Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10173/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X11, Cavabdehlər Süleymanlı Bilal (Cingiz) Süleyman oğlunun və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2273/2018 saylı, 19 iyul 2018-ci il tarixli və 2(003)-15/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnamələrindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 arasında 06 iyun 2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri Xəzər rayonu 7 saylı Xüsusi Notariat Kontorunun Xüsusi notariusu X16 tərəfindən təsdiq edilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə, ev 3/434-də yerləşən yaşayış sahəsi 146,5 kv.m, yardımçı sahəsi 232,3 kv.m, ümumi sahəsi 378,8 kv.m olan fərdi yaşayış sahəsinin və ünvan 1 ünvanında yerləşən 114,2 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh2 bağışlanmasına dair daşınmaz əmlakın bağışlama müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh1 arasında 11 avqust 2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri 7 saylı Notariat Kontorunun Xüsusi notariusu X16 tərəfindən təsdiq edilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə, ev 3/434-də yerləşən yaşayış sahəsi 146,5 kv.m, yardımçı sahəsi 232,3 kv.m, ümumi sahəsi 378,8 kv.m olan fərdi yaşayış sahəsinə və ünvan 1 ünvanında yerləşən 114,2 kv.m qeyri-yaşayış sahəsinə dair AN-İ ******* №-li və AN-İ ******* №-li alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin yaşayış sahəsi ilə qeyri-yaşayış sahəsini ona qaytarmaqla üzərində mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 ilə 21 aprel 1996-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan dörd övladları doğulmuşdur. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə, ev 3/434-də yerləşən yaşayış sahəsi 146,5 kv.m, yardımçı sahəsi 232,3 kv.m, ümumi sahəsi 378,8 kv.m olan fərdi yaşayış sahəsi 1996-cı ildən 08 avqust 2016-cı il tarixədək onun mülkiyyətində olmuş və o, ailəsi ilə birlikdə orada daimi yaşamışdır. Həmçinin, ünvan 1 ünvanında yerləşən 114,2 kv.m qeyri-yaşayış sahəsi də 1996-cı ildən onun mülkiyyətində olmuş, o, uzun müddət həmin qeyri-yaşayış sahəsini icarəyə verərək icarədən əldə olunan pul vəsaiti ilə özünü və dörd az yaşlı övladını dolandırmışdır. 2016-cı ilin may ayından başlayaraq Cavabdeh2 ona təzyiq göstərərək mülkiyyətində olan fərdi yaşayış və qeyri-yaşayış sahələrini bağışlama yolu ilə notarial qaydada onun adına sənədləşdirməyə məcbur etmişdir. O, cavabdehin təhdidlərinə dözməyərək ailəni qoruyub saxlamaq üçün onunla belə bir razılığa gəlmişdir ki, o, daimi olaraq övladları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə, ev 3/434-də yerləşən fərdi yaşayış evində yaşasın, cavabdeh daimi olaraq ailənin bütün zəruri tələbatlarını və xərclərini ödəsin, icarəyə verilən ünvan 1 ünvanında yerləşən 114,2 kv.m qeyri-yaşayış sahəsindən əldə olunan gəliri də ailənin ehtiyaclarına sərf etsin. Cavabdeh2 onun bütün bu şərtlərinin bağışlama müqavilələrində öz əksini tapacağını vəd edib onu inandırmış və bundan sonra 06 iyun 2016-cı il tarixdə onlar Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontoruna getmişlər. Həmin notariat kontorunda o, qeyd olunan şərtlərin bağışlama müqavilələrində göstərilməsini xahiş etsə də, notarius X16 vəzifəsindən sui-istifadə edərək bağışlama müqavilələrinin formal xarakter daşıdığını, şərtlərin müqavilərdə əks olunduğunu bildirərək onu aldatmış, müqavilələrin mətnlərini oxumaq üçün ona şərait yaratmamış, o isə notariusa inanıb bağışlama müqavilələrini imzalamışdır. Qeyd olunan şərtlərin müqavilələrdə əks etdirilməməsi ona 11 avqust 2016-cı il tarixindən sonra məlum olmuşdur. Cavabdeh2 ona əvvəlcə təsir və təzyiqlər göstərməklə, sonradan isə onda inam yaratmaqla 01 avqust 2016-cı il tarixdə onun bütün mülkiyyətinə dair öz adına etibarnamə təsdiq etdirmiş, bundan sonra isə qəsdən aralarında mübahisələr yaratmış, 08 avqust 2016-cı il tarixdə bıçaqla onu hədələyib uşaqlarla birlikdə onu Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə, ev 3/434-də yerləşən fərdi yaşayış evindən qovmuşdur. O, Cavabdeh2 onun mülkiyyətində olan əmlakını planlı surətdə ələ keçirmək istədiyini başa düşüb 01 avqust 2016-cı il tarixdə 5 saylı Bakı“Asan Xidmət” Mərkəzində təsdiq olunmuş ona verdiyi etibarnaməni 10 avqust 2016-cı il tarixdə ləğv etdirmişdir. Cavabdeh2 ondan aldatma yolu ilə əldə etdiyi etibarnamədən istifadə edərək 09 avqust 2016-cı il tarixdə onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/17 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi, 3/462 ünvanında yerləşən 0,075 ha torpaq sahəsi, 3-7 saylı ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və 3/409 ünvanında yerləşən 0,12 ha torpaq sahəsini, bu dörd torpaq sahələrinin ölçüləri 37,005 ha təşkil etdiyi halda, torpaq sahələrini guya cəmi 20.000 manata dəyərləndirirək qohumu X2 adına formal olaraq alqı-satqı müqavilələrini Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontorunda rəsmiləşdirmiş və həmin gün X1 və onun ailə üzvlərindən mülkiyyətlərinə dair öz adına etibarnamələr təsdiq etdirmişdir. Cavabdeh2 bununla kifayətlənməyib 11 avqust 2016-cı il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə, ev 3/434-də yerləşən yaşayış sahəsi 146,5 kv.m, yardımçı sahəsi 232,3 kv.m, ümumi sahəsi 378,8 kv.m olan fərdi yaşayış sahəsini guya 30.000 manata, ünvan 1 ünvanında yerləşən 114,2 kv.m qeyri-yaşayış sahəsini isə guya 20.000 manata dəyərləndirərək Qala kənd məscidində tanış olduğu dostu, Cavabdeh1 adına formal olaraq alqı-satqı müqaviləsini təkrarən 7 saylı Notariat Kontorunda rəsmiləşdirmiş və onun bu mülkiyyətinə də sahiblik etmək üçün həmin gün Cavabdeh1 mülkiyyətinə dair etibarnaməni öz adına təsdiq etdirmişdir. Daha sonra Cavabdeh2 ona qarşı nikahın pozulması barədə iddia qaldırmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə aralarındakı nikah pozularaq hər uşağa görə 117 manat məbləğində aliment tutulması qət olunmuşdur. Lakin Cavabdeh2 bu günə qədər də aliment ödəməkdən yayınaraq məhkəmənin qətnaməsini icra etməkdən boyun qaçırır. Cavabdeh2 bütün bu hərəkətləri onu və övladlarını ağır vəziyyətə salmışdır. Ona və dörd azyaşlı övladına qarşı pis niyyətlə, yəni aldatmaqla əldə edilmiş razılığından suiistifadə edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə, ev 3/434-də yerləşən yaşayış sahəsi 146,5 kv.m, yardımçı sahəsi 232,3 kv.m, ümumi sahəsi 378,8 kv.m olan fərdi yaşayış sahəsini və ünvan 1 ünvanında yerləşən 114,2 kv.m qeyri-yaşayış sahəsini öz adına rəsmiləşdirmiş və bu formal sənədləşdirmədən sui-istifadə etməsi ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsində Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2. və 178.3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Cavabdeh1 şahid qismində dindirilərkən qeyd olunan daşınmaz əmlakları almamasını, onunla Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin formal xarakterli olmasını tam etiraf edərək, həmin daşınmaz əmlakları Cavabdeh2 bu yolla onun əlindən çıxarılması xüsusatlarını təsdiq edən ifadələr vermişdir. Bu ifadələr ibtidai istintaq orqanının qərarında öz əksini tapdığına görə onun tərəfindən sübut kimi birinci instansiya məhkəməsinə təqdim olunmuş, lakin məhkəmə bu halları araşdırmamış, sübutlara hüquqi qiymət verməmişdir. Hesab edir ki, Cavabdeh1 istintaq zamanı alqı-satqı müqavilələrini formal bağlanmasına dair etirafedici ifadələr verməsi hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün yeni hallardır. Cavabdehlər Cavabdeh1 (Bilal) Süleyman oğlunun və Cavabdeh2 nümayəndəsi iddia tələbini qəbul etməyərək iddia tələbinə etirazını onunla əsaslandırmısdır ki, hazırkı iddia tələbinə məhkəmə tərəfindən baxılaraq hüquqi qiymət verilmiş və bu barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 26 oktyabr 2016-cı il tarixli 2(003)-5499/2016 saylı qətnaməsi mövcuddur. Lakin İddiaçı hazırkı iddianın irəli sürülməsi üçün yeni əsasların əmələ gəldiyini bildirərək, tələbini onunla əsaslandırmışdır ki, əvvəlki mülki iş üzrə məhkəmə mübahisəsi başa çatdıqdan sonra Cavabdeh1 istintaq orqanında mübahisə predmeti olan daşınmaz əmlakları satın almamasını, həmin daşınmaz əmlaklara dair müqavilələri formal, görünüş üçün bağlanmasını göstərib etirafdici ifadələr vermişdir. Bununla əlaqədar olaraq məhkəmənin diqqətinə çatdırır ki, İddiaçı iddiasının əsasını təşkil edən həmin yeni hallar tamamilə əsassızdır. Belə ki, Cavabdeh1 Cavabdeh2 barəsində gedən cinayət işi ilə bağlı şahid qismində istintaq orqanına dəfələrlə dəvət olunaraq böyük təzyiqlər altında dindirilmiş, Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin müstəntiqi Rauf Məmmədov onun adından ifadələr yazaraq, guya ki, onun mübahisəli daşınmaz əmlakları formal olaraq aldığını, həmin əmlakların “ona heç bir aidiyyəti olmadığını”, bu işlərin hamısının əvvəlcədən qurulmuş iş olduğunu göstərərək ona imza etdirməyə çalışmışdır. Çingiz bunlara etiraz etdikdə ona təzyiq göstərilərək həbslə bağlı hədə-qorxu gəlinmiş, Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunduğu zaman ona olunan hədə-qorxulara, həmçinin xəstə atasının onu 3-4 saat ərzində küçədə gözlədiyinə və namaz vaxtı olduğuna görə o, hədsiz ruhi həyəcan keçirmiş və elə bir gərgin vəziyyətdə iradəsinə zidd ifadə verərək imzalamışdır. Bundan sonra Çingiz vəkillə (onunla) müqavilə bağlayaraq ona aidiyyəti olmayan cinayət işi üzrə ona təzyiq göstərilməsi, hədə-qorxu altında ifadə verməyə məcbur edilməsi barədə müxtəlif yuxarı orqanlara şikayətlər etmişdir. Çingiz Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə, ev 3/434-də yerləşən yaşayış sahəsi 146,5 kv.m, yardımçı sahəsi 232,3 kv.m, ümumi sahəsi 378,8 kv.m olan fərdi yaşayış sahəsini və ünvan 1 ünvanında yerləşən 114,2 kv.m qeyri-yaşayış sahəsini aralarında alqı-satqı müqaviləsi bağlamaqla və əmlakların dəyərini bank vasitəsilə ödəməklə qanuni yolla əldə etmişdir. Hazırda həmin əmlaklar üzərində Çingizin mülkiyyət hüququ mövcuddur və əmlakları almasına peşman deyildir, evi qaytarıb pulunu geri almaq fikri də yoxdur. Çingiz fərdi yaşayış evini Cavabdeh2 alanda evin mübahisəli olduğu ona məlum olmamışdır. Ev iki mərtəbəli evdir, ikinci mərtəbəsi təmirsizdir. Bundan sonra İddiaçı ərizə ilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edərək, əri Cavabdeh2 onun şəxsi mülkiyyətində olan əmlaklarını aldadaraq aldığı etibarnamə əsasında 7 saylı notariat kontorunun notariusu Nadir Vədətovla əlbir olaraq formal olaraq öz tanışı və qohumu olan X3 və Cavabdeh1 adına formal alqı-satqı müqavilələri əsasında keçirmiş və həmin gün də əmlaklarını əlində saxlamaq üçün həmin şəxslərdən həmin kontorda etibanamə almışdır. Həmçinin, İddiaçı ərizəsində Cavabdeh2 onu aldadaraq aldığı etibarnaməni 10 avqust 2016-cı il tarixdə ləğv etdirməsinə baxmayaraq, 7 saylı notariat kontorunda 11 avqust 2016-cı il tarixdə Cavabdeh2 adına olan bir otaqlı mənzilin alqı-satqısına onun adından artıq qüvvədə olmayan etibarnamədən istifadə edərək, razılıq ərizəsini onun adından imzalamışdır. Bununla bağlı Xəzər rayon prokurorluğunda aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh1 mübahisəli daşınmaz əmlakları görünüş üçün formal olaraq deyil, əmlak əldə etmək niyyəti ilə aldığını, alqı-satqı müqavilələrinin notariat kontorunda qanuni şəkildə rəsmiləşdirildiyini, aldığı qeyri-yaşayış sahəsini - dükanı icarəyə verdiyini bildirmişdir. Göründüyü kimi, alqı-satqı müqavilələrini bağlamaqda Cavabdeh1 niyyəti aldığı əmlaklar hesabına (icarəyə, kirayəyə verməklə) gəlir əldə etmək, bununla da əmlaklarının dairəsini genişləndirmək olmuşdur. Xəzər rayon prokurorluğunun böyük müstəntiqi Zaur Ağakişiyevin 25 dekabr 2016-cı il tarixli qərarına əsasən 7 saylı notariat kontorunun xüsusi notariusu X6, kargüzar X7 və Cavabdeh2 əmlakları satması ilə əlaqədar əməlində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət vermiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 mart 2017-ci il tarixli 6(003)-4/2017 №-li qərarına əsasən Bakı şəhəri Xəzər rayon prokurorluğunun böyük müstəntiqi Zaur Ağakişiyevin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 dekabr 2016-cı il tarixli qərarının ləğv edilməsinə dair İddiaçı şikayəti təmin edilməmişdir. Həmin qərardan İddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 mart 2017-ci il tarixli 6(003)-4/2017 №-li qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsi 8-ci döngədə yerləşən 5C saylı fərdi yaşayış evinin qapısını sındıraraq qanunsuz olaraq uşaqları ilə birlikdə evə daxil olub oradan çıxmadıqları üçün Cavabdeh1 Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PB-nə müraciət etmişdir. Bakı şəhəri Xəzər RPİ-nin İŞ-də araşdırma aparılmış və müstəntiq Kamran Zülfiqarovun 29 avqust 2018-ci il tarixli qərarına əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin qərardan Cavabdeh1 məhkəməyə şikayət vermiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli 6(003)-20/2018 №-li qərarı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Kamran Zülfiqarovun cinayət işi üzrə icraata xitam verilməsi barədə 29 avqust 2018-ci il tarixli qərarı ləğv edilmiş və toplanmış materiallar əlavə yoxlama və təhqiqat aparılması üçün Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nə göndərilmişdir. Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Kamran Zülfiqarovun 17 oktyabr 2018-ci il tarixli qərarına əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin qərardan Cavabdeh1 məhkəməyə şikayət vermiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 6(003)-3/2018 №-li qərarı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Kamran Zülfiqarovun cinayət işi üzrə icraata xitam verilməsi barədə 17 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş və toplanmış materiallar əlavə yoxlama və təhqiqat aparılması üçün Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nə göndərilmişdir. Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Kamran Zülfiqarovun 01 fevral 2019-cu il tarixli qərarına əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin qərardan Cavabdeh1 məhkəməyə şikayət vermiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 aprel 2019-cu il tarixli 6(003)-8/2019 №-li qərarına əsasən şikayət təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 aprel 2019-cu il tarixli 6(003)-8/2019 №-li qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, Cavabdeh1 cavabdehlər İddiaçı, X12, X5, X17 və X13 qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi, real və əldən çıxmış fayda ilə bağlı maddi və mənəvi zərərin ödənilməsi, evdən və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, X4, X14, X15 və X8 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması məqsədi ilə onların həmin evə dair istifadə hüququnun itirilmiş hesab edilməsi, İddiaçı, X19 tərəfindən sındırılmış qapının təmiri və bərpası ilə bağlı 500 manat real zərərin ödənilməsi, İddiaçı və X19 tərəfindən əldən çıxmış fayda ilə bağlı 2.500 manat zərərin ödənilməsi, mənəvi zərərlə əlaqədar İddiaçı və X19 tərəfindən 10.000 manat zərərin ödənilməsi, İddiaçı, X9, X4, X14, X15 və X8 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli 2(003)-4009/2018 №-li qərardadına əsasən İddiaçı Cavabdeh2 qarşı bağışlama müqaviləsinin ləğv edilməsi və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə çıxarılmış yekun qərar qanuni qüvvəyə minənə qədər Cavabdeh1 iddiası üzrə icraat dayandırılmışdır. Həmin qərardaddan Cavabdeh1 şikayət vermiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli 2(003)-242/2019 №-li qərardadına əsasən şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 27 mart 2019-cu il tarixli 2(103)-4400/2019 №-li qərardadına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli 2(003)-4009/2018 №-li qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli 2(003)242/2019 №-li qərardadı ilə iş üzrə icraat dayandırılmışdır. Qeyd olunan qərarların surətləri məhkəməyə təqdim edilmişdir. Əgər alqı-satqı müqavilələri formal, görünüş üçün bağlanmış olsa idi, Cavabdeh1 alqısatqı müqavilələri əsasında əldə etdiyi əmlaklara dair pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlı dəfələrlə hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət etməzdi. Çingizin cinayət işinin başlanmasının rədd edilməsi barədə yuxarıda göstərilən qərarlardan dəfələrlə şikayət verməsi, iddiaçıya qarşı mübahisəli evdən istifadə hüququnun itirilmiş hesab edilməsi, evdən və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi onun alqı-satqı müqavilələrini formal bağlamadığını təsdiq edir. Qeyd olunanlar bir daha onu deməyə əsas verir ki,Cavabdeh1 ilə Cavabdeh2 arasında alqı-satqı müqavilələri tam qanuni şəkildə bağlanmış, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün heç bir əsas mövcud olmamışdır. Belə olan halda, həmin müqavilələrin etibarsız hesab edilməsi tamamilə qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)2273/2018 saylı, 19 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi” hissəsində təmin olunmamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-15/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində təmin olunmamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)2273/2018 saylı, 19 iyun 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 15/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı və onun nümayəndəsi və vəkili Amil Dosiyev tərəfindən apelyasiya şikayətləri verilmişdir. Hər iki apelyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, işə baxan məhkəmə işin həqiqi hallarını düzgün müəyyənləşdirməmiş, iştəki sübutları əlaqəli təhlil edib qiymətləndirməmiş, iddia tələbinin dəlilləri üzrə tam araşdırma aparmamış, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulduğundan qətnamə ləğv edilərək iddia tələbi təmin edilməlidir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili Amil Dosiyev apelyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında cavabdeh Süleymanlı Bilal (əvvəlki adı Çingiz) Süleyman oğlunun nümayəndəsi və vəkili və Cavabdeh2 vəkili Vəkil2 apelyasiya şikayətlərinə etiraz edərək, şikayətlərin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnamələrinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası qeyd edilən prosessual qanunvericilikdə göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırda apelyasiya şikayətlərinə münasibətdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2273/2018 saylı, 19 iyul 2018-ci il tarixli və 2(003)-15/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnamələrinin qanuniliyi və əsaslılığı yoxlanılır. Məhkəmə, proses iştirakçılarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini, mülki işin materiallarını və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirki, apelyasiya şikayətləri təmin edilməməlidir. İş materiallarında olan 06 iyun 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən aydın olur ki, İddiaçı ünvan 5 ünvanında yerləşən, ümumi sahə 378.8 kv.m, yaşayış sahəsi 146,5 kv.m, köməkçi sahəsi 232,3 kv.m olan 5 otaqlı fərdi yaşayış evini (Tağıyev küçəsi 8-ci döngə ev 5c ünvanında yerləşən ümumi sahəsi 378.8 kv.m olan evi) Cavabdeh2 bağışlamışdır. İş materiallarında olan 06 iyun 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən aydın olur ki, İddiaçı ünvan 6 ünvanda yerləşən 114,2 kv.m qeyriyaşayış sahəsini Cavabdeh2 bağışlamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(003)5499/2016 saylı, 26 oktyabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 arasında 06 iyun 2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri 7 saylı Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 378,8 kv.m olan evin və ünvan 8 ünvanında yerləşən 114,2 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh2 bağışlanmasına dair Daşınmaz əmlakın bağışlama müqavilələrinin, Cavabdeh2 ilə Cavabdeh1 arasında 11 avqust 2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri 7 saylı Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 378,8 kv.m olan fərdi yaşayış evinə və ünvan 8 ünvanında yerləşən 114,2 kv.m qeyri-yaşayış sahəsinə dair AN-İ ******* №-li və AN-İ ******* №-li alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin evin və qeyri-yaşayış sahəsinin ona qaytarılmaqla üzərində mülkiyyət hüququnun bərpa edilməsi və az yaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsini məhkəmədən xahiş etmiş, həmin qətnamə ilə iddia tələbi rədd edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(003)5499/2016 saylı, 26 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş hallardan görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış hazırki işdə mübahisələndirilən 06 iyun 2016-cı il tarixli bağışlama müqavilələrinin cavabdehin ağır təhdidləri, ona psixi məcburetmə təsiri altlnda bağlanması və Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış və hazırkı işdə də mübahisələndirilən AN-İ № ******* saylı və AN-İ № ******* saylı alqı-satqı müqavilələrinin etibarsızlığını həmin müqavilələrin görünüş üçün bağlanması, evin və qeyri-yaşayış sahəsinin alıcının mülkiyyətinə formal verilməsi ilə əsaslandırmışdır. Hazırkı iddia tələbindən görünür ki, İddiaçı Cavabdeh2 arasında bağlanmış 06 iyun 2016-cı il tarixli bağışlama müqavilələrinin ləğvini cavabdehin ağır təhdidləri, ona psixi məcburetmə təsiri altlnda bağlanması, müqavilələrin mətni ilə tanış olmaması, onun şərtlərinin müqavilədə əks olunmaması və Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış AN-İ ******* №-li və AN-İ ******* №-li alqı-satqı müqavilələrinin etibarsızlığını Cavabdeh1 adına formal sənədləşdirmənin aparılması, sonuncunun şahid qismində dindirilərkən onunla Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqavilələrinin formal xarakterli olmasını özünün də tam etiraf etməsi, bununla da hazırkı iddia tələbinin irəli sürülməsi üçün yeni əsasların əmələ gəlməsi ilə əsaslandıraraq iddia tələbinin təmin olunmasını xahiş edir. İşə baxan birinci instansiya məhkəməsi 19 iyun 2018-ci il tarixli qətnamədə iddia tələbinin ləğvi barədə tələbə münasibətdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(003)5499/2016 saylı, 26 oktyabr 2016-cı il tarixli qətnaməsinə istinad edərək aşağıdakıları qeyd etmişdir: “...Bakı şəhəri Əzizbəyov rayon XDS İK-nın 30 avqust 1990-cı il tarixli 15 saylı qərarı ilə Cavabdeh2 Mərdəkan qəsəbəsi, 3/434 saylı sahədə fərdi yaşayış evi tikmək üçün 450 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin sahədə tikilmiş ümumi sahəsi 378.8 kv.m olan yaşayış sahəsi Bakı şəhəri Mərdəkan qəsəbəsi sahə ünvanında istifadədə olan 0.1306 ha torpaq sahəsində yerləşən 3/434 saylı ev olaraq Cavabdeh2 adına qeydə alınmışdır. Cavabdeh2lə iddiaçı Lalə Məmmədova 21 aprel 1996-cı il tarixdə nikahlarını bağlamışlar. Bakı şəhəri Əzizbəyov (ünvan 10 ünvanında yerləşən 114,2 kv.m sahəsi olan 162 saylı mağaza (qeyri-yaşayış) 18 iyul 2008-ci il tarixdə cavabdehin qardaşı Eldəniz Dadaşova satılmışdır. Cavabdeh2 26 may 2011-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən Bakı şəhəri Mərdəkan qəsəbəsi sahə ünvanında istifadədə olan 0.1306 ha torpaq sahəsində yerləşən 3/434 saylı evi (ümumi sahəsi 378.8 kv.m, yaşayış sahəsi 146,5 kv.m, köməkçi sahəsi 232,3 kv.m 5 otağı) (Tağıyev küçəsi 8-ci döngə ev 5c ünvanında yerləşən ümumi sahəsi 378.8 kv.m olan evi), X18 isə Cavabdeh2 vasitəsi ilə bağladığı 11 iyul 2011-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən ünvan 11 ünvanda yerləşən 114,2 kv.m qeyri-yaşayış sahəsini (162 saylı mağaza) İddiaçı bağışlamışlar. Birinci instansiya məhkəməsi qeyd edilən qətnaməyə istinad edərək hesab etmişdir ki, qanuni qüvvəyə minmiş qətnamə ilə iddiaçının iddia ərizəsində göstərilən hallara qiymət verilmiş və qətnamə qanuni qüvvəsini almışdır. İddiaçının bağışlama müqavilələrinin ləğvi barədə dəlillərinin təmin edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 673.1 və 674.1-ci maddələrində göstərilən əsaslar müəyyən edilmədiyindən iddia tələbinin həmin hissəsinin təmin edilməsi üçün də, əsaslar yoxdur. Məhkəmə kollegiyası iddiaçının bağışlama müqaviləsinin ləğvi barədə iddia tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin 19 iyun 2018-ci il tarixli qətnaməsi ilə gəldiyi nəticəni əsaslı və qanuni hesab edir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətində cavabdehin həmin bağışlama müqavilələrini ona təsir, təhdid altında bağlatdırması, həmin müqavilələri bağlayarkən ailənin dolanışığını öhdəsinə götürdüyü halda həmin vəzifəni yerinə yetirməməsi barədə dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillərə həm qanuni qüvvədə olan məhkəmə qətnaməsi, həm də hazırki qətnamə ilə kifayət qədər aydın və qanuna uyğun qiymət verildiyindən və bununla məhkəmə kollegiyası razılaşdığından, apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsaslı hesab edilmir. Alqı-satqı müqavilələrinin əsassızlığı barədə iddia tələbinə münasibətdə işə baxan Bakı şəhəri Xəzər Rayon Məhkəməsi 25 iyun 2021-ci il tarixli qətnaməsində həmin tələbi qiymətləndirərkən qeyd etmişdir ki, “Məhkəmə iclasında aparılan dinləmələr və işin tədqiq olunan hallarına əsasən isə müəyyən olunmuşdur ki, Cavabdeh1 Cavabdeh2 barəsində olan cinayət işi ilə bağlı şahid qismində istintaq orqanında dəfələrlə böyük təzyiq və hədəqorxu, güclü ruhi həyəcan vəziyyətində dindirilməsi əsası ilə dəfələrlə müxtəlif hüquqmühafizə orqanlarına şikayətlərlə müraciət etmiş, verdiyi ifadələrində Cavabdeh1 Cavabdeh2 tərəfindən evin mübahisəli olması səbəbindən ona ucuz qiymətə satmasını, evə baxıb bəyəndikdən sonra razılaşdıqları məbləği ödəyib alqı-satqı apardıqlarını göstərmiş, dindirilmə zamanı və etdiyi şikayətlərdə də formal alqı-satqı olmasını bildirməsi məhkəmə tərəfindən müəyyən olunmamışdır. İş üzrə əvvəllər keçirilmiş məhkəmə iclasında dindirilmə zamanı Cavabdeh1, həmçinin hazırkı məhkəmə iclasında sonuncunun nümayəndəsi və vəkili də alqı-satqı müqavilələrinin formal, görünüş üçün deyil, qanuni şəkildə, əmlak əldə etmək niyyəti ilə bağlandığını, əmlakların dəyərinin bank vasitəsi ilə ödənilməklə yaşayış evinin və qeyri-yaşayış sahəsinin əldə edildiyini bildirmişlər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən də məhkəmə hesab edir ki, Cavabdeh2 mübahisəli əmlakları satması ilə əlaqədar əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilməsi barədə qərardan İddiaçı tərəfindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayətlərin birinci və apelyasiya instansiyası məhkəmələrində təmin edilməməsi, Cavabdeh1 mübahisəli daşınmaz əmlakları alqı-satqı yolu ilə əldə etdikdən sonra həmin əmlakları qorumaq üçün tədbirlər görməsi, evi aldıqdan sonra İddiaçı onun razılığı olmadan evə daxil olması barədə polisə şikayət etməsi, aparılmış araşdırma nəticəsində dəfələrlə cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarlardan birinci və apelyasiya instamnsiya məhkəmələrinə müraciət etməsi, iddiaçıya qarşı mübahisəli evdən istifadə hüququnun itirilmiş hesab edilməsi, evdən və torpaq sahəsindən çıxarılma tələbinə dair məhkəmədə iddia qaldırması, bununla da pozulmuş mülkiyyət hüquqlarının müdafiəsi üçün qanunvericiliklə müəyyən edilmiş bütün imkanlardan sonadək istifadə etmək kimi vicdanlı alıcı olmasını sübut edən hərəkətləri həqiqətən də alqı-satqı müqavilələrinin formal bağlanması iddiasını təkzib edir. Bundan başqa, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5499/2016 saylı, 26 oktyabr 2016-cı il tarixli qanuni qüvvəyə minmiş qətnaməsindən və həmin qətnaməyə dair yuxarı instansiya məhkəmələrinin qərarlarından görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında qanunvericiliyin tələblərinə uyğun bağlanmış bağışlanma müqavilələrinə əsasən Cavabdeh2 mülkiyyətinə keçmiş əmlaklara dair iddiaçı mülkiyyət hüquqlarını itirdiyindən, həmin əmlaklara dair cavabdehlər arasında bağlanmış alqı-satqı müqavilələri iddiaçının maraqlarına toxunmur, onun həmin əqdləri mübahisələndirmək hüququ yoxdur. Ümumiyyətlə, cavabdehlər arasında bağlanmış alqı-satqı müqavilələrinin, yəni əmlakların qiymətlərinin, əmlakların Cavabdeh1 təhvil verilib-verilməməsinin, onun kim tərəfindən istifadəsinin və bu kimi sair halların iddiaçıya heç bir aidiyyəti yoxdur və onun iş üzrə yeni əsasların əmələ gəlməsinə istinad edərək, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini tələb etməsi əsassızdır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alıb belə nəticəyə gəlmişdir ki, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-349-cu maddələrində göstərilmiş əsasların heç biri mövcud olmamışdır, odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə kollegiyası alqı-satqı müqavilələrinin etibarsızlığı barədə iddia tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddia tələbinin qanuni əsaslarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2 və 339.4-cü maddələri təşkil edir. Lakin, iddiaçı qeyd edilən maddələrin dispozitiv şərtlərinin mövcud olmasını təsdiq edən hər-hansı bir sübut təqdim etməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifələrini yerinə yetirməmişdir. Bu baxımda məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqavilələrinin etibarsızlığı barədə iddia tələbinin təmin edilməməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 15/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı və həmin qətnamədən veilmiş apelyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2273/2018 saylı, 19 iyul 2018-ci il tarixli və 2(003)-15/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnamələrindən verdiyi apelyasiya şikayətləri təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2273/2018 saylı, 19 iyul 2018-ci il tarixli və 2(003)-15/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnamələri dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-10173/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10173/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver