Məhkəmə qərarları › İş №2(103)-1021/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1021/2021

12.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1021/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 Petrovna və 5 saylı Bakı “ASAN Xidmət” X1rşı “bağışlama müqaviləsinin ləğv edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil1 və Cavabdeh1 vəkili (nümayəndəsi) X3 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, birgə nikah dövründə əldə edilmiş və Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, bina № 26 “A”-da yerləşən 43 nömrəli mənzili 2/3 hissəsinin onun tərəfindən keçmiş arvadı, iş üzrə Cavabdeh1 bağlanması ilə əlaqədar aralarında bağlanmış və 5 saylı Bakı “ASAN Xidmət” X2 xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə-2040 nömrə ilə qeydə alınmış xx.xx.2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsinin” ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.2007-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Nikahdan onların 4 övladı var. Buna baxmayaraq onların arasında gərginlik yaranmış və Cavabdeh1 “nikahın pozulması tələbi barədə” iddia ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı nikahın pozulmasına razı olmadığı üçün həmin Məhkəmə tərəfindən xx.xx.2018-ci il tarixdə barışıq üçün 3 ay vaxt verilmiş və işin baxılması həmin müddətə təxirə salınmışdır. Ailənin bərpası məqsədi ilə İddiaçı Cavabdeh1 müraciət etdikdə sonuncu bildirmişdir ki, əgər mənzilin 2/3 hissəsini ona bağışlayarsa “nikahın pozulması tələbi barədə” iddiadan imtina edərək barışacaq. İddiaçı də ailənin bərpasını arzulayaraq xx.xx.2018-ci il tarixdə Cavabdeh1 ilə birlikdə Notariat Kontoruna getmiş və mənzilin 2/3 hissəsinin onun tərəfindən Cavabdeh1 bağışlanması barədə müqavilə bağlamışdır. Lakin buna baxmayaraq, Cavabdeh1 öz vədinə əməl etməmiş, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, “nikahın pozulması tələbi barədə” iddiadan imtina etməmiş, nəticədə isə Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Göstərilənləri nəzərə alan İddiaçı Mülki Məcəllənin 673.1.2-ci maddəsinin tələblərinə əsaslanaraq bağışlamadan imtina edir və hesab edir ki, “Bağışlama müqaviləsi” ləğv edilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə (İş № 2(103)-12958/2019) ilə apellyasiya şikayətinin qismən təmin edilməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsini və mübahisəli “Bağışlama müqaviləsinin” etibarsız hesab edilməməsini qət etmişdir. Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərar (İş № 2(102)-2641/2020) ilə kassasiya şikayətini təmin edilməsini apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini qərara almışdır. Bu səbəbdən işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən apellyasiya qaydasında yenidən baxılır. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız nəticəyə gəlmişdir. Cavabdeh1 vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və bildirdi ki, “Bağışlama müqaviləsinin” ləğv edilməsi üçün hər hansı əsas yoxdur, iddiaçının bildirdiyi “nikahın pozulması tələbi barədə iddiadan imtina etmə barədə” şərt müqavilədə nəzərdə tutulmayıb. Təmsil etdiyi Cavabdeh1 həmin iddiadan imtina barədə üzərinə öhdəlik götürməmişdir. Nikahın pozulmasını tələb etmək Cavabdeh1 hüququdur və bu hüququn məhdudlaşdırılması qanunsuzdur. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh Notariat Kontoru işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, MPM-nin 376.2-ci maddəsinə əsasən işə Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərindən görünür ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.2007-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Nikahdan onların 4 övladı var. Mübahisə predmeti olan və Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, bina № 26 “A”-da yerləşən 43 nömrəli mənzil onların birgə nikahları dövründə əldə olunmuş, lakin “Daşınmaz əmlakın dövlət reyestrində” İddiaçı adına qeydə alınmışdır. İşdə olan məhkəmə aktlarından görünür ki, iddiaçı (hazırki iş üzrə cavabdeh) Cavabdeh1 cavabdeh (hazırki iş üzrə iddiaçı) İddiaçı qarşı “nikahın pozulması və aliment tələbi barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi həmin Məhkəmə tərəfindən icraata götürülmüş və iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2018-ci il tarixə təyin edilmişdir. İşin mahiyyəti üzrə baxılması zamanı İddiaçı ilə Cavabdeh1 barışması üçün vaxt verilmiş və məhkəmə baxışı iclası 3 ay müddətinə təxirə salınmışdır. Tərəflər barışmadığı üçün Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi (İş № 2(004)-301/2019) ilə nikah pozulmuşdur. İşdə olan sənədlərdən həmçinin bəlli olur ki, İddiaçı ilə Cavabdeh1 barışması üçün 3 ay vaxt müəyyən edildiyi dövrdə, yəni xx.xx.2018-ci il tarixdə İddiaçı Cavabdeh1 ilə birlikdə cavabdeh Notariat Kontoruna getmiş və mənzilin 2/3 hissəsini Cavabdeh1 bağışlamışdır. Bununla əlaqədar olaraq onların arasında həmin tarixdə “Daşınmaz əmlakın bağışlanması barədə müqavilə” bağlanmış və müqavilə Notariat Kontoru tərəfindən təsdiq edilərək reyestrdə 4Ə-2040 № ilə qeydə alınmışdır. İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, o, Cavabdeh1 ilə aralarında bağlanmış “Daşınmaz əmlakın bağışlanmasına dair müqaviləni” ləğv etmək istədiyini bildirmişdir. “Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən” görünür ki, İddiaçı tərəfindən göndərilmiş bildiriş Cavabdeh1 qeydiyyatda olduğu ünvana – ünvan 1 “A”, mənzil 43 ünvana xx.xx.2019-cu il tarixdə çatdırılmışdır. Cavabdeh1 adına xx.xx.2018-ci il tarixdə verilmiş və xx.xx.2019-cu il tarixədək etibarlı olan MYİ seriyalı, ******* №-li “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin” surətindən görünür ki, yuxarıda qeyd edilən ünvan Cavabdeh1 Azərbaycan Respublikasındakı rəsmi ünvanıdır. Onunla Cavabdeh1 arasında bağlanmış “Daşınmaz əmlakın bağışlanmasına dair müqavilənin” ləğv edilməsini tələb edən İddiaçı, tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.3-cü maddəsinə əsaslanır və bildirir ki, o, mənzili cavabdehə, nikahı pozmamaq, ailəsini bərpa etmək və uşaqlarına baxmaq şərti ilə bağışlamış, lakin cavabdeh aralarında şifahi razılaşdırılmış həmin şərtə əməl etməmişdir. Göstərilənləri və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatları nəzərə alan Məhkəmə hazırki mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin 673.1.2-ci maddəsinə görə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Məcəllənin 673.1.3-cü maddəsinə görə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Məcəllənin 673.4-cü maddəsinə görə, bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı mənzilin 2/3 hissəsini Cavabdeh1 şərtsiz bağışlamamışdır. İddiaçı hədiyyə verməkdə niyyəti Cavabdeh1 üzərinə gələcəkdə nikahı pozmamaq, ailəsini bərpa etmək və uşaqlarına baxmaq vəzifəsinin qoyulması olmuşdur. Təsadüfi deyildir ki, “Bağışlama müqaviləsinin” bağlanması onların arasındakı nikahın pozulması barədə məhkəmə mübahisəsi olan və barışıq üçün verilmiş müddətə düşür. Beləliklə müqavilənin şərtlə bağlanması işin halları ilə müəyyən edilir. Cavabdeh1 vəkili (nümayəndəsi) bildirir ki, nikahın ləğvindən imtina etməyin cavabdehin üzərinə öhdəlik kimi qoyulması şərti etibarsızdır. Çünki nikah münasibətlərinə xitam vermək cavabdehin hüququdur və bu hüququ məhdudlaşdıran müqavilə şərti daxil edilə bilməz. Məhkəmə, bu dəlil ilə bağlı bildirir ki, iddiaçı cavabdehin nikahın ləğvindən imtina edəcəyi öhdəliyinə riayət edəcəyi və həmin mənzildə onunla birlikdə yaşayacağı gümanı ilə bağışlamanı həyata keçirmişdir. Əks təqdirdə, iddiaçı cavabdehin nikahın ləğvindən imtina etməyəcəyi və son nəticədə iddiaçı yaşadığı mənzildən məhrum olacağını güman etsəydi bağışlamanı həyata keçirməzdi. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 Petrovnanın apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar