Məhkəmə qərarları › İş №2(103)-10652/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10652/2021

07.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10652/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(001)-5888/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 5 qram çəkili, 750 əyarlı nişan üzüyünün və 35 qram çəkidə üzük, qolbaq, boyunbağı və sırğadan ibarət qızıl komplektin və ya onların ümumi dəyəri kimi 4050 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(001)- 5888/2021 saylı qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia təmin edilməmişdir. İddiaçı, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı tərəflər razılığa gəlmiş və məhkəməyə barışıq sazişi təqdim etmişlər. Ayrı-ayrılıqda barışıq sazişinin nəticələrinin onlara aydın olduğunu bildirmiş və məhkəmə kollegiyasından sazişin təsdiq olunmasını, qətnamənin ləğv olunaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini, tərəflərin izahatlarını və 07.12.2021-ci il tarixli barışıq sazişini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı, qətnamə ləğv olunaraq, mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Təqdim olunmuş 07 dekabr 2021-ci il tarixli barışıq sazişinin şərtlərinə görə;

1. İddiaçı Cavabdeh qarşı hazırkı iddia tələbindən imtina edir.

2. Cavabdeh iddaçı İddiaçı hissə-hissə 1000 (bir min) manat ödəməyi öz ohdəsinə götürür. Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. MPM-in 52.4-cü maddəsinə görə, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. MPM-in 191.1-ci maddəsinin tələbinə görə, tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə kollegiyası, belə nəticəyə gəlir ki, tərəflər barışıq sazişinin şərtlərini və nəticələrini aydın surətdə göstərmişlər, barışıq sazişi qanuna zidd olmamaqla, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. MPM-in 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv edilməklə, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılması” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 07 dekabr 2021-ci il tarixli barışıq sazişi aşağıda göstərilən şərtlər nəzərə alınmaqla təsdiq olunsun:

1. İddiaçı Cavabdeh qarşı hazırkı iddia tələbindən imtina edir.

2. Cavabdeh iddaçı İddiaçı hissə-hissə 1000 (bir min) manat ödəməyi öz ohdəsinə götürür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(001)- 5888/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar