Məhkəmə qərarları › İş №2(103)-10581/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10581/2021

21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10581/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinə qarşı ipotekaya xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(006)-4625/2021 saylı qətnaməsindən LPO Cavabdeh3 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri Nərimanov rayonu X2 küçəsində yerləşən 106 saylı evin 11 saylı mənzilinə dair ipoteka yüklülüyünə xitam verilməsi, həmin mənzilin ipoteka yüklülüyündən azad edilməsi və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2012-ci il tarixli 2(103)-4735/2012 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh3 ASC-nin xeyrinə cavabdeh X1 68166 ABŞ dolları 38 sent borcun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumunun tutulması, tutmanın İddiaçı məxsus Bakı şəhəri Nərimanov rayonu X2 küçəsi 106 saylı evin 11 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Həmin qətnamə əsasında icra vərəqəsi verilmiş və icrası Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinə həvalə olunmuşdur. Bakı şəhəri Nərimanov rayonu Ak.Həsən Əliyev küçəsi 106 saylı evin 11 saylı mənzilinin açıq hərracda satılması üçün "xxxx" MMC-yə sifariş verilmiş, həmin MMC tərəfindən 29 yanvar 2021-ci il tarixdə mənzil açıq hərracdan satılması üçün ilkin satış qiyməti 160000 manat olmaqla ilkin hərraca çıxarılmış, lakin hərracda alıcı olmadığı üçün hərrac baş tutmamışdır. Sonradan ipoteka predmeti qanunvericiliyin tələbinə uyğun olaraq dəyərinin 15 % aşağı qiymətinə 136000 manata 17 fevral 2021-ci il tarixdə təkrar hərraca çıxarılmışdır. Təkrar hərracda da alıcı olmadığı üçün "xxxx" MMC tərəfindən hərracın baş tutmaması ilə bağlı “Birja yenilikləri” qəzetində müvafiq elan verilmişdir. Həmin elan tarixindən bu günədək ipoteka saxlayan (tələbkar) Cavabdeh3 ASC ilə hərracın təşkilatçısı "xxxx" MMC arasında ipoteka predmetinin əldə edilməsinə dair hərracın yekunları barədə protokol imzalanmamışdır. Onun tərəfindən 23 aprel 2021-ci il tarixli vəkil sorğusu ilə hərracın keçirilməsi və yekunları barədə məlumat almaq üçün "xxxx" MMC-yə rəsmi müraciət edilmişdir. Müraciətinə cavab olaraq "xxxx" MMC tərəfindən 29 aprel 2021-ci il tarixli məktubla bildirilmişdir ki, ipoteka qoyan İddiaçı məxsus Bakı şəhəri Nərimanov rayonu X2 küçəsi 106 saylı evin 11 saylı mənzili açıq hərraca çıxarılmış, lakin alıcı olmadığı üçün əmlak satılmamışdır. İpoteka predmeti 30 gün ərzində əldə edilməsi üçün tələbkara təklif edilmiş, tələbkar tərəfindən 10 mart 2021-ci il tarixli məktubla əmlakın əldə edilməsinə razılıq məktubu verilmiş, lakin bu günə qədər tələbkar tərəfindən xidmət haqqı ödənilmədiyi üçün protokol təqdim edilməmişdir. Yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Cavabdeh3 ASC ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməli, həmin ipoteka müqaviləsi üzrə ipoteka qoyan İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu X2 küçəsi 106 saylı evin 11 saylı mənzili ipoteka ilə yüklülükdən azad edilməli və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmalıdır. İddiaçı “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 59.5.1, 71.1, 71.3-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.7-ci, 43.8-ci, 15.1-ci maddələrinə, həmin Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına istinad edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(006)-4625/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh LPO Cavabdeh3 ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə “İpoteka haqqında” Qanunun maddələrini düzgün təfsir və tətbiq etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında apellyatorun nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(006)- 4625/2021 saylı qətnaməsi cavabdeh LPO Cavabdeh3 ASC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmiş, qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Nərimanov rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra vərəqəsi icraata qəbul edilərək, müvafiq prosedur qaydalara uyğun hərəkətlər yerinə yetirilmiş, maraqlı tərəflərə məktub ünvanlanmaqla, hərracın vaxtı və yeri barədə məlumat vermiş, əmlakın ilkin satış qiyməti qeyd olunmaqla, maraqlı tərəflərə keçiriləcək hərracda iştirak etmək hüquqlarının olduğunu izah etmişdir. Birinci hərrac baş tutmadığından, ikinci hərracın yeri və vaxtı barədə tərəflərə məlumat verilmiş, əmlakın ikinci (təkrar) hərracda satış qiyməti bildirilmiş, maraqlı tərəflərə keçiriləcək hərracda iştirak etmək hüquqlarının olduğu izah edilmişdir. Təkrar hərrac təyin olunmuş, lakin təkrar hərrac da baş tutmamışdır. Həmin hərracın baş tutmaması ilə bağlı kütləvi informasiya vasitəsi olan “Birja yenilikləri” qəzetinin 23 fevral 2021-ci il tarixli nömrəsində elan dərc olunmuşdur. "xxxx" MMC tərəfindən 23 fevral 2021-ci il tarixli məktubla ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 102000 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. İpoteka saxlayan LPO Cavabdeh3 ASC 10 mart 2021-ci il tarixli məktubla təklifə münasibət bildirərək ipoteka predmeti olan mənzili almaq niyyətində olduğunu bildirmiş və alqı-satqı müqaviləsinin bağlanması, hərracın yekunları barədə yekun protokolun tərtib olunması və mənzilin LPO Cavabdeh3 ASC-nin adına rəsmiləşdirilməsini xahiş etmişdir. 19 mart 2021ci il tarixdə "xxxx" MMC tərəfindən LPO Cavabdeh3 ASC-yə ƏDV ilə birlikdə 2407,2 manat məbləğində xidmət haqqının ödənilməsi üçün hesab-faktura göndərilmiş, lakin tələbkar tərəfindən xidmət haqqı ödənilmədiyindən, protokol tərtib edilməmiş və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka predmetini 30 təqvim günü müddətində əldə etmədiyi üçün sənədlər toplusu Nərimanov rayon İcra və Probasiya şöbəsinə geri qaytarılmışdır. Hazırkı mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakı hüquq normalarına istinad etməyi zəruri hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Həmin Qanunun 42-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Eyni adlı Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28.10.2014-cü il tarixli Qərarında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin keçməsindən sonra da ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanının olub-olmamasına dair müraciətdə qaldırılmış məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, «İpoteka haqqında» Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarında təkrar hərrac baş tutmadıqda ipoteka saxlayana ipoteka predmetinin alınması üçün ayrıca təklifin göndərilməsi nəzərdə tutulmamışdır. Qanunun 43.7 və 43.8-ci maddələrinin məzmunundan görünür ki, hərrac baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq hüququna malikdir və o həmin hüququndan 30 gün müddətində istifadə etməzsə, ipotekaya xitam verilir. Göründüyü kimi ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə olunması ilə bağlı hər hansı real addım atmamış, əmlakı hərracdan əldə etməmiş, sadəcə olaraq hərrac təşkilatına əmlakı əldə etmək niyyətində olmasına dair məktub göndərməklə kifayətlənmişdir. Halbuki, ipoteka predmetinin əldə edilməsi dedikdə, həmin əmlakın əldə edilməsi ilə bağlı real addımların və hərəkətlərin edilməsi başa düşülür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: LPO Cavabdeh3 ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(006)-4625/2021 saylı qətnaməsi LPO Cavabdeh3 ASC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar