Məhkəmə qərarları › İş №2(103)-1053/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1053/2025

30.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1053/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1053/2025 (Açar sözlər: nikahın pozulması, aliment, əlavə xərc) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4073/2024 saylı, 04 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 30 yanvar 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər 12 iyun 2020-ci il tarixdə nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə akt qeydləri kitabında 49 nömrə ilə qeydə alınmışdır.

2. Tərəflərin birgə nikahından bir övladları – xx.xx.2023-cü il təvəllüdlü X4 doğulmuşdur. Yetkinlik yaşına çatmayan uşaq hazırda iddiaçının himayəsindədir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahından anadan olmuş 23 yanvar 2023-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin əmək haqqının ¼ hissə məbləğində aliment və oğlunun 3 yaşına çatanadək əlavə xərclər üçün hər ay 100 manat cəmi 679 manat sabit pul məbləğində alimentin və mediatora ödədiyi 50 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 12 iyun 2020-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olub ailə həyatı qurmuşlar. Rəsmi nikahından 23 yanvar 2023-ci il təvəllüdlü X4 adlı oğlu anadan olmuşdur. Nikaha daxil olan zaman və nikah dövründə nikah müqaviləsi bağlamamışlar. Ailə quran zaman və bir müddət sonra münasibətləri yaxşı olmuşdur. Sonradan isə münasibətləri pisləşmişdir. Bu səbəbdən də ailədə narazılıqlar və söz-söhbətlər yaranmışdır. Hal-hazırda aralarında böyük narazılıqlar vardır, xasiyyətləri uyğun gəlmir və bir yerdə yaşamırlar. Cavabdeh birgə nikahından olan oğlunun saxlanması üçün heç bir maddi yardım göstərmir. O, oğlunu çox çətinliklə böyüdür. Hazırki vəziyyəti ağırdır. Dəfələrlə cavabdehdən oğlunun saxlanması üçün maddi kömək tələb etsə də, o, bundan boyun qaçırır.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4073/2024 saylı, 04 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Həbibə Miriyeva) iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq (müvəqqəti alimentin tutulmasına dair Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(006)-336/2024 nömrəli qərardad nəzərə alınmaqla) Cavabdeh, oğlundan İddiaçı xeyrinə hər ay qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında alimentin tutulması, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməsi, qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34cü maddələri, Azərbaycan Respublikası Ailə Məcəllənin 75.1, 76.1.1, 84.1, 85.1.1, 100.2ci maddələri, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 127-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin əlavə xərclərlə əlaqədar hissəsində ləğv edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, o, hazırda maddi təminat baxımından ciddi problemlərlə üzləşməkdədir. Həmçinin sosial məzuniyyətdə olmaqla işləmir. Məhkəmə işin hallarına obyektiv qiymət verməyərək, iddia tələbinin əlavə xərclər hissəsində təmin edilməməsi qənaətinə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlmədiyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

11. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

12. Maddə 34. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikası Ailə Məcəlləsi

13. Maddə 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.

14. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

15. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

16. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:

17. Maddə 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

18. Maddə 85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər:

19. Maddə 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad;

20. Maddə 86. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.

21. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

Azərbaycan Respublikası Əmək Məcəlləsi

22. Maddə 127.1. Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər..

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Hazırki apelyasiya baxışının predmetini qətnamənin uşağın 3 yaşına çatana kimi aliment ödənilməsi ilə bağlı iddianın rədd olunması hissəsi təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilib, iş üzrə yeni qətnamə qəbul olunmalıdır.

34. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2024cü il tarixli arayışından görünür ki, Cavabdeh 08 fevral 2016-cı il tarixdən dövlət vergi orqanlarında xidmət edir və hal-hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinin Vergi ödəyicilərinin uçotu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsinin büdcədənkənar vəsait hesabına saxlanılan müfəttişi vəzifəsində işləyir. Cavabdeh son 1 il üzrə orta aylıq gəliri 1318,18 manat təşkil edir.

35. Elektron məhkəmə informasiya sistemindən çıxarılmış İddiaçı aid gəlir məlumatlarına əsasən, Babayeva X5 Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsində vergilər üzrə müfəttiş vəzifəsində işləyir, əmək haqqı 370 manat təşkil edir.

36. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinin Sənədlərlə iş və icra intizamına nəzarət şöbəsinin sənədlərlə iş bölməsində büdcədənkənar vəsait hesabına saxlanılan müfəttiş vəzifəsində işləyir və xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək qismən ödənişli sosial məzuniyyətə buraxılmışdır.

37. Birinci instansiya məhkəməsi uşağın 3 yaşına çatanadək 100 manat məbləğdə alimentin tutulmasına dair iddia tələbinin təmin edilməməsi barədə mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçı özü rəsmi olaraq əmək fəaliyyəti ilə məşğul olur (Dövlət Vergi Xidməti Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsində vergilər üzrə müfəttiş vəzifəsində işləyir) və belə olan halda ananın saxlanması üçün pulu tutulması, ümumiyyətlə ağlabatan hesab edilə bilməz.

38. Lakin birinci instansiya məhkəməsi bu qənaətə gələrkən öz səlahiyyətləri çərçivəsində kifayət qədər lazımi araşdırma aparmamış, iddiaçının sosial məzuniyyətdə olub-olmamasını aydınlaşdırmamışdır. Kollegiya bu mövqe ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarındakı yuxarıda adı çəkilən xx.xx.2024-cü il tarixli arayışdan da göründüyü kimi İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək qismən ödənişli sosial məzuniyyətə buraxılmışdır.

39. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 127.1-ci maddəsinə əsasən uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər.

40. Qanunvericiliyin tələblərindən irəli gəldiyi kimi, arvadın keçmiş ərdən aliment (əlavə xərcin) tələb etməsi bir-neçə şərtin – xüsusilə nikahın pozulmuş və keçmiş ərin zəruri vəsaitə malik, eləcə də keçmiş arvadın maddi vəziyyətinin ona bunu tələb etməyə haqq qazandıracaq qədər aşağı olmasının mövcudluğundan asılıdır. Yəni aliment (əlavə xərc) tələb olunan keçmiş ərin gəlirləri, qazancı elə həddə olmalıdır ki, onun və ailəsinin minumum dolanışığını təmin etsin, eyni zamanda keçmiş arvada bu gəlirdən aliment tutmaq mümkün olsun, həmçinin keçmiş arvad işləmədiyi və uşağa baxdığı üçün müstəqil qazanca sahib olmasın. Hazırkı işin hallarından da aydın olur ki, həmin şərtlər mövcuddur.

41. Yuxarıda da qeyd edildiyi kimi məhkəmə icraatının gedişatında müəyyən olunmuşdur ki, iddiaçının əmək fəaliyyəti mövcud olsa da, o hazırda bu fəaliyyətdən irəli gələn təminatını qismən istifadə edə bilir.

42. Buna görə də məhkəmə hesab edir ki, apelyasiya şikayəti uşağın 3 yaşına çatanadək tələb edilən əlavə xərclərə görə hissəsində hüquqi cəhətdən əsaslı olsa da, həcminə görə qismən əsaslıdır.

43. Belə ki, nəzərə alınmalıdır ki, sosial məzuniyyət hüququndan hazırda istifadə olunması iddiaçının birbaşa gəlirdən məhrum olunması ilə nəticələnməmiş və şəxs qismən ödənişlə təmin olunmuşdur. Odur ki, məhkəmə bu hissədə əlavə xərc qismində tutulmalı məbləğin 50 manat həcmində müəyyənləşdirilməsini ədalətli və ağlabatan hesab edir.

44. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iddiaçının xeyrinə tutulmalı əlavə xərcin məbləği 50 manat həcmində müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

46. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

47. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

48. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

49. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4073/2024 saylı, 04 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən (yəni uşağın 3 yaşına çatana kimi aliment ödənilməsi ilə bağlı iddianın rədd olunması hissəsində) ləğv edilsin, həmin hissədə iddia qismən təmin edilməklə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X4 3 yaşına çatanadək xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar