Məhkəmə qərarları › İş №2(103)-10254/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10254/2021

29.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10254/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, cavabdehin vəkili və nümayəndəsi Beyrək Tağıyevin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçının (yetkinlik yaşına çatmış övladın) saxlanması üçün cavabdehdən (valideyndən) hər ay 500 manat aliment tutulsun. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, hər ay 196 manat aliment cavabdehdən tutularaq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə qismən, yəni iddianın təmin edilməsinə aid olan hissədə ləğv edilsin. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Beyrək Tağıyev bildirdi ki, apellyasiya şikayəti əsaslıdır, belə ki, cavabdeh işləmir, maddi vəziyyəti aliment ödəməyə imkan vermir. İddiaçı isə bildirdi ki, apellyasiya şikayəti əsassızdır, cavabdeh avtomobil alqı-satqısı ilə məşğul olur, maddi vəziyyəti aliment ödəməyə imkan verir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı cavabdehin övladıdır. O, xx.xx.1988-ci il təvəllüdlüdür, yetkinlik yaşına çatıb, 1-ci qrup əlildir, əlilliyin səbəbi “ümumu xəstəlik” kimi qeyd olunub. Ailə Məcəlləsinin 80.1-ci maddəsinə görə valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. İddiaçının əmək qabiliyyəti olmadığına və maddi yardıma ehtiyacı olduğuna görə cavbdehdən aliment almaq hüququna malikdir. “Azərbaycan Respublikasıda 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat müəyyən edilib. Ona görə də birinci instansiya məhkəməsi həmin məbləğdə aliment tutulmasını qət edib. Cavabdeh xx.xx.1966-cı il təvəllüdlüdür, əmək qabiliyyətlidir, aliment ödəmək iqtidarındadır. Beləliklə, məhkəmə düzgün nəticəyə gəlib, mübahisələndirilən hissədə, yəni iddianın təmin edilməsinə aid olan hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar