Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1012/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC və X3 qarşı “pul tələbi”nə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili X5, Cavabdeh X2 nümayəndə və vəkili, Cavabdeh1 MMC-nin vəkili Vəkil1 iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-1399/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 MMC və O.Ağayev tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə (bundan sonra cavabdeh MMC) və X3 (bundan sonra cavabdeh O.Ağayev) qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbində qeyri-yaşayış sahəsi üçün hesablanmış 56000 manat məbləğin azaldılaraq, müqavilədə və ödəniş qəbzində əksini tapan 32000 manat məbləğin Cavabdeh1 MMC-dən, 9600 manat təmir xərclərini isə cavabdeh X1 tutulmaqla iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bununla yanaşı, iddiaçı ərizə təqdim edərək, mülki işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).
2. İddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh1 MTK ilə alqı-satqı müqaviləsi bağlayaraq MTK-ya məxsus ünvan 1 ünvanda 40 kv.metr ölçüdə 2-ci mərtəbədə qeyriyaşayış sahəsini dəyərini tam ödəməklə 12 yanvar 2013-cü il tarixdə alqı-satqı müqaviləsilə almışdır. Hazırda "xxxx" MTK-nın varisi olan Cavabdeh1 MMC-nin həbsdə olan sədri C.Alışov onunla bağlanmış 12 yanvar 2013-cü il tarixli müqavilənin etibarsız hesab edərək 2008-ci il tarixli müqavilə əsasında yaxın qohumu Orucəliyə satılmasına əsaslanaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsindən qətnamə əldə etmişdir. Hazırda həmin qətnamədən kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin icraatındadır. Belə ki, o, həmin sahəni 30000 manat nağd pul vəsaiti ödəməklə MTK-dan almış, 11000 manata yaxın təmir-quraşdırma xərcləri çəkmişdir. O, MTK-nın sədri olduğu vaxtda fiziki şəxs statusunda Cavabdeh1 MTK ilə alqı-satqı müqaviləsi bağlamışdır. Vicdanlı alıcıdır. Əvvəlki məhkəmələrdə ekspert rəyində sözügedən qeydi-yaşayış sahəsinin çizgi və ona məxsus olan qeyri-yaşayış sahəsinin koordinatları ilə üst-üstə düşür. Sözügedən (ofis) qeyriyaşayış sahəsi tərəfindən, şəxsi vəsaiti hesabına təmir edilmiş və hazırda onun sahibliyindədir. Odur ki, məhkəmə qaydasında müqavilənin etibarlı sayılması və yaxud araşdırma nəticəsində məhkəmə bu əqdi etibarsız saydığı halda ona qeyri-yaşayış sahəsinin alınması və təmiri üçün MTK-ya ödədiyi xərclər, həmin qeyri-yaşayış sahəsinin bu günki bazar dəyəri məbləğində zərər hesablanaraq cavabdehdən tutulmalıdır.
3. Xətai Rayon Məhkəməsinin 2(011)-217/2021 saylı xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsi ilə iddia təmin olunmuşdur.
4. Daha sonra cavabdeh X4 məhkəməyə ərizə ilə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsini xahiş etmiş və məhkəmənin 2(011)-1399/2022 saylı, 12 yanvar 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-217/2021 saylı xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir.
5. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ekspert tərəfindən verilmiş rəyə istinad etməklə Bakışəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 40 kv.m qeyri-yaşayış sahəsi üzrə onun tərəfindən yerinə yetirilmiş təmir-tikinti işləri üçün cavabdeh X1 10332 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Xətai Rayon Məhkəməsinin 2(011)-1399/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim İlahə Abbasova) ilə iddia tələbi təmin edilmiş, Cavabdeh1 MMC-dən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində (Ukrayna dairəsində) yerləşən Cavabdeh1 MTK tərəfindən tikilmiş yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsinin alınmasına görə iddiaçı tərəfindən 15 dekabr 2013-cü il tarixli müqavilə əsasında ödənilmiş 32000 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, cavabdeh X1 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində (Ukrayna dairəsində) yerləşən Cavabdeh1 MTK tərəfindən tikilmiş yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsində iddiaçı tərəfindən çəkilmiş təmir xərclərinə görə 10332 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qərara alınmışdır. Apellyasiya şikayətləri və onun dəlilləri:
7. Cavabdeh O.Ağayev qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, qətnamə işin hallarına uyğun deyil, faktlar nöqteyi nəzərindən əsassızdır. Belə ki, məhkəmə Mülki Məcəllənin 157.5-ci maddəsinə istinad etmişdir. Mövcud maddədə mülkiyyətçiyə və vicdanlı sahibə götürdüyü və götürməli olduğu bütün gəlirlərin ödənilməsini əhatə edir. Hazır ki iş üzrə iddiaçı nə mülkiyətçi nə də ki, vicdanlı alıcı olmamışdır. Belə ki, Ali Məhkəmənin 2(102)- 2659/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən İddiaçı həm MTK-nın adından həmdə alıcı olaraq öz adından imza atmaqla mübahisəli sahəyə dair xx.xx.2013- cü il tarixli müqavilə bağlamış, müqavilədə və maliyyə arayışında olan möhür əksləri birbaşa vurulmayıb, başqa sənədlərdə olan möhür əksindən rəqəmsal texniki qurğu (skaner) vasitəsi ilə köçürülmüşdür. Göründüyü kimi, X .Bağışov qanunvericiliyə uyğun olaraq hüquq əldə etməmişdir və uydurma əqd düzəltməklə əmlak üzərində hüquq əldə etməyə çalışmışdır ki, bu halda vicdanlı sahib hesab edilə bilməz. Məhkəmə müəyyən edilmiş hallara MM-in 337.5-ci maddəsini də yalnış tətbiq etmişdir. Belə ki, həmin maddəyə əsasən “tərəflər hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludur”. Göründüyü kimi, bu müqavilə isə görünüş üçün bağlandığı üçün etibarsız hesab edilmiş, heç bir ödəniş edilməməsi müəyyən edilmiş və maliyyə arayışının da uydurma olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə qətnamələri ilə İddiaçı həm MTK-nın adından həmdə alıcı olaraq öz adından imza atmaqla mübahisəli sahəyə dair xx.xx.2013-cü il tarixli müqavilə bağlamış, müqavilədə və maliyyə arayışında olan möhür əksləri birbaşa vurulmayıb, başqa sənədlərdə olan möhür əksindən rəqəmsal texniki qurğu (skaner) vasitəsi ilə köçürülməsi halı subut olunmuşdur. Göründüyü kimi, iddiaçı həmin sahəyə hər hansı bir hüquq əldə etməmişdir. Saxda müqavilələr imzalamaqla sahəyə qanunsuz daxil olmuş və orda təmir tikinti işləri aparmışdır. Göründüyü kimi, onun mənzilə daxil olmaq, təmir işləri aparmaq və oradan istifadə etmək hüququ olmamışdır. İddiaçının qanunsuz hərəkətlərinin nəticəsi olaraq pul tələb etməsi, hüququn fəlsəfəsinə ziddir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddianın cavabdeh X1 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində (Ukrayna dairəsində) yerləşən Cavabdeh1 MTK tərəfindən tikilmiş yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyriyaşayış sahəsində iddiaçı tərəfindən çəkilmiş təmir xərclərinə görə 10.332 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsində rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi göstərmişdir ki, iddiaçı real hüquq münasibətlərində olmamış, saxta və uydurma əqd hazırlamış və bununlada əmlak əldə etmək istəmişdir. Həmin əqd etibarsız hesab edilmiş, müqavilə və maliyyə arayışının saxta görnüş üçün hazırlanması müəyyən və hər hansı bir ödənişin ödənilməməsi müəyyən edilmişdir (ali məhkəmənin qərarına əsasən). Belə olan halda əqd uydurmadırsa (etibarsızdırsa) onun nəticələri də etibarsızdır. İddiaçının hazırlamış olduğu saxta əqdin hansı əsasla etibarsız hesab edilməsi hallarına məhkəmə diqqət yetirməmiş və saxta və uydurma müqavilədə qeyd edilmiş məbləğin qaytarılmasını qərarlaşdırmışdır. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddianın Cavabdeh1 MMC-dən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində (Ukrayna dairəsində) yerləşən Cavabdeh1 MTK tərəfindən tikilmiş yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsinin alınmasına görə iddiaçı tərəfindən xx.xx.2013-cü il tarixli müqavilə əsasında ödənilmiş 32.000 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsində rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:
9. Məhkəmə kollegiyasının iclasında cavabdeh O.Ağayevin nümayəndə və vəkili, cavabdeh MMC-nin vəkili Vəkil1 apellyasiya şikayətlərini müdafiə edərək, onların dəlillərinə uyğun izahat verərək, müqavilə görünüş üçün bağlanmış uydurma əqd olduğuna görə, həmin görünüş üçün bağlanmış müqavilənin etibarsızlığına görə iddiaçının xeyrinə pulun tutulması əsassızdır. Çünki iddiaçı həmin əmlaka qanunsuz sahiblik edib, əmlakın onun olmadığını bilərək orda təmir edib, bu halda təmir xərci tutula bilməz. Göstərilənlərə əsasən, apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, bildirdi ki, o, Cahangir Alışovla şərik olmuş, onlar vaxtında razılaşmışlar ki, o Alışova öz ofisini verir, özü də hazırda təmir etdiyi ofisə köçmüşdür, təxminən 2013-cü ildə təmirə başlamış, orada yalnız sütunlar var idi, o, lazımi və zəruri təmir işlərini etdirərək, oranı istifadə edilə biləcək vəziyyətə gətirmiş, bunun üçün hətta qətnamə ilə tutulan məbləğdən də artıq vəsait xərləmiş, 2014-cü ildə həmin ofisə keçmişdir, lakin sonradan C.Alışovla münasibətləri pozulmuş, o, arxa tarixə öz qohumunun adına saxta müqavilə tərtib etmiş, ona qarşı əsassız iddia qaldıraraq müqavilənin etibarsız hesab edilməsinə nail olmuşdur, düzdür, bununla bağlı qətnamələr hazırda qüvvədədir, amma bu kökündən yanlışdır, saxta müqavilələr əsasında onun əmlakını əlindən almışlar, o, həmin sahəni təmir edərkən oranın tam qanuni sahibi olmuş, oranı öz əmlakı hesab edərək təmir işləri aparmışdır. Bu səbəbdən, apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətləri ilə razılaşmayaraq, iddiaçının izahatını təsdiq edirək, şikayətlərin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
12. Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 15 dekabr 2013-cü il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşmiş Cavabdeh1 MTK-nın tikilməkdə olan binasının 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi ((market) 40 kv.metr) ilə bağlı tərəflər arasında müqavilə bağlanmış və göstərilən qeyri-yaşayış sahəsinin ümumi dəyəri 32000 manat məbləğində müəyyən olunmuşdur.
13. Cavabdeh1 MTK tərəfindən verilmiş 12 yanvar 2015-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 MTK tərəfindən 15 dekabr 2013-cü il tarixli müqavilə ilə İddiaçı satılmış Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə yerləşən binanın İİ mərtəbəsində, lift otağının arxasında yerləşən ümumi sahəsi 40 kv.m olan qeyri-yaşayış sahəsi ona məxsusdur. Qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilmiş və gələcəkdə bu sahə ilə əlaqədar ona heç bir iddiaları olmayacaqdır.
14. Cavabdeh1 MTK tərəfindən verilmiş 15 dekabr 2013-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə (Ukrayna dairəsi) yerləşən yaşayış binası Cavabdeh1 MTK-ya məxsusdur. Tikilməkdə olan binanın İİ mərtəbəsində yerləşən 40 kv.m qeyri-yaşayış sahəsinin pay dəyərindən 32000 manat alıcı İddiaçı tərəfindən ödənilmişdir.
15. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(011)- 5682/2018 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-7500/2017 saylı qətnaməsi cavabdehlər Cavabdeh1 MMC, X7, X8 və üçüncü şəxs X6 münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)- 976/2019 saylı qərarının surətindən görünür ki, Yüksəliş-C” MMC-nin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3148 nömrəli 30 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə yerləşən Cavabdeh1 MTK-ya məxsus 1 giriş 2-ci mərtəbə, 40 kv.metr qeyri-yaşayış sahəsində aparılmış təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 9633.0 manat məbləğində müəyyən edilmişdir.
18. "xxxx" MMC-si tərəfindən verilmiş 16 dekabr 2020-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə yerləşən Cavabdeh1 MTK-ya məxsus 1 giriş 2-ci mərtəbəsində yerləşən qeyriyaşayış sahəsinin bazar qiyməti 56000 manat təşkil etmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12271/2019 saylı, 05 dekabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-258/2019 saylı iş üzrə 20 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-258/2019 saylı 20 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən görünür ki, iddiaçı X2 İddiaçı və Cavabdeh1 MTKya qarşı qeyri-yaşayış sahəsindən çıxarma və müqavilənin, maliyyə arayışının etibarsız hesab edilməsi barədə ilkin iddiası təmin edilmişdir.
20. AR Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2659/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12271/2019 saylı, 05 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Cavabdeh1 MTK-nın 2013-cü ili əhatə edən xəzinə kitabından görünür ki, həmin kitabın 01-30 dekabr 2013-cü il tarixinə dair dövrü əhatə edən 09-cu vərəqində MTK üzvlərinin tərəfindən ödəniş qrafasında 312 10 manat Cavabdeh1 MTK-ya ödənişin köçürülməsi qeyd edilmişdir.
22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2935 nömrəli 10 avqust 2022-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə yerləşən Cavabdeh1 MTK-ya məxsus 1 giriş 2-ci mərtəbə, 40 kv.metr qeyri-yaşayış sahəsi üzrə yerinə yetirilmiş təmirtikinti işlərinin ümumi dəyəri təqribən 10332 manat məbləğində müəyyən edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
24. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
25. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
26. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
27. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
28. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
30. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
31. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
32. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
36. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
37. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
38. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
39. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
40. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
43. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
44. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
45. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
46. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;
47. 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi;
48. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
49. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
50. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərin şikayətlərinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
51. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, cavabdeh MMCdən pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir, cavabdeh O.Ağayevin apellyasiya şikayəti təmin edilməməlidir.
52. Kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12271/2019 saylı, 05 dekabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-258/2019 saylı iş üzrə 20 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-258/2019 saylı 20 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən görünür ki, iddiaçı X2 İddiaçı və Cavabdeh1 MTK-ya qarşı qeyri-yaşayış sahəsindən çıxarma və müqavilənin, maliyyə arayışının etibarsız hesab edilməsi barədə ilkin iddiası təmin edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh1 MTK ilə Xaləddin Bağırov arasındakı xx.xx.2013-cü il tarixli müqavilə həqiqi olmayıb, görüntü məqədilə tərtib edilmiş uydurma əqddir. AR Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2659/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12271/2019 saylı, 05 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla məlum olur ki, həmin qətnamələrlə müəyyən edilmiş halların hazırkı iş üzrə preyudisiallığı rayon məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Yuxarıda qeyd edilən və hazırda qüvvədə olan məhkəmə aktları ilə Cavabdeh1 MTK ilə Xaləddin Bağırov arasındakı xx.xx.2013-cü il tarixli müqavilənin görüntü məqsədilə tərtib edilmiş uydurma əqd olduğu müəyyən edildiyindən, rayon məhkəməsi Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməkdə haqlı olmamışdır.
53. Məhkəmə kollegiyası cavabdeh O.Ağayevin apellyasiya şikayəti ilə bağlı bildirir ki, rayon məhkəməsi mahiyyət etibarı ilə həmin hissədə düzgün nəticəyə gəlmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlili ilə bağlı, yəni iddiaçı həmin əmlaka bilə-bilə qanunsuz sahiblik etdiyindən təmir xərcini tələb edə bilməzdi dəlili ilə razılaşmır və aşağıdakıları qeyd edir. Belə ki, iddia tələbinin təmir-bərpa xərcləri ilə bağlı hissəsində qanuni əsasını iddia ərizəsinin məzmunundan, həm də işin faktiki hallarından müəyyən olunur ki, MM-in birlikdə götürülmüş 1091 və 1092-ci maddələri təşkil edir. MM-in 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: -birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; -ikincisi, iddiaçı əmlakdan məhrum olur; -üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Hazırkı halda iddiaçının iddia tələbi təmir xərci hissədə işin müəyyən olunmuş faktiki halları baxımından yuxarıda istinad olunan qanunun normasının dispozitiv şərtlərinə uğun olduğundan, rayon məhkəməsi iddia tələbini həmin hissədə təmin etməkdə haqlı olmuşdur.
54. Beləliklə, iddiaçının həmin qeyri-yaşayış sahəsində apardığı təmir işləri qaçılmaz və zəruri xərclər olduğundan, məhkəmə ekspert rəyinə uyğun olaraq təmir xərcinin iddiaçının xeyrinə cavabdehdən tutulması barədə mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gəlmişdir.
55. Belə ki, MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:
56. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, cavabdeh MMC-dən pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir, cavabdeh O.Ağayevin apellyasiya şikayəti təmin edilməməlidir.
57. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir.
58. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Xətai Rayon Məhkəməsinin 2(011)-1399/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, Cavabdeh1 MMC-dən pulun tutulması hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə onun şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-1399/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehlərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov