Məhkəmə qərarları › İş №2(103)-10252/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10252/2021

15.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10252/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2474/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-yə (bundan sonra cavabdeh) qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənəvi zərərin əvəzi olaraq cavabdehdən 3.000 000 (üç milyon) manat məbləğində pulun tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, 25.10.2018-ci il tarixdə X6 müvafiq yol vərəqəsi əsasında idarə etdiyi “X10” departamentinin 1 saylı Yol İstismarı İdarəsinə məxsus “Ford Cargo 1824 xüsusi bitum daşıyan” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən, yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyada X2 vurmuş, nəticədə T.Abdullayev yol nəqliyyat hadisəsi zamanı almış xəsarətlərdən vəfat etmişdir. Hadisədən sonra A.Alıyev həbs edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20.02.2019-cu il tarixli hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası hökm edilmişdir. Qəza nəticəsində vəfat edən T.Abdullayev iddiaçının yeganə qardaşı olmuş, ailəni o dolandırmışdır. İddiaçı qardaşının faciəvi şəkildə ölümündən bu günədək davam edən stress, narahatlıq, məyusluq, mənəvi sıxıntı və s. kimi halları nəzərə alaraq, mənəvi zərərin əvəzinin tutulması barədə məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2474/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, mənəvi zərərin əvəzi olaraq cavabadehdən 3.000 (üç min) manat tutularaq, iddiaçıya ödənilməsi qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Apellyasiya şikayətləri və onun dəlilləri: İddiaçı apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsində qərar qəbul edilərkən, hüquq normaları pozulmuş və iş üzrə düzgün nəticəyə gəlinməmişdir. Bu səbəbdən, rayon qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsində qərar qəbul edilərkən, hüquq normaları pozulmuş və iş üzrə düzgün nəticəyə gəlinməmişdir. Belə ki, hazırkı iş üzrə iddiaçının mərhum qardaşı ilə münasibəti yaxşı olmamış, hətta onun ölüm xəbərini eşidəndə də reaksiya verməmişdir. Hesab edir ki, iddiaçı qardaşının ölümü ilə bağlı kədər hissi və mənəvi sarsıntı yaşmamışdır. Bu səbəbdən, rayon qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. Sübutların tədqiqi: Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 25 oktyabr 2018-ci il tarixdə kəllə əsasının sınığından vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 05 noyabr 2018-ci il tarixdə 1219 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Abdullayev Turalın və İddiaçı atası X4, anası Abdullayeva Hicran Neymət qızıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-73/2019 saylı, 20 fevral 2019-cu il tarixli hökmünə əsasən, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2- ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının çəkilməsi X5 məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilmişdir. İşin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, cavabdeh tərəfindən mərhum X1 ölümü ilə əlaqədar onun ailəsinə 12.832 manat yardım edilmişdir. Şahid və X4 notarial qaydada ərizə verərək, X6 tərəfindən onlara dəymiş ziyan tam şəkildə ödənildiyindən, gələcəkdə bununla bağlı heç bir iddia və tələblərinin olmayacaqlarını bildirmişlər. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən qətnaməni iddiaçı və cavabdehin ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi özözlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi «Scordino İtaliyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azında mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır). Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı, §116) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər («Normann Danimarkaya qarşı, Scordino İtaliyaya qarşı (no 1), §202, həmçinin Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı, §118 və 119) . Kollegiya hesab edir ki, bu işin xüsusi halları baxımından təkcə pozuntu faktının müəyyən edilməsi öz-özlüyündə mənəvi zərərin kompensasiyası üçün yetərli olmaya bilər. Rayon məhkəməsi də bu mövqedən çıxış edərək mənəvi zərərin əvəzi kimi 3000 manat tutmuşdur. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşır. Kollegiya bu vaxt hazırkı işin mübahisəsiz halı kimi müəyyən edilmiş cavabdeh tərəfindən mərhum X1 ölümü ilə əlaqədar onun ailəsinə 12.832 manat məbləğində yardımın edilməsini də nəzərə alır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd edir . İddiaçının mərhumun qardaşı olması hazırkı işin mübahisəsiz halıdır. Bununla belə onların münsibətinin olmaması, yaxud soyuq olması sübuta yetirilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətlərinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayətlər təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayətləri vermiş tərəflərin özlərinə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 404-1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı və cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2474/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsi onların apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar