Məhkəmə qərarları › İş №2(103)-10593/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10593/2021

23.12.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10593/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC və maraqlı şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası ƏƏSMN-in yanında X6 Xidməti 1 saylı region üzrə X1rşı “aylıq maaşın hesablanıb ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC və maraqlı şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası ƏƏSMN-in yanında X6 Xidməti 1 saylı region üzrə X1rşı “aylıq maaşın hesablanıb ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 01.06.2014-cü il tarixdən etibarən hər ay 88 (səksən səkkiz) manat alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 21.10.2011-ci il tarixdə işlədiyi "xxxx" Qida Sənaye LTD termoplast sexində işdə olan zaman xəsarət almışdır. Əmək qabiliyyətinin 80 %-ni itirmişdir, ikinci qrup ömürlük əlil olmuşdur. 31.10.2011-ci il tarixdən 01.06.2014-cü il tarixədək hesablanmış 2728 (iki min yeddi yüz iyirmi səkkiz) manat zərərə görə ödəniş edilsə də, 01.06.2014-cü il tarixdən sonra bu günə kimi ona heç bir məbləğ ödənilməmişdir. Belə ki, aylıq maaşının 80%-i, 88 (səksən səkkiz) manat hər ay ömürlük ödənilməlidir. "xxxx" Qida Sənaye LTD, Cavabdeh MMC-yə çevrildiyindən bu məbləği ödəməkdən imtina etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh MMC-dən 01 iyun 2014-cü il tarixdən etibarən hər ay 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Apellyator digər əsaslar da göstərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən kollegiya cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini, iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Birinci instansiya məhkəməsində 16.10.2019-cu il tarixdə məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN-in yanında X6 Xidməti 1 saylı region üzrə X2 nümayəndəsi X5 iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində qeyd edildiyi kimi iş vaxtı xəsarət almış və əmək qabiliyyətinin 80%- ni itirmişdir. Buna görə də ona 01.06.2014-cü il tarixə kimi pul ödənilmiş, lakin həmin tarixdən sonra pul ödənilməmişdir. Bu məbləğin hesablanması ilə bağlı hesablanma qaydası mövcuddur. Cavabdeh orqan "xxxx" Qida Sənaye LTD-nin hüquqi varisidir. Bu səbəbdən də iddia tələbi təmin edilməlidir. İş materiallarına olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 9 saylı Xəzər Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 seriyalı, 011202 saylı arayışın surətindən görünür ki, İddiaçı əmək zədəsi ilə əlaqədar əmək fəliyyətinin 80 %-ni itirərək, ikinci qrup müddətsiz əlil olmuşdur. İş materiallarında olan İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01 saylı aktdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı "xxxx" Qida Sənaye LTD-nin termoplast sexində operator vəzifəsində işləmişdir. 21.10.2011-ci il tarixdə saat 17:40 radələrində Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən "xxxx" Qida Sənaye LTDdə iş zamanı xəsarət almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 9 saylı Xəzər Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş müayinə aktın çıxarışının surətindən görünür ki, İddiaçı 25.06.2012-ci il tarixdə müayinədən keçmiş və əmək fəliyyətinin 80 %-ni itirərək, ikinci qrup müddətsiz əlil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan "xxxx" Qida Sənaye LTD tərəfindən 9 saylı TSEX-in sədri cənab R.Şükürlüyə ünvanlanmış 26 saylı, 26.06.2012-ci il tarixli məktubdan görünür ki, müəssisənin işçisi İddiaçı 21.10.2011-ci il tarixdə xəsarət alması ilə əlaqədar olaraq əmək qabiliyyətinin itirmə faizinin təyin olunması üçün göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən X2 Xəzər Rayon Regional İdarəsinə ünvanlamış 10 saylı, 05.03.2015-ci il tarixli məktubdan görünür ki, müəssisə 01.09.2014-cü il tarixdən hal-hazırki dövrə qədər fəaliyyətini tam dayandırmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 1 saylı region üzrə X6 tərəfindən verilmiş 311 saylı, 19.06.2017-ci il tarixli məktubdan görünür ki, İddiaçı 31.10.2011-ci il tarixdən 01.06.2014-cü il tarixədək hesablanmış 2728 manat zərərə görə ödənc borcu 18.06.2014-cü il tarixli 07 nömrəli kassa məxaric orderinə əsasən ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 1 saylı region üzrə X6 tərəfindən verilmiş 693 saylı, 26.11.2017-ci il tarixli məktubdan görünür ki, 08.07.2014-cü il tarixdən "xxxx" X10 Müəssisəsi ləğv edilərək Cavabdeh MMC-yə çevrilmişdir və halhazırda fəaliyyət göstərmir. İş materiallarında olan Azərbaycan Respublikasnın Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X7 Qeydiyyatı İdarəsi tərəfindən verilmiş **********190900 saylı məlumatın təqdim olunması barədə məktubdan görünür ki, İdarədə olan reyestr məlumatlarına əsasən Cavabdeh MMC (VÖEN: **********) 13.08.1997-ci il tarixdə 241 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" Qida Sənaye LTD. ŞTİ Birgə Müəssisəsinin hüquqi varisidir. Belə ki, ümumi yığıncağın 05.07.2014-cü il tarixli qərarına əsasən "xxxx" Qida Sənaye LTD. ŞTİ Birgə Müəssisəsi adı və təşkilati-hüquqi formasının dəyişdirilərək Cavabdeh MMC-yə çevrilməsi nəticəsində yenidən təşkil olunmuş və müvafiq dəyişiklik 08.07.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda İdarədə olan reyestrdə qurumun ləğvetmə prosesində olması və ya ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasnın Vergilər Nazirliyi yanında Bakı Şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş **********786300 saylı məlumatların təqdim olunması barədə məktubdan görünür ki, Veriglər Nazirliyinin 12.06.2019-cu il tarixə olan uçot məlmatlarına əsasən Cavabdeh MMC-nin (VÖEN: **********) fəaliyyəti aktivdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15.07.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ əmək hüququnun mühüm tərkib hissəsidir. Bu hüquq həmçinin Konstitusiyada təsbit olunmuş yaşamaq və sağlamlığın qorunması hüququ ilə bağlıdır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun məzmunu ondan ibarətdir ki, hər bir işçinin onun həyatına və sağlamlığına mənfi təsir etməyən və zərər vurmayan, təhlükəsizlik tələblərinə cavab verən şəraitdə işləmək hüququ vardır. Eyni zamanda, bu konstitusion hüquq işəgötürən tərəfindən əməyin təhlükəsizliyinin, işçilərin həyatının, sağlamlığının və əməyinin mühafizəsinin təmin edilməsini nəzərdə tutur. Əmək Məcəlləsinin 54-cü maddəsinin 1-ci hissəsinə görə işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən sanitariya və gigiyena normalarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması, əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 195-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 195-ci maddəsinin “c” bəndinə əsasən “İşəgötürən əmək münasibətləri prosesində işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır.” Həmin Məcəllənin 207.1-ci maddəsinə əsasən “İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır.” Həmin Məcəllənin 239.1-ci maddəsinə əsasən “İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.” Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 21.10.2011-ci il tarixdə işlədiyi "xxxx" Qida Sənaye LTD.ŞTİ Birgə Müəssisəsində iş zamanı xəsarət almış və əmək qabiliyyətinin 80 %-ni itirərək, müddətsiz 2-ci qup əlil olmuşdur. İddiaçı 31.10.2011- ci il tarixdən 01.06.2014-cü il tarixədək 2728 manat məbləğində zərərə görə "xxxx" Qida Sənaye LTD.ŞTİ Birgə Müəssisəsindən ödənc almışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikasnın Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X7 Qeydiyyatı İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh MMC "xxxx" Qida Sənaye LTD. ŞTİ Birgə Müəssisəsinin hüquqi varisidir. Həmçinin Azərbaycan Respublikasnın Vergilər Nazirliyi yanında Bakı Şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş məktuba əsasən Veriglər Nazirliyinin 12.06.2019-cu il tarixə olan uçot məlmatlarına əsasən Cavabdeh MMC-nin fəaliyyəti aktivdir. Birinci instansiya məhkəməsi belə yekun nəticəyə gəlmişdir ki, Cavabdeh MMC "xxxx" Qida Sənaye LTD. ŞTİ Birgə Müəssisəsinin hüquqi varisi oluğundan, iddia təmin edilməli, Cavabdeh MMC-dən 01 iyun 2014-cü il tarixdən etibarən hər ay 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını da nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 noyabr 2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar