Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10627/2021 12.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 aprel 2021-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçı ASC-nin nümayəndəsi Gasan Guseinovun və cavabdehin özünün iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış 24.12.2018-ci il tarixli, UNİ-2953 saylı “Daxili lizinq müqaviləsinin” ləğv edilməsi, lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 18.08.2020-ci il tarixə yaranmış və ödənilməsi gecikdirilmiş əsas borcun ödənilməsi məqsədi ilə 1.692,55 manat, ödənilməsi gecikdirilmiş mükafatın ödənilməsi məqsədi ilə 652,06 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 847,54 manat, vurulmuş zərərin əvəzi olaraq 1.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC ilə cavabdeh arasında 24.12.2018-ci il tarixdə bağlanmış UNİ-2953 saylı "xxxx" əsasən, ASC, mülkiyyətində olan “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehin müvəqqəti sahiblik və istifadəsinə vermiş, cavabdeh isə üzərinə öhdəlik götürmüşdür ki, avtomobili qəbul edərək illik 12 faiz dərəcəsi ilə hesablanmalı olan faizi və lizinq məbləğini, hissəhissə, 48 ay ərzində, ayda 389,74 manat, ümumilikdə isə 18.708 manatı ASC-yə ödəyəcək. Bu şərt ASC ilə cavabdeh arasında razılaşdırılmış və iki tərəfin imzaladığı “Lizinq ödənişləri cədvəlində” (Əlavə №3) də öz əksini tapmışdır. Müqavilənin şərtinə olaraq avtomobil ASC tərəfindən cavabdehə təhvil verilmiş və cavabdeh müəyyən müddət ərzində müəyyən ödənişləri etmiş, sonra isə ödənişləri dayandırmışdır. Cavabdeh tərəfindən ASC-yə sonuncu dəfə 20.02.2020-ci il tarixdə 310 manat məbləğində ödəniş edilmişdir. 2020-ci ilin ortalarında avtomobil qəzaya uğramış və cavabdeh avtomobili 18.08.2020-ci il tarixdə ASC-nin müvəqqəti duracağına gətirib təhvil vermişdir. Avtomobillərə texniki xidmət göstərən Servis Mərkəzi tərəfindən avtomobilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün 1.000 manat vəsait tələb olunur. Bu barədə "xxxx" tərtib edilmişdir. ASC tərəfindən aparılmış hesablama nəticəsində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən avtomobil ASC-yə təhvil verilmiş 18.08.2020-ci il tarixə müqavilə üzrə yaranmış və ödənilməsi gecikdirilmiş əsas borcun məbləği 1.692,55 manat, ödənilməsi gecikdirilmiş mükafatın məbləği 652,06 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) məbləği 847,54 manat təşkil edir. ASC qeyd edilən məbləğlərin ödənilməsi cavabdehdən tələb etsə də, cavabdeh borcu ödəməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan pul vəsaitini, yəni 1.000 manatı da ASC-yə ödəməkdən imtina etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 12.04.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, ASC ilə cavabdeh arasında bağlanmış 24.12.2018-ci il tarixli, UNİ-2953 saylı “Daxili lizinq müqaviləsinin” ləğv edilməsini, lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 18.08.2020-ci il tarixə yaranmış və ödənilməsi gecikdirilmiş əsas borcun ödənilməsi məqsədi ilə 1.692,55 manat, ödənilməsi gecikdirilmiş mükafatın ödənilməsi məqsədi ilə 652,06 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 80 manat, vurulmuş zərərin əvəzi olaraq 1.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən iddiaçı ASC-nin xeyrinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı ASC mübahisəli avtomobili cavabdehin istifadəsindən 18.08.2021-ci il tarixdə geri almışdır. Avtomobil geri alındıqdan sonra cavabdehdən pulun tutulması barədə tələbin irəli sürülməsi qanunsuzdur. Cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, mübahisəli avtomobillə qəza törətmiş, lakin karantin rejimi ilə əlaqədar təmir edə bilməmişdir. Sonradan təmir etmişdir. Bundan sonra 2020-ci ilin may-iyun aylarında avtomobili iddiaçı ASC-yə təhvil vermişdir. İddiaçı ASC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, iddia qismən təmin olunsa da, iddiaçı ASC qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti cavabdeh tərəfindən verilmişdir. Apellyasiya şikayətinin məzmunundan müəyyən olunur ki, cavabdeh qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş edir. Odur ki, bunları və MPM-nin 372.6-ci maddəsinin tələbini nəzərə alan Məhkəmə qətnamənin iddianın bir qisminin təmin edilməməsi barədə hissəsinin əsaslılığını yoxlamamışdır. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı ASC ilə cavabdeh arasında 24.12.2018-ci il tarixdə bağlanmış UNİ- 2953 saylı "xxxx" görünür ki, bu müqaviləyə əsasən, ASC, mülkiyyətində olan “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehin müvəqqəti sahiblik və istifadəsinə vermiş, cavabdeh isə üzərinə öhdəlik götürmüşdür ki, avtomobili qəbul edərək illik 12 faiz dərəcəsi ilə hesablanmalı olan faizi və lizinq məbləğini, hissəhissə, 48 ay ərzində, ayda 389,74 manat, ümumilikdə isə 18.708 manatı ASC-yə ödəyəcək. İşdə olan sənədlərdən görünür və tərəflər arasında mübahisə doğurmur ki, həmin avtomobil iddiaçı ASC-nin mülkiyyətindədir və 24.12.2018-ci il tarixli "xxxx" əsasən ASC tərəfindən cavabdehin sahiblik və istifadəsinə təhvil verilmişdir. Cavabdeh müəyyən müddət ərzində müəyyən ödənişlər etmiş, sonra isə ödənişləri dayandırmışdır. Avtomobil cavabdeh tərəfindən idarə olunarkən qəzaya uğramış və cavabdeh avtomobili 18.08.2020ci il tarixdə ASC-nin müvəqqəti duracağına gətirib təhvil vermişdir. İddiaçı ASC bildirir ki, avtomobil cavabdeh tərəfindən müvəqqəti duracağa təhvil verilən zaman avtomobil zədəli və istismara yarasız vəziyyətdə olmuşdur. Cavabdeh isə apellyasiya şikayətində bildirir ki, avtomobili ASC-nin müvəqqəti duracağa təhvil verməmişdən əvvəl avtomobili təmir etdirmişdir, avtomobil istismara yararlı vəziyyətdə olmuşdur. Bununla bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdeh, avtomobili ASC-nin müvəqqəti duracağına təhvil verməmişdən əvvəl avtomobili təmir etdirməsini bildirsə də, bunu təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Lakin iddiaçı ASC tərəfindən təqdim edilmiş fotoşəkillərdən və sənədlərdən görünür avtomobil təhvil verilən zaman zədəli və istismara yarasız vəziyyətdə olmuşdur. "xxxx" MMC tərəfindən verilmiş və ASC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş 16.09.2020-ci il tarixli “Qüsur aktından” görünür ki, avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün 1.000 manat vəsait tələb olunur (700 manat yeni ehtiyat hissələrinin qiyməti, 300 manat ustalarının zəhmət haqqı). Göründüyü kimi iddiaçı ASC tərəfindən sübuta yetirilir ki, cavabdeh ona münasibətdə delikt törətməklə ona ziyan vurmuşdur. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddiaçı ASC-yə dəymiş zərərin əvəzinin ödənilməsi məqsədi ilə 1.000 manat məbləğində pulu cavabdehdən iddiaçı ASC-nin xeyrinə tutmaqda haqlı olmuşdur. Apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili əsassızıdır. İşdə olan sənədlərdən görünür və tərəflər arasında mübahisə doğurmur ki, cavabdeh müəyyən müddət ərzində ASC-yə müəyyən ödənişlər etmiş, sonra isə ödənişləri dayandırmışdır. Cavabdeh tərəfindən ASC-yə sonuncu dəfə 20.02.2020-ci il tarixdə 310 manat məbləğində ödəniş edilmişdir. İddiaçı ASC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş hesablamalardan görünür ki, cavabdeh tərəfindən avtomobil ASC-yə təhvil verilmiş 18.08.2020-ci il tarixə "xxxx" üzrə yaranmış və ödənilməsi gecikdirilmiş əsas borcun məbləği 1.692,55 manat, ödənilməsi gecikdirilmiş mükafatın məbləği 652,06 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) məbləği 847,54 manat təşkil edir. ASC bildirir ki, qeyd edilən məbləğlərin ödənilməsi cavabdehdən tələb etsə də, cavabdeh borcu ödəməmişdir. Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətində bildirir ki, avtomobil geri alındıqdan sonra cavabdehdən pulun tutulması barədə tələbin irəli sürülməsi qanunsuzdur. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Apellyasiya şikayətinin qeyd edilən bu dəlilinin əsaslılığını müzakirə edən Məhkəmə bildirir ki, Mülki Məcəllənin 747-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1.). Lizinq müqaviləsinə görə lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır (maddə 747.3.). Məcəllənin 747-2 maddəsinə görə, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Məcəllənin 748-1.12.4. maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verən lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək və lizinq obyektini mübahisəsiz geri almaq hüququna malikdir. Məcəllənin 748-2.5. maddəsinə görə, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Məcəllənin 748-7.1. maddəsinə görə, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məcəllənin 748-10-ci maddəsinə görə, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir (maddə 748-10.1.). Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir (maddə 748-10.4.). Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır Maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1.). Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.3.). Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə qeyd edir ki, lizinq müqaviləsinin mahiyyəti ondan ibarətdir ki, şəxs əşyanı müəyyən müddətə istifadəyə götürür və həmin istifadəyə görə də lizinqverənə muzd ödəyir. Deməli, əgər əşya lizinqverən tərəfindən geri götürülürsə, müqavilə ləğv olunur və həmin vaxtdan da muzdun ödənişinin həyata keçirilməsi dayandırılır. Odur ki, hazırki iş üzrə əhəmiyyət kəsb edən məsələ mübahisəli avtomobilin cavabdeh tərəfindən nə vaxt iddiaçı ASC-yə təhvil verilməsi məsələsidir ki, bu hal tərəflər arasında mübahisə doğurmur. Avtomobil 18.08.2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçı ASC geri təhvil verilmişdir. Bundan başqa müəyyən edilir ki, tərəflər arasında bağlanmış və şərtləri ASC tərəfindən icra edilmiş "xxxx" üzrə cavabdehin iddiaçı ASC qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur və həmin öhdəliklər bir mənalı olaraq icra edilməli – borc cavabdeh tərəfindən ASC-yə ödənilməlidir. İddiaçı ASC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş hesablamalardan görünür ki, borc, məhz avtomobilin cavabdeh tərəfindən ASC-yə təhvil verilən 18.12.2020ci il tarixə hesablanmışdır. Qeyd olunanları nəzərə alan Məhkəməsinin müzakirə edilən bu dəlili də əsaslıdır; apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili isə əsassızıdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsi hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 aprel 2021-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10627/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10627/2021
12.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver