Məhkəmə qərarları › İş №2(103)-10248/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10248/2021

01.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10248/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3690/2021 saylı işi üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq, Cavabdeh1 10000 manat məbləğində pulun və Cavabdeh2 10000 manat məbləğində pulun alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: "cinayət işinin başlanmasının rədd edilməsi barədə” 12.03.2021-ci il tarixli qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir; "cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22.11.2020-ci il tarixli qərarlara əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, iddiaçı tərəfindən cavabdehlərə məxsus mənzillərin su boru xətlərinin qəsdən kəsilməsi və nəticədə onların hər birinə 50 manat maddi ziyan vurulduğu müəyyən edilmiş və cavabdehlərin əmlakını qəsdən zədələmiş iddiaçının Azərbaycan Respublikası İxMnin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərarın icra olunmasının bölmənin aidiyyəti əməkdaşlarına həvalə edilməsi qərara alınmışdır; Cavabdeh1 02.03.2021-ci il tarixdə eyni Polis bölməsinə şikayət ərizəsi ilə müraciət edərək,02.03.2021-ci il tarixdə ona məxsus avtomobilin arxa sol təkərinin deşilərək, avtomobilinə maddi ziyan vurulduğunu aşkar etdiyini bildirmiş və bu hadisəni törətmiş şəxsi müəyyən edib barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Bu müraciətlə bağlı aparılmış araşdırma zamanı cavabdeh öz izahatında baş vermiş hadisədə konkret olaraq şübhələndiyi şəxsin olmadığını, 2-3 ay əvvəl yaşadığı binanın komendantı, yəni iddiaçı və kooperativin digər işçiləri ilə aralarında mübahisənin baş verdiyini, bu səbəbdən bu əməlin həmin şəxs tərəfindən törədildiyini ehtimal etdiyini bildirmişdir (səh.8,31,33, 49, 53). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3690/2021 saylı işi üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Konsitutsiyasının 46, 71; "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarı; "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarı; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 773.1, 217.4; Azərbaycan Respublikası Mülki Məcəlləsinin21.1, 21.2, 23.1, 23.4, 1097.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, ilk növbədə hər iki cavabdeh tərəfindən iddiaçı barədə Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis bölməsinə edilmiş şikayətlə bağlı qeyd edir ki, onların belə bir addım atmasına əsas mənzillərinə gedən su borusunun dəhlizdə olan sayğac dolabından naməlum şəraitdə kəsilməsi və plastmas qapaqla bağlanması olmuşdur. Bu hadisə nəticəsində cavabdehlər və onların ailə üzvləri müəyyən müddət sudan istifadə edə bilməmişdilər. Bununla bağlı onların şikayətləri qeyd edilən polis bölməsi tərəfindən araşdırılmış və bu zaman cavabdehlərin şübhələrinə uyğun olaraq izahatı alınmış iddiaçı öz izahatında cavabdehlər tərəfindən kommunal borcların ödənilməməsi səbəbindən dəhlizdə yerləşən və onların mənzilinə gedən su xəttinin kəsilərək, plastmas qapaqla bağlandığını bildirmişdir. Başqa sözlə, iddiaçı səbəblərini göstərməklə bu əməlin onun tərəfindən (onun tapşırığı əsasında) törədildiyini etiraf etmişdir. Araşdırmanın nəticələri üzrə Polis Bölməsi tərəfindən qəbul edilmiş 22.11.2020-ci il tarixli qərarlarda cavabdehlərə məxsus mənzillərin su xəttlərinin iddiaçı tərəfindən (onun tapşırığı əsasında) qəsdən kəsildiyinin müəyyən edildiyi vurğulanmışdır. Halbuki, iddiaçı belə bir səlahiyyətə malik deyil. Onun həmin binanın idarəçiliyinə cəlb edilməsi də ona belə bir səlahiyyət vermir. Bununla belə suyun insan həyatındakı rolu və əhəmiyyəti nəzərə alındığı halda, qeyd edilən hadisə nəticəsində, daha çox, müəyyən müddət su təchizatı kəsilmiş cavabdehlərin, yoxsa bu əməli törətdiyinə görə polis bölməsində izahat verən iddiaçının həmin vaxt mənəvi sarsıntı keçirməsinin özü sual doğurur. Cavabdeh1 02.03.2021-ci il tarixdə yenidən həmin Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etməsi ilə bağlı qeyd olunmalıdır ki, bu dəfə şikayət ərizəsi həmin tarixdə bu cavabdehə məxsus nəqliyyat vasitəsinin arxa sol təkərinin naməlum şəxs tərəfindən deşilməsi ilə bağlı olmuşdur. Cavabdeh də məsələyə aydınlıq gətirilməsi üçün ilk öncə həmin ərazini qeydə alan videokameralara baxış keçirilməsi üçün müraciət etmiş, lakin videokamelararın fəaliyyət göstərməməsi barədə cavab aldıqdan sonra şikayət ərizəsi ilə həmin Polis Bölməsinə müraciət etmişdir. Həmin vaxt cavabdeh hadisənin törədilməsində şübhələndiyi konkret şəxsin olmadığını qeyd etmiş və bir neçə ay əvvəl onunla iddiaçı arasında yaranmış mübahisəyə istinadən qeyd edilən əməlin iddiaçı tərəfindən törədildiyini ehtimal etdiyini bildirmişdir. Məhkəmə, Cavabdeh2 iddiaçı barəsində xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etməsi ilə bağlı qeyd edir ki, bu şikayətin verilməsinə əsas bu cavabdeh barəsində onun kommunal haqqın ödənilməməsi barədə məlumatları özündə əks etdirən kağızların nəinki cavabdehin yaşadığı, həmçinin binanın bütün bloklarında yapışdırılması olmuşdur. Həmin kağızların altında da "müdiriyyət” sözünün qeyd edilməsi bu kağızların həmçinin iddiaçının tapşırığı ilə yapışdırılması, habelə iddiaçının ən azı bundan məlumatlı olması qənaətinə gəlmək üçün əsas yaradır. Həmin şikayət üzrə qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-202/2021 saylı, 21.04.2021-ci il tarixli qərarında da iddiaçı bu kağızların onun tərəfindən yapışdırılmamasını qeyd etmir, sadəcə olaraq bu işin cinayət xarakterli olmadığını bildirir və baxılmamasını xahiş edir. Bununla da bu kağızların məhz iddiaçının tapşırığı və ya onun razılığı ilə yapışdırılması artıq şübhə doğurmur. Belə olan halda da, tərəflərdən hansının daha çox mənəvi sarsıntı keçirməsi sual yaratmış olur. Beləliklə, məhkəmə yuxarıda göstərilən və iddiaçının istinad etdiyi şikayət ərizələri ilə bağlı qeyd edir ki, cavabdehlərin şikayətləri hüquqi nəticə etibarı ilə iddiaçı barəsində hər hansı, o cümlədən həqiqətə uyğun olmayan məlumat yaymaq, habelə ona mənəvi zərər vurmaq xarakteri daşımamışdır. Hər bir halda, baş vermiş hadisələrlə bağlı cavabdehlərin bir sıra qanunsuz (su xəttlərinin kəsilməsi ilə bağlı iddiaçıya qarşı eyni münasibət sərgiliyib onun mənzilinə gedən su xəttlərinin kəsilməsi, su xəttlərini kəsən şəxslərə, o cümlədən iddiaçıya fiziki müqavimət göstərilməsi, onlarla əlbəyaxa olması, bu əməlin məhz iddiaçı tərəfindən törədilməsi qənaətinə gələrək iddiaçının nəqliyyat vasitəsinin arxa sol təkərinin deşilməsi, kommunal haqqların yığılması sahəsində mövcud olan çatışmazlıqlar barədə məlumatları əks etdirən kağızların binanın bloklarında yapışdırılması və sair) və qanuni (hüquq mühafizə və məhkəmə orqanlarına şikayət vermək) tədbir görmək imkanı olmuşdur ki, cavabdehlər də məhz qanuni tədbirlər görmüşdülər. Bu səbəbdən onların şikayətləri əsasında iddiaçının hüquq mühafizə orqanlarında və məhkəmədə iştirak etməsi nəticəsində mənəvi sarsıntı keçirməsinə (əgər həqiqətən də keçirmişdirsə) görə cavabdehlər məsuliyyət daşıya bilməzlər. Hər bir halda, cavabdehlərin Polis Bölməsinə olan şikayətləri üzrə araşdırma aparılarkən iddiaçının adının çəkilib-çəkilməməsindən asılı olmayaraq, iddiaçının binanın idarəçiliyinə cəlb edilən və əsasən həmin binada baş verənlər barədə məlumatlı olan bir şəxs olaraq Polis Bölməsinə dəvət edilməsi və onun da izahatının alınması istisna deyil. Ümumiyyətlə iddiaçının mövqeyindən belə qənaətə gəlmək olur ki, iddiaçı kommunal xərcləri ödəməyən sakinlər barəsində müxtəlif tədbirlər görə bilər, hətta "Azərsu” ASC-nin səlahiyyətlərini mənimsəyərək, onların mənzilinə gedən su xəttini kəsə bilər, bu sakinlər tərəfindən kommunal xərclərin ödənilməməsi barədə məlumatlar yaya bilər, lakin bu zaman həmin sakinlər tərəfindən qanunvericiliyin tələblərinə uyğu olaraq hər hansı tədbir görülməməlidir. Hər bir halda, sakinin mənzilinə gedən su xəttini kəsmək qərarına gələn iddiaçı bu işi görməkdən əvvəl onun mümkün nəticələrini göz önünə almalı idi. Məhkəmə qeyd edir ki, iddiaçı bu mövqeydən çıxış etsə də, qeyd etdiyi məsələlərlə bağlı ümumiyyətlə mənəvi istirablar və sarsıntılar keçirməsi faktını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilməmiş, habelə məhz bu hadisələrlə bağlı müxtəlif, o cümlədən sakitləşdirici dərmanlar qəbul etməsinə dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir . İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 3690/2021 saylı, 25.06.2021 -ci il tarixli qətnaməsinin ləğv edilməsi və İddiaçı iddia tələblərinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 21.1, 21.2, 88, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, binanın sakinləri olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsassız şikayətləri və iddiaları nəticəsində İddiaçı mənəvi gərginlik və iztirablar keçirmiş, bu gün də keçirməkdə davam edir. Hər iki cavabdeh heç bir sübut olmadan polis orqanlarına İddiaçı barəsində guya sonuncunun cinayət əməli törətməsi barədə şikayətlər edir və həmin şikayətlərin nəticəsində İddiaçı əsassız olaraq cinayət xarakterli məlumatlarla bağlı təqibə məruz qalır, dəfələrlə polis idarələrinə getmək, yazılı, şifahi izahatlar vermək, öz təqsirsizliyi ilə bağlı dəlillər irəli sürmək məcburiyyətində qalır. Belə ki, 2020-ci ilin noyabr ayında Cavabdeh1 və Cavabdeh2 guya İddiaçı cinayət hadisəsi törətməsi barədə DİN-nin 102 xidmətinə məlumat ermiş, sonra isə Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişlər. Binəqədi rayon Polis İdarəsinin əvvəl Təhqiqat, sonra isə X4 Cahangirovun barəsində araşdırma aparılmış, o həmin araşdırmaya cəlb edilmiş, bir neçə dəfə polis idarəsinə çağırılmış və izahatı alınmışdır. Araşdırmanın nəticəsi olaraq Cavabdeh1 və Cavabdeh2 tərəfindən yazılan ərizələrdə cinayət tərkibi olması müəyyən edilmədiyindən, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Kamran Əliyevin 08.12.2020-ci il tarixli qərarı ilə material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən (əməldə cinayət tərkibi olmadığından) cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, 2021-ci ilin mart ayında Cavabdeh1 guya İddiaçı onun avtomobilinin təkərini deşmək ehtimalı ilə əmlakı qəsdən zədələməklə maddi ziyan vurulması ilə nəticələnən cinayət hadisəsi törətməsi barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, sonra Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Binəqədi rayon Polis İdarəsinin 5-ci X5 Cahangirovun barəsində araşdırma aparılmış, o, həmin araşdırmaya cəlb edilmiş, bir neçə dəfə polis bölməsinə çağırılmış və izahatı alınmışdır. Araşdırmanın nəticəsi olaraq İddiaçı Cavabdeh1 məxsus avtomobilin təkərini deşməsi öz təsdiqini tapmadığından, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin təhqiqatçısı Hüseynağa Abdullayevin 12.03.2021 -ci il tarixli qərarı ilə material üzrə cinayət işinin başlanması rədd edimişdir. Bundan əlavə, Cavabdeh2 xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 -ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəmənin 21.04.2021 -ci il tarixli qərarı ilə şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir .Göründüyü kimi, İddiaçı qeyd edilən əsassız şikayətlər əsasında hər dəfə polis və məhkəmə tərəfindən aparılmış araşdırmalara cəlb olunmuş, bunun da nəticəsində heç bir təqsiri və günahı olmadan mənəvi gərginlik və iztirablar keçirmişdir. Məhkəməyə təqdim olunmuş cinayət işinin başlanmasının rədd edilməsi və xüsusi itttham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərarlarla tam təsdiq olunur ki, cavabdehlər tərəfindən İddiaçı barəsində hüquq-mühafizə orqanlarına əsassız şikayətlərin verilməsi və onun barəsində həqiqətə uyğun olmayan məlumatların yayılması nəticəsində onun şərəf və ləyaqəti, habelə işgüzar nüfuzu ləkələnir.Lakin təəssüflər olsun ki, birinci instansiya məhkəməsi işin bu kiıni əhəmiyyət kəsb edən hallarını nəzərə almamış, yalnız cavabdehlərin izahatını əsas götürməklə, iddianı rədd etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarı; " Mülki Məcəllnin 21.1, 1096 -1097,; "İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya"nın 41; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, hüquq-mühafizə orqanlarının icraatları üzrə cəlb edilmiş şəxsin hüquqlarının pozulduğu hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada tələb etmə hüquqları müəyyən edilmiş və bu hallarda cavabdehliyi hüquq-mühafizə orqanlarının daşıması və dövlət tərəfindən zərərin əvəzinin ödənilməsi proseduru nəzərdə tutulmuşdur. Hazırki iş üzrə isə iddiaçının şəxsi hüquqlarının cavabdehlər tərəfindən pozulması (şərəf, ləyaqət və ya işgüzar nüfuzuna zərər dəyməsi) müəyyən edilmir. Şəxslərin hazırki halda mülki məsuliyyəti yalnız digər şəxslərin cinayət əməlləri nəticəsində mümkün ola bilər. Belə ki, cinayət təqibi üzrə cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə, məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etmə kimi hallar üzrə cinayət qanunvericiliyinin tələbləri baxımından cəza təhdidi altında əməlin cinayət prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edildiyi halda müvafiq iddianın verilməsi üçün əsaslar yarana bilər. Məhkəmə xərcləri üzrə qeyd edilməlidir ki, apellyasiya şikayəti əsassız olduğundan bunun üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcləri onu ödəyən şəxslərə aiddir. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3690/2021 saylı işi üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar