Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10590/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-328/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASCdən 2834,99 (iki min səkkiz yüz otuz dörd manat doxsan doqquz qəpik) manatın və 30 (otuz) manat dövlət rüsumunun məcburi qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-328/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd etmişdir ki, qətnamədə iddianın rədd olunııasının əsası kimi 14.09.2019-cu il tarixli ziyan aktı və 18.10.2019-cu ildə plastik kartı götürərkən ona 842 manat ödənilməsi ilə razılaşmağı göstərilir. Lakin məhkəmə nəzərə almamışdır ki, sığorta şirkəti tərəfindən əvvəl təqdim olunmuş və məhkəməyə təqdim etdiyi zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatda həmçinin göstərilirdi ki, ön sağ fara polirovka olunduqdan sonra cızıqlar qala bilər. Cızıqlar qaldığında isə, təbii ki, ön sağ faranın dəyəri ona ödənilməlidir. Ön sağ farada cızıqlar qalmışdır və deməli, dəyəri ona ödənilməlidir. Mazda Servisdən alınmış məlumata görə isə, ön sağ faranın dəyəri 2.456 manatdır. Qətnamədə guya faranın sonradan təmir olunaraq, tərəfindən qəbul olunmasının göstərilməsi də həqiqətə uyğun deyil. Belə ki, ikinci dəfə fara təmir olunduqdan sonra avtomobili təhvil aldığına imza atmışdır. Burada faranın lazımi qaydada təmir olunması barədə heç nə yazılmayıb. Göstərilən səbəbdən məhkəmə özü faranın ekspertizasını təyin edib. Avtomobilə ekspert tərəfındən heç bir baxış keçirilmədən rəy verilib. Hakim bu halda işi yenidən ekspertizaya göndərmək əvəzinə tələsik qərar çıxarıb. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 927.1, 927.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına istinad edərək qənaətini belə əsaslandırmışdır ki, işin mübahisələndirilməyən hallarından göründüyü kimi, “MAZDA CX-5” markalı, 90 OM-810 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. 13.09.2019-cu il tarixdə X2 məxsus 99GZ766 dövlət qeydiyyat nişanlı “Honda CRV” markalı avtomobil və İddiaçı məxsus, X1 idarə etdiyi **-OM-*** dövlət qeydiyyat nişanlı “Mazda CX-5” markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində avtomobilə dəymiş zərərin məbləği "xxxx" ASC tərəfindən 18.10.2019-cu il tarixli Plastik kartların təhvil-təslim aktına əsasən sığorta müqaviləsində avtomobilin mülkiyyətçisi və faydalanan şəxs qismində qeyd edilmiş İddiaçı ödənilmişdir. İş üzrə mübahisələndirilən hal dəymiş zərərin miqdarıdır. Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair 14.09.2019-cu il tarixli hesabatdan və 22 aprel 2020-ci il tarixli təhvil-təslim aktından göründüyü kimi, İddiaçı qeyd edilən sənədləri faydalanan şəxs qismində imzalamaqla cavabdeh tərəfindən sığorta ödənişi qismində ödənilmiş zərərin məbləği ilə razılaşmışdır. İddiaçı istinad etdiyi halların mövcud olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29.04.2021-ci il tarixli, 9/1804 saylı ekspert rəyinə əsasən müvafiq halların müəyyən edilməsi mümkün olmamışdır. İddiaçıya vurulmuş real zərər ödənilib. Təhvil-təslim zamanı iddiaçı tərəfindən edilmiş sığorta ödənişinin məbləği və təmirin keyfiyyəti ilə bağlı heç bir irad bildirilməmişdir. Avtomobil hal-hazırda iddiaçının istifadəsindədir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçı iddia tələb(lər)inin qanuni əsası kimi iddia ərizəsində göstərdiyi Mülki Məcəllənin 21, 1097.1 maddələri nəzərdən keçirilə bilər. Ancaq iddianın faktiki əsası (faktiki hallar) müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilir. Cavabdehin iddiaya etirazı və təqdim etdiyi sənədlər də iddianın faktiki hallarının dispozisiya əlamələri ilə uzlaşmadığını açıq-aşkar təsdiq edir. Belə ki, iddiaçı sığorta hadisəsi nəticəsində ona vurulmuş zərərin əvəzinin tam ödənilmədiyinə görə sığortaçı olan cavabdehdən 2834,99 manat tələb edir. Əsas kimi, özünün təqdim etdiyi 14.09.2019-cu il tarixli "xxxx" MMC tərəfindən tərtib edilmiş ziyan aktına istinad edir. Ancaq cavabdeh iddia tələbinə etiraz edir, əsas kimi hadisə üzrə dəymiş zərərin qiymətləndirilməsi və sığorta ödənişinin edilməsini Mülki Məcəllənin 927.2 və 927.2.1-ci maddələrinə uyğun icra etdiyini, yəni ödəniş məbləğini zərərçəkənlə razılaşdırdığını və ödənişin pul şəklində faydalan şəxsə verildiyini, iddiaçının ödəniş məbləği ilə razılaşdığını öz imzası ilə təsdiq etdiyini göstərir. Həqiqətən də işdən görünür ki(i.v.59-60), iddiaçı cavabdeh tərəfindən 14.09.2019-cu ildə tərtib edilmiş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatda göstərilən zərər məbləği ilə(842 manatla) razı olduğunu öz imzası ilə təsdiq etmişdir. Buna baxmayaraq sonradan hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Əlbətdə ki, iddiaçının məhkəmə müdafiəsi hüququndan istifadə etmək hüququna hər hansı bir maneə ola bilməz. Ancaq qaldırdığı iddianın əsası kimi istinad etdiyi halları iddiaçı sübut etməlidir. Çünki, bəyan etdiyi halları sübut etmək yükü onun üzərinə düşür. Cavabdehin iddia tələbinə etirazında göstərdiyi kimi, həm cavabdehin, həm də özünün təqdim etdiyi hesabatdakı və ziyan aktındakı məbləğlər ona əvvəlcədən məlum idi və bunu bilərək cavabdehin təqdim etdiyi ziyanın məbləği ilə razılaşaraq onu qəbul etmişdir. Sual oluna bilər ki, əgər iddiaçı həmin məbləğlə razılaşmırdısa, onda hansı səbəbə görə hesabatda qeyd etməklə həmin zərər məbləği ilə razılaşdığını göstərmişdir. Təbii ki, bu ritorik sual olsa iddiaçı iddia irəli sürərkən və apellyasiya şikayəti verərkən bu sualın cavabını özü üçün aydınlaşdırıb həmin sənədlərdə göstərməli idi, lakin göstərməmişdir. Deməli, sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməzdi. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçının mübahisələndirdiyi hissələrdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-328/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kasssiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10590/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10590/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver