Məhkəmə qərarları › İş №2(103)-8354/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8354/2022

30.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8354/2022 30.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5871/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qətnaməsini izah etməkdən imtina edilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5871/2021 saylı, 05 oktyabr 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Elşən Süleymanov küçəsi, 1 saylı evə dair iddiaçının adına verilmiş 11/458 invertar nömrəli, xx.xx.2017-ci il tarixli texniki pasportda göstərilməyən qanunsuz tikililərin Cavabdeh hesabına sökülərək əvvəlki vəziyyətin bərpa edilməsi, həmin torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdeh tərəfindən iddiaçıya yaşadılmış mənəvi iztirabların qarşılığı kimi cavabdehdən 5.000 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5871/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən torpaq sahəsində olan, İddiaçı məxsus 11/458 inventar nömrəli, xx.xx.2017-ci il tarixli texniki pasportda göstərilməyən qanunsuz tikililərin Cavabdeh vəsaiti hesabına sökülərək əvvəlki vəziyyəti bərpa edilməsi və torpaq sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1042/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5871/2021 saylı iş üzrə 26 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2826/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1042/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5871/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsində məhz hansı tikililərin onun tərəfindən sökülməli olmasının göstərilmədiyini bildirmiş və qətnamənin bu hissədə izah edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5871/2021 saylı, xx.xx.2022-ci-ci il tarixli qərardadı ilə Cavabdeh ərizəsi təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamədə məhz hansı tikilərin Cavabdeh tərəfindən sökülməsi barədə göstəriş yoxdur. Qətnamədə fikir ümumi şəkildə ifadə edilərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsində olan, tələbkar X2 məxsus 11/458 nömrəli, 24 iyun 2017-ci il tarixli texniki pasportda göstərilməyən qanunsuz tikililərin borclu Cavabdeh vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətinin bərpa edilməsi və torpaq sahəsinin borclu Cavabdeh tərəfindən boşaldılaraq tələbkara təhvil verilməsi göstərilmişdir. Halbuki, qeyd olunan torpaq sahəsində texniki pasportda göstərilməyən çoxsaylı qanunsuz tikililər vardır. Məhkəmə tərəfindən qətnamədə Cavabdeh tərəfindən tikilmiş tikililər fərdiləşdirilməmiş, onun tərəfindən məhz hansı tikililərin inşa edildiyi qətnamədə gösdərilməmişdir. Qanunsuz tikilərin hamısının Cavabdeh hesabına sökülməsı ona əsassız olaraq külli miqdarda maddi ziyan vurulmasına səbəb ola bilər. Belə ki, mübahisə predmeti olan ərazidə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5871/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi çıxarılan tarixdən əvvəl Cavabdeh məxsus olan tikintiyə yeni ünvan alınıbdır. xx.xx.2020-ci il tarixli fiziki və hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaq sahəsinin inventarlaşdırılmasına dair "xxxx" MMC tərəfindən tikintinin sahibi Cavabdeh ünvan 2 ünvanı verilmişdir. Bununla belə, mübahisəli ünvanda yalnız bir tikili yeni ünvanla Cavabdeh məxsusdur. Lakin məhkəmə qətnaməsi ilə həmin ərazidə olan bütün tikililərin sökülməsi öhdəlik kimi onun üzərinə qoyulmuşdur. Ona görə də, qətnaməyə izah verilməsi zərurəti yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5871/2021 saylı, 25 noyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu da "Məhkəmə qətnaməsi haqqında" xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərmişdir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş məhkəmə qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədə hüquqi terminlərin və ifadələrin yerində və Azərbaycan dilinin qrammatik qaydalarına uyğun işlədilməməsi, habelə qətnamənin tərtib olunmasında anlaşılmayan, çoxmənalı söz və ifadələrin istifadə olunması məhkəmənin qənaətinin düzgün başa düşülməməsinə və qətnamənin icrasında çətinliklərin yaranmasına səbəb olur. Qətnamədə söz, söz birləşməsinin və ya cümlənin ehtiva etdiyi mənanın aydın olmaması da eyni çətinliklərin yaranması ilə nəticələnir. Başqa sözlə, məhkəmə qətnaməsi aydın olmadıqda, habelə ziddiyyətli olduqda qətnamənin izah edilməsinə hüquqi zərurət yaranır. Lakin hazırki qətnamə üzrə belə bir hal müəyyən edilmir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi hazırki iş üzrə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə edərək, habelə mübahisəyə uyğun aidiyyəti normaları tətbiq edərək, qətnamə çıxartmışdır. Həmin nəticə ilə də həm apellyasiya, həm də kassasiya instansiyası məhkəmələri razılaşmışdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, hazırki iş üzrə mübahisə predmetini təşkil edən torpaq sahəsinin iddiaçı tərəfindən mübahisələndirildiyi digər mülki iş üzrə üçüncü şəxs qismində çıxış edən Cavabdeh bu sahənin məhz onun istifadəsində olduğunu, həmin sahədə olan tikililərin cavabdehə deyil, ona məxsus olduğunu bildirmişdir. Onun bu mövqeyi, həmin mübahisə üzrə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-80/2019 saylı qətnaməsindən verdiyi apellyasiya və kassasiya şikayətlərində, eyni zamanda bu şikayətlər üzrə qəbul edilmiş məhkəmə aktlarında öz əksini tapmışdır. Başqa sözlə, hazırda mübahisəli sahədə yerləşən bir tikilinin ona məxsus olduğunu bildirən və buna uyğun qətnamənin izah edilməsini tələb edən cavabdehin qeyd edilən icraat çərçivəsində istifadə etdiyi “torpaq sahəsində olan tikililərin ona məxsus olması” ifadəsi birmənalı şəkildə mübahisənin ona məxsus olan birdən artıq tikili ilə bağlı olduğunu təsdiq edir. Bu da öz növbəsində qətnamənin aydın olmaması, habelə ziddiyyətli olması deyil, cavabdehin özünün məhkəmə icraatı və hazırki icra mərhələsində biri-birinə uyğun olmayan, ziddiyətli mövqeydən çıxış etməsi və bununla da qətnamənin icrasından yayınması qənaətinə gəlmək üçün əsas yaradır. Hüquqi nəticə etibarı ilə mövcud vəziyyyətdə cavabdeh qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə nail olmaq istəyir ki, bu da yol verilməzdir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5871/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsində hər hansı bir qeyri-müəyyənlilik yaradan və ya ziddiyətli ifadələr mövcud deyil, birinci instansiya məhkəməsi haqlı olaraq həmin qətnaməni izah etməkdən imtina etmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 157-158, 263-264-cü, 397-400-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(011)- 5871/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar