Məhkəmə qərarları › İş №2(103)-10494/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10494/2021

20.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10494/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli, 2(011)-5985/2019 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli, 2(011)-5985/2019 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. 19.06.2020-ci il tarixdə İddiaçı Xətai rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini, saxta yollarla onun adından imza etmiş oğlu Cavabdeh barəsində ciddi tədbirlər görülərək işə yenidən onun iştirakı ilə baxılmasını xahiş etmişdir. Xətai rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli qərardadına əsasən Məhkəmənin 15 iyul 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmış, iddiaçıya prosessual müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. 11 dekabr 2020-ci il tarixdə iddiaçı şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, həmin ərizə oğlu tərəfindən onun xəbəri olmadan, onun adı və imzası ilə məhkəməyə ərizə təqdim olunaraq, saxtakarlıq edilərək, guya iddia ərizəsinə baxılmasını istəməmiş, iddiadan imtina etmiş və işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. O, bunlarla razılaşmır və bu səbəbdən də, həmin qərardaddan şikayət verə bilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5985/2019 saylı, 01 mart 2021-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin olunmamış, həmin qərardaddan iddiaçının verdiyi şikayət də təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21 aprel 2021-ci il qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(011)-5985/2019 saylı qərardadı ləğv edilərək, İddiaçı Xətai rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli, 2(011)-5985/2019 saylı qərardadından şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət bərpa edilmişdir. İddiaçı tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli, 2(011)- 5985/2019 saylı qərardadından verilmiş şikayət məhkəmənin 29.07.2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi, izahatında qeyd etdi ki, ərizəni o yazmayıb, onun bununla bağlı xətti yoxlanılmayıb. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayəti qəbul etməyərək, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi, ona verilən suallara cavab olaraq bildirdi ki, ərizəni iddiaçı özü yazaraq imzalayıb. O, ərizəni yazmayıb. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, şikayətin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Xətai 15 iyul 2019-cu il tarixli, 2(011)- 5985/2019 saylı qərardadından verilmiş şikayətə yenidən baxılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30.06.2021-ci il tarixli 4/844 nömrəli rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş mülki işin 21-ci vərəqində İddiaçı adından olan 15 iyul 2019-cu il tarixli ərizədə imza qrafasındakı imza – İddiaçı tərəfindən icra olunmuşdur. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının xətt və imza nümunələrini götürsə də, xəttşünaslıq ekspertizası təyin etməklə, ancaq imzanı yoxlamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Prosessual Qanunvericiliyin tələbindən göründüyü kimi, hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər ona müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. İş materiallarından görünür ki, iddiadan imtina ilə bağlı ərizə 15.07.2019-cu ildə məhkəməyə daxil olmuş, iddiaçının məhkəmə iclası ilə bağlı məlumatlı olması haqqında iş materiallarında sübutlar mövcud olmadığı halda, məhkəmə iddiaçının, ümumiyyətlə tərəflərin iştirakları olmadan işə baxmış, ərizənin həqiqətən iddiaçının iradəsini ifadə etməsini yoxlamadan iş üzrə icraata xitam vermişdir. Ərizəyə nəzər yetiriləndə görünür ki, ərizənin yazılmasında istifadə olunan qələmlə, imza üçün istifadə olunan qələm rənglərinə görə fərqlidir. Buna görə də, ərizənin məzmununun həqiqətən iddiaçı və ya cavabdeh tərəfindən yazılmasının yoxlanılmasına zərurət vardır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli, 2(011)- 5985/2019 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli, 2(011)-5985/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün, mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar