatala Rayon Məhkəməsinin 22.05.2018-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, X9 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz X4 X22 İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satış xidmətinin rəisi vəzifəsində işləyərkən törətdiyi səhlənkarlıq cinayət əməlində təqsiri tam sübuta yetirilmiş və sübutlarla təsdiq edilmişdir. Baş vermiş hadisə nəticəsində iddiaçının azyaşlı övladı X6 ölməsi ilə bağlı özünün və ailə üzvlərinin digər fərdlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir. Bu baxımdan İ.C. Məmmədovun mərhum övladı 2015-ci il təvəllüdlü 3 yaşlı X6 31.12.2017-ci il tarixində dəm qazından zəhərlənərək ölməsi nəticəsində keçirdiyi stress, mənəvi sarsıntı, narahatlıq, məyusluq kimi halları nəzərə alaraq ona dəymiş 400000 manat məbləğində mənəvi zərər cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən alınaraq iddiaçı İ.C. Məmmədova ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2229/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilməsi, cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən vurulmuş mənəvi zərərə görə 25000 (iyirmi beş min) manat kompensasiya və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınaraq İddiaçı verilməsi və İddia tələbi qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Həmçinin göstərilmişdir ki, məhkəməyə qanuni qüvvəyə minmiş məhkəmə hökmü və notarial qaydada təsdiq edilmiş ölüm haqqında şəhadətnamənin surətini təqdim edilmişdir. Eyni zamanda qeyd edir ki, övladının dünyasını dəyişməsi ilə onun keçirdiyi hiss və stressi heç bir ölçü və sübutla müəyyəıı etmək mümkün deyildir. Bu hissi ancaq kiminsə səhlənkarlığı nəticəsində övladları dünyasını dəyişən valdeynlər başa düşə bilər. Lakin bununla belə hökmdə də öz əksini tapmış ifadəsində göstərdiyi kimi keçmiş həyat yoldaşının uşaqlarları ilə birgə yaşadığı evin içərisində bir övladının dünyasını dəyişməsindən ötrü çabalayan atanın keçirdiyi hissləri ifadəni oxuyanda başa düşmək yəni bu hadisənin kiminsə başına gəlmədən də bu halları, o cümlədən qətnamədə qeyd edilən qaydada iddiaçının keçirdiyi mənəvi və fiziki sarsıntıları başa düşmək mümkündür. Ali Məhkəmənin Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Bu qərardan da göründüyü kimi hadisənin təqsirkar şəxsin ehtiyatsızlığı ucbatından törədilməsi mənəvi zərərə görə məhkəmə tərəfindən tutulmuş məbləğin aşağı olmasına dəlalət edə bilməz. Plemunun da qərarından məlum olur ki, mənəvi zərərin baş verməsinə səbəb olan hərəkət və ya hərəkətsizliyin qeyri-hüquqiliyi kifayət edir, yəni əməlin qəsdən və ya ehiyatsızlıqdan olması müzakirə mövzusu belə deyildir. Həmçinin qeyd edir ki, əməl ehtiyatsızlıqdan olsa belə, cavabdeh təşkilatın vəzifəli şəxsinin təqsiri ucbatından ağır nəticəyə səbəb olan hadisə baş vermiş, üç nəfərin ölümü ilə nəticələnmişdir. Qətnamənin əsaslandırma hissəsində göstərilən təqsirləndirilən şəxslərə qarşı tələbinin olmaması ilə əlaqədar bildirir ki, dövlət təşkilatı və ya hüquqi şəxsin fəaliyyəti ilə bağlı vəzifəli şəxslərinin əməlinə görə onun işlədiyi orqan cavabdehlik daşıdığından, təqsirləndirilən şəxslərə yox, onların çalışdığı orqana qarşı iddia qaldırmışdır. Təqsirləndirilən şəxslərə qarşı tələbinin olmamasından dolayı da ona dəymiş mənəvi zərərə görə daha aşağı məbləğin tutulması ilə razılaşa bilmir. Məhkəmənin ona dəymiş mənəvi zərərə görə məbləğin aşağı tutulmasına əsas kimi cavabdeh təşkilatın əmlak vəziyyətini nəzərə alması düzgün deyildir. Belə ki,cavabdeh təşkilat olan “Azəriqaz” İB ölkədə təbii inhisar subyektidir. Əgər onun əmlak vəziyyətinə uyğun olaraq nizamnamə kapitalı və dövriyyəsi nəzərə alınsa, ona dəymiş mənəvi zərərə görə əksinə daha yuxarı məbləğdə pul vəsaiti tutulmalıdır. Həmçinin mənəvi zərərin həcmi yalnız ona dəymiş zərərin böyüklüyündən asılı olaraq dəyişilə bilər ki, cavabdehin əmlak vəziyyəti ilə əlaqədar olaraq müəyyən oluna bilməz. Belə ki, həmin hadisə nəticəsində cavabdehin təqsiri ucbatından onun övladı dünyasını dəyişmişdir. Qətnamədən həmçinin cavabdehin nümayəndəsi eyni zamanda vəkili apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, iddiaçının ən yaxın ailə üzvü hesab edilən qızının ölümü nəticəsində, onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s.formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Lakin iş materiallarında və iddia ərizəsindən görünür ki, iddiaçı keçirdiyi mənəvi sarsıntını əsaslandıra bilməmiş, psixoloji stressin nədən İbarət olduğu, hansı şəraitdə necə və nə cür yaşadığını vurğulamamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili tərəflərindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı 2010-cu ildə X15 ilə ailə qurmuş, birgə nikahdan Altun və Nilay adlı övladları anadan olmuşlar. Hadisə nəticəsində iddiaçının uşaqlarının anası, keçmiş həyat yoldaşı Nuranı və qızı Nilay dünyasını dəyişmişdir. İddiaçı qeyd edilən azşyaşlı övladını itirdiyindən onun mənəvi sarsıntı keçirdiyi mübahisəzdir və birinci instansiya məhkəməsinin təyin etdiyi məbləğ azdır. İşə baxılmasının vaxtı və yeri barəsində məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, şikаyətin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə 25000 manat mənəvi ziyanın tutulması hissəsində dəyişdirilməli, mənəvi ziyanın məbləği 50000 manat müəyyən edilməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Zaqatala rayon Məhkəməsinin 22.05.2018-ci il tarixli, 1(033)- 25/2018 saylı hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs X16 və X17 vəzifəli şəxs olmaqla, səhlənkarlıq edərək, yəni işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməklə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan hərəkətə yol vermişdir. Belə ki, onlar, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 3.81, 3.84, 3.87, 3.96, 3.102, 9.239 bəndlərinin, “Qazdan istifadə qaydaları”nın 2.7-ci və 2.11-ci bəndlərinin, “Qazdan istifadə qaydaları”na 2 nömrəli əlavə “Qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 2.1.2-ci bəndinin, Zaqatala RQİİ-nin inzibati rayonlar üzrə təbii qazın qəbulu və satışı xidmətinin rəisinin vəzifə təlimatının 1.1-ci bəndinin 1, 3-cü və 5-ci abzaslarının və Zaqatala RQİİ-nin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərinin peşə təlimatının 2.3-cü və 2.9-cu bəndlərinin tələblərini pozduğuna görə nəticədə ehtiyatsızlıqdan 31 dekabr 2017-ci il tarixdə, Zaqatala şəhəri, H.Z.Tağıyev küçəsi, bina 2, 14 saylı mənzildə yaşayan X15, X10 və X8 dəm qazından zəhərlənərək ölmüşlər. Təqsirləndirilən şəxslər X16 CM-in 124.2-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, 01 (bir) il 06 (altı) ay müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, X17 isə CM-in 314.3cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, 02(iki) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi İddiaçıdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23.04.2019-cu il tarixli, 1(102)-550/2019 saylı qərarının surətindən görünür ki, X7 Cinayət X1 və X17 haqqındakı 30.11.2018-ci il tarixli hökmü dəyişdirilməmişdir. İş materiallarında olan həmin Qərardan görünür ki, Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30.11.2018-ci il tarixli hökmü ilə Zaqatala rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli hökmü X11 aid hissədə ləğv edilmiş, X11 qarşı Azərbaycan Respublikası CM-in 124.2-ci maddəsi ilə irəli sürülən ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilmiş, məhkum X12 müdafiəçisi X19 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, X16 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, zərərçəkmiş şəxslərin hüquqi varisləri İddiaçı, Yekibaşova Aşurey Ramazan qızı və X13 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilmişdir. İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, X10 İddiaçı qızıdır. İş materiallarında olan 16.12.2018-ci il tarixli, 899828 saylı ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 31.12.2017-ci ildə Zaqatala rayonunda dəm qazı ilə zəhərlənmə səbəbindən ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının uşağının ölməsində cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. Bundan başqa, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (AR MM-nin 1099.1-ci maddəsi). İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (AR MM-nin 1099.2-ci maddəsi). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyrimümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi iddiaçının mənəvi sarsıntı keçirdiyi nəticəsinə gəlməkdə haqlı olsa da, bunun üçün ödənilməli olan kompensasiya məbləği düzgün müəyyən etməmişdir. Kollegiya hesab edir ki, iddiaçıya keçirdiyi mənəvi sarsıntının kompensasiyası əvəzində ödənilən məbləğin 50000 manat müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Cavabdehin apellyasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materiallarında da müəyyən edildiyi kimi cavabdehin işçilərinin təqsirli hərəkətləri nəticəsində göstərilən hadisə baş vermişdir, məhz iddiaçının övladının həmin hadisə nəticəsində ölməsi ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri verərkən tərəflərin ödəmiş olduğu dövlət rüsumlarının əvəzi onların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “Azəriqaz” İB-nin apellyasiya şikayəti təmin edilməsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2229/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi “Azəriqaz” İstehsalat Birliyindən mənəvi zərərə görə 25000 (iyirmi beş min) məbləğində kompensasiyanın alınaraq İddiaçı ödənilməsi” hissələrində dəyişdirilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən vurulmuş mənəvi zərərə görə alınaraq İddiaçı ödənilməli pul vəsaitinin məbləği 50000 (əlli min) manat müəyyən edilsin. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları onu ödəmiş tərəflərə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-10105/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10105/2021
03.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver