Məhkəmə qərarları › İş №2(103)-106/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-106/2024

16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzilə istifadə hüququna xitam verilməsi - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-106/2024 16.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank "xxxx" ASC-nin cavabdeh Həsənova (Bağırova) Şölə Qənimət qızına qarşı (Cavabdeh2 və X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi) X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6, İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdeh Həsənova (Bağırova) Şölə Qənimət qızına qarşı (Cavabdeh2 və X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3177/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh Həsənova (Bağırova) Şölə Qənimət qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" ASC ilə cavabdeh Bağırova (Həsənova) Şölə Qənimət qızı (bundan sonra “cavabdeh”) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 640 nömrəli kredit müqaviləsinə əsasən bu bank tərəfindən cavabdehə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 125 ünvanında tikilən 12 mərtəbəli yaşayış ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa olunan binanın səkkizinci mərtəbəsindəki 3 otaqlı, 128 kv.m-dən ibarət olan 64 saylı yaşayış sahəsinin alınması məqsədi ilə 300 ay müddətinə illik 8 faiz dərəcəsi ilə 44.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun xx.xx.2021-ci il tarixə kredit müqaviləsi üzrə 41.130,29 manat məbləğində əsas, 3.354,03 manat məbləğində faiz, cəmi 44.484,32 manat məbləğində borcu yaranmışdır. Eyni zamanda, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 3M-217 nömrəli ipoteka müqaviləsinə əsasən həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini və 0,0292 ha torpaq sahəsini bank qarşısında ipoteka ilə yüklü etmişdir. Sonradan "xxxx" ASC-nin bank fəaliyyəti ilə bağlı lisenziyası ləğv edilmiş və "xxxx" ASC ilə Bank "xxxx" ASC arasında imzalanmış xx.xx.2011-ci il tarixli, 31 saylı xidmət müqaviləsinə əlavə olaraq xx.xx.2016-cı il tarixli, 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün "xxxx" ASC-nin "xxxx" ASC-nin vəsaiti hesabına verilmiş ipoteka kreditləri Bank "xxxx" ASC-yə təhkim edilmişdir. Bununla bağlı “Azərbaycan Respublikası İpoteka Fondu” ASC tərəfindən xx.xx.2017-ci il tarixli məktubla cavabdehə məlumat verilmişdir. xx.xx.2022-ci il tarixli “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0292 ha torpaq sahəsi 12.750 manat məbləğə Bank "xxxx" ASC-yə satılmış və xx.xx.2022-ci il tarixdə bankın mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən həmin əmlak X2 istifadəsinə verilmişdir.

2. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 302/E nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə rəyinə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və 0.0292 ha torpaq sahəsinin bazar qiyməti 23.500 manat və likvid dəyəri 20.000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5824-9/6000 nömrəli ekspert rəyi ilə ünvan 2 ünvanında 0.0292 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri 60.000 manat və 10 faiz azalma əmsalı tətbiq edilməklə həmin tikilinin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri 54.000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/1644-9/1605 nömrəli ekspert rəyi ilə 2021-ci ilin iyul ayı və 2022-ci ilin aprel ayı üzrə Mərkəzdə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə baza məlumatları, o cümlədən həmin illlərə aid birja və internet saytı məlumatları olmadığından 1-2-ci suallar üzrə tədqiqatın aparılmadığı, ünvan 2 ünvanında 0.0292 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin orta bazar qiymətlərinə uyğun dəyərinin təqribən 60.170 manat olduğu, 2022-ci ilin aprel ayından sonra təmir işlərinin aparılıb-aparılmamasının müəyyənləşdirilməsi ilə bağlı metodika olmadığından 4-cü sual üzrə də tədqiqatın aparılmadığı qeyd edilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 0.0292 ha torpaq sahəsi ilə birlikdə 2021-ci ilin iyul ayına ilkin satış qiyməti 54.000 manat, 2022-ci ilin aprel ayına ilkin satış qiyməti 58.400 manat və hazırki vaxta ilkin satış qiyməti 66.700 manat məbləğində müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Bank "xxxx" ASC Cavabdeh1 qarşı (Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC ilə cavabdeh Bağırova (Həsənova) Şölə Qənimət qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 640 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə yaranmış 41.130,29 manat məbləğində əsas, 3.354,03 manat məbləğində faiz, cəmi 44.484,32 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 70 manat dövlət rüsumunun cavabdeh Bağırova (Həsənova) Şölə Qənimət qızından iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdeh Bağırova (Həsənova) Şölə Qənimət qızı ilə bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Bağırova (Həsənova) Şölə Qənimət qızına məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə, 0,0292 ha torpaq sahəsi ilə birgə tutmanın yönəldilməsi, bu əmlakın açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdeh Bağırova (Həsənova) Şölə Qənimət qızından tutulması və həmin fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia işin yuxarıda istinad olunan faktiki hallarına uyğun əsaslandırılmışdır.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3177/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, "xxxx" ASC ilə cavabdeh Bağırova (Həsənova) Şölə Qənimət qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 640 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh Bağırova (Həsənova) Şölə Qənimət qızından 41.130,29 manat əsas borc, 3.354,03 manat faiz borcu, 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat məbləğində bank xidməti haqqı olmaqla, cəmi 44.514,72 manat məbləğində pul vəsaitinin iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdeh Bağırova (Həsənova) Şölə Qənimət qızından tutulmalı olan cəmi 44.514,72 manat pul vəsaitinin iddiaçı “Bank "xxxx" ASC -nin xeyrinə ipoteka ilə yüklü edilmiş və mülkiyyət hüququ ilə cavabdeh Bağırova (Həsənova) Şölə Qənimət qızına məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və 0,0292 ha torpaq sahəsinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılaraq, iddiaçıya olan borcun ödənilməsi və həmin əmlak satıldıqdan 1 ay sonra torpaq sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, ipoteka predmeti olan cavabdeh Bağırova (Həsənova) Şölə Qənimət qızına məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və 0.0292 ha torpaq sahəsinin ilkin satış qiymətinin 20.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsaitin iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdeh Bağırova (Həsənova) Şölə Qənimət qızından tutularaq “Bank "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir (hakim X9)

6. Məhkəmənin iddia tələbinin “kredit müqaviləsinin ləğv edilməsi və kredit borcuna görə əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh Bağırova (Həsənova) Şölə Qənimət qızı xx.xx.2015-ci il tarixli, 640 saylı Kredit Müqaviləsi ilə götürdüyü kredit öhdəliklərini pozaraq lazımınca icra etməmiş və "xxxx" ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş və bununla da, o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün xx.xx.2015-ci il tarixli, 640 saylı Kredit Müqaviləsinin ləğv edilməsi və cavabdeh Bağırova (Həsənova) Şölə Qənimət qızından 41.130.29 manat məbləğində əsas borcun, 3.354,03 manat məbləğində faiz borcunun tutulması hissəsində iddia tələbi əsaslıdır və həmin hissədə iddia tam təmin olunmalıdır.

7. Məhkəmə, iddianın “tələbin cavabdeh Bağırova (Həsənova) Şölə Qənimət qızı tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.0292 ha torpaq sahəsinə yönəldilməsi, göstərilən əmlakın açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdeh Bağırova (Həsənova) Şölə Qənimət qızından tutulması və həmin fərdi yaşayış evinin boşaldılması və 30 manat dövlət rüsumunun ödənilməsi” barədə hissələrini də araşdıraraq hesab etmişdir ki, iddia tələbinin həmin hissələri də əsaslı olduğu üçün təmin edilməlidir.

8. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat dövlət rüsumu və 0.40 manat məbləğində bank xidməti haqqı ödəmişdir. Bu səbəbdən həmin hissədə də iddianı əsaslı hesab etmişdir.

9. Məhkəmə idddianın rədd edilən hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı Bank "xxxx" ASC 70 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə bağlı xərclər çəkilməsini təsdiq edən sübut təqdim etmədiyinə görə bu hissədə rədd edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 296.1-ci, 317.1-ci, 319-cu, 385.1-ci, 427.3-cü, 442-ci, 445.1-ci, 448.1-ci, 739-cu, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü, 34.1-ci, 39.1-ci, 41.2-ci, 59.3-cü. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh Həsənova (Bağırova) Şölə Qənimət qızı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini işin faktiki hallarına istinad etməklə onunla əsaslandırılmışdır ki, mübahisələndirilən müqavilənin müddətinin bitməsinə hələ 19 il vardır və qrafik üzrə ödəməli olduğu məbləğ cəmi 400 manat civarındadır. Belə olan halda yəni qrafik üzrə ödəməli olan 41.130,29 manat nisbətinə görə 400 manat çox cüzi bir məbləğdir. Bu baxımdan kredit bundan sonra 19 il davam edən kredit müqaviləsinə xitam verilməsi üçün yetərli dəlil olmadığı aşkar vəziyyətdir. Qətnamədə qeyd edilir ki, “.. iş materiallarında olan 30 dekabr 2015-ci il tarixli, 640 saylı kredit müqaviləsinə əsasən Bank ”BTB” ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya 300 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 44.000 manat məbləğində kredit verilmişdir...” Lakin məhkəmə qətnaməsində iddiaçının iddia tələbinin əsasları kimi qeyd edilən hallar bu dəlilə uyğun deyildir. İş üzrə bütün hallarda kredit və ipoteka müqavilələrinin "xxxx" ASC ilə bağlandığı müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə gəldiyi nəticəsində onun kredit müqaviləsini "xxxx" ASC ilə bağlandığına istinad edir. İddiaçı da iddiasının əsası kimi bu hala istinad etmişdir. Lakin məhkəmə məbləğin "xxxx"-nin xeyrinə tutulmasına qərar vermişdir. Hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edilən və qətnamədə qeyd edilən işin mübahisəsiz hallarına görə onun iddiaçı Bank "xxxx"-ni qarşısında öhdəliyi yoxdur. Belə ki, pul öhdəliyi ilə bağlı öhdəliyin yaranması üçün tərəflər arasında müqavilə mövcud olmalıdır. Lakin qətnamədə müəyyən edildiyi kimi o, həm kredit müqaviləsini və həm də ipoteka müqaviləsini iddiaçı Bank "xxxx" ilə deyil, "xxxx" ASC ilə bağlanmışdır. "xxxx" ASC ləğv prosesindədir və bu vəziyyətdə ona qarşı tələblərə yol verilmir. Lakin bu tələb etmə hüququnun "xxxx"ASC-dən Bank "xxxx"-yə keçməsi və ya ötürldüyünün əsası qətnamədə müəyyən edilməmişdir. Cavabdeh də bu barədə məlumatlandırılmamışdır. Qətnamə ilə ipoteka əmlakının ilkin satış dəyəri 20.000 manat müəyyən edilmişdir. 20.000 manat əmlakın mövcud olduğu ünvanın yerləşdiyi ərazidə adı keçən 0,0292 ha. torpaq sahəsinin heç yarısının qiyməti belə deyildir. Çünki həmin ərazidə 0,001 ha torpaq sahəsinin dəyəri 25-30.000 manat arasındadır. İpoteka edilmiş əmlak 0,0292 ha. torpaq sahəsi və fərdi yaşayış evindən ibarət əmlak kompleksidir. Gəncə şəhərinin mərkəz küçələrinin birində yerləşir. İpoteka götürüldüyü zaman 2015-ci ildə kreditə görə likvid dəyəri 55.000 manat müəyyən edilmişdir. Bu dəyərin bank tərəfindən əmlakın bazar dəyərinin minimum həddinin 60% nisbətində müəyyən edildiyi bəlli və mübahisə olunmayan tərəfidir. Bu da həmin əmlakın 2015-ci ildə bazarda minimum dəyərinin 91.700 manat olduğuna dəlalət edir. Ötən 7 il ərzində daşınmaz əmlak bazarda qiymət artımının aşağı həddi nisbətinə görə həmin əmlakın 2021-ci ildə ortalama bazar dəyəri minimum 120.000 manat təşkil edir. Məhkəmə kredit borcunagörə tutmanın 2021-ci ildə əmlaka yönəldiyi halda, əmlakı dəyərini 2015-ci il üçün müəyyən edilmiş qiymətdən 2,75 dəfə az qiymətlə qətnamədə qeyd etmişdir ki, bu da cavabdehin mülkiyyətində olan əmlakın dəyərindən 10 dəfə az qiymətə əlindən çıxarılması ilə nəticələnən aşkar şəkildə doğru olmayan və ədalət prinsipinə zidd qənaətdir. Əmlak kompleksinin ilkin satış qiymətində yol verilmiş qeyd olunan yanlışlığın nəticəsi olaraq, həmin əmlakın iddiaçı tərəfindən dəyər-dəyməzə əldə etməsi (əsasszı varlama), həmçinin qeyd olunan ilkin məbləğ 20.000 manat qeyd etməsi ilə tələb olunan 44.514 manat məbləğin yerdə qalan hissəsinin ödənilməsi üçün onun üzərinə aşkar şəkildə əlavə öhdəliyin qoyulmasına səbəb olmuşdur. Göründüyü kimi, məhkəmə iş üçün əhəmiyyət kəsb edən qeyd olunan “kredit və ipoteka müqavilələrinin "xxxx" ASC ilə bağlandığı halda, Bank "xxxx" tələbkar qismində çıxış etməsinin əsaslarının müəyyən edilmədiyi”, “ipoteka əmlakının ilkin satış qiyməti ilə bağlı” halları tam aydınlaşdırmamış, əmlak kompleksi ilə bağlı təqdim edilmiş 2015-ci il üçün qiyməti, qətnamənin qəbul edildiyi 2021-ci il üçün müəyyən olunan bazar dəyəri ilə bağlı müəyyən edilən dəlilləri düzgün şəhr etməmiş, faktiki müəyyən edilmiş hallarla bağlı tətbiq edilməli olan maddi hüquq normalarını düzgün şərh və tətbiq etməmişdir. Məhkəmə tutmanı ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin hərracdan satılması və ilkin satış qiymətini qətnamədə qeyd edərkən İpoteka haqqında Qanunun 33-cü, 34.1-ci, 39.1-ci və 41.2-ci maddələrinə istinad etmişdir. Halbuki, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinin təşkili qaydası İpoteka haqqında Qanunun 39.3.3-cü maddəsi ilə tənzimlənir. İpoteka əmlakının hazırda dəyərinin 20.000 manat təyin edilməsinə dair ipoteka saxlayan olan iddiaçı iddia ərizəsində qeyd etməmiş və bununla bağlı ayrıca razılıq ərizəsi təqdim etməmişdir. İpoteka qoyan olan cavabdeh buna razılığını bildirməmişdir. Əksinə onun tərəf olduğu ipoteka müqaviləsində, ipoteka əmlakının likvid dəyəri 55.000 manat razılaşdırılmışdır. Əmlakin satış qiymətinin müəyyən edilməsi dedikdə, həmin əmlakın satıldığı zaman və ya bu barədə qərar qəbul edildiyi zaman bazar dəyəri başa düşüldüyü mübahisə olunmayan bəlli haldır. Məhkəmə ipoteka əmlakının ilkin satış dəyərini qeyd etdiyi, şikayət olunan qətnaməni xx.xx.2021-ci tarixdə qəbul etmişdir. Lakin əmlakın hərracdan ilkin satış dəyərini 2015-ildə müəyyən edilən qiymətdən 3 dəfə az qeyd etmişdir. Halbuki, qeyd olunan normanın bir başa tələbinə əsasən ipoteka əmlakının dəyəri,qərar qəbul etdiyi 2021-ci il üçün bazarda müəyyən edilən qiymətlərə görə yəne ən azından 2015-ci ildə müəyyən edilən 55.000 manatdan daha çox dəyərdə müəyyən etməli idi. Tərəflər arasında müqavilə olmamasına, eləcə də onun tərəf olduğu mövcud kredit və onun təminatı qismində çıxış edən ipoteka edilmiş əmlak kompleksinin dəyəri ilə bağlı aşkar vəziyyətdən irəli gələn öhdəlikləri və vəzifələrin icra ardıcıllığına diqqət verilməmişdir. Məhkəmə kredit məbləğinə hesablanmış faizləri nəzərə almış, lakin əmlak bazarında daşınmaz əmlakın dəyərinin dəyişməsini nəzərə almamış, əmlaka 2015ci ildə müəyyən edilmiş qiymətin, 6 ildən sonra 2,75 dəfə aşağı qiymətlə qəbul edilməsinin mümkün olmayan tərəfini, bu müddət ərzində daşınmaz əmlakın bazarda qiymətinin artım tempeni aydınlaşdırmamış, buna münasibət bildirməmişdir. Əslində qeyd olunan hallar işin obyektiv həll edilməsi və iş üzrə düzgün nəticə əldə edilməsi üçün əhəmiyyətli hallar olduğundan tam aydınlaşdırılmalı idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh Həsənova (Bağırova) Şölə Qənimət qızının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında iddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməmiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Məhkəmənin təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qisməndə mülki işə cəlb edilmiş X2 nümayəndəsi Nümayəndə2 iş üzrə xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş və həmin iclasda məhkəmənin müvafiq qərardadı ilə iş üzrə kompleks məhkəmə-əmttəşünaslıq və məhkəmə tikinti-texniki ekspertizası təyin edilməklə, icraat ekspert rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iş üzrə icraat təzələnmiş, lakin növbəti məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, bu üçüncü şəxs hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir.

17. Eyni zamanda, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən digər mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinə onun və digər üçüncü şəxs X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.4-cü maddəsinə əsasən icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur; 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər; əvvəlki redaksiyada 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; əvvəlki redaksiyada 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.

20. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir; 39.3-cü və 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

21. Tərəflər arasında kredit və ipoteka münasibətləri yaranan zaman qüvvədə olan “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır); 6-cı maddəsinə əsasən qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə müstəqildir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında əks etdirilən hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyinpozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Qərarda həmçinin göstərmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın tam şəkildə rədd edilməsi xahiş edilsə də, irəli sürülmüş dəlillər baxımından cavabdeh yalnız hazırki iddianın qaldırılması üçün Bank "xxxx" ASC-nin subyektiv hüquqa malik olmamasını, müddətin bitməsinə 19 il qalması və aylıq ödənişin cəmi 400 manat olması səbəbindən hazırda müqavilənin ləğv edilməsinin əsassız olmasını və ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirdiyindən məhkəmə kollegiyası qətnaməni yalnız bu hissələrdə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni ipoteka predmetini təşkil edən əmlakın ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir.

27. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarını rəhbər tutaraq, apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən ilk növbədə qeyd edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

28. Bu baxımdan qeyd olunmalıdır ki, xx.xx.2015-ci il tarixli kredit və həmin tarixli ipoteka müqaviləsi "xxxx" ASC ilə cavabdeh Bağırova (Həsənova) Şölə Qənimət qızı arasında bağlanmışdır. Həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq 300 ay müddətinə illik 8 faiz dərəcəsi ilə 44.000 manat məbləğində kredit cavabdehə məhz "xxxx" ASC tərəfindən verilmişdir. Bu müqavilədən irəli gələn öhdəliklərin təminatı olaraq cavabdehin mülkiyyətində olan əmlak da "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin sonradan "xxxx" ASC-nin bank fəaliyyəti ilə bağlı lisenziyası ləğv edilmiş və "xxxx" ASC ilə Bank "xxxx" ASC arasında imzalanmış xx.xx.2011-ci il tarixli, 31 saylı xidmət müqaviləsinə əlavə olaraq xx.xx.2016-cı il tarixli, 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün "xxxx" ASC-nin "xxxx" ASC-nin vəsaiti hesabına verilmiş ipoteka kreditləri Bank "xxxx" ASC-yə təhkim edilmişdir. Bununla bağlı “Azərbaycan Respublikası İpoteka Fondu” ASC tərəfindən xx.xx.2017-ci il tarixli məktubla cavabdehə məlumat verilmişdir.

29. Həmin məktubda cavabdehə bildirilmişdir ki, "xxxx" ASC tərəfindən "xxxx" ASCnin vəsaiti hesabına verilmiş ipoteka, o cümlədən güzəştli ipoteka kreditləri üzrə tələb hüquqları müvafiq ipoteka kağızlarına edilmiş indossament qeydinə əsasən "xxxx" ASCyə ötürülmüşdür. Bu bankın lisenziyası ləğv olunduğundan "xxxx" ASC-nin vəsaiti hesabına verilmiş ipoteka kreditlərinə xidmət olunması Bank "xxxx" ASC-yə həvalə edilmişdir. Bu səbəbdən "xxxx" ASC yenidən maliyyələşdirilmiş ipoteka, o cümlədən güzəştli ipoteka kreditləri üzrə tələb hüqularını Bank "xxxx" ASC vasitəsi ilə həyata keçirir və cəmiyyət tərəfindən borca dair xəbərdarlığın edilməsi, ipoteka predmetinin monitorinqinin aparılması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə edilən müraciətlər əsaslıdır. Qeyd edilənlər Bank "xxxx" ASC-nin hazırki iddianı (iddiada göstərilən tələbləri) irəli sürmək üçün bilavasitə subyektiv hüquqa malik olduğunu təsdiq edir. Bu səbəbdən apellyasiya şikayətinin bu barədə dəlilləri əsassızdır və təmin edilə bilməz.

30. Məhkəmə kollegiyası cavabdehin xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsinin əsassız olması dəlili ilə bağlı qeyd edir ki, cavabdeh bu müqavilənin müddətinin bitməsinə hələ 19 il qaldığını və qrafik üzrə ödəməli məbləğin cəmi 400 manat civarında olduğunu, belə olan halda, yəni qrafik üzrə ödənilməli olan 41.130,29 manat nisbətinə görə 400 manat pulun çox cuzi bir məbləğ olduğunu, bu baxımdan bundan sonra hələ 19 il davam edən kredit müqaviləsinə xitam verilməsi üçün yetərli dəlilin olmamasının aşkar olduğunu bildirir.

31. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, mülki qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər normalarının tələbləri, habelə müqavilə şərtləri baxımından "xxxx" ASC ilə cavabdeh arasında məhz xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn münasibətlər yaranmış və həmin münasibətlər çərçivəsində qeyd edilən Bank tərəfindən cavabdehə yaşayış sahəsinin alınması məqsədi ilə 300 ay müddətinə illik 8 faiz dərəcəsi ilə 44.000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh bu müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. İddiaçı cavabdehə xx.xx.2020-ci il tarixdə xəbərdarlıq (pretenziya məktubu) göndərərək, müqavilə üzrə həmin tarixə 2.377,20 manat məbləğində gecikdirilmiş, vaxtı keçmiş kredit borcunun yarandığını bildirmiş və yaranmış borc məbləğini 5 iş günü müddətində tam olaraq ödənilməsini xahiş etmiş, əks halda kredit müqaviləsi üzrə bütün məbləğin (əsas, faiz, cərimə) geri ödənilməsi məqsədi ilə kredit müqaviləsinin ləğv olunması, tələbin ipoteka predmetinə yönəldilməsi, kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi və digər aidiyyəti tələblərə dair iddia ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Həmin bildiriş xx.xx.2020-ci il tarixdə cavabdehin ünvanı üzrə təqdim edilmişdir. Bundan sonra isə xx.xx.2021-ci il tarixdə cavabdehə “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” bildiriş göndərilməklə cavabdehə kredit müqaviləsi üzrə mövcud olan ümumi borc barədə məlumat verilmiş və borc ödənilmədiyi üçün “İpoteka haqqında” Qanunun tələblərinə əsasən bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun başlanacağı bildirilmişdir.

32. Bununla belə, iddiaçı artıq cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması ilə əlaqədar müqavilənin ləğv edilməsi ilə bağlı iradə ifadəsini cavabdehə yazılı qaydada bildirmişdir. Həmin məsələləri özündə əks etdirən xəbərdarlıq, həmçinin bildiriş cavabdehin ünvanı üzrə göndərilmiş və birinci halda (xx.xx.2020-ci il tarixdə) təqdim edilmişdir. Bununla da iddiaçı xx.xx.2015-ci il tarixli müqaviləni birtərəfli qaydada ləğv etmişdir. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) iki əsasdan biri mövcud olduqda, yəni 1) digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozması halında; 2) Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda mümkündür.

33. Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

34. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. İddiaçı da cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması ilə əlaqədar müqavilənin ləğv edilməsi ilə bağlı iradə ifadəsini cavabdehə yazılı qaydada bildirmiş və bütün borcunun ödənilməsini tələb etmişdir. Hüquqi nəticə etibarı ilə də 2020-ci ilin dekabr ayında (sonuncu ödəniş xx.xx.2020-ci il tarixdə həyata keçirilmişdir) həmin müqaviləni birtərəfli qaydada ləğv etmişdir. Birinci instansiya məhkəməsi də bu halı təsbit etməklə iş üzrə çıxarılmış qətnamə ilə həmin müqaviləni ləğv etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini də əsassız hesab edir. Hər bir halda, kredit müqaviləsi üzrə kredit müddətinin bitməsinə 19 il müddətinin qalması müqavilənin şərtlərinə əsasən hər ay ödənilməli olan kredit borcunu aylarla ödənilməməsi üçün əsas ola bilməz.

35. Məhkəmə kollegiyası ipoteka predmetinin dəyəri ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, tələbin olub-olmamasından asılı olmayaraq, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən məhkəmə qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.

36. Birinci instansiya məhkəməsi də “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin tələblərinə uyğun olaraq ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 302/E nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə rəyini əsas götürmüş və bu rəy üzrə aparılmış qiymətləndirmənin nəticələrinə uyğun olaraq ipoteka predmetinin ilkin satış qiymətini 20.000 manat məbləğində müəyyən etmişdir.

37. Lakin nəzərə alınmalıdır ki, xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflərin razılığa əsasən 55.000 manat məbləğində müəyyən edilmişdir. Nəticə etibarı ilə 2015-ci ildə bağlanmış ipoteka müqavilələrinə əsasən 55.000 manat dəyəri olan bu əmlakın likvid dəyərinin 6 ildən sonra aşağı düşərək, 20.000 manat təşkil etməsinin səbəbləri və ümumiyyətlə mümkünlüyü araşdırılmamışdır. Belə ki, təkcə son 10 ilin göstəricilərinə əsasən bu sahədə mövcud olan vəziyyət birmənalı şəkildə daşınmaz əmlakın dəyərinin ilbəil artdığını göstərir. Belə olan halda, 6 il ərzində ipoteka predmetinin dəyərinin artmamasının, əksinə ucuzlaşmasının səbəbləri və əsasları olmalıdır. Lakin bununla bağlı hər hansı səbəb və ya əsas, o cümlədən həmin əmlakın yararsız və qəzalı hala düşməsi müəyyən edilməmişdir.

38. Apellyasiya instansiyasındakı icraat zamanı məhkəmənin müvafiq qərardadlarının icrası qaydasında əldə edilmiş rəylər də ümumilikdə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 302/E nömrəli hesabatının mötəbər sübut kimi qiymətləndirilərək, qəbul edilməsini və həmin hesabata uyğun olaraq, ipoteka predmetinin ilkin satış (likvid) qiymətinin müəyyən edilməsini istisna edir. Bu səbəbdən məhkəmə kollegiyası ipoteka predmetini təşkil edən əmlakın likvid dəyərinin müəyyən edilməsi ilə bağlı hissədə birinci instansiya məhkəməsinin mövqeyini əsassız hesab edir.

39. Əldə edilmiş rəylərlə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5824- 9/6000 nömrəli ekspert rəyi ilə ünvan 3 ünvanında 0.0292 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 60.000 manat və 10 faiz azalma əmsalı tətbiq edilməklə həmin tikilinin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyərinin 54.000 manat məbləğində olduğu müəyyən edilmişdir. Lakin hər iki tərəf həmin ekspert rəyi ilə razılaşmamış (iddiaçı tərəf əmlakın həddən artıq yüksək qiymətləndirildiyi, cavabdeh tərəf isə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzrə tədqiqatın aparılmadığını vurğulamışdır), cavabdeh tərəf əlavə məhkəməəmtəəşünaslıq ekspertizası keçirilməsi mövqeyindən çıxış etmiş, onun vəsatəti də nəzərə alınmaqla iş üzrə kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/1644-9/1605 nömrəli ekspert rəyində 2021-ci ilin iyul ayı və 2022-ci ilin aprel ayı üzrə Mərkəzdə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə baza məlumatları, o cümlədən həmin illlərə aid birja və internet saytı məlumatları olmadığından 1-2-ci suallar üzrə tədqiqatın aparılmadığı, ünvan 2 ünvanında 0.0292 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin orta bazar qiymətlərinə uyğun dəyərinin təqribən 60.170 manat olduğu qeyd edilmişdir. Nəticə etibarı ilə hər iki rəydə yalnız fərdi yaşayış evinin orta bazar qiyməti müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli hesabatında da yalnız fərdi yaşayış evinin likvid dəyəri göstərilmişdir. Nəticə etibarı ilə hər üç halda məhkəmənin qərardadı tam icra edilməmişdir. Bu da öz növbəsində bu rəylərin hər hansı birində göstərilən məbləğlərin ipoteka predmetinin ilkin satış qiyməti qismində müəyyən edilməsini istisna edir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsində əldə edilmiş rəylərə istinadən o halı da qeyd edir ki, birinci instansiya məhkəməsinin mötəbər hesab etdiyi "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli hesabatı heç bir halda bu məsələ üzrə mötəbər sübut kimi qəbul edilə bilməz.

41. Bu səbəbdən məhkəmə kollegiyası mübahisə predmetini təşkil edən əmlakın qiymətləndirilməsi üzrə mütəxəssis rəyinin əldə edilməsi barədə xx.xx.2024-cü il tarixdə qərardad qəbul etmişdir. Həmin qərardadın icrası qaydasında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 0.0292 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 2021-ci ilin iyul ayına 54.000 manat, 2022-ci ilin aprel ayına 58.400 manat və hazırki vaxta 66.700 manat məbləğində müəyyən edilmişdir. Başqa sözlə, bu rəy üzrə həm fərdi yaşayış evinin, həm də torpağın qiymətləndirilməsi həyata keçirilmişdir.

42. Bununla belə məhkəmə kollegiyası 40-ci bənddə göstərilənləri, mübahisəli əmlakın ilkin satış qiymətinin xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsində ümumi şəkildə göstərilsə də məhz tərəflərin razılığı ilə 55.000 manat məbləğində müəyyən edilməsini nəzərə alıb, belə qənaətə gəlir ki, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilərkən "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi əsas götürülməli və hazırki iş üzrə mübahisə davam etdiyindən hazırki vaxt üçün müəyyən edilmiş 66.700 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməlidir.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “ipoteka predmetini təşkil edən əmlakın ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi” hissəsində dəyişdirilməli, ipoteka predmetinin (fərdi yaşayış evi və torpaq sahəsi) ilkin satış qiyməti məhz hazırda mövcud olan qiymətlər əsas götürülməklə 66.700 manat məbləğində müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə ekspertləri tərəfindən məhkəmənin aidiyyəti qərardadları tələb olunan səviyyədə icra edilmədiyindən rəylərdə göstərilən tədqiqatın dəyəri tərəflərin hər hansı birindən tutula bilməz.

44. "xxxx" MMC tərəfindən həyata keçirilmiş qiymətləndirmə işinin dəyəri ödənilmədiyindən bu işin dəyərini təşkil edən 600 manat məbləğində pul vəsaitinin 300 manat hissəsi iddiaçı "xxxx" ASC-dən, 300 manat hissəsi isə cavabdeh Həsənova (Bağırova) Şölə Qənimət qızından tutularaq "xxxx" MMC-yə ödənilməlidir.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Həsənova (Bağırova) Şölə Qənimət qızının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3177/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi “ipoteka predmetini təşkil edən əmlakın ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi” hissəsində dəyişdirilsin. İpoteka predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və 0.0292 ha torpaq sahəsinin ilkin satış qiyməti 54.000 (əlli dörd min) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Həsənova (Bağırova) Şölə Qənimət qızına aid edilsin. "xxxx" MMC tərəfindən həyata keçirilmiş qiymətləndirmə işinin dəyərini təşkil edən 600 (altı yüz) manat məbləğində pul vəsaitinin 300 (üç yüz) manat hissəsi iddiaçı "xxxx" ASC-dən, 300 (üç yüz) manat hissəsi isə cavabdeh Həsənova (Bağırova) Şölə Qənimət qızından tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar