Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10330/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi eyni zamanda vəkili X5 iştirakı ilə İddiaçı cavabdeh X3 qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli 2(005)-3784/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 30.01.2020-ci il tarixli 2(005)-894/2020 nömrəli qətnaməsi ilə hər uşağa görə 170 manat, üstəlik hər uşağın saxlanması üçün əlavə 55 manat müəyyən edilmiş alimentin azaldılması, hər uşağın saxlanması üçün 150 manat olmaqla, ümumilikdə iki uşaq üçün cəmi 300 manat miqdarında alimentin X1 xeyrinə İddiaçı tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdehlə nikah uzun müddətdir ki, pozulmuşdur. Birgə nikahdan iki yetkinlik yaşına çatmayan - 20.11.2007-ci il təvəllüdlü Məmmədova Aysu və 22.07.2009-cu il təvəllüdlü Məmmədova Əsma adlı qızı var. Onların saxlanması üçün məhkəmə qərarı ilə aliment müəyyən edilmiş, cavabdeh ona qarşı alimentin artırılması barədə iddia vermiş, Nərimanov Rayon Məhkəməsinin 30.01.2020-ci il tarixli 2(005)-894/2020 nömrəli qətnaməsi ilə hər uşağa görə 170 manat, üstəlik hər uşağın saxlanması üçün təyinatı bəlli olmayan əlavə 55 manat müəyyən edilmişdir. O, həmin dövrdə xəstə olduğu üçün nə prosesdə iştirak etmiş, nə də şikayət verə bilmişdir. Bildirir ki, bu cür yüksək məbləğdə alimentin müəyyən edilməsi tamamilə ədalətsizdir. Belə ki, o, özü 18 mart 2014-cü ildə X8 ilə yeni ailə qurmuş, bu nikahdan 29.03.2014-cü il təvəllüdlü X9 və 27.05.2016-cı il təvəllüdlü X6 adlı iki övladı var, həyat yoldaşı heç bir yerdə işləmir. Özü də heç bir yerdə işləmir. Yalnız müvəqqəti işlər görməklə ailəsini dolandırır. Ona görə də hesab edir ki, indiki şəraitdə 4 uşağı dolandırmaq həddindən artıq çətin bir məsələdir. Borclarının yığılması səbəbindən artıq borclarını ödəyə bilmir, ona görə də hesab edir ki, alimentin miqdarı azaldılmalı və hər uşağa 150 manat olmaqla, ümumilikdə iki uşaq üçün 300 manat məbləğində aliment ödənilməsi barədə yeni qərar qəbul edilməlidir. İddiaçı anlayır ki, hamısı onun övladlarıdır. Amma nəzərə alınmalıdır ki, ailənin dağılması barədə müraciət etməmişdir. Uşaqların mənafeyi bərabər həcmdə nəzərə alınmalıdır. Təsəvvür edin ki, 2 uşaq üçün 450 manat müəyyən edilirsə, digər iki uşaq üçün də eyni məbləğ müəyyən edilməlidir. Bundan başqa, o, özünü və arvadını da saxlamaq üçün əlavə pul da qazanmalıdır ki, bu da ən azından 1500 manatdan çox edir. Bu əmək haqqını dövlət orqanlarının yüksək təsnifat vəzifəsində oturan belə alınır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli 2(005)- 3784/2021 saylı qətnaməsi ilə iddia rədd edilmiş və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia ərizəsində göstərilən halların heç birinə hüquqi qiymət verməmişdir. Belə ki, İddia ərizəsində 4 uşağının olduğu, xəstə arvadının olduğunu, heç birinin işləmədiyini bildirmişdir. Faktiki olaraq icra icraatında kifayət qədər borcu var. Onları ödəyə bilmir. Belə çıxır ki, məhkəmə onu qəsdən ödəmə qabiliyyətsiz vəziyyətə salmışdır. Elə bir duruma salmışdır ki, artıq onun psixiologiyası pozulmuşdur. Məhkəmə işin hallarını qiymətləndirməkdən vaz keçmişdir. Əgər məhkəmə onun əvvəlki nikahdan olan 2 uşağının mənafeyini nəzərə alırsa, onda bəs hazırki nikahdan olan 2 uşağının mənafeyini, təminatını niyə nəzərə almır və ya onu ödəmə qabiliyyəti olmama vəziyyətində saxlamaqla, inzibati, daha sonra cinayət məsuliyyətinə cəlb edilməyini və nəticədə 4 uşağının himayədən məhrum olunmasına gətirib çıxarır. Məhkəmə bu, addımı ilə hansı məqsəd güdür. Qeyd edir ki, Nərimanov rayon məhkəməsi həmçinin haqsız olaraq yaşayış minimumundan əlavə, hər uşağa görə 55 manat əlavə olaraq guya xəstəliyə görə aliment məbləği müəyyən etmişdir. Göründüyü kimi, həmin məbləğ məqsədli məbləğdir. Hazırda işə baxan məhkəmə həmin zərurətin hazırda mövcud olub-olmamasını da araşdırmamışdır. Çünki iddiaçı öz şifahi etirazında bu haqda bir kəlmə də olsun bildirməmiş və üstəlik bu zərurətin davam etməsi ilə bağlı sübut təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi eyni zamanda vəkili X10 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, kollegiya məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. Belə ki, iş materiallarında olan 3 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18.03.2014-cü il tarixdə verilmiş, AZ-İ 948812 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X7 18.03.2014-cü il tarixdə 326 nömrəli akt qeydi ilə rəsmi nikah bağlamışlar. 3 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 16.12.2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 385613 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 29.03.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. 3 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 21.06.2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 792946 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 27.05.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-894/2020 saylı, 31 yanvar 2020-ci il tarixli qətnaməsinin məzmunundan və surətindən görünür ki, iddia qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1068/2018 saylı, 08 fevral 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, cavabdeh İddiaçı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 20.11.2007-ci il təvəllüdlü X2 və 22.07.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat məbləğində aliment və 20.11.2007-ci il təvəllüdlü X2 və 22.07.2009-cu il təvəllüdlü X4 müalicə xərclərinin ödənilməsi ilə əlaqədar hər ay hər uşaq üçün 55 manat olmaqla, cəmi 110 manat məbləğində əlavə xərc Cavabdeh xeyrinə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Birinci instansiya məhkəməsi uşaqların mənafeyini, ölkədə uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, aliment məbləğinin azaldılması onların mənafeyinə ziddir, bu günkü gündə onların maddi tələbatını ödəməyəcək. Ona görə də iddia tələbi rədd olunmalıdır. Kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbini – “aliment məbləğinin azaldılaraq hər uşağa görə 150 manat, cəmi 300 manat müəyyən edilməsi” hissəsində rədd etməklə gəldiyi nəticə göstərilən halların məcmusu baxımından ədalətli deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin rədd edilən – “aliment məbləğinin azaldılaraq hər uşağa görə 150 manat, cəmi 300 manat müəyyən edilməsi” ləğv edilməklə, həmin hissədə iddia tələbi təmin edilərək, alimentin məbləği hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia tələbi – “hər uşağın saxlanması üçün əlavə 55 manat müəyyən edilmiş alimentin azaldılması hissəsi” “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipinə uyğun deyildir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillər qismən əsaslı olmuşdur. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd edilən – “aliment məbləğinin azaldılaraq hər uşağa görə 150 manat, cəmi 300 manat müəyyən edilməsi” ləğv edilməklə həmin hissədə iddia tələbinin təmin edilərək, aliment məbləğinin azaldılaraq hər uşağa görə 150 manat, cəmi 300 manat müəyyən edilməsi hazırki mübahisənin halları baxımından ədalətli və ağlabatan hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli 2(005)- 3784/2021 saylı qətnaməsi aliment məbləğinin tam təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə - Nərimanov Rayon Məhkəməsinin 30.01.2020-ci il tarixli 2(005)- 894/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği hissəsində yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 20.11.2007-ci il təvəllüdlü X2 və 22.07.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı azaldılaraq hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində aliment müəyyən edilsin. 20.11.2007-ci il təvəllüdlü X2 və 22.07.2009-cu il təvəllüdlü X4 müalicə xərclərinin ödənilməsi ilə əlaqədar hər ay hər uşaq üçün 55 manat olmaqla, cəmi 110 manat məbləğində əlavə xərcin azaldılması hissəsində iddia tələbi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-10330/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10330/2021
10.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver