Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10583/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçıların vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin və bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka qoyanlar olaraq onlara ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında göndərilmiş 06 dekabr 2017-ci il tarixli bildirişlərin və bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı1 vəfat etdiyi üçün iddiaçılar siyahısından çıxarılmasını, digər iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında göndərilmiş 06 dekabr 2017-ci il tarixli bildirişlərin və bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev, iş № № 2(006)-5950/18) iddia təmin edilmişdir. Cavabdeh Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən İddiaçı1 mülkiyyətindəki əmlak kompleksi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində 136 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən İddiaçı1 mülkiyyətindəki 235 kvm qeyriyaşayış sahəsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində 136 nömrəli binanın 5-ci mərtəbəsində yerləşən İddiaçı4 mülkiyyətindəki 81 nömrəli mənzil, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində 136 nömrəli evin İddiaçı3 mülkiyyətindəki 73 nömrəli mənzil 22 fevral 2012-ci il tarixli, 13 mart 2013-cü il tarixli və digər daha iki kredit müqavilələrinin təminatı məqsədilə ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun göndərdiyi bildirişlər və bu barədə qeydiyyat ərizəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olduğuna görə etibarsız hesab edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu qanunun 36.2-ci maddəsində nəzərdə tutulmuş məlumatı əks etdirən bildirişi ipoteka qoyana verilməsini təsdiqetmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Lakin bildirişlər ipoteka qoyan fiziki şəxslərin, yəni iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 yaşadıqları ünvanlara göndərilməmiş, kredit müqaviləsini bağlamış borclu “Azərtunel" MMC-yə verilmişdir. Odur ki, bildirişlərin məhz həmin ipoteka qoymuş şəxslərə çatdırılmasını təsdiq edən sənəd mövcud deyil. Eyni zamanda, bildirişlərdə onların tarixi “06 dekabr 2017-ci il” göstərildiyi halda, onlar "xxxx" MMC-yə yalnız 2018-ci il avqustun 29-da verilmişdir. Bildirişlərdən biri isə başqa bildirişin kserosurətidir. “İpoteka haqqında" Qanunun 36.4.1-ci maddəsinə əsasən tutmanın yönəldilməsi haqqında bildiriş verildikdən sonra 7 təqvim günü ərzində qeydiyyat ərizəsi ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə, tutmanın yönəldilməsi hərəkətləri ipoteka saxlayan tərəfindən davam edə bilməz. Bildirişlərin tarixləri, onların sahiblərinə deyil, başqa şəxsə çatdırılması günündən 8 ay 24 gün fərqli olduğuna görə, bu bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsaslı hesab edilə bilməz. Həmçinin, “İpoteka haqqında" Qanunun 36.2.2-ci maddəsinə müvafiq olaraq, bildirişdə icra olunmalı öhdəlik barədə məlumat göstərilməlidir. Bildirişlərdə icra edilməli öhdəliklər barədə məlumat 2017-ci il avqustun 17-si vəziyyətinə göstərilmişdir. Halbuki, bildirişlər 2017-ci il dekabrın 06-da ipoteka saxlayanda qeydiyyata alınmış və həmin tarixlə onlara qeydiyyat nömrələri verilmişdir. Bu fakt isə bildirişin səhv tərtib edildiyini təsdiq edir. Hərnin qanunun 36.5-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyanın qarşısında məsuliyyət daşıyır. Göründüyü kimi, ipoteka saxlayan “İpoteka haqqında” Qanunun tələblərini pozmaqla ipoteka predmetinə tutmanın yönəldilməsinə qanunsuz və əsassız başlamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində izahat verərkən iddianı qəbul etməmiş və göstərmişdir ki, QSC «Bank Standard» KB ilə "xxxx" MMC (direktor İddiaçı1) arasında bir neçə kredit müqaviləsi bağlanmış və bank tərəfindən ona 22 fevral 2012-ci il tarixli kredit müqaviləsinə əsasən 1.275.000 ABŞ dolları, 27 fevral 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 450.000 avro, 05 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 1.000.000 ABŞ dolları, 13 mart 2013-cü il tarixli bank qarantiyası müqaviləsinə əsasən 960.000 avro məbləğində kredit verilmişdir. Kredit müqavilələri üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı1 ünvan 2 ünvanında istifadədə olan 0.44718 ha torpaq sahəsində yerləşən 3772.9 kv.m. ümumi, 2608.7 kv.m. əsas, 1164.2 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksini 16 sentyabr 2015-ci il tarixli, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində istifadədə olan 0.056 ha torpaq sahəsində yerləşən 136 nömrəli binanın 1-ci mərtəbəsində 235.0 kv.m. ümumi, 235.0 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış sahəsini 16 sentyabr 2015-ci il tarixli digər sonrakı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Bundan başqa, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə aşağıdakı daşınmaz əmlaklar da 16 sentyabr 2015-ci il tarixli sonrakı ipoteka müqavilələri ipoteka ilə yüklü edilmişdir: -İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsindəki 136 saylı evin 2 otaqlı, 52.30 kv.m. ümuni, 35.50 kv.m. yaşayış, 16.80 kv.m. yardımçı sahədən ibarət 98 nömrəli mənzili; -İddiaçı4 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsindəki 136 saylı binanın 5-ci mərtəbəsində yerləşən 95.66 kv.m. ümuni, 67.27 kv.m. yaşayış, 28.39 kv.m. yardımçı sahədən ibarət 81 nömrəli mənzili; -İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsindəki 136 saylı evin 5 otaqlı, 95.66 kv.m. ümumi, 67.27 kv.m. yaşayış, 28.39 kv.m. yardımçı sahədən ibarət 73 nömrəli mənzili. Nümayəndə daha sonra qeyd etmişdir ki, borclular kredit borclarını qısa zamanda ödəyəcəklərini bildirdikləri üçün ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlər tərtib edildiyi tarixdən gec göndərilmişdir. “Sky Mail Service” X1 Xidmətinin qəbzlərinə əsasən həmin bildirişlər borclulara və ipoteka qoyanlara 29 avqust 2018-ci il tarixdə təqdim edilmiş və imza edilərək götürülmüşdür. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bank qanunla üzərinə düşən öhdəlikləri yerinə yetirmiş və bir-biri ilə yaxın qohumluq əlaqəsində olan və eyni bina ünvanında yaşayan ipoteka qoyanlara (borclulara) tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildiriş göndərmiş, bildiriş ipoteka qoyanların qeydiyyat ünvanları üzrə qəbul edilmiş və bundan sonra qanunla müəyyən olunmuş vaxt ərzində bildirişlərin qeydə alınması üçün ərizə ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət olunmuşdur. Qeyd olunanlara əsasən ipoteka saxlayanın ipoteka qoyanları məlumatlandırmaması barədə məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassızdır. İddiaçıların vəkili Vəkil məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsnin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, nümayəndələri heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçıların vəkilinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 05 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, 2012-2014-cü illərdə QSC «Bank Standard» KB ilə iddiaçılar arasında kredit müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən Bank tərəfindən iddiaçılara müxtəlif məbləğlərdə kreditlər verilmişdir. Həmin müqavilələr üzrə öhdəliklərin təminatı olaraq iddiaçılar mülkiyyətlərində olan bir neçə daşınmaz əmlakı ipoteka müqaviləsi bağlamaqla yüklü etmişlər. Bank tərəfindən ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlər 29 avqust 2018-ci ildə iddiaçılara göndərilmiş, göndərilən ünvanda “Əmirəliyeva” adlı şəxs tərəfindən qəbul edilmişdir. Bundan sonra Bank 31 avqust 2018-ci il tarixdə bildirişin qeydiyyata alınması barədə ərizə ilə DƏDR Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və elə həmin gün kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” haqqında bildirişlər qeydə alınmışdır. İddiaçıların tələbi ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 07.12.2017-ci il tarixli bildirişlərin və bu barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi barədədir. İddiaçılar qeyd edirlər ki, Bank tərəfindən adı çəkilən 06.12.2017-ci il tarixli bildirişlər onların özlərinə deyil, bildirişlər üzərində göstərilən tarixdən 8 ay 24 gün sonra kredit müqaviləsini bağlamış "xxxx" MMC-yə verilmişdir. İddiaçılar tələblərinin hüquqi əsası kimi “İpoteka haqqında” Qanunun 36.1, 36.2.2, 36.4.1, 36.5-ci maddələrinə istinad etmişlər. Cavabdeh iddianı qəbul etməmiş, bildirişlərin iddiaçılara göndərildiyini, yalnız bundan sonra ərizə ilə DƏDRX-nə müraciət edildiyini və bildirişlərin qeydə alındığını göstərmişdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və gəldiyi nəticəni hüquqi cəhətdən “İpoteka haqqında” Qanunun 36.1, 36.2, 36.4-cü maddələri və s. normalarla əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsas iki hala istinad etmişdir: 1) cavabdeh (ipoteka saxlayan) ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin ipoteka haqqında qanunvericiliklə nəzərdə tutulmuş təsdiq etmə üsulu ilə ipoteka qoyanlara verilməsini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir; 2) 06 dekabr 2017-ci il tarixli bildirişlər ipoteka haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestri xidmətinə 7 təqvim günü ərzində göndərilməli olduğu halda, 8 ay 24 gün sonra göndərilmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Birinci hal üzrə: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçılar bacı-qardaş olmaqla bir-biri ilə yaxın qohumluq münasibətində olan şəxslərdir. Onlar eyni bina ünvanında - Bakı şəhəri, M.Hadi küçəsindəki 136 saylı evdə yaşayırlar. Onların ataları İddiaçı1 "xxxx" MMCnin direktoru olmuş, 2012-2014-cü illərdə Bank tərəfindən "xxxx" MMC-yə müxtəlif məbləğlərdə kreditlər verilmiş və həm İddiaçı1, həm də onun övladları olan hazırkı iddiaçılar mülkiyyətlərində olan daşınmaz əmlakları ipoteka ilə yüklü etmişlər. İpoteka müqavilələrinə əsasən İddiaçı1 mülkiyyətində olan əmlak kompleksi və iddiaçıların mülkiyyətində olmaqla M.Hadi küçəsindəki 136 saylı evdə yerləşən üç mənzil ipoteka ilə yüklü edilmişdir. İddiaçılardan İddiaçı2la mərhum atası İddiaçı1 ünvanı eyni olmuşdur: M.Hadi küçəsi ev 136, mənzil 1. "xxxx" MMC-nin ünvanı da M.Hadi küçəsi ev 136-dır. İddiaçı1 vəfat etdiyinə görə hazırkı iş üzrə iddiaçıların sırasından çıxarılmışdır. İşin 136-cı vərəqində olan poçt qəbzlərinin surətindən görünür ki, 29.08.2018-ci il tarixdə iddiaçılara göndərilmiş bildirişlər həm M.Hadi küçəsi ev 136-da, həm də M.Hadi küçəsi ev 136, mənzil 1-də 31.08.2018-ci il tarixdə eyni şəxs tərəfindən qəbzə imza etməklə qəbul olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər ipoteka qoyanlara 29.08.2018-ci il tarixdə qanunla müəyyən olunmuş qaydada poçt göndərişi (məktubu) ilə göndərilmiş və onlar tərəfindən 31.08.2018-ci il tarixdə qəbzə imza etməklə qəbul edilmişdir. Bildirişlərin iddiaçılar tərəfindən hasırkı iddia ərizəsinə əlavə olunması özü də bildirişlərin onlar tərəfindən rəsmi qaydada alındığını, qəbul edildiyini təsdiq edir. “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinin tələbinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İkinci hal üzrə: Birinci instansiya məhkəməsinin iddianı rədd edərkən istinad etdiyi ikinci hal ondan ibarətdir ki, 06 dekabr 2017-ci il tarixli bildirişlər ipoteka haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestri xidmətinə 7 təqvim günü ərzində göndərilməli olduğu halda, 8 ay 24 gün sonra göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırarkən “İpoteka haqqında” Qanunun 36.4-cü maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyasına istinad etsə də, həmin normanı düzgün təfsir və tətbiq etməmişdir. Maddə 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 7 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. Maddənin məzmunundan göründüyü kimi, 36.4.1-cü maddənin tətbiqi üçün tələb olunan əsas şərtlər tutmanın yönəldilməsi haqqında bildirişin ipoteka qoyanlara nə vaxt təqdim olunmasının və bildirişin qeydə alınması ilə bağlı ərizənin həmin tarixdən sonra keçən hansı müddət ərzində ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilməsinin müəyyən olunmasıdır. Adı çəkilən normanın mənasına görə tutmanın yönəldilməsi prosedurunun davam edə bilməməsi üçün tutmanın yönəldilməsi haqqında bildirişin nə vaxt tərtib olunması deyil, ipoteka qoyanlara nə vaxt təqdim olunması və təqdim olunduqdan sonra ərizənin ipotekanın dövlət qeydiyyatı orqanına nə vaxt təqdim edilməsi əhəmiyyətlidir. Bu baxımdan, tutmanın yönəldilməsi haqqında bildirişin 06.12.2017-ci ildə tərtib olunmasının heç bir əhəmiyyəti yoxdur və bu hal iddianın təmin olunması üçün əsas vermir. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilən və iş üçün önəmli olan hal odur ki, bildiriş 29.08.2018-ci ildə ipoteka qoyanlara göndərilmiş, 31.08.2018-ci ildə onlar tərəfindən rəsmi qaydada qəbul olunmuş və ipoteka saxlayan tərəfindən elə həmin gün, yəni 31.08.2018-ci ildə ipotekanın dövlət qeydiyyatı orqanına ərizə ilə müraciət olunmuşdur. Göründüyü kimi, ipoteka qoyanlara bildiriş göndərilərkən və ipotekanın dövlət qeydiyyatı orqanına ərizə ilə müraciət olunarkən “İpoteka haqqında” Qanunun 36.4-cü maddəsinin tələbi pozulmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün müəyyən edilməmiş, qətnamədə gəlinən nəticə işin həqiqi hallarına uyğun olmamış və nəticədə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçılar öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilənlərə əsasən ləğv edilməli və iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun olmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 05 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında göndərilmiş 06 dekabr 2017-ci il tarixli bildirişlərin və bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10583/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10583/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver