Məhkəmə qərarları › İş №2(103)-10186/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10186/2021

01.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10186/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “valideynin əlavə xərclərə cəlb edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli 2(006)- 3908/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən X2 2018-2019-cu tədris ilində təhsili üçün 132-134 nömrəli təhsil kompleksinə ödədiyi 1500 manat və xaricdə təhsilə görə 2020-2021-ci tədris ili üçün ödədiyi 3000 avro pulun tutulub ona verilməsi və Fərhadın növbəti 2 il üçün hər ilə görə 3000 avro olmaqla təhsil haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə 2002-ci ildə ailə qurmuş və nikahdan 02.11.2003-cü il təvəllüdlü bir uşaqları doğulmuş, nikahları Nəsimi Rayon Məhkəməsinin 09.06.2006-cı il tarixli qətnaməsi ilə ləğv edilmiş və uşaq onun himayəsində qalmışdır. Uşağa o tək baxmış, uşağın tərbiyəsində və sair qayğılarını çəkməkdə cavabdeh ona heç bir köməklik göstərməmişdir. Nikahları pozularkən cavabdehin hər ay qazancının ¼ hissəsi miqdarında alimentin tutularaq 02.11.2003-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona ödənilməsi qət edilmiş, o, həmin alimenti almaqdan imtina etmişdir. Hazırda uşaq böyümüş, həm maddi xərcləri artmış, həm də xaricdə ödənişli ali təhsil aldığından onun xərclərini qarşılaya bilmir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzi aparatının əməkdaşıdır və yüksək əmək haqqı alır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli 2(006)-3908/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh X2 2018-2019-cu tədris ilində təhsil üçün 132-134 nömrəli təhsil kompleksinə ödədiyi 1500 manat və xaricdə təhsilə görə 2020-2021-ci tədris ili üçün ödədiyi 3000 avro pulun tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2019-cu ildən onkoloji xəstə kimi Milli Onkologiya Mərkəzində qeydiyyatdadır, əmək qabiliyyətsiz olmaqla işləmir. Buna baxmayaraq, övladına mütəmadi ödənişlər etmiş, xaricə getmək üçün ona 4000 avro vermiş, telefon almış, hər dəfə görüşəndə pul vermişdir. Uşağın xaricdə təhsil almağına nazarı olmuşdur. Məhkəmə qətnaməni Ailə Məcəlləsinin 75 və 78-ci maddələrinə istinadən əsaslandırmışdır, halbuki hazırki iş üzrə aliment öhdəliklərini deyil, Ailə Məcəlləsinin 81-ci maddəsində nəzərdə tutulmuş “Valideynin uşaqlara görə əlavə xərclərdə iştirakı” ilə bağlı maddi hüquq normalarını tətbiq etməli idi. Azərbaycan Respublikasında təhsil kənar xidmət hesab olunmur və dövlət təhsil müəssisələrində təhsil pulsuzdur. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən tərəflərin birgə nikahından 02.11.2003-cü il təvəllüdlü X4 doğulmuşdur. Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 11.07.2007-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X3 ilə Cavabdeh arasında nikah ləğv edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 09 iyun 2006-cı il tarixli qətnaməsi ilə Cavabdeh 15.05.2006-cı il tarixdən başlayaraq hər ay qazancının ¼ hissəsi miqdarında aliment tutularaq 02.11.2003-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 ödənilməsi qət edilmişdir. İş materiallarında olan ödəniş tapşırığından və mədaxil qəbzlərindən görünür ki, 2018-2019-cu ildə 132-134 nömrəli təhsil kompleksinə təhsil haqqı olaraq 3000 manat ödənilmişdir. İş materiallarında olan Karl Universitetinin təhsil haqqının ödəniş barədə müqavilədən görünür ki, Karl Universiteti rektorunun 18.09.2020-ci il tarixli qərarına əsasən, Tələbəyə universitetdə xarici dildə təhsil almaq üçün 6000 avro təhsil haqqı təyin olunur. Təhsil haqqı 31 oktyabr 2020-ci il tarixinədək ödənilməlidir. Hazırda iddiaçı 2018-2019-cu tədris ilində təhsil üçün 132-134 nömrəli təhsil kompleksinə ödədiyi 1500 manat və xaricdə təhsilə görə 2020-2021-ci tədris ili üçün ödədiyi 3000 avro pulun tutulmasını, növbəti 2 il üçün hər ilə görə 3000 avro olmaqla təhsil haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, 2018-2019-cu tədris ilində təhsil üçün 132-134 nömrəli təhsil kompleksinə ödədiyi 1500 manat və xaricdə təhsilə görə 2020-2021-ci tədris ili üçün ödədiyi 3000 avro pulun iddiaçı xeyrinə tutulması qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.01.2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır.» Göründüyü kimi, valideynin əlavə xərcə cəlb edilməsi o zaman baş verə bilər ki, bu əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlərlə bağlı olsun (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.). Təhsil üçün çəkilən xərclər Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən valideynlərin məhkəmə tərəfindən ödənilməsinə cəlb oluna bildiyi əlavə xərclərə aid edilmir və bu normaya istinadən əlavə xərc kimi təhsil üçün çəkilmiş xərcin digər valideyndən tələb edilməsi əsassızdır. Ona görə də, iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəldiyindən, apelyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3908/2021 saylı iş üzrə 04 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh oğluna qarşı “valideynin əlavə xərclərə cəlb edilməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar