Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1052/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh “xxxx” Firmasının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” Firmasının direktoru Məmmədhüseyn Cəfərova qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(006)-2992/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Firmasının direktoru Məmmədhüseyn Cəfərova qarşı «əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, 22000 manat məbləğində zəhmət haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2008-ci ildən “xxxx” Firmasında region meneceri vəzifəsində çalışmışdır. Müəssisə rəhbəri onunla heç bir formada yazılı müqavilə bağlamamışdır. 2019-cu ilin may ayında işdən çıxmağına baxmayaraq firmanın direktoru Məmmədhüseyn Cəfərov ona çatacaq 22000 manat əmək haqqını bu günə qədər ödəməkdən imtina edir. Ona olan borc barədə dəfələrlə ofisdə olmuşdur, dəfələrlə telefon danışıqları olmuş və rəhbərlik ona bu borcun ödənilməsi barədə dəfələrlə yalan vədlər vermişdir. Bu barədə 04 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə müraciət etmişdir. Müfəttişlik tərəfindən şikayət ərizəyə qanuna uyğun şəkildə baxılmış, alınmış izahatlara, təqdim etdiyi təsdiqləyici sənədlərə əsaslanaraq hüquqi şəxsə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə uyğun olaraq İnzibati Xəta haqqında Protokol və qərardad tərtib edilərək baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilmişdir. Səbail rayon Məhkəməsi onun adı çəkilən şirkətdə əmək müqaviləsi X3 hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi üçün hüquqi şəxsin 20.000 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul etmiş və Bakı Apelyasiya Məhkəməsi Səbail rayon Məhkəməsinin qərarını qüvvədə saxlamışdır. İddiaçı məhkəməyə təqdim etdiyi ərizəsində 22 000 (iyirmi iki min) manat məblığində tələbin 17000 (on yeddi min) manatını əmək haqqı, 5000 (beş min) manatını isə maddi ziyan təşkil etdiyini qeyd etmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-440/2020 saylı qərardadına əsasən, mülki iş ərazi aidyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(006)-2992/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh “xxxx” Firmasından 17000 (on yeddi min) manat məbləğində vəsaitin İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh “xxxx” apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı həqiqətən Firmada xx.xx.2008-ci il tarixdən işləmiş, lakin xx.xx.2009-cu il tarixli ərizəsinə əsasən öz arzusu ilə işdən çıxmışdır. “Elektron hökumət” portalı üzərindən əmək müqaviləsi bildirişlərinin qeydiyyatına görə, İddiaçı həmin dövr tibb sahəsində işləməyə başlamış, hazırda da Səhiyyə Nazirliyinin Milli X1 İnstitutunda işləyir. Ona görə də 2009-cu ildən bəri İddiaçı Firmaya yenidən işə qəbulla bağlı yazılı və şifahi müraciəti olmamışdır. İddiaçı əri isə X7 xx.xx.2010-cu ildən Firmada ayrı-ayrı vəzifələr üzrə işləmiş, sonuncu dəfə sürücü olmuş və xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə uyğun olaraq, eyni tarixli 01/2019 nömrəli əmrlə xitam verilmişdir. Qeyd olunanlar həm Firmanın sənədlərində, həm də dövlətin müvafiq X3 öz əksini tapmışdır. İddiaçı son illər Firmanın hər hansı işlərinin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmədiyi üçün onunla əmək müqaviləsi bağlanmamışdır. Firma ilə əlaqəsi yalnız onun ərinin birbaşa fəaliyyəti ilə bağlı olmuşdur. Odur ki, Firmanın büdcəsində İddiaçı əmək haqqı ödənilməsi nəzərdə tutulmamışdır. X2 mallarını realizə etmək və eyni zamanda sürücülük funksiyalarını yerinə yetirmişdir. İddiaçı isə Firmada hər hansı əmək funksiyası olmamışdır. Firmaya əri ilə birlikdə ayda bir dəfə gələrək ərinin üzərinə düşən funksiyaların müzakirəsində iştirak etməsi onun Firmada işləməsi hesab oluna bilməz. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” Firmasının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Dövlət Əmək Müfəttişliyi Xidməti nümayəndəsini məhkəməyə göndərmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə həmin qurumun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının cavabdehə münasibətdə yoxlanılması təşkil edir. İddiaçı apellyasiya şikayəti vermədiyindən qətnamə ona münasibətdə yoxlanlmır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh “xxxx” Firmasının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni cavabdeh “xxxx” Firmasından 17000 (on yeddi min) manat məbləğində vəsaitin İddiaçı xeyrinə ödənilməsi hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən “xxxx” Firması tərəfindən İddiaçı hər hansı işlərini yerinə yetirilməsinə cəlb edilmişdir. Ona görə də “xxxx”Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş, bu barədə Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 3(009)-2019 saylı qərarından da görünür ki, “xxxx” firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20.000 manat məbləğində cərimə edilməsi qərara alınmış, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 3(103)- 2249/2019 saylı qərarı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-1129/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qeyd edilən məhkəmə qərarlarını və eyni zamanda məhkəmə iclasında dindirilmiş şahid ifadələrinə əsasən “xxxx” Firmasından 17000 (on yeddi min) manat məbləğində vəsaitin İddiaçı xeyrinə ödənilməsini təmin etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Minimum aylıq əmək haqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin» xx xxxxxx 2017-ci il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilmişdir. «Minimum aylıq əmək haqqının artırılması və “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin» xx xxxxxx 2019cu il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İddiaçı qüvvədə olan məhkəmə qərarlarına əsasən “xxxx” Firmasında işləməsi təsdiq olunsa da, iddiaçı ilə cavabdeh təşkilat arasında əmək müqaviləsinin olmaması və bu mənada əmək müqaviləsinin vacib komponentlərindən sayılan iddiaçının aylıq əmək haqqı məbləğinin hansı civarda olması, məzuniyyət günləri və s. barədə iş materiallarında hər hansı bir sübutun (əmək müqaviləsinin) olmaması, “xxxx” Firmasından 17000 (on yeddi min) manat məbləğində əmək haqqının tutulmasını istisna edir. Belə ki, iddiaçı öz istinad etdiyi halların sübutu kimi tələb olunan əmək haqqı məbləğinin məhz 17000 (on yeddi min) manat məbləğində olmasını sübuta edə bilməmişdir. Kollegiya xüsusi olaraq qeyd edir ki, İddiaçı tələb etdiyi əmək haqqı məbləği sübuta yetirilməsə də, sonuncunun cavabdeh təşkilatda əmək münasibətlərində olması rəsmiləşdirilməsə də, aparılmış müvafiq araşdırma zamanı iddiaçı ilə cavabdeh təşkilat arasında faktiki mövcud olmuş əmək münasibətləri nəzərə alınmalı, iddiaçının 2018-ci ilin may ayından 2019-cu ilin fevral ayına kimi hər ay 130 (bir yüz otuz) manat olmaqla (10 (ay) x 130 manat = 1300) 1300 (bir min üç yüz) manat, həmin ilin mart və aprel ayları isə hər ay 180 (bir yüz səksən) manat olmaqla (2 (ay) x 180 = 360 manat) 1300 + 360= 1660, ümumilikdə 1660 manat məbləğində minimum əmək haqqı və həmin müddət üçün minimum əmək haqqına mütənasib hesablanmış məzuniyyət haqqı “xxxx” Firmasından tutularaq İddiaçı ödənilməlidir. Bu qənaətə gələrkən kollegiya, tədqiq olunmuş sübutlara əsasən gəldiyi daxili inamını da rəhbər tutaraq nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Kollegiya, apellyasiya şikayətində cavabdeh Dövlət Əmək Müfəttişliyinin xx.xx.2019-cu il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş məhkəmə qərarlarında maddi və prosessual pozuntuların mövcud olması barədə qeyd edilənləri hazırki işin predmeti olmaması kimi qiymətləndirməklə yanaşı, qeyd edir ki, sözügedən inzibati protokol əsasında qəbul edilmiş qərar qüvvədədir və məhz həmin qərarlarla “xxxx” Firması Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən İddiaçı hər hansı işlərin yerinə yetirilməsinə cəlb etmiş və bununlada “xxxx” Firması Azərbaycan Respublikası İnzibati Məcəlləsinin 192.1-ci maddəsinə əsasən təqsirli bilinərək 20.000 manat məbləğində cərimə edilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Bir daha göründüyü ki, qeyd olunan məlumatların mötəbərliyini şübhə altına almaq üçün əsaslar yoxdur. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianı 17.000 manat hissəsində təmin edərkən səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 390-cı maddəsində təsbit edilmişdir ki, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur, 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, “xxxx” Firmasının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2992/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən və hazırkı apellyasiya baxışının həddində yoxlanılan hissədə, yəni cavabdeh “xxxx” Firmasından 17000 (on yeddi min) manat məbləğində vəsaitin İddiaçı xeyrinə ödənilməsi hissəsində dəyişdirilməli, cavabdeh “xxxx” Firmasından 1660 manat məbləğində ödənilməmiş əmək haqqı, həmin dövr (05.20xx-xx.2019) üçün istifadə edilməmiş məzuniyyətə görə pulun əvəzi və son haqq-hesab hesablanaraq İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “xxxx” Firmasının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2992/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən və hazırkı apellyasiya baxışının həddində yoxlanılan hissədə, yəni cavabdeh “xxxx” Firmasından 17000 (on yeddi min) manat məbləğində vəsaitin İddiaçı xeyrinə ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh “xxxx” Firmasından 1660 manat məbləğində ödənilməmiş əmək haqqı, həmin dövr (05.20xx-xx.2019) üçün istifadə edilməmiş məzuniyyətə görə pulun əvəzi və son haqq-hesab hesablanaraq İddiaçı xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1052/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1052/2021
16.02.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver