Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10506/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı Mirzəağa Talıbovun iştirakı ilə, İddiaçılar X1, İddiaçı3 Mirzəağa oğlunun, İddiaçı4, İddiaçı5 və İddiaçı2 Mirzağa qızının cavabdehlər Cavabdeh1 ASC-yə və "xxxx" MMC-yə qarşı «ipotekaya qoyulmuş fərdi yaşayış evinin yenidən qiymətləndirilməsi» tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03.09.2021-ci il tarixli, 2(004)-5804/2021 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar X2, İddiaçı3 Mirzəağa oğlu, İddiaçı4, İddiaçı5 və İddiaçı2 Mirzağa qızı cavabdehlər Cavabdeh1 ASC-yə və "xxxx" MMC-yə qarşı «ipotekaya qoyulmuş fərdi yaşayış evinin yenidən qiymətləndirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03.09.2021-ci il tarixli, 2(004)- 5804/2021 saylı qərardadı ilə iddia ərizəsinin qəbul olunmasından imtina edilmişdir. İddiaçılar şikayətlə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03.09.2021-ci il tarixli, 2(004)-5804/2021 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onların məhkəməyə müraciət etməklə bağlı Konstitusiyon hüquqlarını, həmçinin Mülki Məcəllənin 4.1 və 5.1-ci maddələrinin tələblərini pozmuş, ipoteka predmetinin qiymətinin müəyyən olunmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasına istinad etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28.09.2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 05.07.2017-ci il tarixli, 2(037)-300/2017 nömrəli qətnaməsi ilə İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən fərdi yaşayış evinin 0,06 ha həyətyanı torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 42000 manat məbləğində müəyyən edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 05.10.2017-ci il tarixli, 2(107)-2134/2017 saylı qətnaməsi ilə İsmayıllı Rayon Məhkəməsinin 05.07.2017ci il tarixli, 2(037)-300/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.02.2018-ci il qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 05.10.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, ipoteka predmetinin qiyməti məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmişdir və həmin qiymətin məhkəməyə yenidən iddia ərizəsi təqdim etməklə mübahisələndirilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2, 153.2.2-ci maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 iyul 2020-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərlə bağlı bir daha qeyd edir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03.09.2021-ci il tarixli, 2(004)- 5804/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10506/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10506/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver