Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10390/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin məcburi qaydada ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-2936/2021 saylı iş üzrə qəbul etdiyi 08 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 4817 manat məbləğində dəymiş ziyanın tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 23.07.2018-ci ildə yaşadıqları Ağamalılar kəndinin girişində idarə etdiyi "Toyota Hilux" ** XV *** dövlət nömrə nişanlı avtomobil həmin kəndin sakini X1 idarə etdiyi ** BJ *** dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə toqquşmuşdur. Qəza nəticəsində avtomobilinə 6.660 (altı min altı yüz altmış) manat maddi ziyan dəymişdir. Onların şikayətləri əsasında yol nəqliyyat hadisəsi ilə bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılmışdır. İmişli rayon Polis Şöbəsində müraciəti əsasında 2 dəfə - 01.08.2018-ci il və 25.10.2018-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Ancaq hər 2 qərardan İmişli rayon prokurorluğuna verdiyi şikayət əsasında sözügedən qərarlar qanunsuz və əsasız hesab edilərək ləğv edilmişdir. Sonuncu dəfə bu iş üzrə İmişli rayon Polis Şöbəsinin 30 mart 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda yol nəqliyyat hadisəsinin X1 təqsiri üzündən baş verdiyi öz əksini tapmışdır. Belə ki, qərarda deyilir ki, "23.07.2018-ci il tarixdə saat 19:00 radələrində X6 idarə etdiyi "Mercedes Benz" C180 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli, yan məsafə saxlamalı və avtomobilin idarə olunmaz vəziyyətinə düşməsinə yol verməməli olduğu halda bunlara riayət etməmiş və avtomobilini hərəkət etdirərkən qarşıdan gələn körpüyə birinci daxil olmuş İddiaçı Qüvvət oğlunun idarə etdiyi "Toyota Hiluxsurf" markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobili gözləmədən onunla toqquşmuş, nəticədə özünün yüngül bədən xəsarəti almasına və İddiaçı isə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirilməsinə səbəb olmuşdur. Bu hal material üzrə əlavə araşdırma zamanı dindirilmiş şəxslərin izahatları, hadisə yerinə baxış protokolu, əlavə məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspert rəyi ilə təsdiqini tapmışdır". Sözügedən qərara əsasən X1 əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti İmişli RPŞ-nin X14 Bölməsinə göndərilmişdir. Həmin qərardan şikayət verilməmişdir. Daha sonra İmişli RPŞ-nin İstintaq bölməsinin 03.04.2019-cu il tarixli arayışı və sözügedən qərar əsasında ona sığorta ödənişinin verilməsi ilə bağlı ərizəsi ilə cavabdeh "xxxx" ASC-yə müraciət etmişdir. Ancaq cavabdeh qurum heç bir qanuni və ciddi əsas göstərmədən İmişli RPŞ-nin 30 mart 2019- cu il tarixli qərarını şübhə altına almış, 22.05.2019-cu il tarixli müraciətlə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir. Müraciətdə cavabdeh İmişli RPŞ-nin 30 mart 2019-cu il tarixli qərarında guya onunla Rəsul Qanbayovun təqsirə dair öz aralarında razılaşaraq bu yolla sığorta ödənişi alacaqlarına dair razılaşdıqları və İmişli RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Kamran Vəliyevin yol nəqliyyat hadisəsini əslində olduğundan fərqli qaydada sənədləşdirdiyini göstərmiş, Rəsul Qanbayov, o və müstəntiq Kamran Vəliyevin Azərbaycan Respubılikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməyə cəhd etməyi, Kamran Vəliyevin isə əlavə olaraq Cinayət Məcəlləsinin 313-cü müddəsində nəzərdə tutulmuş cinayəti əməli törətməsi barəsində mülahizə irəli sürmüşdür. Cavabdeh ASC-nin bu müraciəti üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılaraq toplanmış material Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə İmişli rayon Prokurorluğuna göndərilmişdir. İmişli rayon Prokurorluğunun müstəntiqi X9 28 dekabr 2019-cu il tarixli cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın istintaq aidyyəti üzrə göndərilməsi barədə qərar qəbul etmişdir. Həmin qərarla İmişli RPŞ-nin əməkdaşlarının əməllərində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Qərara əsasən yol nəqliyyat hadisəsinin iştirakçıları olan o və Rəsul Qanbayovun dələduzluq cinayətini törətməyə cəhd etməyinə dair xüsusatın araşdırılması məqsədilə prokurorluqda toplanmış materialın surəti istintaq aidyyəti üzrə İmişli rayon Polis Şöbəsinə göndərilmişdir. İmişli rayon Polis Şöbəsinin 18 yanvar 2020-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı ilə o və Rəsul Qanbayovun əməllərində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq cinayətinin tərkibi olmadığından hər ikiləri barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın surəti həmçinin cavabdeh "xxxx" ASC- yə göndərilmişdir. Ancaq bu 01 ildən çox müddətdə çoxsaylı müraciətlərinə baxmayaraq cavabdeh orqan müxtəlif bəhanələrlə sığrota ödənişini ödəməkdən imtina etmiş, sonuncu müraciətində isə məsələ ilə bağlı yenidən hansısa əsassız bəhanə ilə hüquq mühafizə orqanlarına müraciət etdiyini bildirmişdir Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-2936/2021 saylı iş üzrə qəbul etdiyi 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. zərərin aradan qaldırılması üçün "xxxx" ASC 28.11.2018-ci il tarixli, CCL-5466/2018 saylı sığorta aktına əsasən 4 000,00 (dörd min) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Ödənişin verilməsi 001AZ**********0 saylı ödəniş tapşırığında öz əksini tapmışdır. Daha sonra İmişli RPŞ-nin İB-si tərəfindən təqdim edilmiş 03.04.2019-cu il tarixli, ***-**** saylı Arayış və təqdim olunmuş 30.03.2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarda zərərvuran şəxs dəyişdirilərək “Mercedes Benz C 180” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 olaraq qeyd olunmuşdur. Bununla da İddiaçı hadisə ilə bağlı Cəmiyyətə ərizə ilə müraciət edərək sığorta ödənişinin edilməsini xahiş etmişdir. Həmçinin 30.03.2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarda qeyd olunanlara əsasən X6 və İddiaçı təqsirə dair öz aralarında razılaşaraq sığortadan bu yolla ödəniş almaq üçün ifadə verəcəkləri qeyd olunmuşdur. Qeyd olunanlardan da görünür ki, İmişli RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Kamran Vəliyev hadisəni əslində olduğundan fərqli şəkildə sənədləşdirmişdir. Bundan başqa qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verdiyi körpüdə hər hansı yol nişanı olmadığından İmişli RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Kamran Vəliyev tərəfindən hadisə yerində təqsirin kimdə olmasını yol-nəqliyyat hadisələrinin avto-texniki ekspertizası keçirilmədən müəyyən etmək mümkün deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, izahatında bildirdi ki, 3 ildir ki, sığorta şirkəti onları get-gələ salmışdır. Apellyasiya şikayətində göstərildiyi kimi baş vermiş hadisə ilə bağlı hər hansı qeyri-qanuni qərar qəbul edilməmişdir, həmçinin sığorta ödənişi ilə bağlı hər hansı bir formada razılıq olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir, kollegiya cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan İmişli rayon Polis İdarəsinin 18 yanvar 2019-cu il tarixli cinayət işinin başlanamasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı və X2 əməllərində Azərbaycan Respublikası Cinayət Məsəlləsinin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq cinayət tərkibi olmadığından hər iki şəxs barəsində cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan İmişli rayon Polis İdarəsinin 28 dekabr 2019-cu il tarixli cinayət işinin başlanamasının rədd edilməsi barədə qərardan görünür ki, İmişli RPŞ-nin İstintaq bölməsinin sabiq müstəntiqi, polis baş leytenantı Kamran Vəliyev, İmişli rayon polis şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis baş leytenantı Mehdi Hüseynzadə və İmişli rayon polis şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısı işləmiş, polis X5 əməllərində cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası CM-nin 39.1.2-ci maddəsi ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, qeyd olunan yol-nəqliyyat hadisəsinin iştirakçıları İddiaçı və X3 dələduzluq cinayətini törətməyə cəhd etmələrinə dair xüsusat üzrə sonuncuların əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq cinayət tərkibinin olub-olmamasını müəyyən etmək məqsədilə həmin hissədə araşdırmanın davam etdirilməsi, nəticəsindən asılı olaraq qanuni və əsaslı qərar qəbul edilməsi üçün toplanmış materialın surəti istintaq aidiyyəti üzrə İmişli rayon polis şöbəsinə göndərilməsi, qəbul edilmiş qərarın surəti "xxxx" ASC, İddiaçı və X4 göndərilsin və izah edilsin ki, qərardan narazı qaldığı halda Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud İmişli rayon məhkəməsinə şikayət vermək hüququ vardır. İş materialları ilə müəyyən edilmişdir ki, "23.07.2018-ci il tarixdə saat 19:00 radələrində X6 idarə etdiyi "Mercedes Benz" C180 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli, yan məsafə saxlamalı və avtomobilin idarə olunmaz vəziyyətinə düşməsinə yol verməməli olduğu halda bunlara riayət etməmiş və avtomobilini hərəkət etdirərkən qarşıdan gələn körpüyə birinci daxil olmuş İddiaçı Qüvvət oğlunun idarə etdiyi "Toyota Hiluxsurf" markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobili gözləmədən onunla toqquşmuş, nəticədə özünün yüngül bədən xəsarəti almasına və İddiaçı isə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirilməsinə səbəb olmuşdur. Birinci instansiya məhkəməsi qeyd olunanlara əsasən hesab etmişdir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC-dən “Toyota Hilux” ** XV *** dövlət nömrə nişanlı avtomobilə dəymiş 4817 manat zərər məbləğinin məcburi qaydada tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1 maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1114-cü maddəsinə görə «başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-ci maddəsinə görə «sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir». Həmin Məcəllənin 936-cı maddəsinə əsasən, «subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir». Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı İmişli rayon X8 X10 TP2923715 saylı, 03 may 2019cu il tarixli inzibati xəta haqqında qərarı ilə X7 İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərarın ləğv edilməsi iş materialları ilə müəyyən edilməmişdir. Göründüyü kimi baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı İddiaçı deyil, X7 təqsirli bilinmiş və barəsində inzibati cərimə tətbiq edilmişdir. Digər tərəfdən iş materiallarında iddiaçı ilə X7 arasında hə hansı bir sövdələşmə olması müəyyən edilməmiş, həmin halla bağlı yəni adıçəkilən şəxslərin Azərbaycan Respublikası Cinayət Məsəlləsinin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq cinayət tərkibi olmadığından hər iki şəxs barəsində cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır, eləcə də cavabdeh tərəfindən bu barədə hər hansı sübut təqdim edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə Kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, iddianın təmin edilməsi barədə Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla öz təsdiqini tapmamışdır Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-2936/2021 saylı iş üzrə qəbul etdiyi 08 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh "xxxx" ASC tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-10390/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10390/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver