Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1018/2022 24.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov, iş № 2(006)-221/21) iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 14.850 (on dörd min səkkiz yüz əlli) manat sığorta ödənişi və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 14.880 (on dörd min səkkiz yüz səksən) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Ağsu rayonu, Ülgüc kəndində yaşayır. İddiaçı 15 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə daşınmaz əmlakın icbari sığortası barədə müqavilə bağlayaraq, mülkiyyətində olan Ağsu rayonu, Ülgüc kəndində yerləşən fərdi yaşayış evini icbari sığorta etdirmişdir. Sığorta şirkəti tərəfindən iddiaçıya bu barədə BAN 891702 seriyalı, RDS********** nömrəli şəhadətnamə də verilmişdir. Həmin Şəhadətnaməyə əsasən iddiaçıya məxsus olan Ağsu rayonu, Ülgüc kəndində yerləşən fərdi yaşayış evi bir il müddətində, sığorta məbləği 15000 manat olmaqla icbari sığorta edilmişdir. Hamıya məlum olduğu kimi, 2019-cu ilin fevral ayının əvvəlində Ağsu rayonu da daxil olmaqla, Şamaxı və İsmayıllı rayonları ərazisində zəlzələ baş vermişdir. Həmin zəlzələ nəticəsində iddiaçıya məxsus olan yaşayış evinə zərər dəymişdir. İddiaçı hadisə barədə cavabdeh təşkilata məlumat verdikdən sonra Sığorta Şirkətinin Ağsu rayonundakı nümayəndəsi gəlib iddiaçının evinə baxış keçirdi və iddiaçıya bildirdi ki, nəticəsi barədə ona məlumat veriləcəkdir. Həmin vaxtdan sonra sığorta şirkətindən xəbər çıxmadığı üçün iddiaçı bir neçə dəfə Sığorta Şirkətinin Ağsu rayonundakı nümayəndəsinin yanında olmuş və hər dəfə də ona bildirilmişdir ki, məsələ araşdırılır. Son nəticədə iddiaçıya bildirildi ki, ona sığorta ödənişi verilə bilməz. Bundan sonra iddiaçı bu barədə Şəhadətnamədə göstərildiyi kimi hüquqları pozulduğu üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etdi. Maliyyə Bazarlarına Nəzarət Palatası da xx.xx.2019-cu il tarixli, ********** saylı məktubla iddiaçının müraciətinə cavab verərək göstərmişdir ki, sığorta şirkətinin məlumatına əsasən baş vermiş sığorta hadisəsi nəticəsində iddiaçının əmlakına dəymiş zərər sığortaçı tərəfindən hesablanmış və zərər məbləği azadolma məbləğini keçmədiyi üçün sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Cavabdeh təşkilatın imtinası əsassız və qanunsuzdur, imtina üçün göstərilmiş əsas (dəlil) həqiqəti əks etdirmir. Belə ki, baş vermiş zəlzələ nəticəsində iddiaçının əmlakına ciddi zərər dəymişdir. Hadisədən sonra Ağsu rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Ağsu rayonu üzrə komissiyası tərəfindən də əmlaka baxış keçirilmiş və zəlzələ nəticəsində əmlaka zərər dəyməsi öz təsdiqini tapmışdır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Göstərilənlərə əsasən zəlzələ nəticəsində iddiaçıya məxsus yaşayış evinə dəymiş zərərə görə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən sığorta ödənişi kimi 15000 (on beş min) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Birinci instansiya məhkəməsində cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, tələbin rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının da iddia etdiyi hadisənin həqiqətən də sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verməsi öz təsdiqini tapmamışdır. Sübut olaraq yalnız Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2577 saylı, xx.xx.2021-ci il tarixli rəyi əsas götürülmüşdür. Göründüyü qədərilə iddiaçı zəlzələnin 2019-cu ilin fevral ayında baş verdiyini iddia etmiş, yaşayış evinə ekspert tərəfindən isə 2021-ci ilin aprel ayında baxış keçirilmişdir. 2 ildən artıq bir müddətdə Ağsu rayonu, Ülgüc kəndi ərazisində bir neçə dəfə müxtəlif ballarda zəlzələ baş vermişdir. Lakin ekspert rəyində dəymiş zərərin hansı zaman kəsiyində əmələ gəlməsi ilə bağlı hər hansı bir araşdırma aparılmamış və ya hər hansı bir sübuta, sənədə əsaslanmamışdır. Həmçinin evə baxış zamanı cavabdehin nümayəndəsinin iştirakı təmin edilməmişdir. İddia olunan hadisənin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verməsini təsdiq edən hər hansı sübut məhkəmə prosesi zamanı təqdim edilməmişdir. Həmçinin yaşayış evinə dəymiş zərərin müəyyənləşdirilməsi də həyata keçirilməmiş və iddiaçı tərəfindən hər hansı bir zərər aktı da təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 07 iyun 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi 15000 manat məbləğində sığorta pulunun cavabdehdən tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 14.850 (on dörd min səkkiz yüz əlli) manat sığorta ödənişi və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 14.880 (on dörd min səkkiz yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə gəldiyi nəticəni hüquqi cəhətdən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.8-ci, Mülki Məcəllənin 883.1, 922, 926, 935-ci maddələri və s. normalarla əsaslandırmışdır. Apellyasiya şikayətinin əsas dəlilləri iddia olunan hadisənin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verməsini təsdiq edən hər hansı sübut təqdim edilməməsi və dəymiş zərərin müəyyənləşdirilməməsidir. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı həmin dəlillər üzrə ətraflı araşdırma aparılmasını və bununla da həm həmin dəlillərə, həm də işin müəyyən edilən hallarına düzgün hüquqi qiymət verilməsini təmin etmək məqsədilə Respublika Seysmoloji Xidmət Mərkəzinə, Ağsu rayon icra hakimiyyətinə müvafiq sorğular göndərmiş, eyni zamanda iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 30 aprel 2021-ci il tarixli rəyi ilə iddiaçıya məxsus fərdi yaşayış evinə həmin ərazidə baş vermiş zəlzələ nəticəsində ziyan dəydiyi və yaşayış üçün yararsız vəziyyətə düşdüyü, istifadəyə tam yararsız olması, onun təmirlə bərpasının qeyri-mümkün olması, sökülərək yenidən inşa olunmasının zəruri olduğu müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının 13 iyul 2022-ci il tarixli rəyi ilə isə müəyyən edildi ki, yaşayış evində əmələ gəlmiş qüsurlar zəlzələ nəticəsində yaranmağa xarakterikdir və həmin evin sökülərək yenidən inşa olunması üçün tələb olunan xərclərin ümumi dəyəri təqribən 39 000 manatdır. Respublika Seysmoloji Xidmət Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilən məlumatlara əsasən müəyyən olunmuşdur ki, xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək olan dövrdə Ağsu rayonunda 7 təkan qeydə alınmışdır. Ülgüc kəndində ən yüksək təkan xx.xx.2019-cu il tarixdə 5 bal intensivliklə hiss olunmuşdur. 5 ballıq zəlzələ zamanı hər hansı təsirdən zədəli olmayan kənd tikililərində, çaydaşından, gildən, çiy kərpicdən tikilmiş evlərin subaq qatlarında kiçik çatlar əmələ gəlir. Zəlzələdən əvvəl hər hansı təsirdən zədə-çat olduğu təqdirdə isə bu zəlzələ nəticəsində həmin zədə-çatın ölçüsü bir qədər də böyümüş olur. Ağsu rayon icra hakimiyyətindən daxil olmuş sənədlərdən də məlum olur ki, iddiaçıya məxsus evə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən də baxış keçirilmiş, təmirə ehtiyacı olan evlər siyahısına salınmış, smeta sənədləri hazırlanmış, lakin iddiaçı podratçı tikinti təşkilatı tərəfindən təmir işlərinin aparılmasına razılıq verməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilən və işin müəyyən edilən hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddiaçıya məxsus evin sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş vermiş zəlzələ nəticəsində yaşayış üçün yararsız hala düşməsi təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, həqiqətən də sığorta şəhadətnaməsinin qüvvədə olduğu dövrdə sığorta hadisəsi baş vermişdir, hadisə nəticəsində sığorta predmetinə ziyan dəymişdir və bu ziyan ödənilməlidir. Ekspert rəyi ilə evin sökülərək yenidən tikilməsi üçün 39 000 manat xərc tələb olunduğu müəyyən edilsə də, sığorta məbləği cəmi 15 000 manat təşkil etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin azadolma məbləği çıxılmaqla qalan 14850 manat sığorta məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1018/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1018/2022
24.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver