Məhkəmə qərarları › İş №2(103)-10367/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10367/2021

25.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10367/2021 25.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi , İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin ödənilməsindən azad edilmə" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15.07.2021-ci il tarixli, 2(010)- 3753/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı "aliment ödənilməsindən azad edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu Suraxanı rayon məhkəməsinin 21.09.2018-ci il tarixli, 2(010)- 3943/2018 saylı qətnaməsi ilə 22.06.2008-ci il təvəllüdlü qızı X5 və 16.08.2009-cu il təvəllüdlü oğlu X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər birinə görə hər ay sabit pul məbləği şəklində təyin edilmiş və ödənilməsi ondan tələb olunan 154 manat, cəmi 308 manat məbləğində alimentdən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X2 ilə 18.08.2007-ci ildə ailə həyatı qurmuş, nikahlarını isə 10.10.2008-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahdan iki uşaqları - 22.06.2008-ci il təvəllüdlü qızları X5 və 16.08.2009-cu il təvəllüdlü oğlanları X7 anadan olmuşdur. Onlar cavabdehlə 2009-cu ilin noyabr ayına kimi Quba rayonunun Digah kəndində onun ata evində bir yerdə yaşamışlar. Ailə münasibətləri pozulduğuna görə cavabdeh Oksana Həbibova 2009-cu ilin noyabr ayında övladları Mətin Həbibovu da özü ilə götürüb Bakı şəhərinə ata evinə getmiş və bir daha geri qayıtmamışdır. Cavabdeh 2009-cu ilin noyabr ayında ata evinə gedan zaman qızları Məryəm Həbibovanı özü ilə aparmamış, qızları onun yanında Quba rayonunun Digah kəndində qalmış və bu günə kimi də onun yanında qalmaqda davam edir. Qızı Məryəmi təkbaşına saxlayır və böyüdür. Qızının bütün maddi və mənəvi ehtiyaclarını bu günə kimi tam şəkildə təkbaşına özü qarşılayır. Hazırda qızı X9 rayonu Digah kəndində onunla və valideynləri ilə bir yerdə yaşayır və Digah kənd tam orta məktəbinin 7-ci sinifində təhsil alır. Cavabdehin Suraxanı rayon məhkəməsində qaldırdığı '‘nikahın pozulması barədə ”iddiası əsasında nikahıları Suraxanı rayon məhkəməsinin 21.09.2018-ci il tarixli, 2(010)-3943/2018 saylı qətnaməsi ilə pozulmuş və həmin qətnamə ilə boşanmadan sonra hər iki uşalarının cavabdehin yanında qalması və hər uşağa görə hər ay sabit pul məbləği şəklində 154 manat, cəmi 308 manat məbləğində pulun aliment kimi məndən tutulub cavabdehə ödənilməsi qət edilmişdir. Nikahları pozulduqdan sonra da qızı Məryəm Həbibova cavabdehin yanına qayıtmaq istəmədiyinə, onunla yaşamaq istəmədiyinə və buna qəti şəkildə etiraz etdiyinə görə onunla Quba rayonunun Digah kəndində qalmışdır. Bu səbəbdən Suraxanı rayon məhkəməsinin 21.09.2018-ci il tarixli,2(010)-3943/2018 saylı qətnaməsinin icrası tam şəkildə mümkün olmamış və Məryəm Həbibovanın yenə əvvəlki kimi 21.09.2020-ci ilə kimi onun yanında Quba rayonunun Digah kəndində qalıb yaşamışdır. Onun iddiası əsasında Suraxanı rayon məhkəməsinin 05 mart 2021-ci il tarixli qətnaməsi ilə 22 iyun 2008-ci il təvəllüdlü X3 onun himayəsinə verilməsi qət edilmişdir. Belə olan halda, yəni birgə nikahdan olan uşaqlardan biri faktiki olaraq onun himayəsində olduğuna görə digər uşağına da aliment ödəməyi maddi cəhədən ona çətindir. Belə ki, o, yüksək gəlir və qazanca malik deyildir, pandemiya dövründə işsiz qalması ilə əlaqədar alimentə görə 1000 manatdan çox borcu yaranmışdır. Bu səbəbdən hesab edir ki, o, iki uşağa görə aliment ödəmək öhdəliyindən azad edilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15.07.2021-ci il tarixli, 2(010)-3753/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan iş üzrə İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia ərizəsində qeyd olunan dəlillərə istinad edilməklə onunla əsaslandırılmışdır ki, məhkəmə onun təqdim etdiyi sübutları nəzərə almadan ədalətsiz qətnamə çıxarmış, tam, hərtərəfli, obyektiv araşdırma aparmamışdır. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən əsaslı olduğu üçün qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməklə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İşin araşdırılan halları və iş materiallarına əlavə edilmiş məhkəmə qətnamələri ilə mübahisəsiz şəkildə müəyyən edilir ki, tərəflər arasında nikah pozulmuş, 22 iyun 2008-ci il təvəllüdlü X5 və 16 avqust 2009-cu il təvəllüdlü X4 nikah pozulduqdan sonra X1 yanında qalmaları, 16 avqust 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı alimentin tutulmasının əvvəli 03 may 2018-ci il tarixdən hesablanmaqla iddiaçı X1 xeyrinə hər ay sabit pul məbləğində 154 manat miqdarında aliment və 22 iyun 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı X1 xeyrinə alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay sabit pul məbləğində 154 (yüz əlli dörd) manat miqdarında aliment tutulması qət edilmişdir. Lakin azyaşlı Məryəm Həbibova atasının yanında qalmış, bu səbəbdən onun saxlanması üçün tutulmalı olan aliment borcu – 2772.00 manat məhkəmə qətnaməsi əsasında silinmiş, digər məhkəmə qətnməsi ilə isə azyaşlı Məryəm Həbibovanın atası İddiaçı yanında qalması müəyyən edilmişdir. İddiaçı uşaqlardan birinin onun, digərinin isə cavabdehin yanında qalmasına istinad edərək onun alimentin ödənilməsindən azad edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən işin o hallarına əsaslanmışdır ki, iddiaçı aliment ödənilməsindən azad olunmasının qanundanəzərdə tutulan əsaslara görə yaranması barədə sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə tam razılaşmır. Belə ki, işin mübahisəsiz hallarından da göründüyü kimi, tərəflərin birgə uşaqları olan X7 nikah pozulduqdan sonra anasının yanında qalmışdır və onun saxlanması üçün İddiaçı alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin alimentin ödənilməsindən iddiaçının azad edilməsinə dair sonuncu tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Kollegiya qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş digər uşaqları Məryəm Həbibovanın iddiaçının yanında qalması faktı özlüyündə onu digər uşağa görə aliment ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 107.1 və 107.2-ci maddələrinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Konstitusiya Məhkəməsi həmin Qərarında hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qararda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ail əvə ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd edilən maddi hüquq nomralarından və onların şərhinə dair Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, iddiaçı alimentin müəyyən edilmiş məbləğinin dəyişdirilməsi üçün ilk növbədə buna əsas verən hallarla bağlı sübutlar təqdim etməlidir. Lakin hazırkı işin araşdırılan halları ilə iddiaçının azyaşlı oğlunun saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş alimentin məbləğinin azaldılması, yaxud onu ödəməkdən azad edilməsinə əsas verə biləcək hər hansı əsas müəyyən edilməmişdir. Tərəflərin birgə nikahından doğulmuş azyaşlı Məryəm Həbibovanın iddiaçının yanında qalmasının, bu səbəbdən də onun digər uşağa görə aliment ödəyə bilməməsi ilə bağlı dəlilini məhkəmə kollegiyası əsassız hesab edir və qeyd edir ki, iddiaçının özünün də etiraf etdiyi kimi, həmin uşaq 2009-cu ildən etibarən daimi olaraq onun yanında qalmış və onun tərəfindən maddi cəhətdən təmin olunmuşdur. Yəni, məhkəmənin 21.09.2018-ci il tarixli qətnaməsinə əsasən azyaşlı qızının iddiaçının yanında qalmasının müəyyən edilməsi uşağın fiziki olaraq anadan alınıb ataya verilməsini deyil, bir növ atanın yanında qalan uşağın həmin vəziyyətinin hüquqi baxımdan tanınması olmuşdur. Yəni həmin qətnamə ilə iddiaçının maddi və ailə vəziyyətində hər hansı bir dəyişiklik olmamışdır. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş azyaşlı Məryəm Həbibovanın atasının yanında qalması məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, həmin uşağa görə iddiaçıdan cavabdehin xeyrinə alimentin tutulması üçün hüquqi əsas artıq aradan qalxmışdır. Belə ki, Suraxanı rayon məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə həmin uşağın saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin İddiaçı alınaraq Oksana Həbibovaya (Seyidovaya) ödənilməli olması qət edilmişdir. Həmin qətnamə hal-hazırda da qüvvədə olmaqla, icra olunmaqdadır. Lakin həmin qətnamədə ananın yanında qalması müəyyən edilmiş uşaq üçün aliment tutulmasını nəzərdə tutulmuşdur. Hazırda isə azyaşlı Məryəm Həbibovanın məhkəmənin qətnaməsi əsasında atası İddiaçıla qalması müəyyən edilmişdir. Bu səbəbdən, qeyd edilən alimentin tutulmasına ehtiyac da aradan qalxmışdır. Lakin birinci instansiya məhkəməsi işin bu hallarına əhəmiyyət verməyərək, iddianı tamamilə rədd etmiş, bununla da hər iki uşağın saxlanması üçün iddiaçıdan cavabdehin xeyrinə alimentin tutulmasının əsaslı olduğu qənaətinə gəlmişdir. Bu qənaəti isə məhkəmə kollegiyası yuxarıda sadalanan əsaslara görə düzgün hesab etmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçıdan tərəflərin birgə nikahından doğulmuş və ananın yanında qalması müəyyən edilmiş azyaşlı Mətin Həbibovun saxlanması üçün aliment ödənilməsindən azad edilməsinə dair iddiası əsassız olsa da, tərəflərin digər övladı olan azyaşlı Məryəm Həbibovanın iddiaçının yanında qalması müəyyən edildiyindən, iddiaçı bu uşağın saxlanması üçün ondan tutulmalı olan alimentin ödənilməsindən azad edilməlidir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri qismən əsaslı hesab edir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan qətnamə qismən ləğv edilməli, iddia qismən – azyaşlı Məryəm Həbibovanın saxlanması üçün iddiaçıdan tutulmalı olan alimentin ödənilməsindən azad edilməsi hissəsindən azad edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsinə görə, Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15.07.2021-ci il tarixli, 2(001)-3753/2021 nömrəli qətnaməsi qismən ləğv edilsin. İddiaçı Həbibov X6 rayon məhkəməsinin 21.09.2018-ci il tarixli, 2(010)-3943/2018 saylı qətnaməsi ilə 22.06.2008-ci il təvəllüdlü qızı X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləği şəklində təyin edilmiş 154 manat məbləğində alimentin ödənilməsindən azad olunsun. Qətnamə qalan hissədə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar