Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1049/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin geri ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Aliment geri ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), X7 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin geri ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1929/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 09 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4415/2018 saylı, 21 may 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 ilə cavabdeh İddiaçı arasında Səadət Sarayında xx.xx.2012-ci il tarixdə 3075 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikah pozulmuş, xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq İddiaçı X1 xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin tutulması qət edilmişdir.
2. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-590/2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı 14 oktyabr 2017-ci il tarixdə Bakı şəhərində İmanova (Səfərəliyeva) Cəmalə Həsən qızından anadan olmuş qadın cinsli uşağın, yəni X2 atası olmaması müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-590/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi xx.xx.2020-ci il tarixində qanuni qüvvəyə minmişdir.
3. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3837/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı iddia tələbi qismən təmin edilmiş, İddiaçı X3 münasibətdə xx.xx.2020-ci il tarixindən etibarən aliment öhdəliyindən azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsi isə öz növbəsində 2(103)-1350/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3832/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilməmiş Bakı Apellyasiya Məhkəməsi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X2 iddiaçının övladı olmadığı üçün xx.xx.2018- ci il tarixindən ödənilmiş aliment məbləği 37 000 manat pulun cavabdehdən tutularaq ona geri ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-4415/2018 saylı qətnaməsi ilə iddiaçı X1 ona qarşı nikahın pozulması və aliment iddiası təmin edilərək, digər tələblərlə yanaşı 29 dekabr 2013-cü il təvəllüdlü X5, 24 aprel 2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq İddiaçı X1 xeyrinə hər ay iddiaçının qazancının yarısı miqdarında aliment tutulması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-590/2020 saylı qətnaməsi ilə onun xx.xx.2017-ci il təvəllüdlü X2 atası olmaması müəyyən edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-4415/2018 saylı qətnaməsinə əsasən ondan həmin uşağın saxlanılması üçün 37000 manat məbləğində aliment tutulmuşdur. Hesab edir ki, həmin uşağın atası olmadığından həmin məbləğ ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1929/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İmanova (Səfərəliyeva) Cəmalə Həsən qızından 36 295 (otuz altı min iki yüz doxsan beş) manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə İddiaçı İmanova (Səfərəliyeva) Cəmalə Həsən qızından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X2 valideyni olmaması müəyyən edildiyindən Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən isə uşaqları saxlamaq valideynlərin vəzifəsi olduğundan və iddiaçıdan həmin uşaq üçün 36 295 manat (108 885:3) məbləğində alimentin tutulması müəyyən edildiyindən iddia qismən əsaslıdır və qismən təmin edilərək cavabdehdən 36295 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
8. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 75.1-ci maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1929/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, tərəflər arasında olan nikah münasibətləri pozulmuş, hər üç uşaq ananın himayəsində saxlanılmış və buna müvafiq olaraq İddiaçı aliment öhdəliyi müəyyən edilmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-590/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında İddiaçı xx.xx.2017-ci il təvəllüdlü X2 atası olmaması müəyyən edilmişdir. Həmin qətnamə isə xx.xx.2020-ci il tarixində qanuni qüvvəyə minmişdir. Daha sonra, İddiaçı “aliment miqdarının azaldılması ” tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iddia tələbinə uyğun qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə isə öz növbəsində 2(011)- 3837/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında iddia tələbini qismən təmin etmiş, İddiaçı X3 münasibətdə xx.xx.2020-ci il tarixindən etibarən aliment öhdəliyindən azad etmişdir. Məhkəmə bunu ona görə etmişdir ki, Xətai Rayon Məhkəməsinin 2(011)- 590/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi xx.xx.2020-ci il tarixində qanuni qüvvəyə minmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-3837/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən narazı qalan İddiaçı Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi isə öz növbəsində 2(103)-1350/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında Muradın apellyasiya şikayətini təmin etməmişdir. Məhkəmə iddia tələbinin alimentin xx.xx.2018-ci il tarixindən başlayaraq tutulması hissəsinə aydınlıq gətirərək, hesab etmişdir ki, həmin hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-590/2020 saylı qətnaməsi ilə Muradın Canelin atası olmamasını müəyyən edilmiş, sözü gedən qətnamə xx.xx.2020-ci il tarixində qanuni qüvvəyə minmişdir. Odur ki, alimentin həmin tarixdən hesablanmasını məhkəmə ağılabatan hesab etmişdir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin alimentin xx.xx.2020-ci il tarixindən tutulması ilə bağlı düzgün nəticəyə gəldiyini bildirmişdir. Məhkəmə kollegiyası qərarını həmçinin onunla əsaslandırmışdır ki, qanunverici prinsip etibari ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olduqdan sonra onun miqdarının dəyişdirilməsini (artırılması və yə azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunu sübuta yetirilməsidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1350/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən narazı qalan iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi isə öz növbəsində 2(102)-3832/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı əsasında iddiaçının kassasiya şikayətini təmin etməmişdir. Məhkəmə kollegiyası qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Lakin bütün bunlara baxmayaraq məhkəmə 2(004)-1929/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında iddia tələbini qismən təmin edərək maddi hüquq normalarının, xüsusən də prosessual hüquq normalarının pozulması ilə müşayət olunan qətnamə qət etmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməli idi. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. Hazırkı mülki işlə eyni predmet üzrə məhkəmə araşdırılması başa çatmışdır və iş üzrə məhkəmənin (hər üç instansiya üzrə) qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) vardır. Sonuncu qərar icra mərhələsini keçmiş, icra edilmişdir. Bunu iş materiallarında olan müvafiq sənədlərdən də görmək mümkündür. Yuxarıda qeyd edildiyi kimi, hazırkı mülki iş üzrə mübahisə predmeti təkrarən məhkəmə müstəvisində mübahisələndirilməli deyildi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, cavabdehin bu məsələni gec etiraf etməsinin səbəbi özünün də bu məsələni sonradan bilməsidir. Sonradan ona məlum olmuşdur ki, uşağın atası iddiaçı deyil. 36.000 manat atalığın müəyyən edilməsi barədə qətnamənin qüvvəyə mindiyi dövrə qədər tutulan məbləğ olmuşdur. Qeyd edilən 100.000 manata yaxın pul uşaqlara xərclənmişdir. Hazırda anası ilə birlikdə ölkədən kənarında müalicə alır.
13. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirdi ki, özü ölkə xaricində işləyib yaşayır. 3-cü uşaq məsələsi çox güman ki, o ölkədən kənar işlədiyi dövrdə olmuşdur. Uşaqlarını da özüylə birlikdə xarici ölkəyə aparmışdır. Cavabdeh hər kəsi aldatmışdır. 100.000 manata yaxın məbləğ uşağa xərclənməmişdir. 37.000 manat ümumi məbləğin 1/3 hissəsini hesablamaqla olmuşdur.
14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası baxmayaraq cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq normaları:
15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 109.2-ci maddəsində qeyd edilir ki, aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-qorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; (109.2.1) məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; (109.2.2) aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. (109.2.3)
16. Məcəllənin 109.2.1—109.2.3-cü maddələrində göstərilən hərəkətlər uşağın və ya yetkinlik yaşına çatan fəaliyyət qabiliyyəti olmayan şəxsin nümayəndəsi tərəfindən edilmişsə, aliment geri tələb olunmur, lakin alimentin ödənilmiş məbləği aliment ödəmiş şəxsin iddiası əsasında təqsirkar nümayəndədən tutulur. (Maddə 109.3)
17. Mülki Prosessual Məcəllə 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanlır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
22. Birinci instansiya məhkəməsi Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarına əsasən iddiaçıdan xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün 3 uşağa görə cəmi 108 885 manat aliment məbləği tutulduğuna, bir uşaq üçün 36 295 manat (108 885:3) məbləğində alimentin tutulmasının müəyyən edilməsinə əsaslanaraq iddia tələbini qismən təmin etmişdir.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, alimentin geri ödənilməsinin mümkünlüyü ilə bağlı Ailə Məcəllənin 109-cu maddəsində qeyd edilən şərtlər hazırkı işin hallarına uyğun gəlmir (§15). Belə ki, hazırkı iş üzrə İddiaçı xx.xx.2017-ci il təvəllüdlü X2 xeyrinə aliment tutulmasına əsas olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4415/2018 saylı, 21 may 2018-ci il tarixli qətnaməsinin saxtalaşdırılması faktı ilə bağlı məhkəmə hökmünün olması və sözügedən qətnamənin ləğv edilməsi halı iş materialları ilə müəyyən edilmir.
24. Göründüyü kimi, İddiaçı alimentin tutulması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında həyata keçirilmiş, sonradan ortaya çıxmış faktlar əsasında iddiaçı xx.xx.2017-ci il təvəllüdlü X3 münasibətdə alimentin ödənilməsindən azad edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbinin təmin edilməsi üçün əsas yoxdur.
25. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1929/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı xx.xx.2017-ci il təvəllüdlü X2 iddiaçının övladı olmadığı üçün xx.xx.2018-ci il tarixindən ödənilmiş aliment məbləği 37 000 manat pulun cavabdehdən tutularaq ona geri ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fuad Babayev