Məhkəmə qərarları › İş №2(103)-1058/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1058/2022

30.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1058/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı birgə “nikah dövründə yaranmış borcun paylara uyğun bölünməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1835/2019 saylı, 04.12.2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə yaranmış borca görə 212.500 ABŞ dollarının (Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)- 3201/2016 saylı, 20.04.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş 425.000 ABŞ dollarının 1/2 hissəsi) və 375.000 ABŞ dollarının (Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)-3775/2016 saylı, 23.05.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş 750.000 ABŞ dollarının 1/2 hissəsi), cəmi 587.500 ABŞ dollarının (ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə) Cavabdeh alınaraq İddiaçı ödənilməsi, qeyd edilən pul məbləğinin ödənilməsinin Cavabdeh Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-430/2017 saylı, 06.03.2017-ci il tarixli qətnaməsi ilə mülkiyyət hüququ müəyyən edilmiş əmlaklara yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 26.12.1990-cı il tarixdə nikah bağlanmış və onların birgə nikahından 09.12.2003-cü il təvəllüdlü Neman adlı uşaqları doğulmuşdur. Səbail rayon Məhkəməsinin 2(009)-2386/2017 saylı, 01.06.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Həmçinin, Səbail rayon Məhkəməsinin 2(009)-430/2017 saylı, 06.03.2017-ci il tarixli qətnaməsi il iddiaçı Cavabdeh iddia tələbi təmin edilərək, İddiaçı adına rəsmiləşdirilmiş əmlakların, yəni Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, ev 14-də yerləşən 5 otaqlı 12,13,14 saylı mənzil; ünvan 7/49da yerləşən 159,78 kv.m. sahəli 4 otaqlı 23 saylı mənzil; ünvan 7-də yerləşən 290,9 kv.m. sahəli qeyri-yaşayış sahəsi; ünvan 7-də yerləşən 29,6 kv.m. sahəli qeyri-yaşayış sahəsi; ünvan 7-də yerləşən 41,1 kv.m. sahəli qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2379-8182 saylı məhəllədə yerləşən qeyriyaşayış sahəsi; Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2392/99-cu məhəllədə yerləşən başa çatdırılmamış yaşayış evinin yerləşdiyi 3710 kv.m. torpaq sahəsi; Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki 2392/99-cu məhəllədə yerləşən tikintisi başa çatdırılmamış su ambarı (yarımçıq tikili); Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki 2392/99-cu məhəllədə yerləşən 284,7 kv.m. sahəsi olan su ambarının yarımçıq tikilisi; «Cadillac CTS» markalı, ** LO *** dövlət nömrə nişanlı avtomobil və «Porsche Cayenne» markalı ** ZE *** dövlət nömrə nişanlı avtomobil İddiaçı ilə Cavabdeh birgə nikahı dövründə əldə edilmiş bərabər paylarda ümumi əmlakları hesab edilmiş və həmin əmlakların 1/2 hissəsinə Cavabdeh mülkiyyət hüquqları müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12438/2018 saylı, 23.11.2018-ci il tarixli qətnaməsi ilə Səbail rayon Məhkəməsinin 2(009)-430/2017 saylı, 06.03.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Onunla Cavabdeh nikahda olduqları dövrdə ailənin borclanmasına və konkret olaraq Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsində yerləşən daşınmaz əmlakların alınmasına sərf edilmiş pul vəsaitləri ilə bağlı öhdəliklər yaranmışdır. Belə ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-3201/2016 saylı, 20.04.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Şahid cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş və İddiaçı 425.000 ABŞ dolları məbləğində pulun iddiaçı Şahid xeyrinə tutulması qət edilmişdir. Bundan əlavə Nəsimi rayon Məhkəməsinin 2(006)-3775/2016 saylı, 23.05.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş və İddiaçı 750.000 ABŞ dolları məbləğində pulun Qasım Həsənağanın xeyrinə tutulması qət edilmişdir. Qeyd edilən məhkəmə qətnamələri qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Artıq qanuni qüvvəsini almış Nəsimi rayon Məhkəməsinin 2(006)-3201/2016 saylı 20.04.2016-cı il tarixli, 2(006)-3775/2016 saylı 23.05.2016-cı il tarixli qətnamələri ilə müəyyən edilmişdir ki, o, adları qeyd edilən şəxslərdən borc aldığı məbləğləri Səbail rayon Məhkəməsinin 06.03.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh pay hüququnun müəyyənləşdirildiyi əmlakların satınalınması və tikintisi üçün əldə etmiş və həmin əmlaklara xərcləmişdir. Məhz bunun nəticəsində ailənin ümumi borcu yaranmışdır. Hazırki vəziyyətdə Cavabdeh ilə onun arasında olan ümumi əmlak bölündüyündən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinin tələbinə əsasən onların nikahda olduqları dövrdə yaranmış borclar da onların payına uyğun olaraq bölünməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1835/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-3201/2016 saylı 20.04.2016-cı il tarixli və Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-3775/2016 saylı 23.05.2016-cı il tarixli qətnamələri ilə tutulması müəyyən edilmiş pul məbləğlərinin (1175000 ABŞ dolları) 1/2 hissəsi (587500 ABŞ dolları) Cavabdeh aid edilməklə həmin məbləğin – 587500 (beş yüz səksən yeddi min beş yüz) ABŞ dollarının Cavabdeh İddiaçı xeyrinə tutulduğu anda ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən 450000 ABŞ dollarının və 750000 ABŞ dollarının ailənin hansı ehtiyaclarına yönəldilməsi, xərclənməsi və ya həmin borcların hansı qaydada və hansı şəraitdə İddiaçı verilməsi müəyyən edilməmişdir. Qətnamədə qeyd olunur ki, İddiaçı həmin 450000 ABŞ dollarını “Nemi” otelinin tikintisini başa çatdırmaq üçün almışdır. Məhkəmə həmin otelin hansı tarixdə tikilib başa çatdığını və hansı tarixdə istismara qəbul edilməsini araşdırmamışdır. Borcun alındığı iddia edilən 07.01.2012-ci il tarixində həmin otel tikilib başa çatdırılmış, 19.12.2012-ci il tarixində istimara qəbul edilmişdi. 2013-cü il tarixindən isə otel kimi fəaliyyət göstərir. Məhkəmənin həmin qətnaməsində eyni zamanda göstərilir ki, otel binası tikilib qurtardıqdan sonra guya satılmalı və Şahid pulu qaytarılmalı idi. Lakin həmin bina tikilir və 2013-cü il tarixindən otel kimi tərəfindən işlədilərək qazanc əldə edilir. Həmin tarixdən 2016-cı ilin əvvəllərinə kimi İddiaçı borc verdiyini iddia edən şəxslərin heç birinin səsi çıxmamış, yalnız iddiaçı ilə onun arasında mübahisələr başladıqdan sonra onlar pullarını istəməyə başladılar. Nəyə görəsə, obyekt otel kimi istifadə edilən zaman, təxminən 4 ildən çox bir müddətdə həmin şəxslər Barata pretenziya edərək onların vəsaiti hesabına tikildiyini iddia etdikləri obyektin satılmadığını soruşmamış, borc məbləğinin qaytarılmasını tələb edən borc verənlər borcun otelin satışı əsasında qaytarılmasını tələb etməmişlər. Səbail Rayon Məhkəməsinin 06.03.2017-ci il tarixli 2(009)-430/2017 saylı qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş əmlakların heç biri 2012-ci ildə əldə edilməmiş, əmlakların hamısı 2012-ci ilə kimi əldə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1936/2020 nömrəli, 05 avqust 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1835/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-172/2021 saylı, 08 fevral 2021-ci il tarixli qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 20120-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3800/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1835/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-5894/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3800/2021 nömrəli iş üzrə 17 may 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi işi yeni apellyasiya baxışa göndərərkən mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “İşin 8-9-cu səhifəsində olan Səbail Rayon Məhkəməsinin 01 iyun 2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh nikahın pozulması barədə məhkəməyə müraciət edərkən onunla İddiaçı arasında son bir neçə il ərzində mübahisə yarandığından ailə münasibətləri pozulmuş, bununla əlaqədar məhkəməyə müraciət etmişdir. Həmin işə baxan məhkəmənin nəticəsindən də görünür ki, tərəflərin ailə münasibətləri xeyli müddət əvvəl pozulmuş, ailənin bərpası mümkün deyildir. İddiaçıdan borcun tutulması barədə qətnamələr isə, işdən göründüyü kimi, 2016-cı ilin aprel, may aylarında, yəni nikahlarının pozulmasından təxminən 1 il əvvəl qəbul edilmişdir. İşdən isə görünür ki, tərəflər arasında notariatda təsdiq olunmuş borc müqavilələri bağlanmamışdır. Həmin işlərə baxılarkən İddiaçı tələb olunan borcu almasını etiraf etdiyi üçün ona qarşı yönəlmiş iddia tələbləri təmin edilmişdir. Beləliklə, işdən görünür ki, iddiaçıdan borcun tutulması barədə qətnamələr tərəflərin ailə münasibətləri pozulduğu dövrdə qəbul edilmişdir. Həsənağa Qasım iddiaçıya 2010-cu ilin sonlarında, Şahid isə 2012-ci ilin əvvəllərində borc verməsini iddia etsələr də, işdən görünür ki, onlar uzun müddət ərzində borcun qaytarılmasını iddiaçıdan tələb etməmişlər. Halbuki, iddiaçı Şahid təqdim etdiyi 07 yanvar 2012-ci il tarixli qəbzə görə iddiaçı aldığı borcu 2 il müddətinə qaytaracağına söz vermişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən işin həmin hallarına qiymət verməmiş, tərəflərin ailə münasibətlərinin pozulduğu vaxtın müəyyən olunması istiqamətində araşdırma aparmamışdır. İddiaçı iddia ərizəsindən görünür ki, o, mübahisə predmeti olan borc pul vəsaitinə onların pay hüquqları müəyyən olunmuş bütün əmlakları əldə etmişdir. Həmin əmlaklar isə, işdən göründüyü kimi 2 mənzildən, 3 qeyriyaşayış sahəsindən, iki avtomobildən, torpaq sahəsindən və digər daşınmaz əmlaklardan ibarətdir. İşə təkrar apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi izahatında göstərmişdir ki, nə iddiaçı, nə də cavabdeh heç vaxt işləmədikləri üçün dəyəri milyonlarla ölçülən həmin əmlaklar başqalarından götürülmüş borc hesabına alınmış, onlar təmir və rekonstruksiya edildikdən sonra baha qiymətə satılmaqla ailə biznesi inkişaf etdirilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 2 qeyri yaşayış sahəsi 2007-ci ildə, bir qeyri-yaşayış sahəsi 2014-cü ildə, Əhməd Cavad küçəsində yerləşən mənzillər isə 2013-cü ildə və s. əldə edilmişdir. Göründüyü kimi əldə olunmuş əmlakların bir qismi borcun alındığı iddia olunan vaxtdan əvvəl əldə edilmişdir. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi işin həmin hallarına qiymət verməmişdir. Mübahisə predmeti olan borcların iddiaçıdan tutulması barədə məhkəmə qətnamələrinin mövcudluğu da həmin əmlakların məhz Şahid və Həsənağa Qasımdan alınmış borc hesabına əldə edilməsi barədə qəti nəticəyə gəlmək üçün əsas verməmişdir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq iddiaçıya məxsus qeyri-yaşayış sahələrinin təmir olunma, istifadəyə hazır olma və otel kimi fəaliyyət göstərməsi vaxtları müəyyən olunmamış və borcun məhz otelin fəaliyyətinin təmin olunmasına sərf olunması araşdırılmamışdır. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 20 aprel və 23 may 2016-cı il tarixli qətnamələri üzrə icra vərəqələri verilsə də, həmin icra sənədlərinin icra olunma vəziyyəti yoxlanmamış, iddiaçının həmin borcları Şahid və Həsənağa Qasıma qaytarıbqaytarmaması müəyyən olunmamışdır. İddiaçının həmin borcları qaytarmadığı təqdirdə onun hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik olub-olmamasına məhkəmə tərəfindən qiymət verilməmişdir. İşdən görünür ki, Cavabdeh birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və payların müəyyən olunması barədə məhkəmədə 2017-ci ildə iddia qaldırmış və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək tərəflərə məxsus əmlakdan hər birinin ½ hissədə payları müəyyən olunmuşdur. Həmin işə baxılarkən İddiaçı nümayəndəsi tərəflərin uzun müddət ərzində birgə yaşamamaqla birgə təsərrüfat aparmamalarını və mübahisə predmeti olan əmlakların da İddiaçı tərəfindən onların ayrı yaşadıqları dövrdə alınmasını və ər-arvadın ümumi birgə mülkiyyəti olmamasını əsas göstərməklə iddianın rədd olunmasını xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakın başqalarından götürülmüş borcların hesabına alınmasını göstərməmiş, eləcə də Ailə Məcəlləsinin 37.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin borcların onların ümumi əmlakdakı paylarına uyğun olaraq müəyyən edilməsi barədə tələb irəli sürməmişdir. Həmin işə birinci instansiya məhkəməsində baxıldıqdan 2 il sonra İddiaçı məhkəmə qətnaməsi ilə ondan tutulması qət olunmuş pul vəsaitinin ½ hissəsini təşkil edən 587.500 ABŞ dollarının Cavabdeh onun xeyrinə tutulmasını tələb etmişdir. Həmin tələb, onun məzmunundan göründüyü kimi, Ailə Məcəlləsinin 37.3-cü maddəsinin tələbinə uyğun qaldırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə qətnamə qəbul edərkən həmin hallara, eləcə də, birgə nikah dövründə əldə olunmuş əmlakın hansı vəsait hesabına əldə edilməsi ilə əlaqədar iddiaçının ziddiyyətli izahatlarına qiymət verməmiş, səbəblərini araşdırmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 mart 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən bölünməsi tələb olunan əmlaklar ailə büdcəsi hesabına əldə edilməklə onların ümumi birgə mülkiyyətidir. Müəyyən olunduğu kimi, həmin işə tərəflərin hər ikisinin iştirakı ilə baxılmış və həmin əmlakların məhz ailənin büdcəsi hesabına, yəni ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməsi müəyyən olunmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi işin həmin halını da nəzərə almamış və MPM-nin 82.3-cü maddəsinin qüvvəsinin tətbiqi imkanını müzakirə etməmişdir”. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə, əlavə olaraq bildirdi ki, iddiaçı aralarında olan nikah rəsmi qaydada 2017-ci il məhkəmə qətnaməsilə pozulsa da, münasibətləri xeyli müddət qabaq korlanmışdı və ailənin bərpası mümkün olmamışdır. Hazırda iddiaçının qeyd etdiyi Mirzə İbrahimov küçəsi 18-də yerləşən qeyri-yaşayış sahəsi təxminən 2005-ci il tarixdə restoran kimi fəaliyyət göstərmiş, daha sonra ailə münasibətləri pozulduqdan sonra isə otelə çevrilmiş, 2019-cu ildən otel kimi fəaliyət göstərmişdir. Həmçinin iddiaçının aldığı borclar ümumi əmlakların əldə edilmə tarixindən sonrakı dövrə təsadüf edir. Eyni zamanda iddiaçı kifayət qədər maddi imkana malik olmuş, iddiaçı borclanma görüntüsünü süni şəkildə yaratmışdır. Eləcə də Mirzə İbrahimov küçəsi 9 və 18 ünvanında fəaliyyət göstərən otellər fərqli otellər olmaqla adları da fərqlidir. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov 9 ünvanındakı “Nemi” oteldir, Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov 18 ünvanındakı otel “Nemi Museum” oteldir. “Nemi” otelin tikintisi təxmini olaraq yadındadır ki, 2012-ci ildə yekunlaşıb, Bakı şəhəri, Mirzə İbrahimov 9 ünvanındakı otelin bölgüsü isə olmamışdır. İddiaçının nümayəndəsinin məhkəmə iclasında təqdim etdiyi sənədlər Mirzə İbrahimov 9 ünvanındakı “Nemi” otelinə aid olmaqla, Mirzə İbrahimov 18 ünvanında fəaliyyət göstərən “Nemi Museum” otel ilə əlaqəsi yoxdur. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib qətnamənin ləğv edilərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirmişdir ki, ailənin rəsmi gəliri olmamışdır, dost tanışdan götürülmüş borcun hesabına otel tikilmişdir. Sonradan isə bu mübahisələr yaranıb, ona görə pulu qaytara bilməyiblər. Bakı şəhəri, Mirzə İbrahimov 9 küçəsində yerləşən otelin tikintisi 2012-ci ildə bitib. Həm Bakı şəhəri, Mirzə İbrahimov 9 küçəsində, həm də Bakı şəhəri, Mirzə İbrahimov 18 küçəsində yerləşən otelin təmir pulu tələb edilir. İddia tələbində nə otelin adı var, nə də ünvan qeyd edilib. Götürülmüş borclar təmirə və ailə büdcəsinə xərclənib. Payların bölgüsü aparılmış əmlak Bakı şəhəri, Mirzə İbrahimov 18 küçəsində yerləşir. İddiaçı pulu alıb bütün əmlaklarının təmirinə xərcləyib. Borc alınan pul Bakı şəhəri, Mirzə İbrahimov 18 ünvanında yerləşən əmlakın, Bakı şəhəri, Mirzə İbrahimov 9 ünvanında yerləşən otelin təmirinə, həmçinin ümumi ailə büdcəsinə xərcləmişdir. ünvan 4 ünvanında 3 qeyri-yaşayış sahəsi sökülmüşdür. Onlar mövcud deyil. Məhkəmə həmin əmlakı böləndə orada qeyriyaşayış sahəsi mövcud deyildi. Qarşı tərəf özü deyir ki, 2010-cu ildə onun yerində bina tikilmişdir. Təyminə özü əvvəlki apellyasiya baxışında yerində müayinə zamanı bildirdi ki, onun mülkiyyətində olan həmin qeyri-yaşayış sahələrinin yerində bina tikilmişdir. Həmin bina 2000-ci ildə tikilmişdir. Məhkəmə tərəfindən əmlak bölünən zaman necə həmin qeyri-yaşayış sahələri mövcud ola bilər. 2012-2013-cü illərdə oteldə yenidənqurma işləri həyata keçirilmişdir. İddia tələbində Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qətnaməsinə istinad edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin bir qətnaməsi ilə 425000 ABŞ dollar, bir qətnaməsi ilə 750000 ABŞ dollar pul tutulmuşdur. 2012-ci ilin 19 dekabrında otelin tikintisi yekunlaşmışdır. Otelin tikintisi üçün 2 dəfə borc pul alınmışdır – bir dəfə 2010-cu ildə borc pul alınıb, biri də 2011-ci ildə alınıb. Otelin istismara qəbul edilməsi ilə bağlı müvafiq qurumların aktı var. Bakı şəhəri, Mirzə İbrahimov 9 ünvanında yerləşən otellə üzbəüz Bakı şəhəri, Mirzə İbrahimov 18 ünvanında otel yerləşir. Bu hündürmərtəbəli binanın birinci mərtəbəsi oteldir. Otellərin hər ikisi “Nemi” adlanır. Nemi birgə nikahdan olan övladlarının Neymanın adına olan oteldir. Otellərdən biri Nemi otel adlanır, digəri isə “Nemin Museum” Otel adlanır. ünvan 4 ünvanındakı otel bu gün də fəaliyyət göstərir. 2012-ci ildə həmin oteldə yenidənqurma işləri olub, ondan sonra çevrilib olub otel, indi də otel kimi fəaliyyət göstərir. Eyni zamanda hər iki otelin sənədləşməsi 1 otelin, yəni Mirzə İbrahimov 9 ünvanındakı fəaliyyət göstərən “Nemi” otelinin adı altında qeydə alınmış, hər iki otel eyni vaxtda fəaliyyətə başlamışdır. Bununla bağlı qiymətləndirmə aktı təqdim etmişdir. Qiymətləndirmə aktına əsasən “Nemi” otelinin tikintisinə, təmiri, abadlaşdırılımasına, avadanlıqla təchiz edilməsinə və.s 2010-2012-ci illərin bazar dəyərinə uyğun dəyəri 1569700,0 manat, “Nemi Musem” otelinin təmiri, abadlaşdırılımasına, avadanlıqla təchiz edilməsinə isə 420090,0 manat xərc çəkmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin təmin edilən hissəsində yoxlanılması təşkil edir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən – Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-3201/2016 saylı 20.04.2016-cı il tarixli və Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-3775/2016 saylı 23.05.2016-cı il tarixli qətnamələri ilə tutulması müəyyən edilmiş pul məbləğlərinin (1175000 ABŞ dolları) ½ hissəsi (587500 ABŞ dolları) Cavabdeh aid edilməklə həmin məbləğin – 587500 (beş yüz səksən yeddi min beş yüz) ABŞ dollarının Cavabdeh İddiaçı xeyrinə tutulduğu anda ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması hissəsində təmin edilmiş, cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə qətnaməni iddia tələbinin təmin edilməyən hissəsini mübahisələndirməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd ediməlidir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı 26 dekabr 1990-cı il tarixdə Cavabdeh ilə rəsmi nikaha girmiş, həmin nikahdan bir uşaqları olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2016-cı il tarixli qətnaməsi ilə Şahid İddiaçı qarşı 473.000 ABŞ dolları məbləğində pul tələbinə dair iddiası qismən təmin edilərək İddiaçı Şahid xeyrinə 425.000 ABŞ dollarının tutulması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 may 2016-cı il tarixli qətnaməsi ilə isə İddiaçı X2 xeyrinə 750.000 ABŞ dollarının manata uyğun məzənnə ilə tutulması qət edilmişdir. Həmin qətnamələr qanuni qüvvəyə mindikdən sonra onlara dair müvafiq olaraq 2016-cı ilin may və iyul aylarında icra vərəqələri verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş və sonuncunun adına rəsmiləşdirilmiş əmlakın bölünməsi tələbinə dair iddiası təmin edilərək Bakı şəhərində yerləşən 4 və 5 otaqlı mənzillərə, qeyri-yaşayış sahələrinə, torpaq sahəsinə və avtomobillərə dair Cavabdeh ½ hissədə pay hüququ müəyyən olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 iyun 2017-ci il tarixli qətnaməsi ilə Barat və Təranə Abdullayevlərin nikahı pozulmuşdur. İddiaçı hazırki tələbində qeyd etmişdir ki, qanuni qüvvəsini almış Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-3201/2016 saylı 20.04.2016-cı il tarixli və 2(006)-3775/2016 saylı, 23.05.2016-cı il tarixli qətnamələri ilə müəyyən edilmişdir ki, İddiaçı adları qeyd edilən şəxslərdən borc aldığı məbləğləri Bakı şəhəri Səbail rayon Məhkəməsinin 06.03.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh pay hüququnun müəyyənləşdirildiyi əmlakların satınalınması və tikintisi üçün əldə etmiş və həmin əmlaklara xərcləmişdir. Məhz bunun nəticəsində ailənin ümumi borcu yaranmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə hesab etmişdir ki, ərarvadın birgə nikahda əldə etdikləri əmlak bölünərkən, ümumi borclar da hər birinin əmlak üzərində hüququ tanınmış payına uyğun olaraq müəyyən edilir. Məhkəmə qətnaməsi ilə iddiaçı və cavabdehin birgə nikah dövründə əldə etdikləri əmlaklar üzərinə payları bərabər (hər birinin 1/2 pay hüququ) müəyyən edilmişdir. Belə olan halda birgə nikah dövründə götürülən borcun 1/2 hissəsi də qanunun tələbinə əsasən cavabdehə aid edilməlidir. Məhkəmə qətnaməsi ilə iddiaçıdan ayrı-ayrı şəxslərin xeyrinə götürülmüş borcun əvəzi kimi tutulmuş pul məbləğləri, tərəflərin birgə nikahda olduqları vaxt götürülən borc olduğundan, iddiaçı həmin borcun 1/2 hissəsinin cavabdehə aid edilməklə ondan tutulmasını tələb etməkdə tam haqlıdır. Həmçinin iddiaçının götürdüyü borc pul birgə nikah dövründə əldə edilmiş daşınmaz və daşınar əmlakların alınmasına sərf olunduğu üçün (məhkəməyə təqdim edilmiş məhkəmə qətnamələrindən göründüyü kimi tərəflər birgə nikah dövründə çoxlu sayda daşınmaz və daşınar əmlaklar əldə etmişlər), götürülən borc pullar üzrə yaranmış öhdəliyinin 1/2 hissəsinin cavabdehə aid edilməsi tam qanunidir. Bu səbəbdən iddiaçının cavabdehlə birgə nikahda olduğu vaxt dövründə götürdüyü borcun 1/2 hissəsi cavabdehə aid edilməklə ondan iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iddiaçıdan borcun tutulması barədə qətnamələr tərəflərin ailə münasibətlərinin pozulduğu dövrdə qəbul edilmişdir. Həsənağa Qasım iddiaçıya 2010-cu ilin sonlarında, Şahid isə 2012-ci ilin əvvəllərində borc verməsini iddia etsələr də, işdən görünür ki, onlar uzun müddət ərzində borcun qaytarılmasını iddiaçıdan tələb etməmişlər. Halbuki, iddiaçı Şahid təqdim etdiyi 07 yanvar 2012-ci il tarixli qəbzə görə iddiaçı aldığı borcu 2 il müddətinə qaytaracağına söz vermişdir. Hazırki iş üzrə iddiaçıdan borcun tutulmasına dair Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-3201/2016 saylı 20.04.2016-cı il tarixli qətnaməsi, 2(006)- 3775/2016 saylı, 23.05.2016-cı il tarixli qətnamələri qəbul edilmişdir. Həmin mülki işlərə baxılarkən İddiaçı qeyd edilən borc məbləğlərini otel tikintisini başa çatdırmaq məqsədi ilə almasını bildirmişdir. İş materiallarından eləcə də tərəflərin izahatlarından müəyyən edildiyi kimi tərəflər arasında bərabər paylarda bölünmüş və otel kimi fəaliyyət göstərən əmlaklar ünvan 7 ünvanında yerləşir. Göründüyü kimi İddiaçı Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-3201/2016 saylı 20.04.2016-cı il tarixli qətnaməsi, 2(006)-3775/2016 saylı, 23.05.2016-cı il tarixli qətnamələri ilə müəyyən edilmiş borc məbləğlərinin bütövlükdə cavabdehin pay hüququnun tanındığı əmlaklara xərclənməsini bildirsə də, həmin hal öz təsdiqini tapmamışdır. Digər tərəfdən iddiaçıya məxsus qeyri-yaşayış sahələrinin təmir olunma, istifadəyə hazır olma və otel kimi fəaliyyət göstərməsi vaxtlarının müəyyən olunması və borcun məhz otelin fəaliyyətinin təmin olunmasına sərf olunmasının müəyyən edilməsi üçün iddiaçı tərəfə müvafiq sübutların təqdim edilməsi təklif edilmişdir. Təqdim edilmiş Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 25 nömrəli 12 fevral 2010cu il tarixli sərəncamından görünür ki, M.İbrahimov küçəsi 9 saylı ünvanda Cavabdehnın mülkiyyətində olan fərdi yaşayış evinin sökülüb yerində razılaşdırılmış eskiz layihəsinə müvafiq ofis və qonaq evinin tikintisinə icazə verilmişdir.19 dekabr 2012-ci il tarixli tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktından görünür ki, qeyd olunan ünvanda ofis və qonaq evi binası istismara qəbul edilmiş, həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Cavabdehnın adına verilmiş 12.09.2013-cü il tarixli lisenziyadan müəyyən edilir ki, “Nemi” mehmanxanasının fəaliyyətinə 5 il müddətinə icazə verilmişdir. Göründüyü kimi təqdim edilmiş sərəncam, lisenziya, eləcə də aktla müəyyən edilmişdir ki, həqiqətən 2010-2012-ci il tarixlərində, yəni İddiaçı borc aldığı ərəfələrdə M.İbrahimov küçəsi 9 saylı ünvanda ofis və qonaq evi tikilərək istismara verilmişdir. Lakin qeyd olunan ünvandakı əmlak tərəflər arasında mübahisə predmeti olmamış və qanuni qüvvəsini almış qətnamə ilə həmin əmlaklar tərəflər arasında bölünməmişdir. Tərəflər arasında bərabər paylara bölünmüş M.İbrahimov küçəsi 18 ünvanındakı əmlaka dair isə iddiaçı tərəfindən borc alınan dövrdə otel kimi tikilərək fəaliyyət göstərməsi barədə, sərəncam, akt, eskiz layihə və ya lisenziya təqdim edə bilməmişdir. İddiaçı tərəf apellyasiya baxışı zamanı M.İbrahimov küçəsi 9 və 18 ünvanında yerləşən əmlakların adlarının və ünvanlarının fərqli osa da, eyni sənəd altında otel kimi fəaliyyət göstərdiyini bildirməsinə baxmayaraq, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş X1 08 fevral 2022-ci il tarixli rəyindən görünür ki, M.İbrahimov küçəsi 9 ünvanında “Nemi” otel, 18 ünvanında isə “Nemi muzeum” oteli fəaliyyət göstərir. Göründüyü kimi M.İbrahimov küçəsi 9 və 18 ünvanında yerləşən əmlaklar ayrı-ayrı ad altında fəaliyyət göstərən iki oteldən ibarət olmuşdur ki, iddiaçı tərəfin təqdim etdiyi M.İbrahimov küçəsi 9 ünvanında yerləşən əmlak tərəflərin mübahisə predmeti olmamışdır və iddiaçı tərəf M.İbrahimov küçəsi 18 ünvanında yerləşən əmlakda aldığı borc vəsaiti hesabına otel tikintisini həyata keçirməsini sübut edə bilməmişdir. Bununla yanaşı iddiaçı tərəf tələbində tikinti ilə yanaşı aldığı borcun satınalmaya sərf edildiyini qeyd etsə də, tərəflər arasında mübahisə predmeti olan və bərabər paylara bölünmüş M.İbrahimov küçəsi 18 ünvanında yerləşən 3 əmlakın satın alınması borc alınan vaxtdan əvvəlki dövrə təsadüf edir. (ünvan 7-də yerləşən 29,6 kv.m. sahəli qeyri-yaşayış sahəsi 13 fevral 2007-ci il tarixli müqavilə; ünvan 7-də yerləşən 41,1 kv.m. sahəli qeyri-yaşayış sahəsi 13 fevral 2007-ci il tarixli müqavilə və akı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 290,9 kv.m. sahəli qeyri-yaşayış sahəsi 26 aprel 2004-cü il tarixli müqavilə ilə İddiaçı tərəfindən əldə edilmişdir). Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının qeyd etdiyi kimi qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə ondan tutulması müəyyən edilmiş borc hesabına cavabdehlə birgə nikah dövründə hansı əmlakları əldə etməsi və ya tikintisi üçün xərcləməsi eyni zamanda iddiaçının qeyd etdiyi borc məbləğlərinin tərəflərin faktiki ailə münasibətləri dövründə götürülüb-götürülməməsini müəyyən etməyərək - məhkəmə qətnaməsi ilə iddiaçıdan ayrı-ayrı şəxslərin xeyrinə götürülmüş borcun əvəzi kimi tutulmuş pul məbləğlərinin tərəflərin birgə nikahda olduqları vaxt götürülən borc olması, iddiaçının həmin borcun 1/2 hissəsinin cavabdehə aid edilməklə ondan tutulmasını tələb etməkdə tam haqlı olması barədə səhv nəticəyə gəlmişdir. Çünki yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının götürdüyü borc məhz Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən otelin fəaliyyətinin təmin olunmasına sərf olunmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, mübahisə predmeti olan borcların iddiaçıdan tutulması barədə məhkəmə qətnamələrinin mövcudluğu həmin əmlakların məhz Şahid və Həsənağa Qasımdan alınmış borc hesabına əldə edilməsi barədə qəti nəticəyə gəlmək üçün əsas verməmişdir. Bununla yanaşı təkrar apellyasiya baxışı zamanı Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 20 aprel və 23 may 2016-cı il tarixli qətnamələri üzrə icra vərəqələrinin icra olunma vəziyyətinin yoxlanılması barədə müvafiq sorğular göndərilsə də həmin icra sənədləri üzrə müvafiq icra hərəkətləri aparılması müəyyən olunmuş, lakin iddiaçının həmin borcları Şahid və Həsənağa Qasıma qaytarması müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Bundan başqa Ali Məhkəmə müvafiq qərarında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 mart 2017-ci il tarixli qətnaməsinə istinad etməklə MPM-in 82.3-cü maddəsinin qüvvəsinin tətbiqi imkanını vurğulamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 mart 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakların bölgüsü və həmin əmlaklara (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, ev 14-də yerləşən 5 otaqlı 12,13,14 saylı mənzil; ünvan 7/49-da yerləşən 159,78 kv.m. sahəli 4 otaqlı 23 saylı mənzil; ünvan 7-də yerləşən 290,9 kv.m. sahəli qeyri-yaşayış sahəsi; ünvan 7-də yerləşən 29,6 kv.m. sahəli qeyri-yaşayış sahəsi; ünvan 7-də yerləşən 41,1 kv.m. sahəli qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2379-8182 saylı məhəllədə yerləşən qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2392/99-cu məhəllədə yerləşən başa çatdırılmamış yaşayış evinin yerləşdiyi 3710 kv.m. torpaq sahəsi; Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki 2392/99-cu məhəllədə yerləşən tikintisi başa çatdırılmamış su ambarı (yarımçıq tikili); Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki 2392/99-cu məhəllədə yerləşən 284,7 kv.m. sahəsi olan su ambarının yarımçıq tikilisi; «Cadillac CTS» markalı, ** LO *** dövlət nömrə nişanlı avtomobil və «Porsche Cayenne» markalı ** ZE *** dövlət nömrə nişanlı avtomobil) münasibətdə payların müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin iş üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək, etirazını tərəflərin uzun müddətdir bir yaşamadıqları və birgə təsərrüfat aparmadıqları, bu səbəbdən də onların ayrı yaşadıqları müddətdə İddiaçı əldə etdiyi əmlakların tərəflərin ümumi əmlakları olmaması ilə əsaslandırmış və iddianın rədd edilməsini xahiş etmişdir. Qeyd edilən qətnamə ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədə ilə müəyyən edilmişdir ki, iddiaçının ½ hissəsinə mülkiyyət hüquqlarının müəyyən edilməsini tələb etdiyi daşınar və daşınmaz əmlaklariddiaçı T.Abdullyeva ilə İddiaçı birgə nikahı zamanı dəyəri ödənilərək əvəzli surətdə əldə edildiyindən, həmin əmlaklar onların ümumi birgə mülkiyyəti sayılır. Göründüyü kimi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 mart 2017-ci il tarixli qətnaməsi ilə qeyd olunan əmlakların, götürülmüş borc hesabına deyil, tərəflərin birgə nikahı zamanı dəyəri ödənilərək əldə edilməsi müəyyən edildiyindən MPM-in 82.3-cü maddəsinə əsasən də həmin faktların yenidən sübut edilməsi istisna edilir. Belə ki, MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, M.İbrahimov küçəsi 18 ünvanında yerləşən əmlakın borc hesabına deyil, tərəflərin birgə nikahı zamanı dəyəri ödənilərək əldə edilməsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş, həmçinin məhz qətnamə ilə bölgüsü aparılmış qeyri-yaşayış sahəsində otel kimi yenidənqurma işlərinin aparılması, təmir-tikintisi və istismara verilməsi iddiaçının borc aldığı dövrə təsadüf etməsi barədə hər hansı sübut təqdim edilməmiş, təqdim etdiyi sənədlərlə isə həmin ərəfədə M.İbrahimov küçəsi 9 ünvanında yerləşən əmlakın tikintisinin başa çatdırılması müəyyən edilir, halbuki iddiaçı tələbində M.İbrahimov küçəsi 18 ünvanında yerləşən otelin aldığı borc vəsaiti hesabına tikilməsini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətlərə düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bununla da iş üzrə düzgün olmayan nəticə gəldiyindən qətnamə iddia tələbinin təmin edilən hissəsində ləğv edilməklə, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları rüsumları ödəmiş tərələrin aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1835/2019 saylı, 04.12.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin edilən - Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3201/2016 saylı 20.04.2016-cı il tarixli və Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3775/2016 saylı 23.05.2016-cı il tarixli qətnamələri ilə tutulması müəyyən edilmiş pul məbləğlərinin (1175000 ABŞ dolları) 1/2 hissəsi (587500 ABŞ dolları) Cavabdeh aid edilməklə həmin məbləğ -587500 (beş yüz səksən yeddi min beş yüz) ABŞ dollarının Cavabdeh İddiaçı xeyrinə tutulduğu anda ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı - Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3201/2016 saylı 20.04.2016-cı il tarixli və Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3775/2016 saylı 23.05.2016-cı il tarixli qətnamələri ilə tutulması müəyyən edilmiş pul məbləğlərinin (1175000 ABŞ dolları) 1/2 hissəsi (587500 ABŞ dolları) Cavabdeh aid edilməklə həmin məbləğ -587500 (beş yüz səksən yeddi min beş yüz) ABŞ dolları Cavabdeh İddiaçı xeyrinə tutulması barədə iddia tələbi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu İddiaçı, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh ödəmiş olduğu rüsum məbləği isə onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədova Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar