Məhkəmə qərarları › İş №2(103)-10416/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10416/2021

19.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10416/2021 19.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı, cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı "aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-2969/2021 saylı, 08.06.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdeh X3 qarşı "aliment məbləğinin dəyişdirilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10.01.2018-ci il tarixli, 2(004)- 932/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 02.04.2007-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq cavabdehə verilməsi və 23.10.2018-ci il tarixdən 09.02.2021-ci il tarixədək olan müddət ərzində yaranmış aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 1371/2015 saylı, 25.05.2015-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında 24.09.1993-cü il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış nikah pozulmuşdur. Yasamal Rayon Məhkəməsinin 2(004)-932/2018 saylı 10.01.2018-ci il tarixli qətnaməsi ilə, cavabdeh İddiaçı 02.04.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 300 manat məbləğində aliment tutularaq, iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Alimentin tutulması ilə bağlı məhkəmə qərarında alimentin məbləği nümayəndəsi tərəfindən verilən razılıq əsasında müəyyən edilmişdir. Həmin dövrdə kifayət qədər qazanc olduğundan alimentin məbləğinə hər hansı etiraz bildirməmişdir. Daha sonra cavabdehlə barışaraq, birgə yaşamağa başlamışlar. Bu səbəbdən X4 23.10.2018-ci il tarixdə Yasamal rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək, onun barışdığını, heç bir aliment tələbi olmadığını göstərmiş və icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Yasamal rayon icra və probasiyanın icra məmuru Səvxan Abasovun 16.01.2019-cu il tarixli qərarı ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-932/2018 saylı, 10.01.2018-ci il tarixli icra sənədi geri qaytarılmışdır. 2021-ci ilin fevral ayında münasibətləri yenidən pozulmuş və ayrı-ayrı yaşamağa başlamışlar. X4 09.02.2021-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və icra sənədinin yenidən icra şöbəsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh əsassız olaraq ondan birlikdə yaşadıqları müddət ərzində yaranmış aliment borcunu tələb etmişdir. Covid-19 xəstəliyi nəticəsində fəaliyyət göstərdiyi turizm sahəsi tamamilə dayanmış, 2020-ci ilin mart ayından hər hansı gəlir əldə edə bilməmişdir. Bununla da hesab edir ki, təyin edilmiş 300 manat məbləğində aliment yüksəkdir. Bundan başqa, 23.10.2018-ci il tarixdən 09.02.2021-ci il tarixədək olan müddət ərzində alimentin hesablanması əsassızdır, həmin müddət ərzində öz ailəsi ilə birlikdə yaşamış və yetkinlik yaşına çatmayan övladı 02.04.2007-ci il təvəllüdlü X1 bütün tələbatlarını öz qazancı hesabına ödəmişdir. Həmçinin yaşadığı mənzildə bütün kommunal ödənişlər də tərəfindən edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2969/2021 saylı, 08.06.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10.01.2018-ci il tarixli, 2(004)-932/2018 saylı icra sənədi üzrə 23.10.2018-ci il tarixdən 27.12.2020-ci il tarixədək olan müddət ərzində yaranmış aliment borcu silinməsi,iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. ( sədrlik edən Ayaz Məmmədov) Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsinin ləğv edilməsini, həmin hissə üzrə alimentin miüqarının dəyişdirilərək, X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay 175 manat sabir pul məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2969/2021 saylı, 08.06.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətindən imtina etməsi barədə məhkəməyə ərizə təqdim etmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10416/21 saylı, 19 noyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayətindən imtinası qəbul edilmiş və iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verilmişdir. Apellyasiya şikayəti və dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, üç övladı var. Böyük oğlu 21 aydır ki, əskərdir. Bir övladı tələbədir, biri isə azyaşlıdır. Nikah pozulduqdan sonra aralarında barışıq yox, razılaşma olmuşdur. Razılaşmaya əsasən cavabdeh iddiaçıya evdə yaşamasına icazə vermişdir. Çünki həmin dövrdə iddiaçı ağır yataq xəstəsi idi. Baxımsız və pis vəziyyətdə olmuşdur.Uşaqlara yalvarmışdır ki, ölə bilər, icazə verin gəlim evdə yaşayım və evi də oğlunun adına keçirəcək demişdir. Uşaqların atası oluduğu üçün yazığımız gəlib və baxmışıq, amma sağalandan sonra demişdir ki, evdən çıxın. Cavabdeh özü işlədiyi üçün ailəyə də özü baxmışdır. İddiaçı ailəni saxlamaq üçün maddi köməklik etməmişdir. Birlikdə ailə kimi yaşamaqları əslində formal olmuşdur. Çünki yaşadıqları mənzil iddaçıya məxsus olmuşdur və onları evdən çıxara biləcəyindən qorxmuşdur. Həmçinin cavabdehin aliment məsələsini qaldırmamağının bir səbəbi də iddiaçının onu və uşaqları yaşadıqları mənzildən çıxarda biləcəi hədələr olmuşdur.İddiaçı sahibkardır və Novxanı akvaparkının direktoru olmuşdur. 12 ha torpaq sahəsi, bağ evi, bahalı maşını və sair imkanları vardır. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətindən imtina barədə ərizənin qəbul edilməsini məhkəmədən xahiş etmiş və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən cavabdeh L.Quliyeva apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sübutların tədqiqi: Yasamal Rayon Məhkəməsinin 2(004)-1371/2015 saylı, 25.05.2015-ci il tarixli qətnaməsi ilə tərəflər arasında 24.09.1993-cü il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış nikah pozulmuşdur. Yasamal Rayon Məhkəməsinin 2(004)-932/2018 saylı 10.01.2018-ci il tarixli qətnaməsi ilə, cavabdeh İddiaçı 02.04.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 300 manat məbləğində aliment tutularaq, iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Hüquqi dəyərləndirmə: Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdehin apellyasiya şikayətinin mətnində qətnamənin aliment məbləğinin azaldılması ilə bağlı hissəsi deyil, 23.10.2018-ci il tarixdən 27.12.2020-ci il tarixədək olan müddət ərzində yaranmış aliment borcunun silinməsi hissəsinin ləğv edilməsi xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız mübahisələndirilən hissədə yoxlayır. Kollegiya həmçinin qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10416/21 saylı, 19 noyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayətindən imtinası qəbul edilmiş və iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verilmişdir. Belə olan halda, kollegiya yalnız cavabdeh tərəfin apellyasiya şikayətinə baxır. Azərbaycan Respublikasının Konstitusiyasının 17.2-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyanın 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsində göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Qeyd edilən Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən isə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə izah edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10.01.2018-ci il tarixli, 2(004)-932/2018 saylı icra sənədi üzrə 23.10.2018-ci il tarixdən 27.12.2020-ci il tarixədək olan müddət ərzində yaranmış aliment borcunun silinməsi ilə bağlı qətnamə qəbul etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, X4 23.10.2018-ci il tarixdə Yasamal rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək, İddiaçı ilə barışdığını, heç bir aliment tələbi olmadığını göstərmiş və icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Yasamal rayon icra və probasiyanın icra məmuru Səvxan Abasovun 16.01.2019-cu il tarixli qərarı ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-932/2018 saylı, 10.01.2018-ci il tarixli icra sənədi geri qaytarılmışdır. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, nikah pozulduqdan sonra aralarında barışıq yox, razılaşma olmuşdur. Razılaşmaya əsasən cavabdeh iddiaçıya ağır xəstə olduğu üçün evdə yaşamasına icazə vermişdir və iddiaçı isə mənzili oğlunun adına keçirməyi söz vermişdir. Birlikdə ailə kimi yaşamaqları əslində formal olmuşdur. Çünki yaşadıqları mənzil iddaçıya məxsus olmuşdur və onları evdən çıxara biləcəyindən qorxmuşdur. Həmçinin cavabdehin aliment məsələsini qaldırmamağının bir səbəbi də iddiaçının onu və uşaqları yaşadıqları mənzildən çıxarda biləcəyi hədələr olmuşdur. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehlə iddiaçı arasında barışıq deyil, razılaşma olması, tərəflərin birgəyaşayışının formal xarakter daşıması, cavabdehin aliment məsələsini qaldırmamasının səbəbinin iddiaçı tərəfindən edilən hədələrin olması halları iş materialları ilə sübut edilmədiyindən mülahizə xarakteri daşıyır və qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan xüsusatlara əsasən kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin icra sənədi üzrə 23.10.2018-ci il tarixdən 27.12.2020-ci il tarixədək olan müddət ərzində yaranmış aliment borcunun silinməsi ilə bağlı qətnaməsi qanuni və əsaslı olduğundan cavabdehin apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas olmadığndan L.Quliyevanın apellyasiya şikayəti təmin edilməməlidir. Belə olan halda birinci instaniya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Yasamal Rayon Məhkəməsinin 2(004)-2969/2021 saylı, 08.06.2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar