Məhkəmə qərarları › İş №2(103)-10646/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10646/2021

17.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10646/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə Aftandil oğlunun, Cavabdeh və nümayəndəsi (vəkili) X3, tərçüməçi X4 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment və uşağın atanın yanında saxlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 iyun 2009-cu il təvəllüdlü X8 Andreyeviçin saxlanılması üçün iddia ərizəsi məhkəməyə daxil odluğu tarixdən etibarən Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Əyyubov, iş № 2(004)-353/2021) iddia tələbi qismən təmin edilmiş, 21.06.2009cu il təvəllüdlü X8 Andreyeviçin atası İddiaçı yanında saxlanılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin qismən – iddianın rədd olunması hissəsində ləğv edilməsini, tələbinin tam təmin olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər 24 iyun 2016-cı il tarixdə nikaha daxil olmuş, onların 21 iyun 2009-cu il tarixdə X8 adlı oğlu, 25 iyun 2011-ci il tarixdə Rudenko Elisa və 17 iyul 2014-cü il tarixdə Rudenko Alina adlı qızları anadan olmuşlar. Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 24 iyun 2016-cı il tarixli akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan 21 iyun 2009-cu il təvəllüdlü X8 Andreyeviç, 25 iyun 2011-ci il təvəllüdlü X5 və 17 iyul 2014-cü il təvəllüdlü X2 anaları Cavabdeh yanında qalmaları, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə 1000 manat olmaqla, cəmi 3000 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh xeyrinə ödənilməsi və alimentin tutulma müddətinin 19 sentyabr 2019-cu il tarixdən hesablanması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 09 dekabr 2019-cu il tarixli qətnaməsi ilə sözügedən qətnamə alimentin tutulma vaxtına dair hissədə dəyişdirilmiş, alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmış, qalan hissədə dəyişdirilmədən saxlanılmış, sonuncu qətnamə Ali Məhkəmənin mülki kollegiyasının 23 iyun 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq 21 iyun 2009-cu il təvəllüdlü X8 Andreyeviç anası ilə getməkdən imtina etmiş, hazıradək atası ilə qalmış və uşağın bütün maddi ehtiyaclarını yalnız atası ödəmişdir. Cavabdeh rəsmi olaraq 2 işdə işlədiyindən və 2000 manatdan artıq əmək haqqı aldığından 21 iyun 2009-cu il təvəllüdlü X8 Andreyeviçin saxlanılması üçün ondan hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh 13.01.2021-ci il tarixdə məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin 23.03.2019-cu il tarixli qətnaməsinə əsasən onunla İddiaçı Eduardovic arasında bağlanmış nikah pozulmuş və birgə nikahdan olan yetkinlik yaşına çatmayan 21 iyun 2009-cu il təvəllüdlü X6, 25 iyun 2011-ci il təvəllüdlü X5 və 17 iyul 2014-cü il təvəllüdlü X1 yanında qalmaları və Cavabdeh xeyrinə aliment tutulması qət edilmişdir. Göstərilən qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələridə qüvvədə saxlanılmışdır. 09.08.2020-ci il tarixdə İddiaçı onun əşyalarını kirayədə qaldıqları mənzilin dəhlizinə ataraq ondan evi tərk etməyi tələb etmişdir. İddiaçı məhkəmə qətnaməsi ilə cavabdehin yanında saxlanılan oğlunun ona verilməsi barədə xahiş və tələblərini yerinə yetirmir. Cavabdeh uşaqların ataları ilə ünsiyyətdə olmalarına şərait yaratdığı halda, İddiaçı oğlunu qanunsuz olaraq yanında saxlayır və uşağa psixoloji təsir göstərir. Hazırda oğlunun psixoloji durumu onu çox narahat edir. Beləliklə, İddiaçı azyaşlı oğlunu basqı altında saxlayır və mənafeyini kobud şəkildə pozur. Hazırkı tələbi irəli sürməkdə məqsədi öz qanunsuz hərəkətlərini rəsmiləşdirməkdir. Göstərilənləri nəzərə alaraq İddiaçı iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh və nümayəndəsi birinci instansiya məhkəməsində izahat verərkən göstərmişlər ki, İddiaçı həm Rusiya, həm də İngiltərə vətəndaşıdır, xarici ölkələrdə bir neçə kompaniyanın direktorudur və gəliri cavabdehin gəlirindən 20 dəfə artıqdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh 2 yerdə işləyir və 2000 manatdan artıq əmək haqqı alır. 21 iyun 2009-cu il təvəllüdlü X7 09 avqust 2020-ci ildən atasının yanında qalır. Cavabdeh artıq 1 il 1 aydır ki, uşağın saxlanılmasında maddi cəhətdən iştirak etmir. İddiaçının digər 2 qızı üçün aliment ödəməsi, maddi təminatının yetərli olub-olmaması, iki uşağın ananın, digər bir uşağın atanın yanında qalması halı cavabdehi bir valideyn kimi 2009-cu il təvəllüdlü oğlunu saxlamaq üçün aliment ödəmək öhdəliyindən azad etmir. İddiaçı və nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və təmin olunmasını xahiş etdi. Cavabdeh və nümayəndəsi (vəkili) isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsi yalnız aliment tutulmasına aid hissədə iddiaçı tərəfindən mübahisələndirildiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını yalnız həmin hissədə yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi iki hissədən ibarətdir: 1) 21.06.2009-cu il təvəllüdlü uşağın atanın yanında saxlanılması; 2) Həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən (anadan) aliment tutulması. Birinci instansiya məhkəməsi 21.06.2009-cu il təvəllüdlü uşağın atanın yanında saxlanılması hissəsində iddianı əsaslı saysa da, aliment tələbinə aid hissədə iddianı əsassız saymış və rədd etmişdir. Qətnamə uşağın atanın yanında saxlanılması hissəsində apellyasiya qaydasında mübahisələndirilmədiyindən məhkəmə kollegiyası qətnamənin həmin hissəsinin əsaslılığını yoxlamır və münasibət bildirmir. Hazırkı apellyasiya baxışının predmetini yalnız qətnamənin aliment tələbinin rədd olunması hissəsi təşkil edir. Birinci instansiya məhkəməsi apellyasiya qaydasında mübahisələndirilən hissədə gəldiyi nəticəni əsaslandırarkən göstərmişdir ki, uşaqlardan biri atanın, digər ikisi isə ananın yanında qaldığından, hər ikisi işlədiyindən, digər iki uşağa görə iddiaçı aliment ödədiyindən və iddiaçının maddi təminatı yetəri qədər yüksək olduğundan 21.06.2009-cu il təvəllüdlü X8 Andreyeviçin xeyrinə aliment tutulmasına zərurət yoxdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Ailə Məcəlləsinin 52, 60-cı maddələri və s. normalarla əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən onu da nəzərə alır ki, Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 23.09.2019-cu il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş uşaqların üçü də ananın yanında saxlanılmış və onların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün atadan hər uşağa görə 1000 manat olmaqla, cəmi 3000 manat aliment tutulmuşdur. Hazırda uşaqlardan 2009-cu il təbəllüdlü Əhdrü Edvard atanın himayəsinə verildiyindən onun saxlanılması üçün iddiaçıdan aliment tutulmur. Yəni, iddiaçının ödəməli olduğu alimentin miqdarı 1000 manat azalmışdır. Digər tərəfdən, iddiaçı iş materiallarına əsasən əcnəbi vətəndaş olmaqla xarici şirkətlərdə rəhbər vəzifələrdə çalışmasına baxmayaraq həmin vəzifələrdə əmək haqqı, digər gəlirləri və s. barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş və nəticə etibarilə uşağı maddi cəhətdən təmin etmək imkanı olmadığını sübut edə bilməmişdir. İddiaçı apellyasiya baxışı zamanı yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən şirkətdə çalışması və 2000 manat əmək haqqı alması barədə sənəd təqdim etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı apellyasiya qaydasında mübahisələndirilən hissədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar