Məhkəmə qərarları › İş №2(103)-10517/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10517/2021

26.11.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10517/2021 26.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “ödənilməmiş əmək haqqının və digər pul vəsaitinin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-5092/2021 saylı, 27.07.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ödənilməmiş 7 ayın əmək haqqı olaraq 5250 manat məbləğində pul vəsaitinin, istifadə olunmamış əmək məzuniyyətinin pulla əvəzinin, cavabdehin təqsiri nəticəsində əmək haqqının gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün əmək haqqının azı 1 faizi məbləğində ödənişin hesablanaraq cavabdehdən onun xeyrinə tutulması, habelə, vurulmuş mənəvi zərərin əvəzi kimi 3000 manatın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh MMC tərəfindən 2016-cı ildə anbardar kimi işə qəbul edilmişdir və ona hər ay üçün 250 manat məbləğində əmək haqqı təyin edilmişdir. Həmin maaş bank kartına köçürülmüş, aralarındaki razılığa əsasən, hər ay əlavə 400-500 manat əmək haqqı ilə cavabdeh tərəfindən əlbəəl təqdim edilmişdir. 23 yanvar 2021-ci il tarixdə onun sonuncu iş günü olmuş, bundan sonra o, işə buraxılmamışdır. O, hansı səbəbdən işə buraxılmadığını öyrənməyə çalışsa da, ona cavab verilməmişdir. Həmçinin, pandemiya ödvründə əmək haqqı tam şəkildə ödənilməmiş, 2020-ci ilin oktyabr-noyabr aylarında əmək haqqı kartına 120 manat pul köçürülmüşdür. 2020-ci ilin oktyabr, noyabr, dekabr, 2021-ci ilin yanvar, fevral, mart, aprel ayları və əmək müqaviləsinə xitam verildiyi günə qədər əmək haqqı hesablanaraq ödənilməlidir, lakin, ona 1750 manat, əlavə aylıq hesablama üzrə 2800-3500 manat ödəniş edilməmiş əmək haqqı qalmaqdadır. Cavabdeh həmin puldan 120 manatını vermişdir. Bundan başqa, cavabdeh tərəfindən əmək kitabçasının verilməməsi səbəbindən o işləyə bilməmiş, borc almağa məcbur qalmış, nəticədə maddi zərərə məruz qalmış, həmçinin, dəfələrlə stress keçirmiş, həm də mənəvi zərər uğramışdır. Belə ki, əmək haqqından məhrum olması, sonda maddi vəziyyətinin pisləşməsi psixikasına ciddi təsir etmiş, sağlamlığı pozulmuşdur.

3. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-5092/2021 saylı, 27.07.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ödənilməmiş yeddi ayın əmək haqqı, istifadə olunmamış əmək məzuniyyətinin pulla kompensasiyası, həmçinin, əmək haqqının gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi miqdarında pul məbləğinin "xxxx" MMC tərəfindən hesablanaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumunun əvəzi kimi 15 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir (sədrlik edən: Etibar Mustafayev).

4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-5092/2021 saylı, 27.07.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə cavabdehin iştirakını təmin etmədən baxmışdır. İddiaçı əmək müqaviləsi əsasında anbardar vəzifəsinə təyin olunmuşdur. O, işlədiyi dövrdə TAC MMC-yə zərər vurmuşdur. Bu fakt Tac MMC-nin anbardarı X3 izahatı və Audit hesabatı ilə təsdiq olunur. Cavabdeh MMC Binəqədi rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edərək, dəymiş 21037 manat 55 qəpik maddi zərərin X2, İddiaçı və X1 tutularaq cəmiyyətə ödənilməsi və onların cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. 01.06.2021-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Daha sonra Tac MMC tərəfindən həmin qərarın ləğv edilməsi haqqında 18.08.2021-ci il tarixində Bakı şəhər Prokurorluğuna və Binəqədi Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edilmişdir. Binəqədi Rayon Prokurorluğu 24.08.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul etmişdir. Hazırki məsələ ilə bağlı araşdırma davam edir. İşçi tərəfindən 7 ay müddətində heç bir iş görülməmişdir. Cəmiyyətin 18.01.2021-ci il tarixli əmrinə əsasən cəmiyyətdə 20 litrlik su balonlarının oğurlanması aşkar edildiyindən, bununla bağlı araşdırma aparıldığından, cəmiyyətə maddi zərər dəydiyindən müvəqqəti olaraq iddiaçı və digər şəxslər işdən kənarlaşdırılmışlar. Tərəflərin izahatları:

6. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

7. Kollegiya iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:

9. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlandırdığı 05 apral 2021-ci il tarixli məktubda göstərilmişdir ki, “...Eyni zamanda, tərəfinizdən təqdim edilən əmək haqqınızın ödənilməsinə dair bank çıxarışından və izahatınızdan əmək haqqınızın cəmiyyət tərəfindən 2020-ci ilin dekabr ayından 2021-ci ilin aprel ayınadək ödənilmədiyi məlum olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci madəsinin 1-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürən tərəfindən ayda bir dəfədən az olmayan müddətdə verilməli olduğu halda işəgötürən qanun pozuntusuna yol verərək buna əməl etmədiyi müəyyən olunmuşdur. Bu səbəbdən Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində tərəfimizdən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.

10. Kart hesabı çıxarış məlumatlarından görünür ki, Cavabdeh MMC tərəfindən iddiaçının kart hesabına 2020-ci ilin 17 iyul tarixinədək stabil olaraq 237,75 manat məbləğində pul vəsaiti əmək haqqı qismində ödənilmiş, sonrakı mədaxillər kəsrlərlə olunmuşdur. Hüquqi dəyərləndirmə:

11. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir:

12. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

13. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllə ilə işçiyə ödənilən bütün ödənişlərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilməsini təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən bir hissəsi kimi təsbit edilmişdir.

14. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

15. Həmin Məcəllənin 172.1-ci maddəsinə əsasən, aylıq əmək haqqı işçilərə bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan fasilə ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

16. Həmin Məcəllənin 172.4 və 172.5-ci maddələrinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.

17. İş materiallarında olan kart hesabı çıxarışından görünür ki, cavabdeh tərəfindən iddiaçının kart hesabına 237,75 manat əmək haqqı qismində mədaxil sonuncu dəfə 17 iyul 2020-ci il tarixdə edilmiş, mədaxilin təyinatı bölməsindən müəyyən olunur ki, həmin ödəniş 2020-ci ilin may ayının əmək haqqıdır. Sonrakı ödənişlər 08 dekabr 2020-ci il tarixdə 2020-ci ilin avqust ayının əmək haqqı qismində 241,4 manat, 10 dekabr 2020-ci il tarixdə 2020-ci ilin avqust ayının əmək haqqı qismində 30 manat, 05 yanvar 2021-ci il tarixdə 2020-ci ilin oktyabr ayının əmək haqqı qismində 120,62 manat, 18 fevral 2021-ci il tarixdə 2020-ci ilin noyabr ayının əmək haqqı qismində 120,62 manat, 18 mart 2021ci il tarixdə 2020-ci ilin dekabr ayının əmək haqqı kimi 120,62 manat, 2021-ci ilin yanvar ayının əmək haqqı kimi 119,37 manat edilmişdir. Yəni, faktiki olaraq müəyyən edilir ki, 17 iyul 2020-ci il tarixdən sonrakı dövr ərzində iddiaçıya tam həcmdə əmək haqqı ödənişi edilməmişdir. Bu hal Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlandırılmış məktubda da öz əksini tapır.

18. Hazırki halda cavabdeh tərəfindən iddiaçıya bir neçə ay əmək haqqının verilmədiyi və ya əmək müqaviləsində nəzərdə tutulmuş məbləğdən az verilməsi müəyyən edilsə də, iddiaçı tərəfindən ona ödənilməmiş əmək haqqının hansı səbəbdən məhz 5250 manat təşkil etməsini təsdiq edən hərhansı sübut təqdim olunmamışdır. Buna görə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş 7 aylıq əmək haqqının (250x7=1750) hesablanaraq ödənilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

19. Kollegiya iddia tələbinin hər gecikdirilmiş gün üçün əmək haqqının azı 1%-i məbləğində ödənc verilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.

20. Göstərilən maddənin tələbləri baxımından kollegiya hesab edir ki, iddiaçının əmək haqqı gecikdirildiyindən və bu hal fərdi əmək mübahisəsi yaratmadığından iddianın gecikdirilmiş əmək haqqına görə 1 faiz miqdarında ödənc tutulması hissəsində təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur.

21. Həmçinin, Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci bəndinə əsasən, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi istifadə edilməmiş məzuniyyətin pulla əvəzinin ödənilməsi hissəsində də əsaslı olduğundan iddianın həmin hissədə də təmin edilməsi, yəni iddiaçının istifadə olunmamış məzuniyyətinin pulla əvəzinin hesablanaraq cavabdeh tərəfindən ödənilməsi hissəsində qanuni və əsaslı olmuşdur.

22. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarına istinad edilməsini zəruri hesab edir.

23. Həmin Qərara görə, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir.

24. İddiaçı iddia tələbində mənəvi zərərə görə 3000 manat məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsini tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı göstərilən iddia tələbi üzrə mənəvi zərərin vurulmasına dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, iddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair hissəsinin rədd edilməsində birinci instansiya məhkəməsi haqlı olmuşdur.

25. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

28. Cavabdeh apellyasiya şikayətində iddia tələbinin əsassızlığını onunla əsaslandırmışdır ki, iddiaçının cavabdeh təşkilata qarşı dələduzluq əməlinə yol verməsinə dair cinayət işi başlanmışdır. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, hazırki işə mülki icraat qaydasında baxılır və qeyd edilən yekunlaşmayan cinayət işi üzrə icraat hazırki mülki işə baxılmasında hər hansı rol oynamır.

29. Cavabdeh apellyasiya şikayətində həmçinin o hala istinad etmişdir ki, məhkəmə tərəfindən işə cavabdehin iştirakı təmin edilmədən prosessual hüquq normaları pozulmaqla baxılmışdır. Kollegiya apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına əsasən birinci instansiya məhkəməsi cavabdehin hüquqi ünvanına bildiriş göndərmişdir. Bununla məhkəmə üzərinə düşən vəzifəni icra edərək, prosessual pozuntuya yol verməmişdir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

32. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməs

q ə t e t d i:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-5092/2021 saylı, 27.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar