Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1058/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “aliment miqdarının dəyişdirilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-5009/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə 2008-ci ildə nikaha daxil olmuşdur. 2(004)-2638/2015 saylı, 18 iyun 2015-ci il tarixli qətnamə ilə aralarında bağlanmış nikaha xitam verilmiş və həmin nikahdan doğulmuş X3 anası Cavabdeh himayəsində saxlanılması və onun gəlirlərinin 1/4 hissəsinin alimentə cəlb edilməsi qət edilmişdir. Bundan sonra o, X2 ilə 16 oktyabr 2018-ci il tarixdə nikaha daxil olmuşdur. Bu birgə nikahdan 05 sentyabr 2019-cu il tarixdə qızı X8 anadan olmuşdur. Şirəliyeva (Hüseynova) Elnarə Şirəli qızı ona qarşı aliment tələbi irəli sürmüşdür. Yasamal Rayon Məhkəməsinin 2(004)-3428/2022 saylı, 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş və qazancının altıda bir hissəsinin (16,5 faiz) aliment qismində X1 ödənilməsi qət edilmişdir. Hal-hazırda onun əmək haqqının dörddə bir hissəsindən Cavabdeh, altıda bir hissəsindən isə X1 aliment qismində tutularaq ödənilir. Yəni iki uşağa görə qazancının cəmi üçdə bir hissəsi alimentə cəlb edilməli olduğu halda onun qazancının 41,67 faizi (dörddə bir hissə üstəgəl altıda bir hissə) alimentə cəlb edilir. Bunun səbəbi isə cavabdehlə olan nikahdan olan övladına ödənilən alimentin məbləğinin hələ də, dörddə bir hissə (25 faiz) qalmasıdır. Halbuki iki uşağa görə onun qazancının cəmi üçdə bir hissəsi yəni 33 faizi alimentə cəlb edilə bilər. Bu səbəbdən, qızının xeyrinə tutulan aliment məbləğinin qazancının altı da bir hissəsinə (16,5 faizə) endirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Yasamal Rayon Məhkəməsinin 2(004)-5009/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Axundov Toğrul) iddia ərizəsi təmin edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək göstərmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Həmin qətnamə uşağın marağına ziddir, uşaq xəstədir və onun daimi müalicəyə ehtiyacı var, hazırda onun təkcə çənə əməliyyatı üçün 2000 manat xərc tələb olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.-ci maddəsinin məzmunundan belə aydın olur ki, 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında məhkəmə tərəfindən alimentin tutulması eyni valideynlər arasında bir nikahdan doğulmuş uşaqların saxlanılmasını nəzərdə tutur, bundan başqa, aliment iddiaçının rəsmi qazancından tutulmasına baxmayaraq, o həmişə aliment ödəmələrini özü edir, bu isə onun əlavə gəlirlərin olduğunu təsdiq edir. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, bildirdi ki, iddiaçı onun birgə nikahda əldə olunmuş əmlakın bölünməsi barədə tələbindən sonra bu iddianı qaldırıb, bu isə onun övladının mənafeyinə ziddir, uşaq xəstədir və davamlı müalicəyə ehtiyacı var, uşaq əməliyyat olunmalıdır, iddiaçının biznesi, başqa əlavə gəlirləri də var, onun bu iddianı qaldırması ona qarşı olan qərəzinin nəticəsidir. Bundan başqa, o hazırkı arvadından boşanmayıb, onlar bir ailə kimi birlikdə yaşayırlar, sadəcə olaraq onu əmlakla bağlı tələbindən yayındırmaq məqsədi ilə bu qətnamə əldə olunmuşdur. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, bildirdi ki, iddiaçının hazırda nikahda olduğu arvadının ona qarşı məhz 1/6 hissədə əmək haqqı məbləğində aliment tutulmasına dair iddia verməsi, həmin işdə cavabdeh olan hazırkı iddiaçının həmin qətnaməni mübahisələndirməməsi, onların bir ailə olaraq birlikdə yaşamaları da göstərir ki, bu iddianın verilməsi açıq-aşkar hüquqdan sui-istifadədir, məqsəd isə qətnamə ilə onun cavabdehlə nikahından olan övladı üçün müəyyən edilmiş alimentin məbləğinin azaldılması, bununla da onu əmlak tələbindən çəkindirməkdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq, şikayətin təmin edilməməsini xahiş etdi, eyni zamanda iddiaçının hazırkı arvadı E.Şirəliyeva ilə bu gün də nikahda olduğunu və yaşadıqlarını təsdiq etdi. Sübutların tədqiqi:
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2638/2015 saylı, 18 iyun 2015-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 30 dekabr 2008-ci il tarixdə 869 nömrə ilə Nərimanov rayon qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulması; birgə nikahdan anadan olmuş 10 fevral 2010-cu il təvəllüdlü X4 Cavabdeh yanında qalması və 10 fevral 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı 18 iyun 2015-ci il tarixdən başlayaraq aylıq gəlirinin ¼ hissəsi miqdarında alimentin hər ay alınaraq, Cavabdeh verilməsi qət edilmişdir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3428/2022 saylı, 13 iyul 2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 05 sentyabr 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının (başqa gəlirlərinin) 1/6 hissəsi məbləğində aliment tutularaq, iddiaçı X1 ödənilməsi qət edilmişdir. Cavabdeh İddiaçı həmin qətnamədən şikayət verməmiş, onu mübahisələndirməmişdir.
10. Azemisdən çıxarılmış məlumatdan məlum olur ki, İddiaçı "xxxx" QSC-də bölmə rəhbəri vəzifəsində işləyir, aylıq əmək haqqı 2810 manat təşkil edir. Tətbiq edilən maddi hüquq normaları: Mülki Məcəllə
11. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
12. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Ailə Məcəlləsi
13. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
14. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
15. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: Maddə 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; Maddə 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; Maddə 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
16. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
17. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
21. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
22. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
23. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
24. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
25. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
26. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
28. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
29. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
30. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Apellyasiya Məhkəməsinin baxışının hədləri:
31. Hazırkı halda qətnamə cavabdeh tərəfindən apellyasiya şikayətində tam mübahisələndirildiyindən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya qismən şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə iddia tələbləri təmin edilməməlidir.
33. Rayon məhkəməsi İddiaçı 05 sentyabr 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının (başqa gəlirlərinin) 1/6 hissəsi məbləğində alimentin tutularaq, iddiaçı X1 ödənilməsi barədə Yasamal Rayon Məhkəməsinin 2(004)-3428/2022 saylı, 13 iyul 2022-ci il tarixli qətnaməsinə istinad edərək, iddiaçının cavabdehlə və hazırkı arvadı ilə birgə nikahından ümumilikdə 2 uşaqlarının olmasını nəzərə alaraq, belə nəticəyə gəlmişdir ki, Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən, (2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur) iddia tələbi təmin edilməlidir.
34. Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir.
35. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
36. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
37. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.
38. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
39. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
40. Göründüyü kimi, ailə qanunvericiliyi aliment miqdarı müəyyən olunduqdan sonra alimentin dəyişdirilməsi imkanını tərəflərin ailə və maddi vəziyyətində baş verən dəyişikliklə əlaqələndirmişdir.
41. Kollegiya qeyd edir ki, iddiaçı hal-hazırda bigə nikahda olduğu X5 ilə olan nikahından olan 05 sentyabr 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının (başqa gəlirlərinin) məhz 1/6 hissəsi məbləğində alimentin tutulmasına istinad edir.
42. Aparılmış araşdırmalarla müəyyən olumuşdur ki, iddiaçı ikinci nikaha daxil olmuş, həmin nikahdan bir uşaqları olmuş, onun ikinci nikahda olan arvadı ona qarşı qazancının 1/6 hissəsi məbləğində alimentin tutulmasını məhkəmə qaydasında tələb etmiş, onun iddiası təmin olunmuş, İddiaçı həmin qətnaməni mübahisələndirməmişdir. Eyni zamanda da müəyyən olunmuşdur ki, iddiaçı belə bir qətnamə əldə etsə də, onun ikinci arvadı ilə nikahı pozulmamış və onlar uşaqları ilə birlikdə yaşayırlar. Bundan başqa, cavabdeh izahatında bildirmişdir ki, iddiaçıdan onun xeyrinə aliment rəsmi qazancından tutulmasına və cavabdeh rəsmi işləməsinə baxmayaraq, ona aliment həmişə nağd şəkildə birbaşa ödənilmişdir. Belə olan halda isə məlum olur ki, iddiaçının hazırkı tələbi AM-in 112.1-ci maddəsinin dispozitiv şərtlərinə uyğun deyildir, yəni onun ailə və maddi vəziyyətində əvvəlki nikahdan olan uşağa görə ödədiyi alimentin azaldılmasına əsas ola biləcək dəyişiklik baş verməmişdir, iddiaçı bu tələbini cavabdehin izahatında bildirdiyi motivlər əsasında- cavabdehi əlverişsiz vəziyyətə salmaq üçün vermişdir.
43. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
44. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
45. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçının digər nikah və ailə münasibəti pozulmamış, ailə olaraq birgə yaşayırlar.
46. Göründüyü kimi, iddiaçının hazırda birgə nikahda olduğu arvadının ona qarşı məhz əmək haqqının 1/6 hissəsi məbləğində aliment tutulmasına dair iddia verməsi və bundan sonra iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi açıq-aşkar hüquqdan sui-istifadə olmuşdur, məqsəd isə qətnamə ilə onun övladı üçün müəyyən edilmiş alimentin əsassız olaraq azaldılmasına nail olmaq olmuşdur.
47. Hazırkı iddia tələbi aşkar surətdə hüquqdan sui-istifadə olduğundan və iddiaçının birinci nikahından olan övladının mənafeyinə zidd olduğundan təmin edilə bilməz. Nəticə:
48. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən, prossesual hüquq normaları, müvafiq olaraq da maddi hüquq nomaları düzgün təfsir və tətbiq edilmədiyindən apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
49. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilməlidir.
50. 30. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Yasamal Rayon Məhkəməsinin 2(004)-5009/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilməsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov