Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10567/2021 19.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə yol nəqliyyat-hadisəsi nəticəsində vurulmuş zərərlə bağlıdır. Hadisə 16.08.2019-cu il tarxdə baş verib və iki avtomobil toqquşub: 1)“VAZ 2106” markalı, **-BJ- *** qeydiyyat nişanlı avtomobil; 2) “VAZ-21043” markalı, **-NL-*** qeydiyyat nişanlı avtomobil. Hadisə nəticəsində hər 2 avtomobil zədələnib. Hadisə cavabdehin – 1-ci avtomobli idarə edən sürücünün təqsiri üzündən baş verib, daha sonra o, hadisə yerindən yayınıb. 1-ci avtomobilin sahibinin mülki məsuliyyəti iddiaçı tərəfindən sığortalandığına görə iddiaçı 2-ci avtomobilin sahibinə zərərin əvəzi kimi 220 manat sığorta ödənişi verib. Bundan sonra iddiaçı cavabdehin hadisə yerindən yayındığına əsaslanaraq 220 manat pulu subroqasiya qaydasında cavabdehdən tələb edib. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, zərərin əvəzi kimi 220 manat, işlərin görülməsinə çəkilmiş xərcin əvəzi kimi 500 manat, dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 750 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. İddiaçı subroqasiya hüququnun yaranmasını onunla əsaslandırıb ki, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra cavabdeh, yəni hadisənin baş verməsindən təqsirkar sürücü hadisə yerindən yayınıb. “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsindən görünür ki, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, zərərin əvəzi kimi 220 manat, işlərin görülməsinə çəkilmiş xərcin əvəzi kimi 500 manat, dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 750 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. Şikayət və izahatlar: Apellyasiya şikayətində qətnamə mübahisələndirilib, zərərin məbləğinin müəyyən edilməsi üçün yenidən araşdırma aparılması və yeni qətnamə qəbul edilməsi tələb olunub. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Qətnamənin yoxlanılması: Apellyasiya icraatında mübahisə zərərin miqdarı barədədir. Belə ki, cavabdeh zərər vurduğunu etiraf edir, lakin zərərin miqdarı kimi müəyyən edilmiş 220 manatın yüksək məbləğ olduğunu iddia edir. Mülki Məcəllənin 925.1-ci maddəsinə görə sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Məcəllənin 925.2-ci maddəsinə görə sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Qanunun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Məcəllənin 925.3-cü maddəsinə görə sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Qanunun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Zərərin miqdarını sığortaçı özü müəyyən edib, bu barədə onun tərəfindən “Hesablama” adlı sənəd tərtib olunub, lakin həmin sənəddə zərərin məbləği əsaslandırılmayıb. Bundan başqa, avtomobilin hadisədən sonrakı görüntülərini əks etdirən foto və ya videoçəkiliş yoxdur. İddiaçı “Hesablama” adlı sənəd əsaslanaraq 220 manat sığorta ödənişi verib və 1 il keçdikdən sonra cavabdehə qarşı subroqasiya qaydasında tələb irəli sürüb. Ona görə də cavabdeh haqlıdır ki, iddia ərizəsində göstərilən məbləğin əsaslandırılmasını iddiaçıdan tələb etsin. Əgər iddiaçı zərərin məbləğini əsaslandırmadan faydalanan şəxsə sığorta ödənişi veribsə, bu, iddiaçıya əsas vermir ki, zərərin məbləğini əsaslandırmadan cavabdehdən sığorta ödənişinin həddində zərərin əvəzini tələb etsin. Mülki Məcəllənin 936.2-ci maddəsindən görünür ki, sığortaçıya faydalanan şəxsin zərərin əvəzini ödəmək tələbi ilə bağlı hüququ keçir. Ona görə də faydalanan şəxsin hansı məbləğdə pul tələb etmək hüququ varsa, sığortaçıya da həmin məbləğdə (sığorta ödənişinin məbləğini aşmamaq şərtilə) pul tələb etmək hüququ keçir. Bu baxımdan hazırkı iddia o halda tam təmin oluna bilər ki, faydalanan şəxsin 220 manat tələb etmək hüququnun olduğu mötəbər sübutlarla müəyyən edilsin. Lakin belə sübutlar yoxdur. Sığortaçı sığorta hadisəsi nəticəsində vurulmuş zərərin məbləğini müəyyən edərkən mötəbər sübutlardan istifadə etməlidir ki, sonradan subroqasiya qaydasında zərərin əvəzini tələb edə bilsin. İddiaçı özü özünü bu imkandan məhrum etmiş, sığorta ödənişi verənə qədər zərərin məbləği barədə mötəbər sübutlar əldə etməmişdir. Ona görə də zərərin məbləği müəyyən edilərkən cavabdeh tərəfindən etiraf olunan məbləğ əsas götürülməlidir. Mülki-Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Cavabdeh apellyasiya icraatı zamanı zərərin 100 manat təşkil etdiyini etiraf edib. Beləliklə, qətnamə ləğv edilməli, iddia qismən təmin olunmalı, zərərin əvəzi kimi 100 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı işlərin görülməsinə görə 500 manat tələb etsə də işin adını göstərməyib, xərcin məbləğini əsaslandırlmayıb. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 115-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, 500 manat cavabdehdən tutula bilməz. O cümlədən iddia qismən təmin edildiyinə görə məhkəmə Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat rüsumun yarısı, yəni 15 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. Zərərin əvəzi kimi 100 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15 manat, cəmi 115 (yüz on beş) manat Cavabdeh alınaraq "xxxx" ASC-yə verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-10567/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10567/2021
19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver