Məhkəmə qərarları › İş №2(103)-1042/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1042/2022

17.01.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1042/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh və nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsində tikilmiş özbaşına tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin digər şəxsin qanunsuz sahibliyindən alınması və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2(011)-5871/2021 saylı qətnaməsindən cavabdeh tərəfdən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Elşən Süleymanov, küçəsi 1 saylı evə dair onun adına verilmiş 11/458 invertar nömrəli, 24.06.2017-ci il tarixli texniki pasportda göstərilməyən qanunsuz tikililərin cavabdehin hesabına sökülərək əvvəlki vəziyyətin bərpa edilməsi, həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi, cavabdeh tərəfindən ona yaşadılmış mənəvi iztirabların qarşılığı kimi 5000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 30/5 invertar nömrəli 16.04.1992-ci il tarixli Texniki pasportuna əsasən ünvan 1 ünvanda yerləşən 0,2455 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış sahələri onun sahibliyində və istifadəsində olmuşdur. Həmin torpaq sahəsi üzərində inşa edilmiş yaşayış sahələri babasından atasına, atasından isə ona miras qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2- 2622/2002 saylı, 30.09.2002-ci il tarixli qiyabi qətnaməsinə əsasən sahibliyində olan 0,2455 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş yaşayış sahələrinə keçmiş arvadı X1 hüququ tanınmış və onun adına texniki pasport verilmişdir. Həmin torpaq və yaşayış sahəsinə X1 hüqunun tanınması və onun adına texniki pasportun verilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-2622/2002 saylı, 30.09.2002-ci il tarixli qiyabi qətnaməsi həmin Məhkəmənin 2(011)-10197/2015 saylı, 18.11.2015-ci il tarixli qərardadı ilə ləğv edilmişdir. Daha sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 10197/2015 saylı, 10 dekabr 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 yuxarıda qeyd olunan iddia tələbi rədd olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 10197/2015 saylı, 10.12.2015-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-2622/2002 saylı, 30.09.2002-ci il tarixli qiyabi qətnaməsinin icrasına dönüş edilmiş və tərəflər ilkin vəziyyətə qaytarılmışdır. Məlum Məhkəmə aktlarının tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Əmlak Məsələlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər üzrə Ərazi İbarəsi tərəfindən adına 11/458 invertar nömrəli, 24.06.2017-ci il tarixli texniki pasport verilmişdir. X11 2-2622/2002 saylı, 30.09.2002-ci il tarixli qiyabi qətnaməsindən və bu qətnamə əsasında verilmiş Texniki pasportdan sui-istifadə edərək ona məxsus torpaq sahəsini Cavabdeh satmış, sonuncu isə onun iradəsinə zidd olaraq və qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla ona məxsus torpaq sahəsində özbaşına tikililər aparmışdır. Cavabdeh tərəfindən sözügedən ünvanda aparılmış özbaşına tikililər hüquqularını pozur, aparılmış özbaşına tikililər heç bir tikinti normasına cavab vermir. O, X5, X13, X14 və X15 qarşı “istifadəsində olan torpaq sahəsində özbaşına aparılmış tikintinin cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyyətin bərpa edilməsi və dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdehlər tərəfindən torpaq sahəsində özbaşına tikililərin aparılmasının qadağan edilməsi, aparılmış qanunsuz tikililərin cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyyətinin bərpa edilməsi, cavabdeh X2 5000 manat məbləğində mənəvi zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh X11 cavabdeh olaraq ona qarşı “birgə nikah dövründə birgə istifadədə olmuş torpaq sahəsinin istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaq sahəsinin ½ hissəsində iddiaçının və ½ hissəsində onun istifadəsində olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə yuxarıda qeyd etdiyi iddia tələblərinə dair mülki işi icraata götürmüş, əlavə olaraq Cavabdeh iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-80/2019 saylı mülki iş üzrə qəbul olunmuş 08 fevral 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia qismən (X11, X18, X19 və X20 tərəfindən ünvan 1 ünvanda yerləşən torpaq sahəsində özbaşına aparılmış tikintinin cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyyətin bərpa edilməsi hissəsində) təmin edilmiş, ilkin iddia qalan hissədə, qarşılıqlı iddia isə tam olaraq rədd edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin yuxarıda qeyd etdiyi qətnaməsindən iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6156/2019 saylı, 31 may 2019cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, 2(011)- 80/2019 saylı mülki iş üzrə qəbul olunmuş 08 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6156/2019 saylı, 31 may 2019-cu il tarixli qətnaməsindən yenə də iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7671/2019 saylı 24.12.2019-cu il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6156/2019 saylı, 31 may 2019-cu il tarixli qətnaməsi ilk iddia tələbi ilə bağlı hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. İşə yenidən apellyasiya qaydasında baxılan zaman müəyyən olunmuşdur ki, ona məxsus torpaq sahəsi üzərində tikilmiş özbaşına tikililər həmin iş üzrə cavabdeh qismində iştirak edən X5, X13, X14 və X15 deyil, iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh məxsusdur. Ona görə də məhkəmə əsl olmayan cavabdehə qarşı iddia qaldırdığını əsas gətirərək iddia tələbini rədd olunmasına dair 2(103)-3706/2020 saylı, 19.11.2020-ci il tarixli qətnamə qəbul etmişdir. Həmçinin, həmin qətnamədə ona Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2(011)-5871/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən torpaq sahəsində olan, İddiaçı məxsus 11/458 inventar nömrəli 24.06.2017-ci il tarixli texniki pasportda göstərilməyən qanunsuz tikililərin Cavabdeh vəsaiti hesabına sökülərək əvvəlki vəziyyəti bərpa edilməsi və torpaq sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır, iddiaçının keçmiş arvadı torpaq sahəsinin 140 kv.m mübahisəli sahəsini ona 22000 manata satmışdır, həmin pul vəsaiti tam ödənilmişdir. Həmin vaxt onun iddiaçı ilə arvadı arasında torpaq mübahisəsinin olmasından məlumatı olmamışdır. Torpaq sahəsini aldıqdan sonra yaşayış evi tikməyə başlayıb, xeyli hissəsi inşa olunub. Mübahisəli torpaq sahəsinə iddiaçının sahiblik, istifadə və sərəncam hüququ qeydə alınmayıb. Texniki pasport hüquqmüəyyənedici sənəd deyil. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi. İddiaçı isə apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəlləsinin 372.7 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə qətnamənin ləğvini xahiş etsə də, iddianın təmin edilmiş hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apelyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2016-cı il tarixli, 2(103)-8074/2016 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2-2622/2002 saylı 30.09.2002-ci il tarixli qiyabi qətnaməsi ilə iddiaçı X12 Bakı şəhəri, Elşən İsmayılov (1-ci qəsəbə) küçəsindəki 1 saylı evə və həmin evin ətrafında olan torpaq sahəsinə sahiblik hüququnun müəyyən edilməsi və onun adına texniki pasportun verilməsi vəzifəsinin Bakı şəhəri Texniki İnventrlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin üzərinə qoyulması qət edilmişdir. Daha sonra, cavabdeh X6 müraciətinə əsasən məhkəmənin 18.11.2015-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş, itirilmiş icraat bərpa edilmiş və iş üzrə icraat təzələnmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10197/2015 saylı, 10.12.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı X12 cavabdeh İddiaçı qarşı evə və torpaq sahəsinə sahiblik hüququnun müəyyən edilməsi və texniki pasportun verilməsi tələbinə dair iddiasının rədd olunması qət edilmişdir. İddiaçı X21 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10197/2015 saylı, 10 dekabr 2015-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmiş, verilmiş apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. 13.06.2017-ci il tarixli Texniki Pasportdan görünür ki, ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin və onun üzərində yerləşən yaşayış evinin Texniki Pasportu İddiaçı adına tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-80/2019 nömrəli 08 fevral 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia üzrə cavabdehlər X11, X18, X19 və X20 tərəfindən ünvan 2 ünvanında yerləşən torpaq sahəsində özbaşına tikintilərin aparılmasının qadağan edilməsi və aparılmış qanunsuz tikililərin cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyyəti bərpa edilməsi, ilk iddia üzrə cavabdehlər X2, X7, X8 və X9 ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub ilk iddia üzrə iddiaçı X10 verilməsi, X4 cavabdeh X10 qarşı Bakı şəhəri, E.Süleymanov küçəsi, 1 saylı evin və evin ətrafında olan torpaq sahəsinin 1/2 hissədə onun, 1/2 hissədə cavabdehin istifadəsində olması barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.10.2018-ci il tarixli, 17039 saylı ekspert rəyi ilə, rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən mülki iş materiallarında olan məlumatlara və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən, ünvan 3 ünvanda yerləşən, İddiaçı adına tərtib olunmuş 13.06,2017-ci il tarixli texniki pasportda qeyd olunan torpaq sahəsində bir mərtəbəli, 3 otaqlı, «A» literli, bir mərtəbəli, 2 otaqlı «B» literli yaşayış evlərinin, «İV» literli təsərrüfat tikilisinin mövcud olduğu, texniki pasport üzrə «Q» və «D» literli yardımçı (köməkçi) tikililərin söküldüyü, həyətyanı sahədə, texniki pasportda öz əksini tapmamış, yarımçıq vəziyyətdə və tikintisi tam başa çatmış fərdi yaşayış evlərinin inşa olunduğu, eləcə də evin həyətyanı sahəsinin faktiki olaraq qeyri-bərabər hissələrə bölündüyü və bölünmüş sahələrin oradakı evlərlə birlikdə müxtəlif şəxslərin istifadəsində olduğu, fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin əksər hissəsinin müxtəlif şəxslərin istifadəsində olduğunu və həmin hissələrə daxil olub baxış keçirilməsinin mümkün olmadığını nəzərə alaraq, texniki pasportda öz əksini tapmayan tikililərin təyinatının, ölçüsünün, tikinti norma və qaydalarına uyğun inşa olunub-olunmamasının, eləcə də həmin tikililərin, texniki pasportda qeyd olunan tikililərə zərər vurmadan, sökülməsinin mümkün olub-olmamasının müəyyən edilməsinin mümkün olmaması, İddiaçı adına tərtib edilmiş 13,06.2017-ci il tarixli texniki pasportun göstəriciləri ilə X16 adına 1992-ci ilin aprel ayında tərtib edilmiş texniki pasportun göstəriciləri müqayisə olunarkən, evin torpaq sahəsinin planında əks olunan tikililərin, o cümlədən yaşayış və yardımçı (köməkçi) sahələrinin planda ölçülərinin, yerləşməsinin bir-birinə uyğun olduğu, lakin, Bakı şəhəri icra hakimiyyəti başçısının aparatı Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən, İddiaçı adına 1992-ci ili aprel ayında tərtib edilmiş texniki pasportun göstəricilərinin X16 adına 1992-ci ilin aprel ayında tərtib edilmiş texniki pasportun göstəricilərindən fərqli olduğu, evin torpaq sahəsinin planında əks olunan tikililərin, o cümlədən yaşayış və yardımçı (köməkçi) sahələrinin planda ölçüləri, yerləşməsi və digər texniki parametrlərinin bir-birinə uyğun olmadığı müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6156/2019 nömrəli 31 may 2019-cu il tarixli qətnaməsi ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-80/2019 nömrəli 08 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-7671/2019 nömrəli iş üzrə 24 dekabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddia tələbi ilə bağlı hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qətnamənin qalan hissəsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin Qərarda qeyd edilmişdir ki, apellyasiya şikayəti vermiş üçüncü şəxs Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi onun istifadəsindədir və həmin torpaq sahəsindəki tikililər cavabdehlərə deyil, ona məxsusdur. Lakin apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin həmin dəlilinə hüquqi qiymət verməmişdir. Bundan əlavə apellyasiya instansiyası məhkəməsinin iclas protokolunda iddiaçı öz izahatında qeyd etmişdir ki, cavabdeh olan onun keçmiş həyat yoldaşı sələmə pul alıb, pulu qaytara bilmədiyinə görə pul əvəzinə torpağı hazırkı iş üzrə üçüncü şəxs Cavabdeh verib, həmin torpaq sahəsində ona məxsus tikililər və darvazanın hamısını üçüncü şəxs Cavabdeh söküb. Azərbaycan Respublikası MPMnin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi apellyasiya instansiyası məhkəməsi ilkin iddia tələbinin əsl olmayan cavabdehlərə qarşı verilməsinə dair apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməmiş, sökülməsi tələb olunan tikililərin apellyasiya şikayəti vermiş Cavabdeh aid olub-olmamasını araşdırmamış, bununla da ilkin iddia tələbinin təmin edilib-edilməməsi ilə bağlı maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3706/2020 nömrəli iş üzrə 19 noyabr 2020ci il tarixli qətnaməsi ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi X6 verdiyi ilk iddiaya aid hissədə ləğv edilmiş, ilk iddia tələbləri rədd edilmiş, iddiaçı X10 Cavabdeh qarşı iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin Qətnamədə qeyd edilmişdir ki, apelyasiya baxışı zamanı müəyəyn olunmuşdur ki, iddiaçı X3 iddia ərizəsində göstərdiyi ünvan 2 ünvanında yerləşən torpaq sahəsində tikinti işləri və tikililər əslində cavabdehlər tərəfindən deyil, üçüncü şəxs Cavabdeh tərəfindən aparılmışdır. Bu halı üçüncü şəxs Cavabdeh birinci instansiya məhkəməsində də bildirməsinə baxmayaraq, məhkəmə bununla bağlı heç bir araşdırma aparmamış, bu hala qiymət verməmişdir. Həmin tikinti işlərinin aparılmasının qadağan edilməsi və tikililərin sökülməsi birbaşa Cavabdeh hüquqlarına toxunmasına baxmayaraq, eləcə də Cavabdeh ilk iddia tələblərinə cavab verməli şəxs olmasına baxmayaraq iddiaçı Cavabdeh iddia ərizəsində cavabdeh kimi cəlb etməmiş, birinci instansiya məhkəməsi isə cavabdehlərin əsl cavabdehlə əvəz edilməsini iddiaçıya təklif etmədən Cavabdeh üçüncü şəxs kimi cəlb etməklə kifayətlənmiş, onu əsl cavabdeh qismində işin baxılmasına cəlb edilməsi üçün tədbirlər görmədən işə mahiyyəti üzrə baxmaqla pozuntuya yol vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3263/2021 nömrəli 14.06.2021-ci il tarixli qərarına əsasən, iddiaçı X17 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3706/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri, Xətai rayonu, Əhmədli bələdiyyəsinin 15.10.2020-ci il tarixli 25 nömrəli məktubundan görünür ki, Xətai rayonu, Əhmədli qəsəbəsi, Elşən Süleymanov küçəsində yerləşən 0,24548 ha ölçüdə torpaq sahəsi Əhmədli bələdiyyəsinin mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlakı Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15.07.2020-ci il tarixli, **********66 nömrəli 2 saylı Vəkil Bürosuna ünvanlanmış məktubun surətindən görünür ki, X6 adına Bakı şəhərində qeydiyyada əmlak əşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 17.09.2021-ci il tarixli **********99 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətindədir və onun üzərində iş üzrə tərəflərin istifadə və sahiblik hüququnun yaranmasına əsas verən müvafiq icra hakimiyyəti orqanının qərarı olmamışdır. Torpaq və yaşayış sahəsinə dair tərtib edilmiş texniki pasport isə hüquqmüəyyənedici sənəd deyil, əmlakın texniki göstəricilərini (yaşayış və torpaq sahəsinin cizgilərini-sərhədlərini) müəyyən edən sənəd olduğundan tərəflərə həmin torpaq sahəsi üzərində hər hansı hüququn yaranmasına əsas vermir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Məcəllənin 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Məcəllənin 66-cı maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Alqı-satqı, istifadə və icarə müqavilələrinin nümunəvi formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məcəllənin 180.3-cü maddəsinə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məcəllənin 158.1.2-ci maddəsində göstərilir ki, mülkiyyətçi olmayan şəxsin hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Məcəllənin 158.4-cü maddəsində göstərilir ki, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir Cavabdeh tərəfindən inşa edilmiş tikili özbaşına tikilidir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evinin texniki pasportu iddiaçının adına tərtib olunmuşdur, bununla da iddiaçının özbaşına tikilinin sökülməsi tələbini irəli sürmək üçün subyektiv hüququ vardır, özbaşına tikililərin inşa edilməsi ilə onun hüquqları pozulmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq qeyd edir ki, mübahisəli torpaq sahəsinə (içərisindəki tikililərlə birldikdə) dair iddiaçının adına tərtib olunmuş 16.04.1992-ci il tarixli texniki pasportdan görünür ki, həmin pasprot Xətai rayon Mənzil Birliyinin 05.03.1982-ci il tarixli 103 nömrəli məktubu əsasında tərtib olunmuşdur. Həmçinin işdə olan iddiaçının adına təkrar tərtib olunmuş 24.06.2017-ci il tarixli texniki pasportun surətindən görünür ki, torpaq sahəsinin içərisindəki tikililər 1970-1999-cu illərdə inşa edilmişdir. Qeyd olunan hallar onu göstərir ki, mübahisəli torpaq sahəsi və üzərindəki tikililər (ilkin vəziyyətdə) hələ ötən əsrin 70-ci illərindən iddiaçının istifadəsindədir və bu istifadənin qanunsuz olub-olmaması yalnız torpağa mülkiyyət hüququ olan şəxs (bələdiyyə və ya dövlət) tərəfindən mübahisələndirilə bilər. Nə qədər ki, iddiaçının istifadə hüququ mübahisələndirilmir, onun torpağa və üzərində özü tərəfindən inşa olunmuş tikililərə onun hüquqları əmlak hüquqlarını təşkil edir və bu hüquqlar istənilən şəxsdən müdafiə olunmalıdır. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-ci maddəsinə görə isə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Kollegiya hesab edir ki, iddiaçının hazırki tələbi qanuni və əsaslı olmuşdur, məhkəmə işin müəyyən edilmiş hallarına əsasən qanuni və əsaslı nəticəyə gəlmişdir. Cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, qətnamə dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5871/2021 saylı iş üzrə 26 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar