Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1060/2022 13.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı1, İddiaçı2 və iddiaçıların nümayəndəsi Vəkil iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Füzuli oğlu, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 Cavabdehnə (Əmək Və X14 Nazirliyi yanında X15 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı "əmək haqqı" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3926/2019 nömrəli işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Füzuli oğlu, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, X7 və İddiaçı10 cavabdeh ”X26” MMC-nə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat "X26” MMC tərəfindən əmək haqqı borcu olaraq iddiaçılara ödəniləcək 140480 manat pulun tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3926/2019 nömrəli işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək,"X26” MMC-dən 140480 manat iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Füzuli oğlu, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, X7 və İddiaçı10 xeyrinə tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-3926/19 saylı qətnaməsinin ləğv edilməsi və əsassız iddia ərizəsinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.3, 357.1, 362. 385.1; Əmək Məcəlləsinin 3.5, 44.1; Mülki Məcəllənin 14.2.1, 324.1, 337.1, 386.1, 389.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qətnamə tam olaraq qanunsuz, əsassızdır və birtərəfli, qərəzli araşdırma apararaq qəbul edilmişdir,məhkəmə cavabdehlərin iştirakı olamadan çəkişmə və bərabərlik prinsiplərini pozaraq qətnamə qəbul etmiş, İddiaçı1 və digərlərinin ümumiyyətlə Cavabdeh qarşısında hər hansı subyektiv hüququ mövcud deyildir. Məhkəmə mülki işi araşdırarkən müəyyən etmişdir ki, iddiaçılarla cavabdeh arasında əmək münasibətləri əmək qanunvericiliyə uyğun rəsmiləşdirilməmiş eyni zamanda iddiaçılarla cavabdehlər arasında hər hansı bir xidmət müqaviləsi (podrat və s) bağlanmamış, lakin iddiaçılar cavabdeh üçün iş görmüş və cavabdeh bunun müqabilində onlara xidmət haqqı ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Lakin məhkəmə bu qənaətə gələrkən nəyə, hansi subyektiv hüquqa, hansı əmək və ya xidmət müqaviləsinə istinad etdiyi qeyri müəyyəndir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-565/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qətanməsi ilə, cavabdeh "X26” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunması, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3926/2019 saylı, 15 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunaraq, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı2 Zülfü oğlunun iddia tələbi qismən təmin olunması, cavabdeh "X26” MMC-dən 2298.71manat alınaraq ona ödənilməsi, onun iddia tələbi qalan hissədə, digər iddiaçıların iddia tələbləri isə bütünlükdə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 100 manat isə dövlət büdcəsinə hesablaşma hesabına cavabdeh "X26” MMC-dən tutularaq ödənilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi icraatı zamanı 10 noyabr 2020-ci il tarixli ekspertiza rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş mülki işin 196-cı vərəqində olan İddiaçı2 qrupu üzə əmək haqqı borcu adlı sənəddəki çap mətni və həmin sənəddə olan əlyazma mətni, imzalar, möhür ayrı-ayrı vaxtlarda icra olunmuşdur. Rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmış mətnin, ştempel boya ilə icra olunmuş möhrün əksinin və diyircəkli qələmələ icra olunmuş əlyaazılarının və imzaların tərtib olunma mütləq vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərardadda göstərilən Mülki işin materiallarına əlavə edilmiş ( iş vərəq 70) İddiaçı2 qrupu üzrə əmək haqqı borcu adlı sənəddə də möhür və imzaların həmin sənəddə olan mətnlə eyni vaxtda icra edilib edilmədiyi müəyyən edilsin sualı üzrə tədqiqat aparılmadı. İddiaçılar kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4957/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə, İddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(103)-565/2021 nömrəli qətnaməsinin qismən, yəni iddianın təmin olunmamış hissələrində ləğv edilməsi və işə həmin hissələrdə yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Qərarda Azərbaycan Respublikası Konstitusiyasının 60; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 76.1, 76.2, 77.1, 88, 217.4, 385, 386.1, 416, 417.1.3, 418-ci maddələrinə istinadən qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbiq edilməli olan qanun tətbiq edilməmiş və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddianı mübahisələndirilən hissədə rədd edən apellyasiya instansiyası məhkəməsi mövqeyini ilk olaraq onunla əsaslandırmışdır ki, iddiaçılar (İddiaçı2 Zülfü oğlu istisna olmaqla) cavabdeh şirkətlə aralarında əmək münasibətlərini təsdiqləyən əmək müqavilələrini təqdim edə bilməmişlər. İddiaçılar da özləri onlarla əmək müqaviləsinin bağlanmasını iddia etməmişlər. Əksinə iddia ərizələrindən, habelə X25 Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinə ünvanlanmış müraciətlərdən də müəyyən olunur ki, iddiaçılar cavabdeh Cəmiyyətdə faktiki işləmələrini göstərməklə, bunun müqabilində əmək haqlarının ödənilməməsindən şikayət etmişlər. O cümlədən, X15 Xidmətinin 2 saylı region üzrə X9 08 iyul 2019-cu il tarixli məktubuna əsasən, həmin Xidmətdə aparılmış araşdırma ilə iddiaçıların əmək müqaviləsi bağlanmadan müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilmələri, araşdırma materiallarında Azərbaycan Respublikası CM-in 162-1 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin mövcud olması müəyyən olunmuşdur. Həmçinin iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası X25 Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş müraciət əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsində araşdırma aparılmış və 01 noyabr 2019-cu il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.11 -ci maddəsinə əsasən, yəni CM-in 162-1 -ci maddəsinin "Qeyd” hissəsinin 2-ci bəndinə istinad edilməklə (yəni qeyribəraətverici əsasla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, araşdırma zamanı "X26” MMC-nin direktoru X17 izahatında göstərmişdir ki, 2016-cı ilin aprel ayından dekabr ayınadək cəmiyyət Gəncə şəhəri ərazisində su və kanalizasiya xətlərinin çəkilməsi həyata keçirmiş, bu məqsədlə işçi qüvvəsi lazım olduğundan X11 öz briqadası ilə həmin işi başa çatdırmışdır. Ancaq bəzi işçilərin sınaq müddətində fəaliyyətinin yoxlanılması məqsədi ilə onlarla əmək müqaviləsi bağlanmamışdır. Həmçinin, cəmiyyətin maddi çətinlikləri olduğundan onların əmək haqları tam verilməmişdir. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi tərəflər arasında əmək münasibətlərinin olmaması əsası ilə iddianı rədd edərkən, mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş digər müqavilə münasibətlərə əsasən iddianın əsaslılığını yoxlamamışdır. Belə ki, məhkəmə kollegiyası izah edir ki, prosessual qanunvericiliyində "Jura novit curia”, yəni "Məhkəmə qanunları bilir” prinsipi tətbiq olunur ki, iddiaya baxan məhkəmə iddia tələbinin əsaslandırılmasından asılı olmayaraq təqdim olunmuş sübutlara əsasən tərəflər arasında yaranmış hüquq münasibətlərini müəyyən etmək və Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən həmin münasibətlərə uyğun olaraq maddi hüquq normanı tətbiq etməklə, mübahisəni həll etməlidir. Məhz həmin prinsipə uyğun olaraq Azərbaycan Respublikası 26 may 2009-cu il tarixli Qanunu ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsindən iddia ərizəsində “qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif’in göstərmə vəzifəsinin iddiaçının üzərinə qoyulmasına dair müddəa çıxarılmışdır. "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında irəli sürülmüş mövqeyə görə maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsi məsələsinin yoxlanılması zamanı tərəfin dispozitiv hüququ ilə “Jura novit curia” - "məhkəmə hüququ bilir” müddəası arasında kompromis mövcuddur. Apellyasiya instansiyası məhkəməsi öz təşəbbüsü ilə birinci instansiya məhkəməsinin mübahisəyə dair verdiyi hüquqi qiymətləndirməni yoxlamaq hüququna malik deyil. Lakin apellyasiyanın əsasını birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayan maddi hüquq normasının tətbiq olunması, onun düzgün şərh olunmaması və ya mübahisənin yanlış hüquqi qiymətləndirilməsi təşkil etdikdə, apellyasiya instansiyası məhkəməsi mübahisənin hüquqi qiymətləndirilməsini yenidən keçirir. Beləliklə, şikayətin obyektinə dair olduğu kimi şikayətin predmetinə dair də apellyasiya instansiyası məhkəməsinin yoxlama səlahiyyətlərinin hədləri apellyasiya şikayətində müəyyənləşdirilir. Hüquqi qiymətləndirmə zamanı “Jura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi iddiaçıların təqdim etdikləri "İddiaçı2 qrupu üzrə əmək haqqı borcu” adlı sənədi qeyri-mötəbər sübut qismində qiymətləndirmiş və iş üzrə keçirilmiş məhkəmə sənədlərin texniki ekspertizasının rəyinə istinad etmiş, bu halda apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normaları pozulmuşdur. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.Həqiqətən iş materiallarından müəyyən olunur ki, iddiaçılar birinci instansiya məhkəməsinə həmin sənədin rəngli surətini təqdim etmişlər. Lakin həmçinin müəyyən olunur ki, sənədin əsli apellyasiya məhkəməsinə təqdim olunmuş (c.1, səh. 196) və ekspert tədqiqatı məhz həmin sənədlə keçirilmişdir.Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə istinad edərək, mülki işin 196-cı vərəqində olan "İddiaçı2 qrupu üzrə əmək haqqı borcu” adlı sənəddəki çap mətninin və həmin sənəddə olan əlyazma mətninin, imzaların, möhür əksinin ayrı-ayrı vaxtlarda icra olunmasını xüsusilə qeyd etsə də, ekspertin həmin nəticəyə gəlməsinin əsaslandırılmasını və ekspert rəyinin nəticə hissəsinin ikinci bəndini nəzərə almamışdır.Belə ki, ekspert rəyinin "Tədqiqat prosesinin təsviri” bölməsində göstərilmişdir ki, tədqiq olunan sənəddə çap mətni elektrofotoqrafik qurğuda (lazer printer, surətçıxaran və s.) çap edilmiş, möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur, imzalar isə hər hansı texniki qurğu vasitəsi ilə deyil, birbaşa qələmlə icra edilmişdir. Tədqiq olunan sənəddəki çap mətni, əlyazma mətni, imzalar və möhür əksi müxtəlif üsullarla icra olunduğu üçün təqdim edilmiş mülki işin 196-cı vərəqində olan “İddiaçı2 qrupu üzrə əmək haqqı borcu” adlı sənəddə olan printer mətni, həmin sənəddə olan əlyazma mətni, imzalar və möhür əksləri ilə müqayisədə ayrı-ayrı vaxtlarda icra olunmuşdur. Rəyin nəticə hissəsinin ikinci bəndində isə göstərilmişdir ki, rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmış mətnin, ştempel boya ilə icra olunmuş möhür əksinin və diyircəkli qələmlə icra olunmuş əlyazılarının və imzaların tərtib olunma mütləq vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərardadda göstərilən "Mülki işin materiallarına əlavə edilmiş (iş vərəq 70) "İddiaçı2 qrupu üzrə əmək haqqı borcu” adlı sənəddə möhür və imzaların həmin sənəddə olan mətnlə eyni vaxtda icra edilib edilmədiyi müəyyən edilsin” sualı üzrə tədqiqat aparılmadı. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi..İş yeni araşdırmaya qaytarılmalı, araşdırma zamanı cavabdehin iddiaçılar qarşısında öhdəliyinin yaranması və icra olunubolunmaması məsələlərinə sübutetmə vəzifəsinin bölüşdürülməsi qaydalarına uyğun hüquqi qiymət verilməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir . Bakı Apellyasiya Məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: "X26" MMC tərəfindən (direktoru və maliyə sektoru tərəfindən imzalanmış) tərtib edilmiş cədvələ əsasən xx.xx.2017-ci il tarixinə əmək haqqı borcu İddiaçı6 2000,00, İddiaçı10 4000,00, İddiaçı2 45104,00, X18 10864,00, İddiaçı1 37460,00, İddiaçı3 9494,00, İddiaçı7 2726,00, X8 3242,00, X2 886,00, X1 3043,00, X12 8848,00, İddiaçı8 10792,00, X6 13556,89, İddiaçı5 11278,00 İddiaçı4 12778,00, X5 46,00, cəm olaraq 176118,64 manat müəyyən edilmişdir (iş 1-ci cild səh.70) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1060/2022 saylı mülki iş üzrə xx.xx.2022 -tarixli qərardadı ilə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Auditorlar Palatasına həvalə edilmişdir. Azərbaycan Respublikası Auditorlar Palatasınının 06 may 2022-ci il tarixli rəyinə əsasən tərəflər arasında münasibətlər tam səciyyələndirilə bilinməmişdir. ”X26” MMC-yə ünvanlanan sorğular, müəssisənin hüquqi ünvanında faktiki olaraq mövcud olmadığından geri qaytarılmışdır. Məhkəmədən əldə olunan sənədlər əsasında müəssisənin iddiaçı olan işçilərə 144,480.40 manat borcu olmuşdur. Siyahı və boclar aşağıdakı cədvəldəki kimidir: İddiaçı1 37460.00, İddiaçı2 45104.00, İddiaçı3 Füzuli oğlu 9494.00, İddiaçı4 12778.00, İddiaçı5 11278.00, İddiaçı6 2000.00, İddiaçı7 2726.40, İddiaçı8 10792.00, İddiaçı9 8848.00, İddiaçı10 4000.00, cəmi 144480.40. Bu borcun formalaşma müddəti və borcun ödəndiyinə dair sənəd əldə etmək mümkün olmamışdır, hazırkı vəziyyətdə münasibətlər və yekun borc haqqında rəy bildirmək mümkün deyildir.Amma lazımlı sənədlər(əmək müqavilələri, mülki müqavilələr, podrat və ya digər müqavilələr, davamiyyət tabeli, təhviltəslim aktları, bank çıxarışları və kassa mədaxil-məxaric orderləri) təmin edilərsə, rəy bildirmək mümkün olacaqdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi Vəkil iddiaçıların əmək müqaviləsi bağlanmadan işə cəlb olunduqlarını, bütün iş materiallarının bunu sübut etdiyini, Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsində araşdırılma aparılaraq təmsil etdiyi şəxslərə münasibətdə sanksiya tətbiq edilməsi üçün işin Vergilər Nazirliyinə göndərildiyini, iddiaçıların bir həftə ərzində işə götürülüb, bir həftədən sonra işdən azad edildiklərini, cavabdeh tərəfindən aldadıldıqlarını, cavabdehin iddiaçılara əmək haqqı borcu olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 iddia tələbi ilə bağlı yol verilmiş yalnışlıqla bağlı ərizə təqdim edərək,nümayəndə vəkilin izahatını müdafiə etdiyini, ona əmək müqaviləsi bağlanacağı ilə bağlı söz verildiyini, lakin həmin iş üzrə onunla müqavilə bağlanmadığını, onunla iş bitdikdən çox sonradan əmək müqaviləsi bağlandığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndə vəkilin izahatını müdafiə etdiyini, ona əmək müqaviləsi bağlanacağı ilə bağlı söz verildiyini, lakin əmək müqaviləsi bağlanmadığını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və X14 Nazirliyi yanında X9 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İddiaçı2 iddia tələbi ilə bağlı yol verilmiş yalnışlıqla bağlı ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə iddiaçılar tərəfindən 144480, 0 manat pul tələbi ilə bağlı tələb irəli sürməli olduğu halda o, öz tələb hissəsində səhvə yol vermişdir. Belə ki, (4000,0 manat ona aid olan) 45104,0 manat hissədə 4000,0 manat məbləği tələbi müdafiə etmir, nəzərə alınmağı xahiş etmişdir. Birinci instansiya məhkəməsi qətnaməsinin əsaslılığını mübahisələndirilən və (qüvvədə olan hissə istisna olmaqla) baxılan hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsi; Mülki Məcəllənin 21, 324, 385-390, 560, 739-746, 882, Mülki Prosessual Məcəllənin 52.2, 52.5, 76, 77, 80-82, 106, 191, 217.4, 220.4, 372, 385-390, 420-ci maddələrinə müvafiq kassasiya instansiya məhkəməsinin göstərişlərinə əsasən hesab edir ki, cavabdeh tərəfindən etiraf edilən borc yaranma səbəbindən asılı olmayaraq yazılı sübutla təsdiq edildiyindən və bu sübutun mötəbərliyini şübhə altına alan dəlillər mövcud olmadığından, habelə birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən yazılı sübutda əks edilən hər bir iddiaçıya aid pul vəsaiti ayrılıqda göstərilmədiyindən baxılan hissədə (yəni qüvvədə olan İddiaçı2 Zülfü oğlunun xeyrinə 2298.71 manat məbləğində tutulmuş pul vəsaiti istisna olunmaqla) qətnamə (prosessual əsasla) ləğv edilməli və hər bir iddiaçıya aid məbləğlər və onların cəmi göstərilməklə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Kollegiya hesab edir ki, cavabdeh iddiaçılarla əmək münasibətlərinin olmamasına istinad etsədə, prosessual şərait yaradılmasına və kifayət qədər zaman kəsiyində özü tərəfindən təsdiq edilmiş borcun etirafına aydınlıq gətirmədiyindən, işdə olan sübutların (cədvəlin, izahatların) mötəbərliyini təkzib edən hallar olmadığından, mövcud sübutlar əsasında qənaəti formalaşdıran amillərə əsasən nəticə məqbul hesab edilməlidir. Münasibətlərin səciyyəsindən asılı olmayaraq adı çəkilən birtərəfli əqd (cədvəl) isə borcun etirafı kimi qiymətləndirilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 106.2-ci maddəsinə əsasən: Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə adlanan Mülki Məcəllənin 882-ci maddəsinə əsasən isə: Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Diqqətə çatdırılmalıdır ki, müddətin ötürülməsi üzrə kassasiya instansiya məhkəməsi tərəfindən göstərişlər olmadığından və onun hesablanması üzrə cavabdeh tərəfindən sübutlar təqdim edilmədiyindən bunun müzakirəsi üçün əsaslar müəyyən edilmir, cavabdehin borcun etiraf etməsi hərəkətləri birinci instansiya məhkəməsində baxış zamanı tərəflərin izhar etdikləri iradə ifadələrinin həqiqi məzmununu müəyyən edir və maddi hüquq normalarına müvafiq məhkəmənin gəldiyi nəticənin ümumilikdə düzgün olduğunu təsdiq edir. Lakin, Mülki Prosessual Məcəllənin 226.1-ci maddəsinə əsasən: Məhkəmə bir neçə iddiaçının xeyrinə qətnamə çıxardıqda, onlardan hər birinə aid olan hissəni və ya tələb hüququnun müştərək olmasını göstərir. Tələbdə hüququn müştərək olduğu təsbit edilmədiyindən qətnamə qəbul edilərkən hər bir iddiaçıya aid məbləğlər müəyyən edilməlidir. Beləliklə, kassasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilən tələbin təmin olunmayan hissəsinə münasibətdə cavabdeh tərəfindən təsdiqlənmiş cədvələ müvafiq iddiaçıların hər birinə, yəni İddiaçı6 (maşinist)- 2000 manat, İddiaçı10 (sürücü pikap) -4000 manat, İddiaçı2 Zülfü oğlu(nun ərizəsi nəzərə alınmaqla və xeyrinə 2298.71 manat məbləğində tutulmuş pul vəsaiti çıxılmaqla, 45104-2298,71-4000=) 38805,29 manat, İddiaçı1 (tikinti üzrə konsultant)-37460 manat, İddiaçı3 Füzuli oğlu (maşinist)-9494 manat, İddiaçı7 (sürücü)-2726 manat, İddiaçı9 (maşinist)-8848 manat, İddiaçı8 (maşinist)- 10792 manat, İddiaçı5 (maşinist)-11278 manat, İddiaçı4 (maşinist) -12778 manat olmaqla, cəmi 138181,29 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçılara ödənilməsi təmin edilməli, apellyasiya şikayəti qismən təmin edilməklə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3926/2019 nömrəli işi üzrə xx.xx.2019-ci il tarixli qətnaməsi (baxılan hissədə) ləğv edilməli və iş üzrə qeyd edilən fərqli əsasla qətnamə qəbul edilməlidir. Kollegiya, (baxılan hissəyə) münasibətdə dövlət rüsumu üzrə ödənilən məhkəmə xərclərinin ödəyən şəxslərin özlərinə aid olması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3926/2019 nömrəli işi üzrə xx.xx.2019-ci il tarixli qətnaməsi (baxılan hissədə) ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia (baxılan hissədə) təmin edilsin. İddiaçı6 (maşinist)- 2000 manat, İddiaçı10 (sürücü pikap)- 4000 manat, İddiaçı2 Zülfü oğlu(nun ərizəsi nəzərə alınmaqla və xeyrinə 2298.71 manat məbləğində tutulmuş pul vəsaiti çıxılmaqla, 45104-2298,71- 4000=) 38805,29 manat, İddiaçı1 (tikinti üzrə konsultant)-37460 manat, İddiaçı3 Füzuli oğlu (maşinist)-9494 manat, İddiaçı7 (sürücü)- 2726 manat, İddiaçı9 (maşinist)-8848 manat, İddiaçı8 (maşinist)- 10792 manat, İddiaçı5 (maşinist)-11278 manat, İddiaçı4 (maşinist) -12778 manat olmaqla, cəmi 138181,29 (yüz otuz səkkiz min yüz səksən bir min iyirmi doqquz qəpik) manat pul vəsaiti Cavabdehndən tutularaq iddiaçılara ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1060/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1060/2022
13.07.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver