Məhkəmə qərarları › İş №2(103)-1031/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1031/2025

28.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1031/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “aliment”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X10 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5675/2024 saylı, 29 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 1 oktyabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərəflər 7 iyun 2011-ci il tarixdə rəsmin nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 22 may 2012-ci il təvəllüdlü X8, 14 noyabr 2015-ci il təvəllüdlü X6 və 1 aprel 2023-cü il təvəllüdlü X7 anadan olmuşlar, şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir.

2. Yetkinlik yaşına çatmayan uşaqlar ananın yanında yaşayırlar.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə rəsmi nikahlarından anadan olmuş uşaqları – 22 may 2012-ci il təvəllüdlü X8, 14 noyabr 2015-ci il təvəllüdlü X6 və 1 aprel 2023- cü il təvəllüdlü X7 18 yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin, 1 aprel 2023-cü il tarixdə doğulmuş X5 3 yaşına çatana kimi qulluğa görə ona hər ay 270 (iki yüz yetmiş) manat alimentin, həmçinin mediasiya prosesi ilə əlaqədar ödədiyi 55 (əlli beş) manat mediasiya rüsumunun Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 7 iyun 2011-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşlar. Birgə nikahlarından 22 may 2012-ci il təvəllüdlü X8, 14 noyabr 2015-ci il təvəllüdlü X6 və 1 aprel 2023-cü il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə uzun müddətdir ki, faktiki olaraq ayrılmışlar və həmin vaxtdan bütün ər-arvad münasibətləri kəsilmişdir. Ailənin bərpa etməyə cəhd etsələr də, sonradan cavabdehin günahı ucbatından bu baş tutmamışdır. Cavabdehlə ayrıldığı vaxtdan uşaqların hər üçü də onun yanında qalmışdır. Cavabdehlə ayrıldıqdan sonra, o uşaqların saxlanılması üçün və uşaq 3 yaşına çatmadığına görə ona qulluğa görə ona könüllü olaraq maddi yardım göstərməmişdir. Uşaqlar azyaşlı olduğundan, mütəmadi olaraq müayinə və müalicəsi üçün maddi yardıma (alimentə) ehtiyacı var. Cavabdeh aylıq gəliri yüksək olmasına baxmayaraq uşaqların saxlanılmasında, müayinə və müalicəsində və sağlam böyüməsində bir valideyn kimi iştirak etmir. Bununla da o, uşaqların saxlanılmasında və yuxarıda göstərdiyi və üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün könüllü yardım göstərməkdən yayınır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqların saxlanılması üçün aliment tələbi ilə əlaqədar mediasiya sesiyasında alimentlə bağlı yaranmış mübahisənin məhkəmədənkənar həll etmək mümkün olmadığına görə ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(001)-5675/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, 22 may 2012-ci il təvəllüdlü X8, 14 noyabr 2015-ci il təvəllüdlü X6 və 1 aprel 2023-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 600 (altı yüz) manat sabit pul məbləğində aliment, habelə 1 aprel 2023-cü il təvəllüdlü X7 3 yaşına çatanadək cavabdehdən əlavə olaraq hər ay 50 (əlli) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəli 28 avqust 2024-cü il tarixdən hesablanması qət edilmişdir.

6. Məhkəmə cavabdehin hər ay 754 manat əmək haqqı aldığı üçün iddia tələbində göstərilən məbləği ödəməyə imkanı olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, aliment müəyyən edilərkən uşaqların mənafeyi nəzərə alınmalıdır. Cavabdehin göstərdiyi dəlillər onu, uşaqları ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir.

7. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal, yəni, qida rasionlarına uyğun şəkildə qidalanmasını, geyimi ilə bağlı xərci, istirahət vaxtının səmərəli təşkil edilməsinin zəruriliyini nəzərə alaraq yetkinlik yaşına çatmayan uşaqların saxlanılmaları üçün cavabdeh X3 hər ay hər uşaq üçün 200 manat olmaqla, 600 manat sabit pul məbləğində alimnet tutulması; həmçinin tərəflərin maraqları arasında ədalətli tarazlığın qorunmasını, iddiaçının qeyd edilən tələbinin hüquqi əsasının qanunda nəzərdə tutulduğunu, eləcə də tərəflərin maddi və sosial vəziyyətini və işin diqqətəlayiq digər hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixdə doğulmuş X5 3 yaşına çatanadək hər ay cavabdehdən iddiaçının xeyrinə 50 (əlli) manat məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab etmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13 və 19-cu maddələrinə; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2 və 100.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-5675/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və alimentin ümumi məbləğinin rəsmi əmək haqqının (qazancının) – 744,58 manatın yarısı məbləğində müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonar həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Lakin məhkəmə alimentin miqdarını müəyyən edərkən araşdırmamışdır ki, onun real iş yeri var, oradan rəsmi əmək haqqı alıra və digər qazancı yoxdur. Çünki o, ədliyyə sistemində işləyir və qanunla başqa işdə çalışmaq imkanı yoxdur. İş yerindən ona əmək haqqı ilə bağlı verilən arayışdan da göründüyü kimi (əlavə olunur sübut kimi, çünki tədqiq olunmayıb), onun ələ çatan əmək haqqı aylıq cəmi 744.58 manat təşkil edir. Belə olan halda məhkəmə hansı əsasla ondan aylıq 650 manat aliment tutur?! Belə olan halda onun aylıq dolanışığına cəmi 94.58 manat vəsait qalır.

b) Apelyasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, 650 manat tutulmasından narazıdır, çünki onun rəsmi maaşı 744 manatdır. Onun himayəsində yaşlı ata və anası vardır. Bundan başqa onun banka krediti vardır, həmin krediti borc xərc olaraq ödəyir. Əvvəl taksi fəaliyyəti ilə məşğul olurdu, lakin hazırda artıq işləyə bilmir. O, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində nəzarətçi işləyir. Valideynləri ikinci qrup əlildir

13. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasya şikayətinə etiraz edərək bildirmişdir ki, onun rəsmi gəliri yoxdur. Anası xəstədir. Alimenti ancaq uşaqların hazırlıqlarına xərcləyir. Qarşı tərəfin iki evi vardır, kirayə verirlər. Bundan başqa mağazaları da vardır. Cavabdehin atası və anası da pensiya alır. Uşaqlarının hər üçü allergik uşaqlarıdır. Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

17. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılmalıdır.

Tətbiq edilən maddi hüquq normaları:

Azərbaycan Respublikası Konstitusiyasının

18. 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin

19. 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

20. 73.1 və 73.2-ci maddələrinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onuntərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur.

21. 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

22. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

23. 84.1-ci maddəsinə görə ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər.

24. 84.2.2-ci maddəsinə görə bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.

25. 86-cı maddəsinə görə aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ərarvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun:

26. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

27. 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.

28. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

29. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

30. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2025-ci il üçün yaşayış minumumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

31. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının

32. 8.2-ci bəndinə əsasən, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

33. 8.3-ci bəndinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır.

34. 8.4-2-ci bəndinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına görə

35. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi.

36. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.

37. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

38. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

39. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X2 apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “alimentin tutulması qaydası” hissəsində dəyişdirilməli, həmin hissədə iddia qismən təmin edilməlidir.

41. Apellyasiya şikayətində göstərilən dəlillər ilə əlaqədar qeyd edilməlidir ki, qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir.

42. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişəndirsə, habelə alimentin valideyinin gəlirinin bir hissəsi kimi tutulması uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını qeyrimümkün edirsə uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişinə əsasən aliment sabit pul məbləğində tutula bilər.

43. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Göründüyü kimi, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və ya az qazanca malik olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

44. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi aliment məbləği göstərilən halların məcmusu, yəni tərəflərin birgə uşaqlarının ananın - iddiaçının himayəsində olması, zəruriliyi, habelə uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu baxımından ədalətlidir. Mübahisələndirilən qətnamədən göründüyü kimi uşaqların saxlanmaları üçün tutulması qət edilmiş aliment yaşayış minimumunu təşkil edən məbləğdən də azdır. Bundan daha az məbləğdə aliment tutulması, yəni məbləğin müəyyən edilmiş minimum dolanacaq xərclərindən daha da az olması uşaqların mənafələrinin əhəmiyyətli dərəcədə pozulması hallarını yarada bilər.

45. Nəzərə alınmalıdır ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur.

46. Göründüyü kimi, yaşayış minimumunun müəyyən edilməsinə əsas olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərinə nisbətdə baş verən dəyişikliklərdir.

47. Bundan başqa qeyd edilməlidir ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumuna uyğunluq təşkil edən aliment məbləğinin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir.

48. Cavabdehin, qazancının az olması dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, bu hal onun uşaqlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar.

49. Kollegiya məhkəmənin iddianın “1 aprel 2023-cü il təvəllüdlü X5 3 yaşına çatanadək əlavə 50 manat məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması” barədə qənaət ilə razılaşaraq qeyd etməyi zəruri sayır ki, qanunvericiliyin tələbindən göründüyü kimi, iddiaçı ilə cavabdehin uşağı olan X7 üç yaşına çatmadığından, həmçinin cavabdehin zəruri vəsaitə malik olması işdə olan materiallara əsasən öz təsdiqini tapdığından onun Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən cavabdehdən aliment tələb etmək hüququ vardır.

50. Məhkəmə kollegiyası uşaqların mənafelərini nəzərə alaraq həmçinin hesab edir ki, uşaqların saxlanmaları üçün cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin məbləği konkret rəqəmlə deyil, məbləğin sonrakı indeksasiyası nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının misli həddində ifadə edilməlidir. Belə ki, müvafiq həddə təyin olunan aliment məbləğinin tədricən öz real dəyərini itirməsi ehtimalı aliment hesablanarkən inflyasiyanın nəzərə alınmasını şərtləndirir.

51. Beləliklə də yetkinlik yaşına çatmayan 22 may 2012-ci il təvəllüdlü X8, 14 noyabr 2015-ci il təvəllüdlü X6 və 1 aprel 2023-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 (345 x 0,58 = 200 manat) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.

52. MPM-nin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5675/2024 saylı, 29 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən - “yetkinlik yaşına çatmayan uşaqların saxlanmaları üçün alimentin tutulması qaydası” hissəsində dəyişdirilsin. Cavabdeh 22 may 2012-ci il təvəllüdlü X8, 14 noyabr 2015-ci il təvəllüdlü X6 və 1 aprel 2023-cü il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar