Məhkəmə qərarları › İş №2(103)-10346/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10346/2021

15.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10346/2021 15.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı “icarə müqaviləsinin ləğv edilməsi, pul, əmlak tələbi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 sentyabr 2021-ci il tarixli qərardaddan cavabdehin verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin mülkiyyətində olan və Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 48 saylı evin 4-cü mərtəbəsində yerləşən, 19, 20, 21, 22 saylı mənzillərə dair onunla cavabdeh arasında bağlanmış 27.12.2017-ci il tarixli “İcarə müqaviləsinin” ləğv edilməsi, müqaviləyə əsasən müəyyən edilmiş 150.000 manat məbləğində kompensasiyanın, təmir-tikinti işlərinin aparılmasına, mebellərin quraşdırılmasına və digər təmir və yaxşılaşdırma işlərinin həyata keçirilməsinə onun tərəfindən çəkilən 250.000 manat məbləğində xərclərin, əldən çıxmış faydaya görə 60.000 manat məbləğində pulun, 20.000 manat məbləğində mənəvi zərərin, cəmi isə 480.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb iş üzrə yekun qərar qəbul edilənədək, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 48 saylı evin 4-cü mərtəbəsində yerləşən, 19, 20, 21, 22 saylı mənzillərə maneəsiz daxil olmağı və istifadə etməyi cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. “İddianın təmini tədbirinin görülməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 17.09.2021-ci il tarixli qərardadla ərizənin təmin edilməsini qərara almışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı, “İcarə müqaviləsi” üzrə 2020-ci ilin iyun ayından icarə haqqını cavabdehə verməkdən imtina edir. Qeyd olunan hal müqavilənin şərtlərinin kobud surətdə pozuntusu hesab edilir və cavabdeh bu hala əsasən icarə müqaviləsini birtərəfli qaydada ləğv etmişdir. İddianın təmini tədbirinin görülməsi cavabdehin mülkiyyət hüququnu pozur. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 23.09.2021-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 157.1-ci maddəsinə görə, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. MPM-nin 157.2-ci maddəsinə görə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-nin 158.1-ci maddəsinin mənasına görə, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula (maddə 158.1.1.), müəyyən hərəkətlərin edilməsi cavabdehə qadağan edilə (maddə 158.1.2.), mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etmək başqa şəxslərə qadağan edilə (maddə 158.1.3.) bilər. MPM-nin 162.4-ci maddəsinə görə, iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Məhkəmə qeyd edir ki, iddianın gələcəkdə rədd edilməsi ehtimalı olduğu kimi, təmin edilməsi ehtimalı da mövcuddur. Belə olan halda işə baxılıb qurtaranadək iş üzrə mübahisəli icarə əmlakına cavabdehin və üçüncü şəxslərin maneəsiz daxil olmaq və istifadə etmək hüquqları müvəqqəti məhdudlaşdırılmalıdır. Çünki iddiaçının cavabdehdən icarəyə götürdüyü mənzil sahələrində mehmanxana təşkil etmiş və iddiaçının, mehmanxanada qalmayan şəxslərin və ya mehmanxanada qalmaq istəməyən şəxslərin oraya daxil olması mehmanxananın normal iş ahəngini pozmuş ola bilər. Bu baxımdan hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi “iddianın təmini tədbirinin görülməsi barədə” ərizəni təmin etməkdə haqlı olmuşdur. Şikayətin dəlilinə gəldikdə isə Məhkəmə bildirir ki, iddianın əsaslı olub-olmamasına işin baxılmasının hazırki mərhələsində qiymət vermək mümkün deyil. Əgər gələcəkdə iddia rədd edilərsə və cavabdehin bir mülkiyyətçi kimi hüquqlarının pozulması müəyyən edilərsə, onda cavabdeh ona vurulmuş zərərin əvəzinin ödənilməsini iddiaçıdan tələb edə bilər. Çünki MPM-nin 164-cü maddəsinə görə, iddianın rədd edilməsi haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfindən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməyə haqlıdır. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, “iddianın təmini tədbirinin görülməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi ərizəni təmin etməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlili əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə, MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh X1 şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar