Məhkəmə qərarları › İş №2(103)-10554/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10554/2021

26.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10554/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Ərizəçi “X8 Azərbaycan” QSC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(005)- 7564/2017 saylı qərardadından ərizəçi “X8 Azərbaycan” QSC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7564/2017 nömrəli, 12.10.2017- ci il tarixli məhkəmə əmrinə əsasən, Borclu 522,26 manat məbləğində pul və 20 manat dövlət rüsumunun tutularaq “X5” MMC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. Ərizəçi “X8 Azərbaycan” QSC-nin nümayəndəsi 17.07.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7564/2017 nömrəli, 12.10.2017-ci il tarixli məhkəmə əmrinin əmr etdim hissəsində borc məbləğinin “X8 Azərbaycan” QSC-yə ödənilməsi barədə düzəliş edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, kreditor "xxxx" QSC-nin cavabdeh Borclu qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə Məhkəmənin 12.10.2017-ci il tarixli 2(005)-7564/2017 saylı məhkəmə əmrinin əmr etdim hissəsində borcludan tutulan borc məbləğinin yalnışlıqla X4 ödənilməsi qeyd edilmişdir. Bu səbəbdən də hesab edirlər ki, buraxılmış texniki səhv aradan qaldırılmalıdır. Belə ki, 09.12.2016-tarixli kredit müqaviləsi və 09.10.2017-ci tarixli maliyyə arayışından da göründüyü kimi kredit müqaviləsi iddiaçı "xxxx" QSC ilə cavabdeh Borclu arasında bağlanmışdır. Bankın etibarnaməsi əsasında çıxış edən "X5" MMC məhkəməyə iddia ərizəsi ilə elektron müraciət edərkən kreditor kimi yalnışlıqla "X5" MMC-ni seçmişdir və pul vəsaitinin bankın xeyrinə tutulmasını istəməsi əvəzinə, "X5" MMC-nin xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə də, öz növbəsində bu barədə məhkəmə əmri çıxarmışdır. Eyni zamanda onu da bildirir ki, Borclu tələb olunan vəsaiti icra edilmişdir (icranın qoşmadakı məktubuna əsasən) və hal-hazırda Nərimanov rayon İcra şöbəsinin depozit hesabında qalmaqdadır və həmin vəsaitin banka ödənilməklə borclunun borcundan silinməsində problem yaşanmaqdadır. Yəni, Nərimanov Rayon Məhkəməsinin e-2(005)-7564/2021 saylı, 12.10.2017-ci il tarixli Məhkəmə əmrinin icrasında çətinlik yarandığından onun icrası qeyri-mümkün olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(005)- 7564/2017 saylı qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 7564/2017 nömrəli, 12.10.2017-ci il tarixli məhkəmə əmrində buraxılmış yalnışlığın düzəldilməsinə dair ərizəçi “X8 Azərbaycan” QSC-nin nümayəndəsinin ərizəsi təmin edilməmişdir. Ərizəçi “X8 Azərbaycan” QSC tərəfindən qeyd olunan qərardaddan şikayət verilərək, qərardadın ləğv edilərək, ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayət ərizədə göstərilənlərlə əsaslandırılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında ərizəçi “X8 Azərbaycan” QSC-nin nümayəndəsi X3 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası digər tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(005)-7564/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli Plenum Qərarının 13.3-cü bəndinə əsasən, qətnamədəki yalnışlıqların və hesab səhvlərinin düzəldilməsi üçün Azərbaycan Respubblikası Mülki Prosessual Məcəlləsində müddət müəyyən edilmədiyinə görə həmin məsələlər qətnamə icra edilənədək istənilən vaxt qaldırıla bilər. Kollegiya mülki işin materiallarını araşdıraraq hesab edir ki, məhkəmə əmrində hər hansı yalnışlığa yol verilməmiş, bununla yanaşı məhkəmə əmrində açıq hesab səhvlərinin olması da müəyyən edilmir. Ərizəçi “X8 Azərbaycan” QSC-nin nümayəndəsinin ərizədə istinad etdiyi hallar məhkəmə əmrinə düzəliş edilməsi üçün əsas vermir. Bundan əlavə ərizədə və şikayətdə qeyd olunanlar müstəqil iddia tələbi çərçivəsində həll olunmalı məsələlərdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı sayaraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(005)-7564/2017 saylı qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ərizəçi “X8 Azərbaycan” QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(005)-7564/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar