Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10418/2021 22.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Mais qızının Cavabdeh qarşı “tutulmalı olan alimentin və əlavə xərcin məbləğinin artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 avqust 2021-ci il tarixli qərardadından cavabdehin verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Salyan Rayon Məhkəməsinin 2(057)- 294/2015 saylı iş üzrə qəbul etdiyi 09.04.2015-ci il tarixli qətnaməsi ilə 22.02.2010-cu il təvəllüdlü Ləmanın yetkinlik yaşına çatana qədər saxlanması cavabdehdən onun xeyrinə hər ay tutulmalı olan 30 manat sabit pul məbləğində alimentin məbləğinin dəyişdirilməsi və 175 manat sabit pul məbləğində müəyyən edilməsi, uşağın müalicəsi üçün cavabdehdən onun xeyrinə hər ay tutulmalı olan 80 manat məbləğində əlavə xərcin məbləğinin dəyişdirilərək 100 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi qəbul etdiyi 16.03.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Salyan Rayon Məhkəməsinin 09.04.2015-ci il tarixli qətnaməsi (İş № 2(057)-294/2015) ilə 22.02.2010-cu il təvəllüdlü Ləmanın yetkinlik yaşına çatana qədər saxlanması cavabdehdən iddiaçının xeyrinə hər ay tutulmalı olan 30 manat sabit pul məbləğində alimentin məbləğinin dəyişdirilərək 175 manat sabit pul məbləğində müəyyən edilməsini qalan hissədə iddianın rədd edilməsini qət etmişdir. Qətnamə qüvvəyə minmiş və onun əsasında tərtib edilmiş icra vərəqəsi icra edilməsi üçün Salyan Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bundan sonra həmin İcra Şöbəsinin icra məmuru ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, 16.03.2021-ci il tarixli icra sənədinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Salyan Rayon Məhkəməsinin 09.04.2015-ci il tarixli qətnaməsi ilə 22.02.2010-cu il təvəllüdlü Ləmanın yetkinlik yaşına çatana qədər saxlanması cavabdehdən iddiaçının xeyrinə hər ay 30 manat sabit pul məbləğində aliment və uşağın müalicəsi üçün 80 manat məbləğində əlavə xərc tutulmalıdır. Hazırki iş üzrə isə Rayon Məhkəməsinin qəbul etdiyi 16.03.2021-ci il tarixli qətnamə əsasında verilmiş icra vərəqəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə hər ay tutulmalı olan alimentin məbləği 175 manat sabit pul məbləğində müəyyən edilmiş, uşağın müalicəsi üçün əlavə xərcin tutulması barədə məsələ isə icra vərəqəsində öz əksini tapmamışdır. Buna görə də, Salyan Rayon Məhkəməsinin qəbul etdiyi 09.04.2015-ci il tarixli qətnaməsi ilə uşağın müalicəsi üçün 80 manat məbləğində əlavə xərcin cavabdehdən iddiaçının xeyrinə tutulmalı olub-olmamasına izah verilməlidir. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 26.08.2021-ci il tarixli qərardad ilə ərizəni təmin etmiş və izah vermişdir ki, uşağın müalicəsi üçün 80 manat məbləğində əlavə xərcin cavabdehdən iddiaçının xeyrinə tutulması davam etdirilməlidir. İş üzrə cavabdeh Rayon Məhkəməsinin 26.08.2021-ci il tarixli qərardadından Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, ailə və maddi vəziyyətinin həmin məbləğdə aliment ödəməyə imkan verib-verməməsini araşdırmamışdır. Belə ki, cavabdehin hər ay həm 175 manat məbləğində alimenti və 80 manat məbləğində əlavə xərci ödəməyə maddi imkanı yoxdur. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 28.09.2021-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 230.1-ci maddəsinə görə, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikasinin Qanununun 14.1-ci maddəsinə görə, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçının cavabdehə qarşı irəli sürdüyü “tutulmalı olan alimentin və əlavə xərcin məbləğinin artırılması tələbi barədə” iddiasına dair işə baxmış Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 16.03.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Salyan Rayon Məhkəməsinin 09.04.2015-ci il tarixli qətnaməsi (İş № 2(057)-294/2015) ilə 22.02.2010-cu il təvəllüdlü Ləmanın yetkinlik yaşına çatana qədər saxlanması cavabdehdən iddiaçının xeyrinə hər ay tutulmalı olan 30 manat sabit pul məbləğində alimentin məbləğinin dəyişdirilərək 175 manat sabit pul məbləğində müəyyən edilməsini, iddianın “tutulmalı olan əlavə xərcin məbləğinin artırılması barədə” hissəsinin isə təmin edilməməsini qət etmişdir. Bununla da müəyyən edilir ki, hazırki iş üzrə cavabdehdən (borcludan) hazırki iş üzrə iddiaçının (tələbkarın) xeyrinə, hər ay, Yasamal Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 175 manat sabit pul məbləğində aliment və Salyan Rayon Məhkəməsinin 09.04.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 80 manat məbləğində əlavə xərc tutulmalıdır. Bu baxımdan hesab edilməlidir ki, Rayon Məhkəməsi, Salyan Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun ərizəsinə qeyd edilən qaydada izah verməkdə haqlı olmuşdur. Qərardaddan verdiyi şikayətdə cavabdeh (borclu) bildirir ki, onun hər ay həm 175 manat məbləğində alimenti və 80 manat məbləğində əlavə xərci ödəməyə maddi imkanı yoxdur. Lakin işə baxmış Yasamal Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Məhkəmə hesab edir ki, şikayətin dəlili əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Borclu olan cavabdehdən tələbkar olan iddiaçının xeyrinə qeyd edilən hər iki növdə pul məbləğlərinin tutulması, Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26.08.2021-ci il tarixli qərardadla deyil, artıq qanuni qüvvəsini almış məhkəmə qətnamələri əsasında həyata keçirilir və Rayon Məhkəməsi həmin qərardadı qəbul edərkən cavabdehin (borclunun) maddi vəziyyətinin ağır olub-olmamasını araşdırmağa borclu deyil idi. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 avqust 2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-10418/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10418/2021
22.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver