Məhkəmə qərarları › İş №2(103)-10309/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10309/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10309/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəmdəsi Rəhimov Elməddin Hükmalı oğlunun, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4924/2021 saylı, 01 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 13.08.2013-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun tərəfindən ödənilmiş 3529 manat sığorta ödənişinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13.08.2013-cü il tarixində cavabdeh tərəfindən idarə olunan "Mercedes Benz" markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı-Quba yolunun 8 km ərazisində Şahverdiyeva Rəna Hamlet qızının idarə etdiyi "Hyundai İX 35” markalı, 90RC114 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və sonuncuya maddi ziyan dəymişdir. Baş vermiş yol- nəqliyyat hadisəsi ilə bağlı cavabdeh barəsində Nərimanov RPİ DYP şöbəsinin 13.08.2013-cü il tarixli İnzibati Tənbeh vermə haqqında qərarı qəbul edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Ali Məhkəmənin Mülki Kollegiyasının 05.08.2015-ci il tarixli, 2(102)-3363/2015 saylı Qərarına əsasən 3529 manat sığorta ödənişi məbləği ödənilməsi müəyyən olunmuşdur. İddiaçı "Atəşgah’' Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq “Hyundai İX 35” markalı, 90RC114 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3529 manat sığorta ödənişi həyata keçirmişdir. 13.08.2013-cü il il tarixdə yol-nəqliyyat hadisəsi zamanı cavabdehin idarə etdiyi və mülkiyyətində olan "Mercedes Benz" markalı, ** BE *** qeydiyyat nişanlı avtomobilin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığorta şəhadətnaməsi mövcud olmadığından cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4924/2021 saylı, 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 3408 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə işə birtərəfli və yarımçıq baxmış, onun əleyhinə başdansovdu ədalətsiz qərar qəbul edilmişdir. Onun məhkəmədə iştirakı təmin edilməmiş, ədalətli qərar qəbul etmək əvəzinə saxta qətnamə qəbul etmişdir. Sağlamlığında olan problemlərlə əlaqədar işləmək imkanına malik olmamışdır. Sümük vərəmindən, həyat yoldaşı isə qaraciyər serrozundan əziyyət çəkir. Hazırkı pandemiya şəraiti ilə əlaqədar olaraq onun ödəniş imkanları zəif olmuş, heç bır qazancının olmaması, özümün və ailə üzvlərimin sağlamlığında ciddi problemlər olmasına baxmayaraq, mənə qarşı qərəzli yanaşılmışdır, karantin ilə əlaqədar işləyə bilməmiş, ev şəraitində olmuşdır. Qətnamə qanunsuz və əsasızdır, ona görə də ləğv olunmalı və işə iştirakımız ilə yenidən baxılmalıdır. Apellyasiya şikayəti qanunidir və əsaslıdır, buna görə də təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəmdəsi Rəhimov Elməddin Hükmalı oğlu apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də, iddiaçı iddianın təmin olunmayan hissəsində qətnaməni mübahisələndirmədiyindən hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin edilməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir, başqa sözlə, qətnamə iddia tələbinin təmin edilməməsi hissəsində hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4924/2021 saylı, 01 iyul 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bədəlov Fuad Murad oğluna (bundan sonra sığortalı) məxsus “Hyundai İX 35” markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitələrinin könüllü sığortası növü üzrə iddiaçı tərəfindən sığortalanmışdır. Sığorta müqaviləsinin müddəti 14.07.2012-ci il tarixdən 13.07.2015-ci il tarixədək müəyyən edilmişdir. 13.08.2013-cü il tarixdə sığorta hadisəsi baş vermiş, Cavabdeh idarə etdiyi “Mercedes Benz” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə sığortalıya məxsus “Hyundai İX 35” markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuşdur. 13.08.2013-cü il tarixdə Cavabdeh barəsində BYP142381 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və o, 13.08.2013-cü il tarixli Qərarla İXM-nin 151.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən müddəaların mənasından da görünür ki, subroqasiya hüququ zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələbdir. Bu hüququn yaranması üçün zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi isə əsas şərtdir. İş materialları ilə iddiaçının subroqasiya hüququnun yaranması müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya ərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə hesab edir ki, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə zədələnmiş avtomobilin sahibinə dəymiş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, göstərilən əmlaka (avtomobilə) zərər vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ da iddiaçıya keçmişdir. Ona görə də, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İş materialları ilə müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1626/2015 saylı, 10 aprel 2015-ci il tarixli qətnaməsi ilə Bədəlov Fuad Murad oğlunun şikayəti qismən təmin edilərək, İddiaçı Sığorta Şirkəti ASC-dən 3408 manat sığorta ödənişi və 121,1 manat dəbbə pulu, cəmi 3529 manat pulun Bədəlov Fuad Murad oğlunun xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən İddiaçı Sığorta Şirkəti ASC kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3363/2015 saylı, 05 avqust 2015-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş, iddiaçı cavabdehin törətdiyi sığorta hadisəsi nəticəsində zərər dəymiş avtomobilin sahibi Bədəlov Fuad Murad oğluna sığorta ödənişi qismində 3408 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdikləri, onun tərəfindən mülki hüquq pozuntusundan (delikt) yaranan öhdəliyin yerinə yetirilməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, sığorta hadisəsini doğuran baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh təqsiri inzibati qaydada müəyyən edildiyindən sığorta hadisəsinə görə onun da mülki hüquqi məsuliyyəti yaranmışdır. İddiaçı Sığorta Şirkəti ASC sığortalıya ödədiyi 3408 manat məbləğində olan xərci Cavabdeh tələb etməyə haqlıdır. Ona görə də apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4924/2021 saylı, 01 iyul 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4924/2021 saylı, 01 iyul 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar