Məhkəmə qərarları › İş №2(103)-10610/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10610/2021

14.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10610/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alimentin məbləğinin dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli 2(007)-2451/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alimentin məbləğinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 2(007)-50/2020 nömrəli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(005)-1002/2021 nömrəli qətnamələri ilə müəyyən edilmiş aliment məbləğinin 1/4 hissəsinin sabit pul məbləğinə dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 ilə 14 fevral 2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 05 yanvar 2005-ci il təvəllüdlü X4 doğulmuşdur. Bakı şəhəri Nizami Rayon qeydiyyat şöbəsində 20 iyul 2004cü il tarixdə nikahları rəsmi olaraq pozulmuşdur. Bundan sonra digər Cavabdeh2 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 25 iyul 2018-ci il təvəllüdlü X5 doğulmuş, nikahları pozulmuşdur. Bakı şənəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 2(007)-50/2020 nömrəli qətnaməsi ilə İddiaçı 25 iyul 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 22 oktyabr 2018-ci il tarixdən başlayaraq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment və 25 iyul 2018-ci il təvəllüdlü X5 3 yaşına çatana qədər hər ay 50 manat sabit pul məbləğində alimentin Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(005)-1002/2021 saylı qətnaməsi ilə İddiaçı 17 dekabr 2017-ci il tarixdən başlayaraq, 05 yanvar 2005-ci il təvəllüdlü X3 yetkinlik yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin Cavabdeh1 xeyrinə tutulması qət edilmişdir. Hal-hazırda 25 iyul 2018-ci il təvəllüdlü X2 və 05 yanvar 2005-ci il təvəllüdlü X3 qidalanmasını təmin etmək məqsədilə hər təqvim ayı 220 manat pul vəsaiti ödəyir. Hesab edir ki, hazırda işləmədiyi və qazanc və gəlirə malik olmadığı halda hər uşağa görə onun qazancından (gəlirindən) ¼ hissədə aliment tutulması yolverilməzdir. Buna görə də alimentin sabit pul formasında tutulması qət edilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli 2(007)- 2451/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(005)-1002/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği dəyişdirilmiş, İddiaçı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 05 yanvar 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin Cavabdeh1 xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun olmaqla işin faktiki hallarının məhkəmə tərəfindən araşdırılmaması ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini, Cavabdeh2 isə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli 2(007)- 2451/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən edən Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı qətnamənin Cavabdeh2 qarşı irəli sürdüyü iddia tələbinin təmin edilməməsinə dair hissəsini mübahisələndirərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27.10.2020-ci il tarixli 2(007)-50/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı 25 iyul 2018-ci təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 22 oktyabr 2018-ci il tarixdən başlayaraq onun qazancının və ya (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin və 25 iyul 2018-ci il təvəllüdlü X5 3 yaşına çatana qədər hər ay 50 manat sabit pul məbləğində alimentin Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(103)-5317/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, həmin iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 oktyabr 2020-ci il tarixli 2(007)-50/2020 nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, İddiaçı əvvəl Cavabdeh1 ilə, sonra isə Cavabdeh2 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, iddiaçının Cavabdeh1 ilə birgə nikahlarından 05 yanvar 2005-ci il təvəllüdlü X4, digər Cavabdeh2 ilə birgə nikahlarından isə 25 iyul 2018-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. İddiaçının hər iki qadınla ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2-ci maddəsinə əsasən, uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 76.1.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddia ərizəsinin məzmunundan görünür ki, iddia tələbinin hüquqi əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İş materiallarından görünür ki, İddiaçı alimentin məbləğinin qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında tutulmasını müəyyən edən məhkəmə qətnaməsinin çıxdığı dövrdən ötən dövrdə ailə və maddi vəziyyətində alimentin ödənilməsində çətinlik yarada biləcək hər hansı dəyişiklik olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı eyni məzmunlu dəlilləri Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətində də öz əksini tapmış, Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(103)-5317/2021 saylı qətnaməsi ilə onun apellyasiya şikayəti təmin olunmamışdır. Kollegiya həmçinin qeyd edir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulması Ailə Məcəlləsinin 76.1.1-ci maddəsində təsbit olunmuşdur. Alimentin miqdarının hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməsi məhkəmə tərəfindən yalnız uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə mümkündür. Mübahisələndirilən qətnamədən görünür ki, iddiaçı hazırkı iddiasının eyni vaxtda Cavabdeh1 və Cavabdeh2 qarşı qaldırmış, Cavabdeh1 iddia tələbini etiraf etdiyinə görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli 2(005)-1002/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilmiş, İddiaçı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 05 yanvar 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin Cavabdeh1 xeyrinə tutulması qət edilmişdir. Kollegiya hesab edir ki, bir nikahdan doğulmuş uşağa görə alimentin sabit pul formasında müəyyən edilməsi digər nikahdan doğulmuş uşağa görə də alimentin mütləq qaydada sabit pul formasında tutulmalı olmasını məcburi etmir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 qarşı hissədə iddianı təmin etməməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli 2(007)- 2451/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar