Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10134/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh2 ASC-nin nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(004)-5301/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə və Cavabdeh2 ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, iddiaçı 24 avqust 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ASC-yə məxsus olan ünvan 1 ünvanda ü/s 226,3 kv.m olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(004)-5301/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(004)- 5301/2021 saylı qərardadından verdiyi şikayət, məhkəmənin 17 sentyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət mülki iş materialları ilə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılır ki, Cavabdeh2 ASC-nin AR “İpoteka haqqında” Qanunun 43.9cu maddəsinin tələbi baxımından mübahisəli əmlakı özgəninkiləşdirilməsi ehtimalı olduqca yüksəkdir. Bundan başqa Cavabdeh2 ASC-nin İddiaçı ünvanladığı 14 iyul 2021-ci il tarixli məktubunda sözügedən əmlakın boşaldılaraq təhvil verilməsi tələb olunur. Bu isə həmin əmlakın özgəninkiləşdirilməyə hazırlanması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi X2 şikayəti qəbul etməyərək, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, İddiaçı, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməklərinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(004)-5301/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra-MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün müəyyən hərəkətləri etmək cavabdehə qadağan edilə bilər (maddə 158.1.2). İddianı təmin etmək üçün mübahisə predmetinə aid müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər (madd 158.1.3). İddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarı ilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. Bu, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyrimümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Ona görə də, pozulmuş hüquqların real bərpasına, başqa sözlə iddianı təmin etmiş qətnamənin icrasına nail olmaq baxımından iddianı təmin tədbirləri mühüm prosessual vasitələr kimi çıxış edirlər. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Məhkəmə qeyd etmişdir ki, hazırki halda, iddiaçı iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizəsində iddianı təmin etmə tədbirinin görülməməsinin gələcəkdə qəbul ediləcək qətnamənin icrasına hansı çətinlik və ya maneə yaradacağını əsaslandırmamışdır. Həmçinin, iddiaçı həmin qeyri yaşayış sahəsinin özgəninkiləşdirilməsinin məhdudlaşdırılmasının zəruriliyini əsaslandırmamış, bu barədə sübutlarını ərizəyə əlavə etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddianı təmin etmək üçün tədbirlər qətnamənin gələcəkdə icrasını təmin etmək üçün görüldüyündən, iddianın isə təmin edildiyi təqdirdə, qətnamənin gələcəkdə icrasını qeyri-mümkün edən hallar müəyyən olunmadığından, formal əsaslara görə iddianı təmin etmə tədbiri görülərək qeyd edilən ərizə təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Süleymanova Arifə Ağış qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(004)-5301/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-10134/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10134/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver