Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1039/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1039/2023 (Açar sözlər: əmək haqqının ödənilməsi) Bakı şəhəri 18 yanvar 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X4 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, İddiaçı cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3338/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh MMC-nin baş direktoru Camal Sadıxovun xx.xx.2021-ci il tarixli, 45/K saylı əmrinə əsasən İddiaçı tərəf olduğu xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” yarımbəndinə əsasən xitam verilmiş, o, tutuduğu Maliyyət-iqtisad və mühasibat uçotu şöbəsinin böyük mühasib vəzifəsindən azad edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdən işdən çıxdığı xx.xx.2021-ci il tarixədək ona ödənilməli əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə bağlanmış əmək müqaviləsinə əsasən aylıq 1200 manat əmək haqqı müqabilində onu işə götürmüşlər. Bir neçə il MMC-də işlədikdən sonra Vətən Müharibəsinə könüllü olaraq qatılmışdır. xx.xx.2020-ci il tarixdə hərbi hissənin siyahısına daxil edilmişdir. xx.xx.2021-ci il tarixində ehtiyata buraxılmışdır. O, Vətən müharibəsindən qayıtdıqdan sonra cavabdeh təşkilatda işləməyə başlamış və ona 250 manat əmək haqqı kəsilmişdir. Buna etiraz etmiş və bir neçə ay sonra işdən çıxmışdır. İşdən çıxdıqdan sonra ona bildirilmişdir ki, xx.xx.2021-ci il tarixində guya o, maaşının azaldılmasına razılıq ərizəsi vermişdir. Halbuki, xx.xx.2021-ci il tarixində o, Qarabağda olmuşdur. Dəfələrlə yazılan ərizənin ona göstərilməsini xahiş etsə də, ərizə ona təqdim edilməmişdir.
4. İddiaçı həmçinin izahatında bildirmişdir ki, əmək haqqının azaldılması ilə bağlı məsələ gündəmdə olarkən, o, Qarabağda olmuşdur. Əmək haqqı ilə bağlı müzakirələr isə oktyabrnoyabr ayında aparılmışdır. 01 dekabr 2020-ci il tarixli ərizədəki imza ona məxsus deyil. Müharibədə olduğu dövrdə orta aylıq əmək haqqı saxlanılmaqla ödənilirdi. Onun ailəsinə isə məlumat verilmişdir ki, əmək haqqı 1 ay az ödənilsə də, sonradan tam həcmdə veriləcəkdir. Çünki daha əvvəl pandemiya dövründə də MMC rəhbərliyi bu addımı atmışdır. Özü 28 sentyabr 2020-ci il tarixindən 05 yanvar 2021-ci il tarixinədək müharibədə olmuşdur. Noyabr ayında əmək haqqı tam həcmdə ödənilmişdir. Onunla razılaşdırılmadan əmək haqqının azaldılması barədə əmr verilib. Hesab edir ki, bu düzgün deyil. xx.xx.2020-ci il tarixində burada olmadığından sənədə imza ata bilməzdi. Qayıtdıqdan sonra təxminən 20 yanvar tarixindən sonra işə çıxmış, bu zaman əmək haqqının azaldılaraq 250 manat olması barədə məlumatlanmışdır. Bu barədə rəhbərlikdən məlumat almaq istədikdə ona vəziyyətin müvəqqəti olduğu, daha sonra əmək haqqının ödənilməyən hissələrinin də qaytarılacağı barədə məlumat verilmişdir. Aprel ayının sonuna kimi işlədikdən sonra MMC-dən işdən çıxmışdır. Ona əmək müqaviləsinin də nüsxəsi təqdim edilməyib. İşdən çıxmaq barədə ərizəsindəki imza ona məxsusdur. Lakin əmək haqqının dəyişdirilməsi barədə sənəddə imza ona məxsus deyildir. Ehtimal edir ki, bu dəyişiklər barədə imzanı ona ya işə girən zaman imzalatmışlar, yada ki, imza ona məxsus deyildir. Əmək müqaviləsinə dəyişikliyi 2021-ci ilin yanvar ayında imzalamış, onu imzalayanda Bədəlova Vəfa yanında olmamış və həmin şəxs onun yanında müqaviləyə “əmək haqqı xx.xx.2020-ci ildən 250 manat müəyyən edilsin” yazısını yazmamışdır. Ümumiyyətlə dəqiq yadındadır ki, o əmək müqaviləsinə dəyişikliyə imza atmamışdır. Çünki o, əmək haqqının azaldılmasına razı deyildi. Hələ müharibədə olanda iş yoldaşları ilə telefonla danışan zaman ona əmək haqqlarının azaldıldığını və şirkətin daha sonra bunu kompensasiya edəcəyini demişdilər. Müharibədən qayıtdıqdan sonra şirkətdə mühasib işləyən Fariz Vəliyev adlı iş yoldaşı ilə aralarında söhbət apararkən də müqaviləyə imza atmamalarını ona demişdir. Fariz dəyişikliyə razı olub imzalasa da, lakin özü imzalamamışdır. Vəfa xanım kadrlar şöbəsində kargüzar olmuş, onunla xüsusi münasibəti olmayıb. Müharibədən qayıdandan sonra onların otağına imza atmaq üçün yox, görüşmək üçün getmişdir. Güman edir ki, 2019-cu ildə əmək müqaviləsi imzalanan zaman ona bütün səhifələrə imza atdırmışlar və sonradan da dəyişiklik hissəsinə əmək haqqının 250 manat olması barədə yazını yazmışlar.
5. Eyni zamanda iddiaçının vəkili bildirmişdir ki, əmək müqaviləsi tərtib olunarkən orada boş xanalar saxlanılmışdır. İddiaçı imza atarkən bütün səhifələri imzalamış, sonradan şirkətin işçisi tərəfindən əmək müqaviləsinə dəyişikliklər xanasına əmək haqqının azaldılaraq 250 manat müəyyən edilməsi ilə bağlı əlyazma edilmişdir. Bu əlyazma işçi əmək müqaviləsini imzalayandan sonra yerinə yetirilmişdir. Həmçinin dəyişikliyin nəzərdə tutulduğu dekabr ayında iddiaçı hərbi xidmətdə olmuşdur. Onun razılığı alınmadan əmək müqaviləsinə dəyişiklik edilmişdir. Ümumiyyətlə əmək müqaviləsi forma və məzmuna əməl olunmadan tərtib edilmişdir. Belə ki, əvvəldən müqaviləyə boş xanalar yerləşdirmək gələcəkdə artıq imzalanmış olan müqaviləyə istənilən əlavəni istisna etmir. Bundan başqa işçilərin əmək müqaviləsinə dəyişiklik edilməsi barədə MMC tərəfindən əmr verilməli, daha sonra işçilər həmin əmrlə tanış edilməli, bu barədə hər hansı bir qəbzə qeyd aparılmalı idi. Cavabdeh isə iddiaçını əmrlə tanış etməmiş, bu barədə heç bir qeyd aparmamış əmək müqaviləsinə dəyişikliyə imza atdırdıqlarını iddia edirlər. İşçi hərbi xidmətdə olduğu vaxt onun orta aylıq əmək haqqı saxlanılmalı idi. Şirkət buna əməl etməyərək dekabr ayının 1-dən əmək haqqının azaldılmasını müəyyən etmişdir. Əmək müqaviləsinin 3-4-cü səhifələrindəki imzalara diqqət yetirdikdə onların eyni mürəkkəblə edildiyini görünür. Bu da həmin imzaların eyni vaxtda çəkildiyinə işarə edir.
6. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsində göstərilənlər tamamilə əsassızdır. İddiaçı xx.xx.2018-cı il tarixdə Cavabdeh MMCnin Maliyyə şöbəsinə mühasib vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixli, 217-k saylı əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, bundan sonra, xx.xx.2019-cu il tarixdə onunla yenidən əmək müqaviləsi bağlanılmış, İddiaçı Cəmiyyətin Maliyyət-iqtisad və mühasibat uçotu şöbəsinin böyük mühasib vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixli, 45/K saylı əmrə əsasən onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” yarımbəndini rəhbər tutaraq əmək qanunvericiliyin tələblərinə uyğun xitam verilmiş və son haqq-hesab aparılmışdır. Koronavirus (Covid-19) pandemiyası səbəbindən Cavabdeh fəaliyyəti dayandırılmış, 24 mart 2020-ci il tarixdən 31 may 2021-ci il tarixədək müəssisə fəaliyyət göstərməmiş, bu səbəbdən də kompleksdə muzdla çalışan işçilərə əmək haqlarının, kompleksin qorunub saxlanılması və digər xərclərin ödənilməsində ciddi maddi çətinliklər yaranmışdır. Pandemiya dövründə müəssisədə çalışan işçilərin iş yerlərinin qorunub saxlanılması məqsədilə xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq onların hər-birinə əmək haqqı minimum aylıq əmək haqqı normasına uyğun 250,00 manat müəyyənləşdirilmişdir. Bu barədə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə rəsmi yazılı məlumat verilmişdir. Eyni zamanda MMC-nin Baş direktorunun xx.xx.2021-ci il tarixli, 04/F saylı əmrinə əsasən İddiaçı iş yerinə gəlib-getməsi ilə əlaqədar yanacaq xərclərinin ödənilməsi məqsədilə işçi heyətdən yalnız ona fevral ayına da şamil edilməklə, pandemiya ilə əlaqədar məhdudiyyətlərin mövcud olduğu müddətdə hər ay üçün 150 (bir yüz əlli) manat vəsait verilməsi təmin edilmişdir. İddiaçı öz ərizəsinin 6-cı bəndində, iddianın (mübahisənin) predmeti bölməsinin ikinci abzasında qeyd etmişdir ki, “mən Vətən Müharibəsindən qayıtdıqdan sonra cavabdeh təşkilatda işləməyə başladım və mənə 250 manat əmək haqqı kəsdilər. Mən buna etiraz etdim və bir neçə ay sonra işdən çıxdım. İşdən çıxdıqdan sonra mənə bildirdilər ki, xx.xx.2021-ci il tarixdə mən guya razılıq ərizəsi vermişəm ki, maaşım azaldılsın. Halbuki, xx.xx.2021-ci il tarixdə mən Qarabağda idim. Dəfələrlə mənim yazdığım ərizəni mənə göstərilməsini tələb etsəm də mənə heç bir sənəd göstərilməmişdir.” İlk növbədə qeyd edilməlidr ki, iddiaçı əmək haqqının azaldılması ilə bağlı etirazını və digər tələblərini təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməmişdir. MMC tərəfinədən İddiaçı ilə xx.xx.2019-cu il tarixdə bağlanılmış əmək müqaviləsi iş materiallarına sübut olaraq əlavə olunur. Müqavilənin 8-ci bəndindən göründüyü kimi işçinin razılığı ilə əmək haqqı xx.xx.2020-ci il tarixdən 250 manat müəyyən edilmiş, müvafiq dəyişikliklər işçinin imzası ilə təsdiq edilmiş, xx.xx.2021-ci il tarixdən işçinin işdən azad olunduğu - xx.xx.2021-ci il tarixədək iddiaçı aylıq 250,0 manat məbləğində əmək haqqı almışdır. Hazırki iddia tələbi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək haqqının hesablanıb ödənilməsi ilə bağlı olduğundan, əmək müqaviləsində əmək haqqının 250,0 manat məbləğində müəyyənləşdirilməsi ilə bağlı iddiaçının razılığının olub-olmaması araşdırılmadan, göstərilən məsələyə hüquqi qiymət verilmədən iddia tələbi təmin edilə bilməz və müqavilənin 8-ci bəndinə əsasən əmək haqqının xx.xx.2020-ci il tarixdən 250 manat müəyyən edilməsi barədə tərəflər arasında razılıq olduğundan hazırki iddia tələbi rədd edilməlidir. Göründüyü kimi, “əmək haqqının xx.xx.2020-ci il tarixdən 250 manat müəyyən edilməsi” barədə müvafiq dəyişikliklər onun iradəsinə uyğun aparılmış, əmək müqaviləsində aparılmış dəyişikliklər işçinin və işəgötürənin imzası ilə təsdiq edilmişdır. İşçi buna dair etiraz etməmiş, əksinə müvafiq dəyişiklikləri qəbul etmiş və başqa işə keçməsi ilə əlaqədar işdən çıxmışdır. Məlumat üçün məhkəmənin nəzərinə çatdırılır ki, əmək müqaviləsi AR Əmək Məcəlləsinin 1-ci əlavəsindəki “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması”na uyğun bağlanılmış, müqaviləyə dəyişikliklər əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada aparılmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərilənlər əsassızdır və hər-hansı mötəbər sübutlarla təsdiq edilmir.
7. Cavabdeh MMC tərəfindən verilən əmək şəraitinin dəyişdirilməsi haqqında xx.xx.2020ci il tarixli, 34/F saylı əmrdən görünür ki, Cavabdeh MMC üzrə ştat cədvəlinin təsdiq edilməsi, işçilərin əmrin birinci hissəsi ilə təsdiq edilmiş ştat cədvəli üzrə nəzərdə tutulan əmək şəraiti barədə xəbərdar edilməsi və bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi məlumat verilməsi, əmrin icrasının Maliyyə, İnsan resursları və sənədlərlə iş şöbələrinə həvalə edilməsi əmr edilmişdir.
8. Təsdiq edilmiş ştat cədvəlindən görünür ki, xx.xx.2020-ci il tarixindən Cavabdeh MMCdə hər bir vəzifə üzrə əmək haqqı minimum əmək haqqı məbləğində 250 manat müəyyən edilmişdir.
9. "xxxx" ASC tərəfindən təqdim edilən əmək haqqı ödənişləri ilə bağlı cədvəldən görünür ki, İddiaçı xx.xx.2020-ci ildə 234 manat, xx.xx.2021-ci ildə 234 manat, xx.xx.2021-ci ildə 150 manat, xx.xx.2021-ci ildə 234 manat, xx.xx.2021-ci ildə 150 manat, xx.xx.2021-ci ildə 80 manat, xx.xx.2021-ci ildə 234 manat, xx.xx.2021-ci ildə 150 manat, xx.xx.2021-ci ildə 231,50 manat, xx.xx.2021-ci il tarixində 1720,33 manat əmək haqqı ödənilmişdir.
10. İddiaçı məxsus SX seriyalı, ******* saylı hərbi biletin surətindən görünür ki, xx.xx.2020ci il tarixindən xx.xx.2021-ci il tarixinədək N saylı hərbi hissənin tərkibində, Cəbrayıl və Qubadlı rayonları istiqamətinə aparılan döyüşlərdə iştirak etmişdir.
11. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixindək 3 ay sınaq müddətinə maliyyə-iqtisad və mühasibat uçotu şöbəsinin böyük mühasibi vəzifəsinə işə qəbul edilmiş, əmək haqqı məbləği 1200 manat müəyyən edilmişdir. Əmək müqaviləsinin əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə məlumatların qeyd edildiyi 8.2-ci bəndində “əmək haqqı xx.xx.2020-ci ildən 250 manat müəyyən edilsin” barədə qeyd aparılmışdır.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/931 saylı, xx.xx.2022-ci il tarixi ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin 8-ci bəndində işçi qrafasındakı imza İddiaçı tərəfindən icra olunmuşdur.
13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3338/2022 nömrəli, 10 noyabr 2022ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək 2020-ci ilin dekabr, 2021-ci ilin yanvar və fevral ayları üçün əmək şəraitinin şərtlərinin dəyişdirilməsinədək olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsi üzrə əmək haqqının ödənilməmiş hissəsinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı 2021-ci ilin yanvar ayının sonundan artıq işə çıxmışdır və əmək şəraitinin şərtlərinin dəyişdirilməsindən xəbərdar olmuşdur. Belə ki, cavabdeh tərəfindən dəvət edilən şahid iddiaçının 2021-ci ilin yanvar ayının sonunda işə çıxdığı və həmin vaxt da iddiaçıya onun iştirakı ilə əmək müqaviləsinə edilmiş dəyişikliyə imza etdirdiyini bildirmişdir. Baxmayaraq ki, iddiaçı əmək müqaviləsinə edilmiş dəyişikliyə onun tərəfindən imza edilmədiyini bildirmişdir, lakin ekspertiza tədqiqatı və şahid ifadəsi ilə bu fakt, yəni imzanın iddiaçı tərəfindən icra edilməsi öz təsdiqini tapmışdır. Bundan başqa iddiaçının hərbi xidmətdən 2021-ci ilin yanvar ayının 1-dən ehtiyata buraxılmasına baxmayaraq, ona fevral ayının 8-dən yanacağa görə əlavə pulun ödənilməsi də, iddiaçının yanvar ayı ərzində işdə olmadığını dolayı yolla təsdiq edir. Odur ki, iddiaçı yeni əmək şəraiti ilə işi davam etdirməyə razı deyil idisə, bunu işəgötürənə bildirməli və Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndindən irəli gələn hüquqlarını həyata keçirməli idi. Lakin işçi 2021-ci ilin yanvar ayının sonu işə çıxdıqdan sonra, baxmayaraq ki, kompensasiya veriləcəyinə ümid etmişdir, lakin faktiki olaraq yeni əmək şəraiti ilə razılaşmış və müəssisədə işləməyə davam etmişdir. Bu səbəbdən də işçinin əmək şəraitinin şərtləri ilə razılaşmaması barədə dəlili əsassız hesab edilməlidir.
15. İddia tələbinin əsaslı olan hissəsi isə ondan ibarətdir ki, ilk öncə işəgötürən işçinin hərbi xidmətdə olduğu müddətdə əmək haqqını azalda bilməzdi və bu səbəbdən işəgötürən işçinin 2020-ci ilin dekabr ayında işdə olmadığı müddətdə əmək haqqısını azaltmaqda haqlı olmamışdır. Bundan əlavə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi barədə əmrin işçi üçün o vaxtdan hüquqi qüvvəsi yaranır ki, işəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etmiş olsun. Lakin işin müəyyən edilmiş hallarından görünür ki, işəgötürən işçini 2021-ci ilin yanvar ayının sonunda əmək şəraitinin şərtlərinin dəyişdirilməsi barədə xəbərdar etmiş və razılaşdırmışdır. Bu baxımdan işçiyə yeni əmək şəraitinin şərtləri ən azı 1 ay sonra tətbiq edilməli idi. Yəni əslində işçinin həmin 1 ay müddətində əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə etiraz etmək üçün vaxtı var idi. Lakin işəgötürən nəinki sonrakı bir ay müddəti üçün, hətta həmin ay üçün də yeni əmək şəraitinin şərtlərinə uyğun davranmaqda davam etmişdir. Odur ki, işçiyə yeni əmək şəraitinin şərtləri 2022-ci ilin mart ayından şamil edilməli və əvvəlki aylar üçün köhnə əmək şəraitinin şərtlərinə uyğun ödənilməmiş əmək haqqının qalıq hissəsi ödənilməlidir.
16. İddia müddətinin tətbiqi barədə ərizəni məhkəmə əsaslı hesab etməyərək bildirmişdir ki, əvvəla iddiaçı 2021-ci ilin yanvar ayının sonundan əmək şəraitinin şərtlərinin dəyişdirilməsindən xəbərdar olmuşdur və onun işə çıxar-çıxmaz məhkəməyə müraciət etmək üçün əsası olmamışdır. Belə ki, işçinin bu çətinliyin pandemiya dövrü ilə əlaqədar yaranmış olması və tezliklə ona əmək haqqının qalıq hissəsinin ödəniləcəyi barədə ümid etməsi barədə dəlili inandırıcıdır. Elə bu səbəbdən də qanunverici işçinin hüququnun pozulmasının aşkar edildiyi günün işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün olduğunu hesab etmişdir. Yəni işçinin son haqq-hesabın aparılmasınadək ona kompensasiya ödəniləcəyinə ümid etməsi kifayət qədər obyektiv səbəbdir. Bu səbəbdən də məhkəmə iddia müddətinin axımının işçi ilə əmək müqaviləsinə xitam verildiyi xx.xx.2021-ci il tarixdən hesablanmalı olduğu qənaətinə gəlmişdir.
17. Məhkəmə gəldiyi nəticəni, Əmək Məcəlləsinin 11, 46, 55, 56, 179, 287, 290, 292 və 296-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
18. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3338/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir.
19. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə təqdim edilərək araşdırılmış sübutlardan göründüyü kimi, iddiaçı hüququnun pozulduğunu iddia etdiyi əmək müqaviləsini 2021-ci ilin yanvar ayında imzalamış və bununla da qeyd edilən əmək müqaviləsi ilə onun əmək haqqının 250 manat olması ilə razılaşmışdır. Beləliklə də, iddiaçı məhz 2021-ci ilin yanvar ayından əmək haqqının 250 manat olmasını bilmişdir. İddiaçı qeyd edilən əmək müqaviləsini imzalamaqla əmək şəraitinin dəyişməsindən imtina etməmiş və Əmək Məcəlləsinn 56-cı maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş hüquqlarından istifadə etməmişdir. İddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə müraciət etməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinin tələbini pozmuşdur. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilsə də məhkəmə iddia müddətini tətbiq etməmişdir. Əksinə olaraq iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2022ci il tarixdən bir il beş ay əvvəl olan əmək haqqının artırılması barədə qərar qəbul etmişdir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda ifadə vermiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının mühasib vəzifəsində işləyən işçiyə əmək haqqının az ödənilməsi, işçinin bundan 6 ay ərzində məlumatının olmaması həqiqətə uyğun deyil, eyni zamanda işçi əmək haqqının azaldılması ilə bağlı müvafiq razılığını vermiş və imzası ilə təsdiq etmişdir. Hesab edir ki, hazırki iddia tələbləri ilə məhkəməyə müraciət edilənədək qanunla müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. İddiaçının əmək haqqının 250 manat müəyyən olması barədə razılığı olmuş, əmək haqqının məbləğindən 2021-ci ilin yanvar ayından məlumatı olmuş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür.
22. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini, mübahisəni həll etmək üçün yanvar ayında müvafiq mediasiya təşkilatına müraciət etdiyini bildirərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3338/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Apellyasiya baxışının hədləri
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın qismən təmin olunmuş hissəsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
27. 46-cı maddəsinin altıncı bəndinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər.
28. 55-ci maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir.
29. 56-cı maddəsinin ikinci bəndinə əsasən işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.
30. 179-cu maddəsinin ikinci bəndinə əsasən işçinin iş yeri və orta əmək haqqı saxlanılır: g) hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda; ğ) hərbi və fövqəladə vəziyyətlə əlaqədar, habelə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün müvafiq işlərin görülməsinə cəlb olunduqda.
31. 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.
32. 290-cı maddəsinin ikinci bəndinə əsasən işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir.
33. 292-ci maddəsinin birinci bəndinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
34. 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür.
35. 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir.
38. İşin apellyasiya baxışı zamanı təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, İddiaçı Cavabdeh MMC-yə mediasiya prosesinin tətbiqi barədə xx.xx.2021-ci il tarixli təklif məktubu göndərmişdir; həmin təklif məktubu Bədəlova soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Bundan sonra İddiaçı Cavabdeh MMC ilə arasında olan əmək mübahisəsi üzrə mediator təyin edilməsi üçün 10 yanvar 2022-ci il tarixdə ərizə ilə müraciət etmişdir.
39. Apelyasiya şikayətində iddiaçının əmək müqaviləsini 2021-ci ilin yanvar ayında imzalamaqla əmək haqqının 250 manat olması ilə razılaşdığına, həmçinin hüququnun pozulması barədə həmin tarixdən məlumatlı olduğuna istinad edilmişdir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, əmək müqaviləsinin məzmunu tərəflərin qarşılıqlı razılığı ilə formalaşdırıldığından, əmək müqaviləsinə dəyişikliklər də əmək qanunvericiliyində nəzərdə tutulan qaydada yalnız tərəflərin qarşılıqlı razılığı ilə edilə bilər. Birtərəfli qaydada əmək müqaviləsinə dəyişikliklər edilə bilməz. İşəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Xəbərdarlıq müddətində işçi işini əmək müqaviləsində mövcud olan şəraitdə davam etdirməlidir.
41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işdə mövcud olan sübutlara əsasən iddiaçının 2021-ci ilin yanvar ayının sonunda əmək şəraitinin şərtlərinin dəyişdirilməsi barədə xəbərdar edildiyi, bu baxımdan dəyişdirilən əmək şəraitinin şərtlərinin ona ən azı bir ay sonra tətbiq edilməli olduğu barədə gəldiyi nəticə ilə razılaşır.
42. Apellyasiya şikayətində istinad olunmuş digər dəlil ilə əlaqədar qeyd edilməlidir ki, iddiaçının apelyasiya icraatı qaydasında işə baxılarkən təqdim etdiyi mediasiya üçün müraciət ərizədən göründüyü kimi, o, cavabdehlə onun arasında yaranmış əmək mübahisəsi üzrə mediatorun təyin edilməsi barədə ərizə ilə müvafiq mediasiya təşkilatına xx.xx.2022-ci il tarixdə müraciət etmiş, müraciəti ilə əlaqədar medasiya prosesinə xitam verilməsi barədə protokol xx.xx.2022-ci il tarixdə tərtib olunmuşdur. Yəni iddiaçının məhkəmə müdafiəsindən istifadə etmək üçün nəzərdə tutulan iddia müddəti çərçivəsində davranması barədə birinci instansiya məhkəməsinin ağlabatan mövqeyindən başqa, məhkəmə kollegiyası təqdim olunmuş sənədlərə əsasən iddiaçı tərəfindən bir illik iddia müddətinin ötürülmədiyi müəyyən edilmişdir.
43. Belə ki, iddiaçının 2021-ci ilin yanvar ayının sonunda əmək şəraitinin şərtlərinin dəyişdirilməsi barədə xəbərdar olması, cavabdehlə onun arasında yaranmış əmək mübahisəsi üzrə mediatorun təyin edilməsi barədə ərizə ilə xx.xx.2022-ci il tarixdə müvafiq mediasiya təşkilatına və daha sonra hüququndan sui-istifadə etmədən bir ay ərzində məhkəməyə müraciət etməsi işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarındandır. Məhkəmə kollegiyası vurğulayır ki, müvafiq qanunvericiliklə əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirakı tələb olunur.
44. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
45. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
46. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddia tələbinin təmin edilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3338/2022 nömrəli, 10 noyabr 2022ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov