Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1012/2022 14.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil3, Cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşaqla ünsiyyət müddətinin azaldılması barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06.10.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı (ana) ilə birlikdə yaşayan 07.05.2014-cü il təvüllüdlü uşaq X1 ilə cavabdehin (atanın) ünsiyyətdə olması üçün Sabunçu Rayon Məhkəməsinin 11.09.2017-ci il tarixli qətnaməsi ilə müəyyə edilmiş vaxt azaldılsın. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh və onun vəkili Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Başqa iş üzrə Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 11.09.2017-ci il tarixli qətnamə ilə qət olunub ki, ataya həmin uşaqla göstərilən vaxtda şəxsi görüş formasında ünsiyyət imkanı veril: hər həftənin ikinci günü saat 16:00-dan 20:00-dək, hər həftənin beşinci günü saat 16:00-dan şənbə günü saat 14:00-dək, Yeni il bayramında 1 gün, Novruz bayramında 2 gün, Faşizm üzərində qələbə günündə 1 gün, Silahlı Qüvvələr günü 1 gün, Qurban bayramında 1 gün, Ramazan bayramında 1 gün, məktəblilərin yay tətilində 3 həftə. İddiaçı iki hala istinad edərək ünsiyyət vaxtının azaldılmasını tələb edir. Birinci, cavabdehin valideynləri (baba və nənə) də uşaq (nəvə) ilə ünsiyyət imkanı verilməsi üçün iddia qaldırıblar. Lakin bu hal atanın uşaqla ünsiyyət vaxtının azaldılmasına əsas ola bilməz. Çünki uşaqla ünsiyyət məsələsində valideynlər baba və nənəyə münasibətdə üstünlüyə malikdir. Əksinə, baba və nənənin uşaqla ünsiyyət vaxtı elə müəyyən edilməlidir ki, valideynlərin və uşağın hüquqları və qanuni mənafeləri pozulmasın. İkinci, uşaq artıq şagirddir, buna görə uşağın özünə vaxt ayrılmalıdır, bundan başqa, uşağın əlavə dərnək, idman və digər tədbirlərə qatılması kifayət qədər vaxt aparır. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin hal atanın uşaqla ünsiyyət vaxtının azaldılmasına əsas ola bilməz. Çünki ünsiyyət vaxtı atanın uşağın təhsilinə, əlavə dərnək, idman və digər tədbirlərə qatılmasına mane olan hərəkətlər etdiyini təsdiq edən sübutlar yoxdur. Uşaq atası ilə birlikdə olduğu zaman təhsil ala, əlavə dərnək, idman və digər tədbirlərə qatıla bilər. Beləliklə, məhkəmə Ailə Məcəlləsinin 61-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin 06.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1012/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1012/2022
14.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver