Məhkəmə qərarları › İş №2(103)-1033/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1033/2023

23.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1033/2023 23.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: «alimentin dəyişdirilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3324/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli 2(002)-1886/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəlüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı alimentin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli 2(002)-1886/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu i təvəlüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 193 manat olmaqla 386 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Tələbdə göstərir ki, onunla Cavabdeh birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu i təvəlüdlü X4 adlı iki uşağı anadan olmuşdur. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli 2(002)-1886/2018 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2008- ci il təvəllüdlü X3 və xx.xx.2010-cu i təvəlüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-9462/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2018-ci ildən halhazırkı vaxtadək birgə nikahdan olan uşağının tələbatları artdığından, təkbaşına uşağı saxlamaqda maddi çətinlik çəkir. Cavabdehin kifayət qədər qazancı və gəliri olduğundan, sabit gəlir mənbələri mövcuddur və ondan tutulacaq alimentin məbləği artırılmalıdır.

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3324/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qətnaməsi (hakim Gülnar Əhmədova) ilə iddia tələbi təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, tərəflərin əvvəllər rəsmi nikahda olmaları, rəsmi nikahdan 2 uşağının olması və yetkinlik yaşına çatmamış uşaqların anasının yanında qalması, həmçinin onun saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmasına dair hallar aşkar olmaqla, qətnamə əsasında müəyyən olunmuş hallar kimi preyudisial əhəmiyyətə malik olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Cavabdehin maddi vəziyyətinin dəyişməsi ilə əlaqədar mülki iş materiallarında heç bir sübut müəyyən edilməməklə, cavabdehin özünün izahatı əsasında onun hal-hazırda eyni işdə işləməklə, 350 manat əmək haqqı aldığı müəyyən edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, cavabdeh tərərfindən iddiaçının xeyrinə hər ay müvafiq məhkəmə qətnaməsi əsasında yetikinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün hər ay iki uşağa görə cəmi 308 manat məbləğində aliment ödənilir. Bu halda, məhkəmə hesab edir ki, cavabdehin maddi vəziyyətində hər hansı dəyişikliyin baş verməsini müəyyən etmək mümkün olmadığından, onun üzərinə yerinə yetirilməsi qeyri-mümkün olan öhdəliyin qoyulmasını məqsədəmüvafiq deyildir. Həmçinin, məhkəmə qeyd edir ki, yalnız ölkə üzrə yaşayış minimumunun dəyişdirilməsi alimentin miqdarının artırılması üçün əsas deyildir. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara, uşaqların xərcinin artması, cavabdehin daha artıq məbləğdə aliment ödəmək imkanına malik olmasına, həmçinin cavabdehin əmək haqqında əlavə gəlirləri olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də, hazırkı iddia əsaslı deyildir və iddia təmin edilə bilməz. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş edib şikayətində göstərir ki, iddia tələbinin rədd edilməsinin əsası kimi məhkəmə birgə nikahdan olan uşaqların deyil, cavabdehin və onun başqa nikahdan olan uşaqlarının mənafeyini üstün tutmuş, cavabdehin guya 350 manat əmək haqqı aldığı təqdirdə alimentin artırılmasına maddi imkanının olmamasını əsas kimi göstərmişdir. Lakin məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, cavabdehin elektron sistemdə rəsmi əmək haqqı 350 manat göstərilməsinə baxmayaraq, kifayət qədər qazancı və gəlirləri vardır. Eyni zamanda, 2018-ci ildən 2023-cü ilədək ölkədə yaşayış minimumu hər il artırıldığı halda, 5 il müddətində alimentin məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət edilməmiş, cavabdeh isə 308 manatla kifayətlənərək, uşaqların hər hansı maddi tələbatlarının ödənilməsində iştirak etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

7. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

8. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

9. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

10. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanunu.

«Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

15. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

16. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

17. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

18. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işlə bağlı faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmır.

19. Belə ki, son vaxtlar Azərbaycan Respublikasında yaşayış minimumunun məbləği hər il ölkə üzrə, o cümlədən uşaqlar üçün artmaqda davam edir. Bununla əlaqədar, sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılmasına dair iddiaların sayı da artır. Məhkəmələr tərəfindən uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu əsas götürülməklə bu cür iddialar demək olar ki, əksər hallarda təmin olunur. Aliment ödəyən şəxslər isə maddi vəziyyətlərinin buna imkan vermədiyini əsas gətirərək alimentin bu qaydada artırılmasına etiraz edir, həmçinin bu cür artırmalar nəticəsində məhkəmə aktlarının icrası da çətinləşir.

20. Ailə Məcələsinin 78.2-ci maddəsində sabit pul məbləğinin miqdarının müəyyən edilməsinin 4 meyarı (maddi vəziyyət, ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, əvvəlki təminatın səviyyəsi) göstərilsə də, bu meyarlar ümumi xarakterli olduğundan vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına imkan vermir.

21. Bununla əlaqədar, bu sahədə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək üçün konkret işdə olan sübutlar həmin 4 meyarı konkretləşdirməyə imkan vermədikdə, alimentin miqdarı “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün məbləğ və uşaqların sayı əsas götürülməklə Ailə Məcəlləsinin 76-cı maddəsinə müəyyən edilmiş nisbətdə müəyyən edilməsi daha düzgün olardı. Bu qayda müəyyən edilərkən 2 meyar əsas götürülür. Yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş məbləği və Ailə Məcəlləsinin 76-cı maddəsində nəzərdə tutulmuş nisbət. İşdə başqa sübutlar yoxdursa və aliment ödəyən şəxsin qazancını və digər gəlirlərini müəyyən etmək mümkün deyilsə bu qeyd olunan meyar əsas götürülməklə bu təcrübədən istifadə edilə bilər. Bu qayda həm də obyektiv göstərici ola bilər.

22. Belə ki, məhkəmə təcrübəsində sabit pul məbləğində aliment müəyyən edilərkən hər il "Azərbaycan Respublikasında yaşayış minimumu haqqında" Qanunda göstərilən(artan) minimumu uşaqların sayına vurularaq müəyyən edilir. Bu təcrübə isə çoxuşağı olan aliment ödəyicilərinin maddi vəziyyətinə təsir etdiyinə görə məhkəmə aktlarının icrasını çətinləşdirir və süni surətdə hüquqi məsuliyyətə(inzibati və cinayət) cəlb edilən şəxslərin sayını durmadan artırır. Bu cür vəziyyət isə digər neqativ nəticələr yaratmaqla yanaşı bəzən aliment ödəyən şəxslərin haqlı narazılığına da səbəb olur.

23. Əlbətdə ki, bu qayda “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndindəki məhkəmələrə etdiyi tövsiyəsinə və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı formalaşdırdığı hüquqi mövqe ilə dolayı da olsa uzlaşmaya bilər.

24. Lakin sözügedən qərarlarda da, 2, 3 və daha artıq uşağa görə aliment müəyyən edilərkən, mütləq ki, hər uşağa görə yaşayış minimumunu adi qaydada üst-üstə toplanılmalı olması nəzərdə tutulmamışdır. Çünki, 2, 3 və daha artıq uşağa görə aliment ödəyən şəxslərin aylıq qazancının və digər gəlirlərinin artım dinamikasının hər il artan yaşayış minimumunun dinamikası qədər olmasına dair aliment tələb edən şəxslər tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmur.

25. Hazırki işdədə iddiaçı cavabdehin qazancının artmasına yaxud maddi vəziyətinin müsbətə doğru dəyişməsinə dair məhkəməyə mötəbər sübut təqdim etməmiş, eləcə də alimenti cavabdehin qazancının müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində istəmişdir.

26. Apellyasiya baxışı zamanı da cavabdehin bu gün də Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsində mühafizəçi vəzifəsində işlədiyi və əmək haqqının 350 manat olduğu təsdiq olundu. Demək, cavabdehin maddi vəziyyətində hər hansı bir dəyişikliyin olması da təsdiq olunmur.

27. Əlbətdə ki, iddiaçının cavabdehin daha artıq qazancının və digər gəlirlərinin olması barədə mötəbər sübut əldə edərsə sabit pul məbləğində yaxud da aylıq qazancının və digər gəlirlərinin müəyyən hissəsi kimi yenidən məhkəməyə müraciət etməyə hansısa maneə mövcud deyildir.

28. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3324/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3324/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar