Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-148/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdeh (Cavabdeh2 hüquqi varisi) Cavabdeh1 iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli 2(006)- 228/2019 saylı qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, mənzildən istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 28.08.2012ci il tarixli 85 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə 23.02.2018-ci il tarixə olan 14895 manat 97 qəpik əsas borc, 280 manat 01 qəpik faiz, 124 manat 36 qəpik dəbbə pulu, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, 40 qəpik bank xidməti haqqı, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsum olmaqla, cəmi 15360 manat 38 qəpik məbləğində pulun Cavabdeh1 iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh1 ilə bağlanmış 28.08.2012-ci il tarixli ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Abşeron rayonu Mehdiabad qəsəbəsi M.Ə.Rəsulzadə küçəsi 21 nömrəli fərdi yaşayış evinə və 0,10 ha torpaq sahəsinə tutmanın yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması, tutmanın yönəldilməsi ilə bağlı fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı Bank "xxxx" ASC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, digər tələblər olduğu kimi saxlanmaqla "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 28.08.2012-ci il tarixli 85 saylı kredit müqaviləsi üzrə 01.07.2019-cu il tarixə olan 10048 manat 38 qəpik əsas borc, 343 manat 41 qəpik faiz, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, 40 qəpik bank xidməti haqqı, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsum olmaqla, cəmi 10452 manat 19 qəpik məbləğində pulun Cavabdeh1 iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 28.08.2012-ci il tarixli 85 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədi ilə 126 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 34400 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh1 28.08.2012-ci il tarixdə "xxxx" ASC ilə və satıcı X3 ilə alğı-satqı və ipoteka müqaviləsi bağlamışdır. Alğı-satqı və ipoteka müqaviləsinin 1-ci bəndinə əsasən satıcı, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 10.07.2012-ci il tarixli 4101 nömrəli arayışa əsasən 4 otaqlı ümumi sahəsi 219,8 m2, yaşayış sahəsi 110 m2 olan, o cümlədən yardımçı sahəsi 109,8 m2 olan, ünvan 1 ünvanında yerləşən iki mərtəbəli 0,10 ha torpaq sahəsi olan fərdi yaşayış evini alıcı – ipoteka qoyanın mülkiyyətinə vermişdir. Satılan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən 23.06.2012-ci il tarixli ********** saylı çıxarışa əsasən satıcıya məxsusdur. Fərdi yaşayış evinin satış qiyməti 43000 manatdır, fərdi yaşayış evinin dəyərinin 8600 manatı alıcı – ipotekaya qoyanın özü tərəfindən, 34400 manatı isə kreditor – ipoteka saxlayan tərəfindən 28.08.2012-ci il tarixli 85 saylı kredit müqaviləsinə əsasən alıcı – ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Alıcı – ipotekaya qoyan satılan fərdi yaşayış evini bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla kreditor – ipoteka saxlayan arasında bağlanmış 28.08.2012-ci il tarixli 85 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi kreditor – ipoteka saxlayana ipotekaya verir. Kredit üzrə əsas borc və faizlər hər növbəti ayın 5-dək aylıq 404 manat 41 qəpik məbləğində bərabər hissələrlə ödənilir. Borc alan tərəfindən faktiki ödənişlərin məbləği artıq olduqda, növbəti aylıq ödənişlərin məbləği 28.08.2012-ci il tarixli 85 saylı kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq azaldıla bilər. İpoteka predmeti kredit müqaviləsi üzrə kreditor – ipoteka saxlayanın tələblərini (o cümlədən hesablanmış faiz, dəbbə pulu, habelə tələbin yönəldilməsi ilə bağlı digər xərclər) ödəniş vaxtına mövcud olduğu həcmdə təmin edir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə, iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin 01.07.2019-cu il tarixə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 10048 manat 38 qəpik, faiz borcu 343 manat 41 qəpik, ümumi borcu 10391 manat 79 qəpik təşkil edir. 22.07.2016-cı il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarına əsasən "xxxx" ASC-nin bank fəaliyyətinə dair lisenziyası ləğv edilmişdir. "xxxx" ASC ilə Bank "xxxx" ASC arasında imzalanmış 23.05.2011-ci il tarixli 31 saylı xidmət müqaviləsinə əlavə olaraq 25.07.2016-cı il tarixli 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün "xxxx" ASC-nin "xxxx" ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASC-yə təhkim edilmişdir. Bu barədə cavabdehə dəfələrlə şifahi, yazılı və KİV hesabına məlumat verilmişdir. Cavabdehlə bağlanılan kredit müqaviləsinin 2-ci bəndinə əsasən borc alan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borc verənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borc verənə ödənilmiş olsun. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən borc alan / borc alanlar bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kreditin və faizinin ödənilməmiş hissəsinə görə kredit üzrə faiz dərəcəsinin ikiqat miqdarında dəbbə pulu ödəməlidir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli 2(006)-228/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 28.08.2012-ci il tarixli 85 saylı kredit müqaviləsinin ləğv edilməsi, 01 iyul 2019cu il tarixə olan 10048 manat 38 qəpik əsas borc, 343 manat 41 qəpik faiz, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, 40 qəpik bank xidməti haqqı, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsum olmaqla, cəmi 10452 manat 19 qəpik pul vəsaitinin Cavabdeh1 iddiaçının xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsi M.Ə.Rəsulzadə küçəsi 21 nömrəli fərdi yaşayış evinə və fərdi yaşayış evinin yerləşdiyi 0,10 ha torpaq sahəsinə yönəldilməsi, əmlakın ilkin satış qiyməti 200000 manat müəyyən edilməklə açıq hərracda satılması, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin Bank "xxxx" ASC-yə ödənilməsi, qalan məbləğin Cavabdeh1 qaytarılması, əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması və əmlakın boşaldılması qət edilmişdir. Qətnamədən iddiaçı və cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, mənzilə müəyyən olunan qiymət absurd olmaqla real bazar dəyərindən qat-qat çoxdur. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 28.08.2012-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən ipoteka predmeti (o cümlədən torpaq sahəsi) 130000 AZN dəyərində qiymətləndirilmişdir. Bazar qiymətlərində hər hansı fövqəladə dəyişiklik olmadığından hər kəs tərəfindən anlaşılandır ki, hal-hazırda həmin daşınmaz əmlakların qiyməti 200000 AZN məbləğində ola bilməz. Əmlakın müəyyən olunan bu dəyərlə hərraca çıxarılması iddiaçının hüquq və mənafelərini pozur. Bundan əlavə, sistemdə yaranan nasazlığa görə məhkəməyə təqdim olunan 01 iyul 2019-cu il tarixli maliyyə arayışında texniki yanlışlığa yol verilmişdir. Buna görə də bank tərəfindən 19 avqust 2019-cu il tarixdə yeni maliyyə arayışı tərtib olunmuşdur. Hal-hazırda Cavabdeh1 banka olan əsas borcu 13343 manat 72 qəpik, faiz borcu 466 manat 11 qəpik olmaqla ümumilikdə borcu 13809 manat 83 qəpik təşkil edir. Məhkəmənin qətnaməsi qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Cavabdehlərin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, borc məbləği düzgün müəyyən olunmamış, məhkəmə mühasibatlıq ekspertizası keçirilməmişdir. Məhkəmə prosesi gedən dövrdə, 19 may 2021-ci il tarixdə Cavabdeh2 öldüyünə görə onun arvadı Cavabdeh1 Cavabdeh2 prosessual hüquq varisi kimi tanınmışdır. Apellyasiya məhkəməsində işə baxılarkən iddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi X4 və Cavabdeh1 izahatlarında apellyasiya məhkəməsi tərəfindən qətnamə çıxandan sonra tərəflərin kredit borcunun ödənilməsi ilə bağlı razılığa gələcəklərini bildirdilər. Bank "xxxx" ASC-nin məhkəməyə ünvanlanmış 23 iyun 2021-ci il tarixli ərizəsində də tərəflərin kredit ödənişləri ilə bağlı razılığa gəlmək niyyətləri ifadə olunmuşdur. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli 2(006)- 228/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 28.08.2012-ci il tarixli 85 saylı kredit müqaviləsinə əsasən, "xxxx" ASC Cavabdeh1 126 ay müddətinə, illik 8 faiz dərəcəsi ilə 34400 manat məbləğində kredit vermişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən məhkəməyə təqdim olunmuş ərizədə Cavabdeh1 01.07.2019-cu il tarixə 10048 manat 38 qəpik əsas borc, 343 manat 41 qəpik faiz olmaqla, cəmi 10391 manat 79 qəpik məbləğində borcunun olması göstərilmişdir. 28.08.2012-ci il tarixli 85 saylı alqı-satqı və ipoteka müqaviləsindən (qarışıq tipli müqavilədən) görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, X1 aldığı ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli 0,10 ha torpaq sahəsi olan fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə banka ipotekaya qoymuşdur. Müqaviləsinin 1.4-cü bəndinə əsasən həmin fərdi yaşayış evi 43000 manat dəyərində qiymətləndirilmiş, həmin məbləğin 8600 manatı alıcı-ipoteka qoyan tərəfindən, qalan 34400 manat isə kreditor-ipoteka saxlayan tərəfindən verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. "xxxx" MMC-nin 12.12.2018-ci il tarixli rəyindən (fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə qiymətləndirilməsinə dair hesabatdan) görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsi M.Ə.Rəsulzadə küçəsində, Cavabdeh1 xüsusi mülkiyyətində olan 0,10 ha torpaq sahəsində yerləşən 219,8 m2 ümumi, 110,0 m2 yaşayış, 109,8 m2 yardımçı sahədən ibarət və tikintialtı sahəsi 20,7 m2 olan köməkçi tikili (liter B), 17,1 m2 olan hasar (liter İ) və darvazadan (liter İİ) ibarət 2 mərtəbəli, 4 otaqlı, 21 saylı fərdi yaşayış evinin sənədlər əsasında hazırkı orta bazar qiyməti 200000 manat təşkil edir. "xxxx" MMC-nin 26 fevral 2021-ci il tarixli 19 saylı rəyinə əsasən, Abşeron rayonu Mehdiabad qəsəbəsi M.Ə.Rəsulzadə küçəsində yerləşən 21 saylı fərdi yaşayış evinin yalnız 0,10 ha torpaq sahəsinin likvid dəyərinin 85000 manat olması müəyyən edilmiş, fərdi yaşayış evi qəzalı vəziyyətdə olduğuna görə yaşayış evinin qiymətləndirilməsi mümkün olmamışdır. Apellyasiya qaydasında işə baxılarkən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, lakin bank tərəfindən hesabdan çıxarış məlumatları və maliyyə arayışı məlumatları tam təqdim edilmədiyinə görə 28 avqust 2012-ci il tarixli 85 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Bank "xxxx" ASC-yə olan borcunu müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin faktiki hallarından isə görünür ki, borclu kreditor qarşısında borc öhdəliyini lazımınca lazımınca icra etməmişdir. Buna görə də bank borcun qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbində haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Cavabdeh apellyasiya şikayətində ipoteka predmeti olan mənzilin real dəyəri yuxarı olduğu halda, müstəqil qiymətləndirici tərəfindən evin qiymətinin aşağı müəyyən edilməsini bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, iş materiallarında əmlakın 200000 manat dəyərində qiymətləndirilməsi barədə rəy var. Cavabdeh öz şikayətinin dəlilini əsaslandırmamış, sübut təqdim etməmişdir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin yoxlanılan hissəsində mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385.2, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Bank "xxxx" ASC-nin, habelə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli 2(006)-228/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-148/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-148/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzilə istifadə hüququna xitam verilməsi - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver