Məhkəmə qərarları › İş №2(103)-10515/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10515/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10515/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4245 (dörd min iki yüz qırx beş) manat miqdarında sığorta haqqı, ödəniş gününədək hər gecikdirilmiş gün üçün 4245 (dörd min iki yüz qırx beş) manat sığorta ödənişinin məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun və ödənilmiş 30 otuz manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində iddiaçı iddia ərizəsinin məmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddia tələbinin “dəbbə pulunun ödənilməsi” hissəsində təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cabadeh Azərsığorta ASC-dən 4245 (dörd min iki yüz qırx beş) manat miqdarında sığorta haqqı və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə sözügedən yanğın hadisəsi zamanı avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismar olunub-olunmamasını, o cümlədən hadisənin avtonəqliyyat vasitəsində quraşdırılmış, lakin onun yol hərəkətində iştirakı ilə birbaşa bağlı olmayan avadanlıqların istismarı nəticəsində baş verib-veməməsini yoxlamamışdır. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmə sübutlara düzgün qiymət verməmiş, onun maddi vəziyyətini düzgün qiymətləndirməmişdir. Apellyator digər əsaslar da göstərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh tərəf apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, tərəfləri dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumata əsasən müəyyən olunur ki, **-VS- *** dövlət qeydiyyat nişanlı Tofash Shahin S minik markalı nəqliyyat vasitəsi 10.12.2017-ci il tarixdən 10.12.2018-ci il tarixədək icbari sığorta edilmişdir. Nəqliyyat vasitəsinin sığortaçısı Azsığorta ASC-dir. İş materiallarında olan 31 oktyabr 2018-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqında qərara əsasən müəyyən olunur ki, X5sa məxsus **-VS-*** dövlət qeydiyyat nişanlı Tofash Shahin S minik markalı nəqliyyat vasitəsinin elektrik naqillərində qısaqapanmanın yaranmasından yanğın baş vermişdir. Yanğın baş verən zaman avtomobil işlək vəziyyətdə olmuşdur. X4 dəymiş 9000 manat məbləğində ziyan öz günahından özünə dəymiş, X2 4245 manat məbləğində dəymiş maddi ziyan isə ağır nəticə kimi qiymətləndirilməmişdir. Şahbazov Emin Çİvəxan oğlunun əməlinmə cinayət tərkibi olmadığı üçün barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Bakı Apleyasiya Məhkəməsinin 24.02.2020-ci il tarixli 2(103)2400/2020 saylı qətnaməsinə əsasən müəyyən olunur ki, Emin Şahbazov 13 sentyabr 2018-ci il tarixdə "xxxx" ASC tərəfindən icbari sığorta növündə sığortalanaraq, özünə məxsus Tofash Shahin S markalı **-VS-*** dövlət nömrə nişanlı avtomobillə qardaşı İddiaçı həyətyanı sahəsinə daxil olarkən, avtomobilin mühərrik hissəsində qısa qapanma baş vermiş, nəticə etibarilə avtomobildə yanğın baş vermiş və yanğın alov ətrafa yayılaraq, talvarı yandırmışdır. Qətnamədə kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi yanlış olaraq mövqeyini avtobomildə baş vermiş yanğının yol hərəkətinə deyil, avtomobilin fərdi yaşayış evinin həyətinə daxil olan zaman baş tutduğu, buna görə də sığortalanmış avtomobildə naş vermiş yanğın sığorta hadisəsi kimi qiymətləndirilmədiyi ilə əsaslandırmışdır. Belə ki, qanunvericilikdə avtomobilin istifadə olunması onun yolda, küçədə və ya həyətyanı sahədə hərəkəti ilə şərtləndirilməmişdir. Qətnamədə qeyd olunur ki, iddiaçı Emin Şahbazovun idarə etdiyi Tofash Shahin S markalı **-VS-*** dövlət qeydiyyat nişanlı minik markalı avtomobili ilə Biləsuvar rayonu Çinarlı kəndində yaşayan qardaşı İddiaçı məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olarkən, avomobildə yanğın baş vermiş və yanğın genişlənərək açıq talvara keçmişdir. İddiaçı hazırda qardaşına məxsus evə dəymiş ziyanın əvəzini tələb etməkdədir. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddianı ziyan dəymiş əmlakın sahibi irəli sürə bilər. “İcbarı Sığortalar” haqqında Azərbaycan Respublikası qanununun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat hadisəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkənin üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin maddənin 2-ci bəndinə əsasən avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. Avtonəqliyyat vasitəsində quraşdırılmış, lakin onun yol hərəkətində iştirakı ilə birbaşa bağlı olmayan avadanlıqların istismarı avtonəqliyyat vasitəsinin istifadəsi hesab edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 926.1ci maddsinəəsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Birinci instansiya məhkəməsi iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Azərsığorta ASC-dən 4245 (dörd min iki yüz qırx beş) manat miqdarında sığorta haqqı və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Belə ki Cinayət işinin başalnılmasının rədd edilməsi haqqında qərara əsasən X3 **-VS-*** dövlət qeydiyyat nişanlı Tofash Shahin S minik markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən baş vermiş yanğın nəticəsində X2 məxsus həyətyanı sahəyə 4245 manat məbləğində maddi ziyan vurulması faktı iş materialları ilə öz təsdiqini tapmişdır. Məhkəmə qeyd edir ki, cavabdeh öhdəliyini yerinə yetirmədiyi üçün iddia qismən təmin edilməli, 4245 manat miqdarında sığorta haqqı və 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Dəbbə pulu tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə prossi zamanı həmin tələbin təmin edilməməsini məhkəmədən xahiş etdiyindən, iddia tələbi həmin hissədə rədd edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını da nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar