Məhkəmə qərarları › İş №2(103)-1045/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1045/2024

27.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1045/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair və iddiaçı Cavabdeh İddiaçı qarşı əlavə xərclərin ödənilməsi və alimentin miqdarının artırılması tələblərinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: əlavə xərclərin ödənilməsi, alimentin məbləğinin dəyişdirilməsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair və iddiaçı Cavabdeh İddiaçı qarşı əlavə xərclərin ödənilməsi və alimentin miqdarının artırılması tələblərinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, e-2(001)-4614/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə Həsənova (Ələsgərova) Gültən Elşad qızı 21 oktyabr 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar.

2. Tərəflərin birgə nikahından 06 mart 2018-ci il tarixdə X7, 04 avqust 2020-ci il tarixdə X5 anadan olmuşdur.

3. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4433/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan uşaqların analarının yanında saxlanılması, 08 avqust 2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.

4. "xxxx" Psixologiya və X13 MMC-nin arayışından görünür ki, X5 adına 14 iyun 2023-cü il tarixində Mərkəzə Psixopedaqoji məşğələ üçün müraciət edilmiş və məşğələlərə başlanılmışdır. 29 avqust 2023-cü il tarixinədək seansları davam etmiş, aylıq 180 manat olmaqla üç aylıq ödəniş olunmuşdur.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin 03 noyabr 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, 04 avqust 2020-ci il təvəllüdlü X5 06 iyun 2023-cü il tarixdə anası ilə birlikdə mərkəzə müayinə üçün müraciət edib.Həkim-psixiatr tərəfindən müayinə olunub. Diaqnoz: Uşaq autizmi, Kanner sindromu F84.0.

6. “Bakı Şəhər Baş Səhiyyə Mərkəzi” PHŞ 21 nömrəli Uşaq Poliklinikasının 06 noyabr 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X5 12 avqust 2020-ci il tarixində 21 nömrəli Uşaq poliklinikasının qeydiyyatındadır. X3 21 nömrəli Uşaq poliklinikasında hər hansı bir xəstəliklə bağlı müayinə və müalicəsi qeydə alınmamışdır.

7. "xxxx" Psixologiya və X13 MMC-nin arayışından görünür ki, 14 iyun 2023-cü il tarixində X5 mərkəzə gətirilmiş, həkim təyinatı ilə psixoloji və loqopedik konsultasiya edilməsi istənilmişdir. Ümumi müayinədən sonra, həftədə üç gün, 40 dəqiqə müddətlə, aylıq ödənişi 180 manat olmaqla, loqopedik seanslara yazılmışdır. Həmin tarixdən seanslar davamlı olaraq keçirilmişdir, hal-hazırda da davam edir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(001)-4433/2022 saylı qətnaməsinə əsasən təyin olunmuş hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin azaldırlaraq ondan hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, 07 aprel 2023-cü il tarixli əmək müqaviləsi bildirişində onun 03 oktyabr 2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən “Kərpic və ya daş qalaqlarını bağlayan fəhlə” kimi aylıq əmək haqqının məbləği 350 manat olduğu qeyd olunmuşdur.

10. İddiaçı Cavabdeh İddiaçı qarşı “əlavə xərclərin ödənilməsi və alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 noyabr 2022- ci il tarixli, 2(001)-4433/2022 saylı qətnaməsinə əsasən tutulmuş alimentin miqdarını artıraraq 06 mart 2018-ci il təvəllüdlü X7 və 04 avqust 2020-ci il təvəllüdlü X1 üçün cavabdehdən bir uşaq üçün hər ay 220 manat, cəmi 440 manat alimentin, həmçinin autizm xəstəliyindən əziyyət çəkən qızını 04 avqust 2020-ci il təvəllüdlü X3 müalicə xərcləri üçün hər ay 550 manat məbləğində əlavə xərclərin, ümumilikdə hər ay 940 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, övladlarını tək böyüdür, heç yerdə işləmir. Cavabdehin verdiyi alimentdən başqa uşaqlarının tələbatını ödəmək üçün başqa gəlir yeri yoxdur. Belə ki, cavabdeh tərəfindən alimentin vaxtı-vaxtında ödənilməsi də təmin edilmir. Həmçinin qeyd edir ki, övladlarından biri autizm xəstəsidir. Uşaqların saxlanması üçün təyin olunmuş alimentin miqdarı çox azdır, o, uşaqların ehtiyaclarını ödəyə bilmir. Bu səbəbdən də, autizm xəstəliyindən əziyyət çəkən övladının saxlanması üçün əlavə olaraq hər ay 500 manat və məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq bir uşaq üçün 220 manat təyin edilməsini məqsədə müvafiq hesab edir.

12. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, e- 2(001)- 6183/2023 saylı qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir.

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, e- 2(001)-4614/2023 nömrəli qətnaməsi ilə İddiaçı iddiasının rədd edilməsi, Cavabdeh iddiası qismən təmin edilərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4433/2022 saylı, 11 noyabr 2022-ci saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 06 mart 2018-ci il təvəllüdlü X4 və 04 avqust 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi, 04 avqust 2020-ci il təvəllüdlü X3 loqopedik seanslarının aylıq ödənişinin 90 manatı cavabdeh İddiaçı alınaraq iddiaçıya Cavabdeh ödənilməsi qət edilmişdir.

14. Qətnamə onunla əsaslandırılmışdır ki, uşaqların saxlanılması, onların maddi tələbatlarının təmin edilməsi hər iki valideynin vəzifəsidir. Hazırda tərəflərin birgə nikahlarından olan uşaqları Cavabdeh himayəsində olduğundan onların bütün qayğıları, təlim-tərbiyəsi ilə məşğul olmaq yükü hazırda cavabdehin üzərindədir. Belə olan halda məhkəmə hesab edir ki, uşaqların maddi tələbatlarının ödənilməsi yükünü tək cavabdehin üzərinə qoyulması əsassız olmaqla yanaşı həmçinin ədalətsizdır. Cavabdehdən hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması haqqında Binəqədi Rayon Məhkəməsinin 2(001)-4433/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qətnaməsinin qəbul edilməsindən 1 ildən çox müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Həmçinin məhkəmə hesab edir ki, iddia əlavə xərc hissəsində qismən təmin edilməlidir. Belə ki, "xxxx" Psixologiya və X13 MMC-nin arayışından görünür ki, 14 iyun 2023-cü il tarixində X5 mərkəzə gətirilmiş, həkim təyinatı ilə psixoloji və loqopedik konsultasiya edilməsi istənilmişdir. Ümumi müayinədən sonra, həftədə üç gün, 40 dəqiqə müddətlə, aylıq ödənişi 180 manat olmaqla, loqopedik seanslara yazılmışdır. Həmin tarixdən seanslar davamlı olaraq keçirilmişdir və hal-hazırda da davam edir. Uşaqların saxlanılması, onların maddi tələbatlarının təmin edilməsi hər iki valideynin vəzifəsi olduğundan məhkəmə hesab edir ki, 04 avqust 2020-ci il təvəllüdlü X3 loqopedik seanslarının aylıq ödənişinin 90 manatı İddiaçı alınaraq Cavabdeh ödənilməlidir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 112.1-ci maddələri, Azərbaycan Rspublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, ləğv edilib, Cavabdeh iddiasının təmin olunmamasını xahiş etmişdir.

17. Apellyasiya şikayətinin dəlillərinə görə, qanunvericiliyin tələbinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək hər iki valideynin borcudur. Lakin məhkəmə qətnamə qəbul edərkən qanunun tələbinə əhəmiyyət verməmiş, uşağı saxlamaq öhdəliyini sadəcə onun üzərinə qoymuşdur. 07 aprel 2023-cü il tarixli Əmək müqaviləsi bildirişində İddiaçı 03 oktyabr 2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən “Kərpic və ya daş qalaqlarını bağlayan fəhlə” kimi aylıq əmək haqqının məbləği 350 manat olduğu qeyd olunmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən alimentin artırılması barədə nəticəyə gəlinməsi zamanı bunun İddiaçı maddi və ailə vəziyyətinə təsiri nəzərə alınmadığı, iş üzrə əhəmiyyət kəsb edən hallar yanlış qiymətləndirilərək müvafiq normalarla uğursuz formada əlaqəndirildiyi və bu qəbildən olan mübahisələrlə bağlı formalaşmış qanunvericilik təcrübəsi nəzərə alınmadığı üçün məhkəmə tərəfindən qanunsuz və əsassız qətnamə çıxarılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.

20. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

22. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

23. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı: “Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. ... Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. ... - aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. - göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər; Maddə 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb olunduğundan, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

28. Hazırkı iddianın faktiki əsası kimi İddiaçı 03 oktyabr 2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən “Kərpic və ya daş qalaqlarını bağlayan fəhlə” kimi aylıq əmək haqqının məbləği 350 manat olduğu qeyd olunduğu faktı çıxış edir. İddiaçının apellyasiya şikayətinin məzmunu da bu faktın onun maddi vəziyyətini çətinləşdirməsi və məhkəmə tərəfindən bu halın nəzərə alınmaması barədə dəlillərdən ibarətdir.

29. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin əsaslandırılması ilə razılaşaraq, qeyd edir ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilmiş tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik baş verməsi əsası ilə artıq təyin edilmiş alimentin məbləği dəyişdirilərkən ailə və ya maddi vəziyyətdə hansı dəyişikliyin olduğunu müəyyən edilməli, alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə alınmalıdır.

30. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqe də ondan ibarət olmuşdur ki, bu cür iddialara baxılarkən uşağın əvvəlki maddi təminatı səviyyəsinin qorunmasına diqqət göstərilməlidir.

31. Odur ki, iddiaçının İddiaçı 03 oktyabr 2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən “Kərpic və ya daş qalaqlarını bağlayan fəhlə” kimi aylıq əmək haqqının məbləği 350 manat olduğu üçün təyin edilmiş alimentin məbləğinin azaldılması üçün mütləq əsas kimi çıxış edə bilməz.

32. Bundan başqa işin halları ilə təsdiq olunur ki, tərəflərin birgə nikahından olan uşaqları X5 autizm xəstəsidir, "xxxx" Psixologiya və X9 həkim təyinatı ilə psixoloji və loqopedik konsultasiyanı nəticəsi olaraq həftədə üç gün, 40 dəqiqə müddətlə, aylıq ödənişi 180 manat olmaqla, loqopedik seanslara yazılmışdır, həmin tarixdən seanslar davamlı olaraq keçirilmişdir, hal-hazırda da davam edir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan normaların tələblərini nəzərə almaqla düzgün olaraq 180 manat məbləğində vəsaitin yarı hissəsinin cavabdehdən tutulmalı olması qənaətinə gəlmişdir.

33. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

34. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, e-2(001)- 4614/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, e-2(001)- 4614/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar